120 yaşlı sənət ocağı 

 

Azərbaycan milli teatrının inkişafında, əsası XIX əsrin sonuncu on illiyində qoyulan Lənkəran teatrının özünəməxsus yeri var

 

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı yanvarın 18-də özünün 120 illik yubileyini qeyd edəcək.

Teatrın tarixinə nəzər salanda bir əsrdən artıq yol keçən sənət ocağının şərəfli səhifələri ilə qarşılaşmaq mümkündür.

 

Mütərəqqi meyillər ocağı

 

Azərbaycan milli teatrının inkişafında, əsası XIX əsrin sonuncu on illiyində qoyulan Lənkəran teatrının özünəməxsus yeri var. Hələ XIX əsrin əvvəllərində Lənkəranda qüvvətli teatr mühiti mövcud olub. Təsadüfi deyil ki, Həqiqət Rzayeva, Münəvvər Kələntərli, Haşım Kələntərli, İsmayıl Talışinski, Cahan xanım Talişinskaya, Qəni Vəliyev kimi məşhur sənətkarlar Lənkəran teatrının yetişdirmələridir.

XIX əsrin ortalarından başlayaraq Lənkəranda Rus və Azərbaycan dillərində məktəblər açılıb. Belə ki,  Lənkəranda rus və azərbaycanlı ziyalıları arasında mehribanlıq və dostluq əlaqələri genişlənməyə başlayıb. Həmin illərdə Lənkəranda rus dilində yazanoxuyan görkəmli maarifçi şəxslər yetişib. Onlar hətta rus dilində bir neçə pyes, o cümlədən A.S.Qriboyedovun «Ağıldan bəla»sını tamaşaya qoyublar. Mütərəqqi fikirli ziyalılar maarifin, ədəbiyyatın və xüsusən teatr sənətinin inkişafında böyük rol oynayıblar. Bu sahədə Mirzə Əziz Əliyevin, Teymur bəy Bayraməlibəyovun, Mir İbrahim bəy Talışinskinin böyük xidmətləri olub. Xüsusən Mirzə Əziz Əliyevin və oğlu Mirzə Ağəli Əliyevin teatrın inkişafında müstəsna xidmətləri olub. Bu ziyalılar öz dövrlərinin qabaqcıl ziyalıları idi. Onlar Bakıda, Naxçıvanda, Şamaxıda yaşayıb yaradan ziyalı dostları ilə sıx əlaqələr saxlayır və Lənkəranda yeniliyin, mütərəqqi meyillərin tərəfdarları kimi çıxış edirdilər.

 

«119 il əvvəl Lənkəranda teatr tamaşası»

 

Hələ 1884-cü ildə Lənkəranda Teymur bəy Bayraməlibəyovun təşəbbüsü ilə müəllimlərin və şagirdlərin iştirakı ilə M.V.Qoqolun «Evlənmə» komediyası tamaşaya qoyulub.

Moskva vilayətindən olan teatrşünas A.İvanov «119 il əvvəl Lənkəranda teatr tamaşası» (bu məqalə «Leninçi» qəzetində çap olunub, 29 noyabr 1960-cı il) adlı məqaləsində yazır ki, «Lənkəranda rus dilində teatr tamaşası Lənkəran ziyalıları tərəfindən hazırlanıb. Onlar A.S.Qriboyedovun «Ağıldan bəla» komediyasından bir parçanı rus dilində tamaşaya hazırlayıblar. Baxmayaraq ki, bu əsərin Rusiya şəhərlərində oynanılması qadağan olunub».

1903-cü ildə Bayraməlibəyovun təşkil etdiyi teatr həvəskarları qrupunda M.Möhsünzadə, Mirzə Ağali kimi müəllimlər səhnədə aktyor kimi çalışırdılar.

Lənkəranda tamaşaya hazırlanan A.S.Qriboyedovun «Ağıldan bəla» komediyasının tamaşasında vaxtilə Peterburqda təhsil almış bir neçə ziyalı da iştirak edirdi. Bu haqda Peterburqda çıxan «Severnaya pçela»nın 91-ci nömrəsində lənkəranlı müxbirin yazısı çap olunub.

1905-ci ilin iyun-iyul aylarında T.Bayraməlibəyovun dəvətilə öz truppası ilə Lənkərana gələn görkəmli səhnə xadimi Hüseyn Ərəblinski ilk səhnə uğurunu qazanır. Lənkəran teatr səhnəsində H.B.Vəzirovun «Müsibəti Fəxrəddin» faciəsində əsas ifaçı artist paraxoda gecikdiyindən və Lənkərana gəlmədiyi üçün H.Ərəblinski həmin rolu dərhal bir gecədə paraxodda əzbərləyir öz məharətini nümayiş etdirir. Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Əbülfət Vəli kimi aktyorların adları lənkəranlıların yaddaşında xoş bir xatirə kimi bu gün də yaşayır. Bu aktyorlar da  Lənkəran teatrının səhnəsində Nəcəf Bəy Vəzirovun «Müsibəti Fəxrəddin» faciəsinin tamaşasını oynayıblar.

 

Oddan alova

 

Lənkəranda teatr əsaslı fəaliyyətə 1891-ci ilin 18 yanvarında N.B.Vəzirovun «Oddan alova» («Yağışdan çıxdıq, yağmura düşdük») komediyası ilə başlayıb. Sankt-Peterburqda təhsil alan bir qrup Lənkəran ziyalısının hazırladığı və yetim uşaqların nəfinə oynanılan bu tamaşa ilə Lənkəran teatrının əsası qoyulub. Bu teatrın repertuarını milli, klassik dramaturgiyamızla yanaşı, dünya dramaturgiyasının nümunələri təşkil edirdi.

Lənkəranda işləmək, burada maarif mədəniyyət toxumu yaymaq bir çox görkəmli sənətkarların həyat amalı olub. Görkəmli Azərbaycan bəstəkarı M.Maqomayev 1905-ci ilin sentyabrından müəllimlik fəaliyyətinə başlayaraq burada 4 sinifli məktəbdə təbiət, coğrafiya fənnlərini tədris edib. Bununla yanaşı, Lənkəran şəhərində dram, xor nəfəsli orkestr dərnəkləri yaradıb, oğlanlarla yanaşı məktəbli qızları da bu məktəblərə cəlb edib. M.Maqomayevin rəhbərlik etdiyi dram xor dərnəkləri beynəlmiləl xarakter daşıyıb. 1909-cu ildə görkəmli rus yazıçısı H.V.Qoqolun anadan olmasının 100 illiyi münasibətilə M.Maqomayevin rəhbərliyi altında hazırlanan «Ölü canlar», A.S.Puşkinin «Boris Qodunov» pyeslərindən parçalar rus dilində, S.M.Qənizadənin «Axşam səbri xeyir olar» pyesi Gertsenin «Kimdir müqəssir» romanından iqtibas edilən eyni adlı səhnə əsəri Azərbaycan dilində göstərilib. Bu münasibətlə 1909-cu il dekabrın 19-da «Bakı» qəzetində geniş məqalə verilib.

1914-cü ilin yazında lənkəranlı Xəlil Hüseynov tərəfindən S.M.Qənizadənin «Xor-xor» tamaşası göstərilib, oradakı qadın personajı Məryəm xanımın rolunu Hacıməmməd Qafqazlı oynayıb. Başqa rolları isə yerli həvəskarlardan Ələkbər Mirzəbəyli və Abbas Axundov ifa ediblər.

S.Ruhulla, Ş.Olenskaya, H.Olenskaya, X.İbrahimov 5 nəfər yerli həvəskarlarla (Ramazan Mirzəbəyov, Ələkbər Mirzəbəyov, Abbas Axundov, Ağababa Kələntərov və Cavanşir Daşdəmirov) birlikdə Lənkəranda o vaxtkıNaçalnik” bağında Mirzəsalmanın şəxsi klubunda N.Nərimanovun «Nadir şah», N.B.Vəzirovun «Müsibəti Fəxrəddin», «Yağışdan çıxdıq, yağmura düşdük» pyeslərini uğurla tamaşaya qoyublar.

Teatr salnaməsinin 470-ci səhifəsində göstərilir ki, 1917-ci ildə müəllim Xudaverdi Kələntərlinin rəhbərliyi ilə «Qız Gimnaziyası»nda bir komediya oynanılıb. Burada yaradılan Bədii Şurada həkim L.M.Kazanskaya, aqranom F.Fətəlizadə başqaları iştirak edib.

20-ci illərin əvvəllərində H.Cavidin «Şeyda», Ağa Məmmədlinin «Hilal Zöhrə» pyesləri tamaşaya qoyulub.

Sovet hakimiyyətinin ilk illərində fanatizmə, cəhalətə qarşı mübarizədə C.Məmmədquluzadənin «Ölülər» pyesinin xüsusi yeri vardır. Pyes Lənkəranda həvəskarlar tərəfindən göstərilib. Haşım Sadıqov – Şeyx Nəsrpullah, Qulam ZülfüqarovŞeyx Əhməd, Cahangir Daşdəmirov – Hacı Həsən, TamaraKəblə Fatma, Ramazan Mirzəbəyli – İsgəndər, Abbas Axundov – Mirbağır Ağa, Haşım Kələntərli – Kəblə Vəli və s. rollarda çıxış ediblər. Həvəskarlar «Dəmirçi-kabə», «Bizim kirayənişin özünü öldürdü» əsərlərini tamaşaya qoyublar. Həmçinin, bu illərdə lənkəranlı T.Şahverdiyevin «Altı vəfat» və «Həqiqi röya» pyesləri tamaşaya qoyulub. T.Şahverdiyevin dediyinə görə, o, Lənkəranda yerlilərdən ibarət iki artist truppasını təşkil edib. Birinci truppaya Ramazan Mirzəbəyov, ikinciyə isə Saşa Mehrabov rəhbərlik ediblər.

1920-ci ildə Məryəm xanım Bayraməlibəyovanın təsis etdiyi «Ünas» məktəbində dram dərnəyi fəaliyyətə başlayıb. Burada «Dursunəli Ballı badı» tamaşası hazırlanıb. Tamaşanın iştirakçıları yalnız qızlar olub. Oğlan rollarını da qızlar oynayıb. Dursunəli rolunda Həqiqət Rzayeva çıxış edib. Sonrakı tamaşalarda o, dramatik rollar oynamaqla yanaşı, məlahətli və güclü səsi ilə tamaşaçılara xüsusi zövq bəxş edib. Teatrın istedadlı aktyorlarından Hacıməmməd Qafqazlı xatirələrində göstərir: “1929-cu ildə Lənkərana qastrola gəlmişdik. Truppamızda Sidqi Ruhulla, Rza Təhmasib, Mustafa Mərdanov, Mirzəağa Əliyev, Kazım Ziya, İsmayıl Osmanlı, Yusif Yıldız, həmyerlilərimiz Həşim Kələntərli, Nüsrət və Fateh Fətullayev kimi məşhur aktyorlar var idi. Repertuarımızda Cəfər Cabbarlının «Aydın», «Oqtay eloğlu», Cəlil Məmmədquluzadənin «Ölülər», Hüseyn Cavidin «Şeyx Sənan» tamaşaları əsas yer tuturdu. «Şeyx Sənan» əsərində Serqo rolunu həmyerlimiz Əsəd Cəfərov oynayırdı. O, bu rolu özünəməxsus məharətlə ifa etdi tamaşaçıların böyük rəğbətini qazandı”.

1930-cu ildən bu teatr H.Ərəblinski adına Lənkəran Musiqili Dövlət Dram Teatrı kimi fəaliyyətini davam etdirib. Teatra uzun illər Respublikanın Əməkdar artisti Süleyman Səlimbəyov rəhbərlik edib.

Böyük Vətən müharibəsi illərində və sonrakı illərdə aktyorların əsas heyəti cəbhəyə getdiyindən onları yerli həvəskarlar əvəz ediblər.  Vələhəd Əhmədov, Əhməd Rzayev, İdris Ağayev, Hüseyn Atakişiyev, Roza Qorbalskaya, Xırdaxanım Kələntərli, Kazım Axundov, Bayram Kazımov, Firudin Babayev, Nurəddin Babayev, Firudin Axundov, Həmidə Qafarova başqaları səhnə fəaliyyətləri ilə tamaşaçıların qəlbinə yol tapıblar.

1949-cu ildən bu teatr dövlət statusunu dəyişərək 25 il H.Ərəblinski adına Lənkəran Xalq Teatrı kimi fəaliyyət göstərib.

 

200-dən artıq əsər

 

1973-cü il dekabr ayının 6-dan Lənkəran teatrı Mirzə İbrahimovun «Yaxşı adam» komediyası ilə Dövlət Teatrı statusunda fəaliyyətini davam etdirir. Həmin illərdə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına Respublikanın Əməkdar incəsənət xadimi Məbud İsmayılzadə rəhbərlik edib.

Teatr 1976-cı ildə gənclərin estetik tərbiyəsi sahəsində fəaliyyəti və Mixayıl Musiyenkonun «Nəsillər, eşidin» əsərinin tamaşasına görə «Respublika gənclər mükafatı»na layiq görülüb. Respublikanın Əməkdar artistləri Kamil Nəcəfov, Nazir Əliyev, Əli Salayev, Elşad Zeynalov öz səhnə uğurlarını bu teatrın səhnəsində qazanıblar.

Bu gün Lənkəran teatrında Respublikanın Xalq artistləri Böyükxanım Əliyeva, Qabil Quliyev, Əməkdar incəsənət xadimi Baba Rzayev (teatrın baş rejissoru) Respublikanın Əməkdar artisti Təvəkkül Əliyev kimi sənət adamları çalışır.

Teatr fəaliyyəti dövründə nəinki Azərbaycanda, eyni zamanda xarici ölkələrdə qastrol səfərlərində olubbir çox Beynəlxalq Teatr Festivallarında uğurla iştirak edib.

Teatr son 37 ildə 200-dən artıq əsərə səhnə həyatı verib. Teatrın səhnəsində Azərbaycan, rus Qərbi Avropa müəlliflərinin əsərləri böyük uğurla oynanılıb. Bu gün teatrın repertuarında Azərbaycan və dünya dramaturgiyasının klassikmüasir nümunələri yer tutur.

N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı əsaslı təmir edilərək modern səviyyədə yenidən qurulub. Prezident İlham Əliyev Lənkəranda olarkən teatrda olub, görülən işləri çox yüksək qiymətləndirərək, respublikaya nümunə göstərib.

 

 

Təranə Məhərrəmova

 

Kaspi.- 2011.- 18 yanvar.- S. 12.