“Azərbaycanda heç vaxt məzhəb qarşıdurması və radikalizm olmayıb” 

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov ölkədə dini durumun kifayət qədər sabit olduğunu düşünür

 

Son vaxtlar Azərbaycanda dini ehtirasların qızışdırılması meyilləri qabarıq şəkildə hiss olunmaqdadır. Müəyyən qüvvələr orta məktəblərdə vahid məktəbli geyiminin tətbiqi ilə bağlı verilən qərarı etirazla qarşılayaraq guya bunun ölkədə hicabın qadağan edilməsinə yönəldiyini iddia etməyə başlayıblar. Ümumiyyətlə, son vaxtlar siyasətdə din pərdəsindən istifadə meyilləri müşahidə olunur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Gündüz İsmayılovla söhbətimizdə də bu məsələlərə toxunduq.

- Gündüz müəllim, hazırda Azərbaycandakı dini durumu necə qiymətləndirirsiniz? Dövlət vətəndaşların etiqad azadlığının təmin olunması üçün hansı addımları atır?

 

- Birmənalı şəkildə deyə bilərəm ki, ölkədə dini durum kifayət qədər sabitdir. Bəzilərinin iddia etdiyinin əksinə olaraq dini durumda ciddi gərginlik müşahidə olunmur. Əlbəttə ki, bəziləri hicab məsələsi ilə bağlı gərginliyi əsas kimi göstərə bilər. Amma bu məsələnin ölkədəki dini duruma ciddi təsiri yoxdur. Çünki bu gün Azərbaycanda vətəndaşların vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Hansısa vətəndaşın dininə və əqidəsinə görə təzyiqlərə məruz qalması barədə bir dənə də olsun fakt yoxdur. Əgər kimdəsə belə fakt varsa, bizə təqdim edə bilər.

Bu gün ölkədəki tarixi tolerantlıq mühitinin, dini dözümlülüyün qorunub saxlanılması əsas məsələlərdən biridir. Tolerantlığa, dinlərarası münasibətlərin qorunub saxlanılmasına ona görə böyük əhəmiyyət verilir ki, bu, ölkədəki ümumi atmosferə təsir edəcək məsələdir. Əgər ölkədə dinlər və məzhəblərarası münasibətlərdə problem olsa, bu, müəyyən gərginliyə, son anda qarşıdurmaya yol aça bilər. Bu ziddiyyətlərin nəticəsində isə ölkədəki ictimai-siyasi sabitlik pozula bilər. Deməli, tolerantlıq ictimai-siyasi sabitliyin qorunub saxlanılması baxımından da əhəmiyyətlidir. Azərbaycan xalqının  bu sahədə gözəl ənənələri var. Təsəvvür edin ki, yəhudilər Azərbaycanda 2700 ildir yaşayırlar. Bu müddətdə Azərbaycanda bir yəhudinin belə “burnu qanamayıb”. Yaxud xristianlıq meydana çıxdığı birinci əsrdən etibarən Azərbaycanda yayılmağa başlayıb. Qafqazda ilk kilsə hesab edilən Şəkidəki Kiş məbədi bugünədək qorunub saxlanılır. İslam Azərbaycanda yayıldıqdan sonra həmin məbədin yerləşdiyi ərazidə xristianlar yaşamayıb. Amma Azərbaycan xalqı o məbədi qoruyub saxlayıb. Təbii ki, bu cür tolerant mühitin formalaşmasında islamın da xüsusi rolu var. Amma hər bir xalqın xarakterik xüsusiyyətlərinin olması yaddan çıxarılmamalıdır. Diqqət yetirək; islam hər bir müsəlman ölkəsində eynidir. Ərəb ölkələrində, qonşu İranda, Türkiyədə, Pakistanda və digər cəmiyyətlərdə islam dininin şərtləri dəyişmir. Amma bütün xalqların, cəmiyyətlərin islama münasibəti eyni deyil. Azərbaycan xalqının islama münasibəti ilə digər müsəlman ölkələrinin münasibətində fərq var. Bu fərq hətta, qardaş Türkiyə ilə müqayisədə də özünü göstərir. Biz əksər müsəlman, hətta, xristian ölkələrindən daha tolerantıq. Fikrimcə, tolerantlığımız bizim üçün mühüm dəyər olmaqla yanaşı, həm də gələcəyimizə təminat deməkdir.

- Amma son vaxtlar ölkədəki dini durumun pozulmasına yönəlik cəhdlər müşahidə edirik. Gözümüzün qabağında müxtəlif hadisələr baş verir.

- Azərbaycanda dinlə bağlı ciddi problem yoxdur. Sadəcə, bəzi qüvvələr din pərdəsi altında məkirli niyyətlərini gizlətməyə çalışırlar. Dəfələrlə bildirmişik ki, Azərbaycanda radikal qruplar var və onlar müəyyən dairələr tərəfindən, bəzən də xaricdən idarə olunurlar. Məsələn, dindarların hökumətə və dövlətə qarşı qaldırılması cəhdləri var. Əslində bunlar dini məsələlər deyil, əksinə, müəyyən dairələrin ideyalarının həyata keçirilməsində din amilindən istifadədir. Təbii ki, belə halların qarşısı alınır və alınmalıdır da. Heç bir halda imkan vermək olmaz ki, din siyasiləşsin və müəyyən məsələlər din pərdəsi altında şişirdilsin.

- Bizdə dindən siyasi məqsədlər üçün istifadə meyilləri var. Məsələn, dövlət qeydiyyatına alınmasa da, Azərbaycan İslam Partiyası mövcuddur. Buna necə yanaşırsınız?

- Bu, maraqlı məsələdir. Platformasında dini meyarları əsas tutan siyasi təşkilatların olması mümkündür. Məsələn, Avropada xristian demokratlar mövcuddurlar. Amma demokratik, dünyəvi dövlətdə hansısa dinin adına ayrıca partiya yaratmağa məntiqi cəhətdən izah tapmaq çox çətindir. Məsələn, İslam Partiyasının üzvləri müsəlmandırlar. Bəs onda bu partiyanın üzvü olmayan müsəlmanlar necə? Və yaxud müsəlman olmayan vətəndaşlarımız necə? Ölkə əhalisinin hamısı müsəlman deyil axı. Üstəlik nəzərə almaq lazımdır ki, Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan Respublikası hər hansı bir şəriət dövləti ilə müqayisə oluna bilməz. 

- Sizcə Azərbaycanda radikal islamın yayılması üçün baza varmı?

- Bayaq qeyd etdiyim kimi, Azərbaycan cəmiyyəti digər müsəlman ölkələri ilə müqayisədə daha tolerant və dünyəvidir. Əgər belə olmasaydı, Şərqdə ilk demokratik cümhuriyyət ölkəmizdə qurulmazdı. Dünyəvilik, tolerantlıq bizə haradansa ixrac olunmayıb, bu, xalqımızın və cəmiyyətimizin xüsusiyyətidir. Tarixə baxsaq, görərik ki, Azərbaycanda heç vaxt məzhəb qarşıdurması və  radikalizm olmayıb. Bu, onu deməyə imkan verir ki, gələcəkdə də Azərbaycanda dini radikalizmin yayılması mümkünsüzdür. Amma bunu yaratmağa çalışan, bu istiqamətdə planlar quran müəyyən qrupların olması fikri ilə razıyam. Bunun elementlərini də görmək mümkündür. Ümumilikdə Azərbaycan xalqının keçmişi, dinə münasibəti onu deməyə əsas verir ki, cəmiyyətimizi hansısa radikallaşmış cəmiyyətlə müqayisə etmək olmaz. Bizdə hansısa radikallaşmış cəmiyyətə oxşar cəmiyyətin qurulması da mümkün deyil. Unutmaq olmaz ki, bu xalq Mirzə Fətəli Axundov kimi, Cəlil Məmmədquluzadə kimi, Mirzə Ələkbər Sabir kimi dühalar yetişdirib. Bu cür şəxsiyyətlər yetişdirən cəmiyyətin radikallaşması məntiqli və inandırıcı görünmür. Önəmli olan bu cür cəhdlərin qarşısını almaq, insanları xurafatdan uzaq tutmaqdır. Harada elm varsa, orada xurafat, harada xurafat varsa, orada elm ola bilməz.

- Ölkənin dindar əhalisi bəzən paytaxt Bakıda məscidlərin az olmasından şikayətlənir və yeni məscidlərin tikilməsinə icazə verilməməsini mənfi qarşılayırlar. Dövlət Komitəsinin mövqeyi necədir – Bakı şəhərindəki məscidlərin sayı əhalinin sayına mütənasibdirmi?

- Bu gün Azərbaycanda 1800-dən artıq məscid var. Onlardan təxminən mini fəaliyyətdədir. Fəaliyyət göstərməyən məscidlər də bağlanmayıb. Sadəcə, onların bəziləri öz istiqamətləri üzrə fəaliyyət göstərmirlər, bəziləri isə mövsümi fəaliyyət göstərirlər. Yəni müəyyən dini bayramlarda əhalini qəbul edirlər.

Bakıya gəlincə, paytaxtımızda 119 məscid var. Bu məscidlərdən 95-i gündəlik fəaliyyət göstərir. Əminliklə demək olar ki, bu gün Bakının mərkəzində kifayət qədər məscid mövcuddur. Problem məscidlərin sayının azlığında deyil, insanların daha çox bir neçə məscidə üz tutmasındadır. Məsələn, cümə günləri Bakıdakı bir neçə məscidin hətta, həyətlərində də namaz qılanlar olur. Digər məscidlərdə isə cümə namazı vaxtı 5-10 nəfər tapa bilməzsiniz. Bu isə həm də onunla əlaqədardır ki, məscidlərin imamlarının hamısı eyni səviyyədə deyil.

Digər tərəfdən, yeni məscidlərin tikilməsinə heç bir qadağa qoyulmayıb. Son illər ərzində ölkədə məscid tikintisi davam edib. Eyni zamanda, məscidlərin yenidən qurulması, təmiri də aparılır. Bu iş təkcə Bakını deyil, bölgələri də əhatə edib. Bu gün respublikada təmir və tikintisi davam edən məscidlər var.

- Bizdəki dini problemlərdən söz düşəndə əhalinin dini savadının yüksək səviyyədə olmaması gündəmə gəlir. Dövlət Komitəsi bu problemin həlli üçün hansı işlər görür?

- Bu gün ölkə vətəndaşlarının dini bilikləri arzu olunan səviyyədə deyil. Təbii ki, bunun da müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri odur ki, sovet imperiyasının tərkibində olduğumuz 71 il ərzində bu sahədə böyük boşluq olub.

Hazırda dini maarifləndirmə işinin aparılması çox əhəmiyyətlidir. Dövlət Komitəsi bu sahədə müəyyən işlər görür. Təkcə onu deyim ki, 2007-ci ilin iyul ayından bu günə qədər dini maarifləndirmə istiqamətində 460-a yaxın seminar-treninq keçirmişik. Bu cür treninqlər rayon icra hakimiyyətlərini, bələdiyyələri, islah-əmək müəssisələrini, ali, orta ixtisas və ümumtəhsil məktəblərini və digər sahələrdə çalışan insanları əhatə edib. Bu günə qədər keçirdiyimiz seminarlarda iştirak edənlərin sayı 100 min nəfərdən artıq olub. Əlbəttə ki, bu, müsbət məqam olmaqla yanaşı, tam yetərli sayıla bilməz. Yalnız seminarlar vasitəsilə dini biliklərin çatdırılması mümkün deyil. Bunlarla yanaşı, Dövlət Komitəsinin «Dövlət və Din» ictimai fikir toplusu, həftədə bir dəfə «Cəmiyyət və Din» qəzeti nəşr olunur. Eyni zamnda, dini sfera ilə bağlı müxtəlif kitablar nəşr edirik. Təbii ki, zaman keçdikcə bu sahədə gördüyümüz işlər keyfiyyət və kəmiyyət baxımından daha da çoxalır. 

 

 

İlham Quliyev 

 

Kaspi.- 2011.- 20 yanvar.- S. 5.