Elçinin öz “Teleskop”u
Elçinin
yaradıcılığına öz hesabımca normal bələd
olan və əsərlərini ardıcıl izləyən gənclərdən
biriyəm. “Teleskop” dramını “Azərbaycan” jurnalından
oxumuşdum, amma həmin əsər əsasında səhnələşdirilən
tamaşaya ilk dəfə idi ki, baxırdım. On iki şəkildən
və iki epiloqdan ibarət iki hissəli tamaşa məndə
müsbət emosiyalar oyada bildi, özü də ki
çoxdandır baxdığım və məndə
heç bir təəssürat oyatmayan tamaşalardan sonra.
Süjet
Tamaşanın qəhrəmanını
(kişi) maşın vurur və o biri dünyaya (əslində,
iki dünyanın sərhədinə) köçür. Orda
birinci arvadı ilə rastlaşır və bu dünyaya – fani
dünyaya teleskopla baxırlar. Amma fani dünyada görünən
mənzərə heç də ürəkaçan deyil: Qəhrəmanın
ikinci arvadı əri ölməmiş evlənmək
eşqinə düşüb. Oğlu və qızı onun
pullarının yerini axtarır, özlərinə
maşın almaq sevdasına düşüblər. Ana dediyi
qayınanası onun dalınca pis sözlər
danışır, simicliyindən dəm vurur. Allah adamı
bildiyi həkim dostu əslində, ateistdir,
şorgözdür. Savadlı zənn etdiyi yazıçı
dostu, elmi işini başqasına yazdırıb, həm də
göründüyü qədər də pak deyil.
Bir sözlə, o dünyadan bu
dünyaya teleskopla baxanda hər şey daha aydın
görünür. Fani dünyada yaxşılar, axirət
(şərti axirət) gözü ilə şər ruhlu,
yaman insanlardır. Fani dünyada özünü təmiz adam
hesab edənlər, axirət dünyası üçün ləkəlidirlər.
Sanki hər şey baş-ayaq olub. Dünya gözü ilə
axirət gözü fərqlidir.
“Teleskop”dan
baxanda görünənlər...
1) Qəhrəman əsərin müəyyən
hissəsində yerə baxmağa qorxur: çünki
çılpaq həqiqətlərlə üz-üzə
dayanmaq və fani dünyada baş verənlərə
müdaxilə edə bilməməyin çarəsizliyi onu
qorxudur. Axirət dünya real təsvir olunub,
yazıçı çox maraqlı işarə edir.
Dürlü dini kitablar oxusaq da, əl-əlbət, biz axirəti
öz gözümüzlə, dünya gözü ilə dərk
edirik.
2) Axirətdən dünyaya teleskopla
baxmaq olur, ruhlar insanları görür. Kişi qəhrəman
sual edir: “Bəs biz bir-birimizə niyə teleskopla baxa bilmirik?”
O, axirətdə birinci arvadına baxmaq, onun əməllərini
görmək istəyir. Dünyada gördüklərindən
bədhal olan insan, əbədi dünyaya da inanmır, o
düşünür ki, hətta axirətdə olan insanın
da şeytani əməli ola bilər.
3) Qəhrəmanlardan nə kişinin nə
də qadının o biri dünyada adı yoxdur. Bu dünyada
bizi fərqləndirən adlarımız, o biri dünyada
yoxdur. O biri dünyada hamının bir adı var: İNSAN.
4) Qəhrəman reallığı
uzaqdan görmək üçün teleskopun üzünü
çevirir, əbədi-əzəli insan-xisləti üzə
çıxır: Biz öz günahlarımıza daim uzaqdan
baxırıq, ona görə də insan başqasına nisbətən
özünü daha tez bağışlayır, belə
olmasaydı, hökmdarlar özlərinə də ölüm
hökmü kəsərdilər.
5) Axirətdə
görüşən ər və arvad
bir-birinə yenidən isinişir, bir-birini bağışlayırlar. Onlar daha bir-birini incitmir, birinin sözü o birinin boğazından keçir. Fani dünyada göydən yerə endirdikləri sevgi, axirət dünyasında yerdən göyə qalxır.
6) Teleskop bir əşya kimi səhnə əsərinin mahiyyətini
açmaq üçün
maraqlı vasitədir.
Çünki hər şeyə
yuxarıdan baxmaq, onları öz içində yerbəyer etmək baxımından uğurludur. Həm də teleskopda İlahi nəzər, Tanrının baxışı
sistemi var: Bir gözlə baxmaq. Teleskop da, Tanrı
kimi insanları seçmir, onun obyektivində hamı eynidir.
7) Birinci epiloqda insan axirəti, ikinci epiloqda isə dünyanı, yaşamağı
seçir. Qəhrəmanın
xisləti ümumbəşəri
ümumiləşdirmə kimi
verilir: Yəni insan cənnətlə dünya arasında seçim qarşısında
qalanda, dünyanı seçir. Dünyanı görən gözlər
cənnət xəyalını
üstələyir.
8) Birinci epiloqda qəhrəman özü o biri dünyanı istəyir, ikinci epiloqda isə əzrailin qarşısında tir-tir
əsir, dünya ona şirin gəlir və o biri dünyaya getmək istəmir. Axırda isə iki epiloqun nəticəsi
kimi kəndir sallanır, ali
qərar verilib: İnsanın istəyib-istəməməyindən
asılı olmayaraq,
o, ali qərara – ölümə məhkumdur.
9) Ər-arvad bir-birini bağışlayır.
O situasiya əbədi
dünyanın halından
doğur: İnsanı
Allahdan əvvəl, qarşısında günahkar
olduğu adamlar bağışlamalıdırlar.
10) İnsan yaşa dolduqca ağlı, savadı, dünyagörüşü artır.
İnsan
düşünəndə ağlın, savadın üstündən dünyaya
baxır. 70 yaşa nərdivan söykəmiş xalq yazıçısı Elçin
dünyaya öz teleskopu ilə baxmağa başlayıb.
Bu tamaşa həm də yaşlı bir yazıçının “Teleskop”la
bu dünyadan o biri dünyaya baxmasıdır.
11) Tamaşanın ölüm səhnəsi ilə başlayıb, ölümlə bitməsi
də maraqlı işarədir. Məncə, bu nüansla
dramaturq insanın heçdən yaranıb, heç olmasına barmaq tuşlayır.
12) Əsərin mahiyyətində bu dünyanın puç və fani olmasına,
müasir dünyada hamının, hər şeyin kirlənməsinə
birmənalı, barışmaz
bir münasibət
var. Sanki, göydən baxanda
bircə dənə də ürəkaçan,
gözoxşayan heç
nə yoxdur, hər şeyi nifrinlik bürüyüb.
Fikrimcə, bu məqamla
tam razılaşmaq çətindir,
hər halda. Və soruşa bilərəm ki, “Teleskop” niyə ancaq pislikləri göstərməlidir?
13) Tamaşada sevmədiyim cəhətlərdən
biri də mələklərin - İsrail,
Mikayıl, Əzrailin
geyimləri idi. Belə ki, onlar mələkdən
daha çox cəngavərə oxşayırdılar.
Mələklər adamda həlim
duyğular oyatmaq əvəzinə, qoca və bədheybət məxluqat kimi görünürdü. Səhnə tərtibatı,
səkkiz buludun səhnədəki quruluşu
və musiqilər barədə isə fikrim müsbətdir.
P.S. Tamaşanın quruluşçu rejissoru Finlandiyada yaşayan azərbaycanlı Kamran Şahmərdan, səhnə
əsərinin tərtibatçısı
Eduard Koçerqindir Tamaşanın
geyim üzrə rəssamı Eduard Koçerqinin
həyat yoldaşı
Anna Koçerqinadır. 11 şəkildən və 2
epiloqdan ibarət tragikomediyanın musiqi tərtibatı Həmid Kazımzadəyə məxsusdur,
rejissor assistenti Xanım Həsənovadır.
Əsas rolları əməkdar
artist Füzuli Hüseynovla
Yuğ Teatrının
aktrisası İlahə
Həsənova ifa edir. Tamaşada, həmçinin, "Azdrama"nın
aparıcı aktyorları,
xalq artistləri Ramiz Novruz, Hacı
İsmayılov, Şükufə
Yusubova, əməkdar
artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Münəvvər
Əliyeva, Hicran Nəsirova, Elşən Cəbrayılov, Məsmə
Aslanqızı, Sabir Məmmədov, Elxan Quliyev, aktyorlar Şəhla Əliqızı,
Ləman İmanova, Rada Nəsibova, Nigar Güləhmədova,
Elnar Qarayev, Elnur Qədirov və başqaları iştirak edirdilər.
Fərid Hüseyn
Kaspi.- 2012.- 3 aprel.-
S.15.