Tarla kamanın “həkimi”
Ömrünün 48 ilini tar,
kamança düzəltməklə keçirən Pənah
usta bu alətlərin təkmilləşdirilməsi
üçün çox işlər görüb
Vaxtilə
Mikayıl Müşfiqin oxutmaq istədiyi tarın sən demə,
bir neçə çatışmayan cəhətləri
varmış. Ömrünün 48 ilini tar, kamança düzəltməklə
keçirən Pənah ustayla olan görüşümüz
bunları üzə çıxardı.
«Musiqi ruha qidadır deyib» düşdük şəhərin küçələrinə ki, musiqinin özünü qidalandıranı tapıb onunla söhbət edək. Nizami küçəsində (keçmiş Torqovıy) fəaliyyət göstərən “Şirvan Musiqi Alətləri” mağazasının ustası bildirdi ki, daha çox təcrübəsi və yaşı olan Pənah dayı ilə görüşsəniz lap yaxşı olar. Ünvanını alıb yola düzəldik. İran Səfirliyinin yaxınlığında yerləşən musiqi alətlərinin təmiri emalatxanasını tapıb içəriyə daxil oluruq. Ağ saçlı, təqribən 70 yaşlı bir kişi əlindəki işi yarımçıq qoyub bizi qarşıladı. Bu, adıçəkilən, həmin o Vaqif usta idi. Yanında tələbəsi də vardı. Əsasən, milli musiqi alətləri olan tar, kamança və qaval düzəldən usta emalatxanadaca oturmaqçün stul hazırlayıb, əvvəlcə özü haqda, sonra isə tarın qədim tarixindən, onun atası sayılan Sadıqcanın fəaliyyətindən danışdı: “Türkün ilk simli aləti qopuzdur. Sonra o təkmilləşərək saza çevrildi. Görünür, nə vaxtsa sazdan da tar ayrılıb. İlk tar “Şiraz” tarı adlanırdı. Çanağı iri olduğundan onu diz üstə çalırdılar. Cəmisi 6 simi vardı. Şiraz tarından indi də istifadə olunur”.
Tarın yaranma tarixinin dəqiq məlum olmadığını deyən Pənah dayı Sadıqcanı müasir tarın yaradıcısı hesab edir: “Tarın yaranma vaxtı dəqiq bilinmir, amma dəqiq məlumdur ki, tara beş simi məhz, Sadıqcan əlavə edib və sinəyə qaldırıb. 6 sim olub 11 sim. Sadıqcan həm usta, həm də gözəl tarzən olub. Deyirlər ki, o çalanda bülbül gəlib çiyninə qonarmış. Məclislərdə o qədər can ay Sadıq deyiblər ki, adı qalıb Sadıqcan”. Tarın təkmilləşməsində Sadıqcanın rolundan danışarkən Pənah usta qeyd etdi ki, Şiraz tarının qolu ilə çanağının birləşdiyi yeri qalın və möhkəm olub. Bu isə, barmaqların rahat işləməsinə mane olurdu. Əl çanağa yaxın getsin, səslərin sayı artsın deyə, Sadıqcan tarın qolundakı qalınlığı yonaraq naziklətdi. Nəticədə, tarın boğazı olduqca incəldi. O qədər incəldi ki, özü boyda hündürlükdən düşən kimi boğazdan qırılırdı. Simləri dartanda isə, qolun çanağa birləşən yeri nazik olduğundan qol qabağa əyilir. Belə olduqda isə tarın səs effekti itir. Sadıqcan bunu etməkdə haqlı olsa da, özü də bilmədən tarda belə maxrablıq yaradıb. O, bunların qarşısını almaq üçün tara daxili qol qoyub. Qol əyildikdə isə gərək çanağın üzərindəki dərini söküb daxili qolu yuxarı dartasan. Bunu söküb yenidən düzəltməksə çox vaxt aparır. Bu iki qüsurla tar 150 ilə yaxın yaşadı.
1963-cü ildə sənətə başlayanda tardakı bu çatışmazlıqlar Pənah dayının diqqətini cəlb edib. O, tardakı bu cür çatışmazlıqların aradan qaldırılmasına nail olub: “Bütün müddət ərzində mən bunlar üzərində düşünmüşəm. Nəhayət, ən əlverişli variantı fikirləşib iki il bundan əvvəl başladım sınmayan tar düzəltməyə. Tarın çanağını hazırlayarkən qola birləşən yerdə sağa, sola və aşağı 4mm-lik polad şurup yerləşdirdim. Nəticədə tarın boğazdan sınmasının qarşısı alındı. İkinci problem tarın çəngəllənməsindədir. Yəni, simlər dartılanda qol başlayır əyilməyə. Hər tarın öz müqaviməti olduğundan standart iş görmək olmur. Bu, taxtanın təbiətindən asılıdır. Simlərin az yaxud çox çəkildiyi məlum olmur.
Qeyd edək ki, sənətkar tardakı bu nöqsanı da aradan qaldırıb. O, tarın çanağına xüsusi şurup yerləşdirib. Onu sağa buranda qol dala gedir, sola buranda isə sim çəkdiyi üçün qabağa gəlir. Nəticə olaraq, əlavə vaxt itkisinin və tarın 3-4 dəfə sökülüb - yığılmasının qarşısı alınıb. Üç dəqiqə ərzində necə istəsən tarı tənzimləyə bilərsən.
Usta tardakı üçüncü qiymətli təkmilləşmədən də söz açaraq bildirdi ki, bütün simli alətlərdə olan aşıqlar düzgün işləmir. Payızda, qışda rütubət olduğu üçün taxta quruyur, şişir və s. Onu plastikdən hazırladıqda isə problem həll olunur. Lakin, simlərin taxılmasında müəyyən çətinliklər var. Xeyli vaxt tələb edir və əziyyətli olur. Bütün bunları aradan qaldıran Pənah dayı bunun üçün xüsusi kəllə (tarın aşıqlar bağlanan yeri) düzəltdiyini deyir: “Burada əngəlli simləmə yoxdur. Hər bir sim birbaşa öz yerini tapır”. Sənətkar bu üstünlüklərə görə gələcəkdə də tarın kəlləsinin belə olacağına əmindir. Qeyd edək ki, Pənah dayı artıq bu formada olan tarlardan ikisini düzəldib. Həmin tarları satmadığını deyən usta hansısa muzeyin təklifini gözləyir.
Sənət adamı tarın üzünün inək ürəyinin pərdəsindən olmasına da münasibət bildirdi: “Camış ürəyinin dərisi qalın, qoyununki isə nazik olduğundan tara yaramır. Hələ ki, elə bir material yoxdur ki, inəyin ürək dərisini əvəz etsin. Mən çox çalışdım ki, bunu plastik materialla əvəz edim, lakin alınmadı. Çünki, o zaman başqa bir səs effekti əmələ gəlir.
Tarın təkmilləşməsinə Pənah dayının töhfələri hamı tərəfindən qəbul edilib. Dediyinə görə, bu təkmilləşməni bəyənməyən olmayıb. Bir dəfə sənətkar “Vahid” Poeziya Evində Habil Əliyevlə rastlaşıb. O, ustanı gördüyü işlərlə əlaqədar təbrik edib və belə deyib: “Qurban sənə, bəs bu kamançaya nə vaxt baxacaqsan? Usta “Habil müəllim, kamançaya nə olub ki, gül kimidir. Bəyəm problem var” deyə cavab verib. Habil Əliyev isə deyib ki, kamançanın yumru qarnı problemlə doludur, səsi sabit deyil. Habil müəllimin və müraciət etdiyi ustaların tapa bilmədiyi sirri yenə də Pənah kişi tapıb. Buna görə hətta, ona professor da deyirlərmiş. Kamançadakı səsin qeyri-sabit olması sən demə, kəllədə olan deformasiya ilə bağlıdır. Simlər çəkildikcə (4 sim bir at gücündədir) onun şişi, yəni çanağın içərisindən keçib qola girən onurğa sütunun ucu qolun içində sərbəst olduğundan bir az da irəli gedir. Nəticədə kəllə deformasiya edir. Tarda olduğu kimi kamançada da çəngəlləmə baş verir. Elə kamança ifaçıları var ki, bu dəyişikliyi hiss eləmir. Ancaq, Habil Əliyev bunu hiss etməyə bilməzdi. Bu münasibətlə usta Habil müəllimə gözaydınlığı da verib.
Nə tarın, nə də kamançanın hazırlanma standartları olmadığını deyən usta onların hazırlanma texnologiyasından da danışdı. Pənah dayı Azərbaycanda ilk dəfə olaraq, saz kimi kamançanı da qabırğalardan yığıb. Bunun sayəsində kamança ucuz və asan başa gəlir. Həm də bir kamançanın düzələ biləcəyi materialdan indi on ədəd düzəltməyin mümkünlüyünü deyir. Bu texnologiyadan 20 il bundan əvvəl onunla bərabər İranda da istifadə edilib. Pənah dayı kamançaya digər bir dəyişiklik də edib. Çanağın üzərinə bərkidilən balıq dərisini plastiklə əvəzləyib. Bu aləti çalan adam təyin edə bilməz ki, bu dəridir, yoxsa plastik. Yeniliklərin təqdimat mərasimi də keçirilib. Beləliklə, kamançanın da bir neçə çatışmazlıqları aradan qaldırılıb. Təqdimatda Habil Əliyev bütün bu yenilikləri dəstəkləyərək sənətkar haqqında bunları deyib: “Sən demə, kamançanın dərdinin əlacı ustada deyil, alimdəymiş”.
Qeyd edək ki, Pənah usta Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, bir müddət müəllim işləyib və elmlər doktoru vəzifəsinədək yüksəlib. O dövrkü tələbələri divara bənzədən sənətkar ixtisasını atıb bu sənətə gəlib. Özünün dediyi kimi “divara dərs deyə bilməyib və sənətə aludə olub”. Pənah dayının sənətə gəlməsinə bir səbəb də maddi vəziyyətlə bağlı olub. Çünki, Sovet dövründə aldığı əməkhaqqı ailəsini dolandırmağa kifayət etməyib.
Xatırladaq ki, sənət adamı kimi diqqətimizi çəkən Qurbanov Pənah Abdulla oğlu 1940-cı ildə
Göyçə mahalında dünyaya gəlib.
1948-ci ildə Qərbi azərbaycanlılarının
deportasiyası zamanı Gəncəyə köçüb.
Orta məktəbi də
orada bitirib. 1963-cü
ildə isə ali məktəbi
bitirib, təyinatla müəllim işləyib.
70 yaşı var.
Bu sənətin ona halallıq, bərəkət nəsib etdiyini vurğulayan Pənah dayının öz müəllimi olmasa da, tələbələri yetərincədir. Tələbənin də insan övladı olduğunu nəzərə alsaq, bu sahədə Pənah dayının artıq nəvələri də var. Yəni, onun tələbələrinin də tələbəsi var. Bu baxımdan ərklə deyə bilərik ki, milli musiqi sənətimiz, onları səsləndirən alətlərimiz daim yaşayacaq və Allahın bəxş etdiyi digər sərvətlərlə birgə həmişə ruhumuzu qidalandıracaq.
Elgün Mənsimov
Kaspi.- 2011.- 20 yanvar.- S. 11.