Turizmin inkişafına
təkan ili
İnvestorlar qoyduqları
vəsaitin dividentlər gətirəcəyinə inanırlar
Dünya iqtisadiyyatının əhəmiyyətli gəlir sahələrindən biri də hazırda turizm sektoru hesab edilir. Belə ki, dünya üzrə ümumu milli məhsulun 10 faizi, ixracatın 8 faizi məhz beynəlxalq turizmin payına düşür. Göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vasitəsi ilə həyata keçirilir. Dünyada əmək qabiliyyətli əhalinin 8,1 faizi turizm sənayesində və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.
Ölkədə
turizmin əksər növləri inkişaf etdirilə bilər
Azərbaycan da adıçəkilən sahənin kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, dini, idman və s. kimi müxtəlif qollarının inkişafı üçün kifayət qədər resurslar mövcuddur. Bunu yerli mütəxəssislərimiz də təsdiqləyirlər. Turizmin əsas atributlarından biri gecələmə yerlərinin – mehmanxanaların mövcudluğu sayılır ki, hazırda da həm paytaxtda, həm də ölkənin müxtəlif regionlarında yüksək dərəcəli mehmanxanalar inşa edilərək turistlərin istifadəsinə verilib. Bu gün demək olar ki, Azərbaycanın hər bir guşəsində turistləri qəbul edə biləcək mehmanxanalar mövcuddur. Turizmin inkişafı üçün Bakını respublikamızın regionları ilə birləşdirən avtomobil yollarının yüksək standartlara uyğun yenidən qurulması da müsbət qiymətləndirilir. Azərbaycan Turizm İnstitutunun (ATU) “Turizm biznesinin təşkili və texnologiyası kafedrası”nın müdiri, dosent Bahadur Bilalov hesab edir ki, 825 km Xəzər sahili çimərlik turizmi, qarlı dağlarımız qış turizmi, dağlıq rayonlarımız dağ və ekstremal turizm, kəndlərimiz kənd və ya aqrar turizm üçün əhəmiyyətlidir. Bundan başqa, Azərbaycanın qədim tarixini özündə əks etdirən tarix-memarlıq abidələrimiz mədəni turizm, mineral bulaqlarımız, müalicəvi neftimiz və iqlimimiz müalicə-sağlamlıq turizmi, milli parklarımız və meşələrimiz ekoturizm, regionlardakı olimpiya kompleksləri və idman qurğuları idman turizmi, ziyarətgahlarımız dini turizmin, bənzərsiz mətbəximiz qastronomiya turizminin inkişaf etdirilməsi üçün imkan verir. Hazırda mövcud olan turizm növlərindən yalnız kosmik turizmi çıxmaq şərti ilə, qalanlarının Azərbaycanda inkişaf etdirməyin və gəlir əldə etməyin mümkün olduğunu deyən mütəxəssisin fikrincə, sadalanan növlərin içərisində ən böyük potensiala malik olanı kənd turizmidir: ”Ölkədə 4253 kənd yaşayış məntəqəsi var ki, bunun da böyük əksəriyyəti yaşıllıqlar qoyununda və ya dağlıq ərazilərdə yerləşən kəndlərdir. Bu baxımdan, qeyd etmək olar ki, Azərbaycanda kənd turizminin inkişaf etdirilməsi üçün potensial var”.
Özəl sektorun
turizm marağı
Ümumiyyətlə, bu gün turizm sektorunda görülən işlərlə yanaşı, həlli vacib olan bir sıra problemlər də var. Bu səbəbdən, turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu ilin “Turizm ili” elan edilməsi təklifini irəli sürüb: ”2011-ci ildə Bakıda 5 beşulduzlu mehmanxana açılacaq, hesab edirəm, yəqin ki, bu, dünyada analoqu olmayan bir hadisədir. Bir ildə bir şəhərdə 5 beşulduzlu mehmanxana açılacaq, mən Bakını nəzərdə tuturam. Ancaq Bakıda dördulduzlu, üçulduzlu hotellər də tikilməkdədir. Bölgələrdə hotelçilik ilə bağlı çox böyük işlər görülür, artıq Azərbaycanda turizmin inkişafı reallıqdır. Bu infrastrukturu yaratmaq üçün, əlbəttə ki, dövlət tərəfindən böyük vəsait tələb olunur. Ancaq bu, infrastruktur məsələlərinə yönəldilir. Hotellər isə özəl sektor tərəfindən tikilir. Deməli, Azərbaycanın inkişafına inam o qədər böyükdür ki, buraya, bu hotellərə milyonlarla, yüz milyonlarla vəsait qoyulur. İnvestorlarda inam var ki, bu vəsait onlara dividentlər gətirəcəkdir. Şəhərimizə isə bu, yenilik gətirir, müasirlik gətirir. Şəhərə gələn qonaqlar üçün gözəl şəraitin yaradılması, əlbəttə ki, vacib məsələdir”.
Sırf dövlət tərəfindən yaradılan layihələrdən biri də “Şahdağ” qış-yay xizək kurortu, xizək infrastrukturudur. Ölkə başçısı bu layihəni də müsbət dəyərləndirir: ”Mən o bölgələrdə dəfələrlə olmuşam. Mən oraya birinci dəfə gedəndə heç nə yox idi. Dağlar idi, heç yaşayış məntəqələri də yox idi. Yaşayış məntəqələrindən bir neçə kilometr uzaqlıqda yerləşən dağlar idi. Amma indi orada yollar, elektrik xətləri, qaz xətləri, su xətləri çəkilir, birinci mehmanxana dövlət tərəfindən tikilir. Əminəm ki, bundan sonra özəl sektor da bu təşəbbüsə qoşulacaq, çünki orada çoxlu mehmanxana tikilməlidir. Xizək bazası, qaldırıcılar, tibb məntəqələri, restoranlar, əyləncə yerləri olacaqdır. Bir sözlə, “Şahdağ” kurort mərkəzi dünya səviyyəli mərkəzə çevriləcəkdir. Dünyada hazırda mövcud olan ən qabaqcıl, ən populyar kurort yerlərindən geri qalmamalıdır və qalmayacaqdır”. Ölkə başçısının sözlərinə görə, bu layihə ölkəmizə həm yeni investisiyalar gətirəcək, həm də şimal zonasında yaşayan əhali üçün əlavə şərait yaradacaq. Eyni zamanda, minlərlə yeni iş yerlərinin yaradılmasına təkan verəcək: ”Azərbaycana gələn turistlərin sayı daha da çox olacaq və Azərbaycan turizm üçün çox cəlbedici ölkəyə çevriləcəkdir. Bizim gözəl təbiətimiz var, Xəzər dənizimiz, gözəl dağlarımız, çaylarımız, meşələrimiz bizim böyük sərvətimizdir. Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə 2011-ci ilin “Turizm ili” elan olunması ədalətlidir. Elə etməliyik ki, bu sahədə böyük və gözəl nəticələr görək”.
2014-cü ilə
qədər turizm infrastrukturu
beynəlxalq tələblər səviyyəsində
qurulmalıdır
Gözlənilən məqsədlərə çatmaq
üçün isə
ilk növbədə nəzərdə
tutulan tədbirlər
reallaşdırılmalıdır. Bütün
bu istiqamətlər
ötən il ölkə
başçısının sərəncamı
ilə təsdiqlənən “Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair
Dövlət Proqramı”nda da öz əksini tapıb. Proqramda turizm infrastrukturunun beynəlxalq
tələblər səviyyəsində qurulması, turizm haqqında qanunvericiliyin təkmilləşdirilməsi əsas
yer tutur. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər
Planına uyğun olaraq,
turizm və rekreasiya zonalarının müəyyən
edilməsi, bu zonalarda
müxtəlif növlər üzrə turizm fəaliyyətinin təşkilinə dair normativ hüquqi bazanın
təkmilləşdirilməsi nəzərdə tutulub. 2011-ci ildə də
davam etdirilməsi
nəzərdə tutulan
bu işin icrası
Nazirlər Kabineti, Ədliyyə, Mədəniyyət
və Turizm nazirliklərinə
həvalə olunub. Proqram çərçivəsində
əsas işlərdən biri də tarix və mədəniyyət
abidələrinin, qədim arxitekturaya malik binaların turizm məqsədləri üçün istifadəsinə dair təkliflərin
hazırlanmasıdır. Bu təkliflərin verilməsi Mədəniyyət və Turizm Nazirliyi, AMEA, Nazirlər
Kabineti yanında “İçəri şəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi və yerli icra hakimiyyəti
orqanlarının üzərinə düşüb.
2012-ci ilə qədər sağlamlıq
imkanları məhdud şəxslərin, əlillərin, aztəminatlı
əhalinin, uşaq və
tələbələrin sosial
turizmdən istifadəsinin
təmin edilməsi ilə bağlı təkliflər də nəzərdə
tutulur. Bu təkliflərin hazırlanmasına isə Mədəniyyət
və Turizm Nazirliyi, Əmək
və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Dövlət Sosial
Müdafiə Fondu, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası cəlb ediləcək.
Milli parklarda, ekoloji turizm üçün yararlı
olan digər ərazilərdə ekoturizm
fəaliyyətinin təşkili, ərazi
turizm inkişaf planlarının hazırlanması da nəzərdə tutulub. Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə
həvalə olunmuş bu
iş 2014-cü ilə qədər davam edəcək. Proqramda
kadr təminatı da öz əksini
tapıb. Belə ki, turizm sahəsinə aid olan işçilərin
Vahid Tarif Sorğu
Kitabçası təsdiqlənməsi, Turizm
İnstitutunun nəzdində
turizm üzrə milli təlim mərkəzinin
yaradılması, turizm üzrə
mütəxəssis hazırlayan ali, orta ixtisas
və texniki-peşə təhsilli müəssisələrində
müvafiq tədris proqramların təkmilləşdirilməsi
planlaşdırılır. Turizm obyektlərində sanitariya və gigiyena tədris proqramı həyata
keçiriləcək, turizm sahəsində təhsillə
bağlı yeni vasitələrin
araşdırılacaq və beynəlxalq
təcrübə nəzərə alınmaqla onların tətbiqi
barədə təkliflər hazırlanacaq. Turizm sektorunda statistika və tədqiqatlar da
aparılacaq. Bunun üçün
ilk növbədə turizm sahəsi üzrə statistik məlumatların toplanılması
sistemi və metodologiyası beynəlxalq təcrübəyə
uyğunlaşdırılaraq təkmilləşdiriləcək.
Dövlət Statistika Komitəsi
ilə Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq ölkə üzrə turizm fəaliyyətinə
dair illik statistik toplu
hazırlanacaq. Bu qurumlarla
yanaşı, İqtisadi İnkişaf
Nazirliyi və Dövlət Miqrasiya Xidməti
2014-cü ilə qədər ölkəyə gələn və
ölkədən gedən turistlərin sayı, məqsədləri
və xərcləri barədə statistik
məlumatları toplayacaq.
Proqramın digər istiqaməti tanıtma və marketinqlə
bağlıdır. Belə ki, xarici turistlər üçün milli mətbəx,
incəsənət, sənətkarlıq və Azərbaycanın
tarixi-mədəni abidələri haqqında məlumat toplusunun yaradılması və təbliği nəzərdə tutulur.
Həqiqət İsabalayeva
Kaspi.- 2011.- 18 yanvar.- S. 9.