«Onun həyatdan
köçməsi inanclı insanlar üçün bayram
oldu»
Mstislav Rostropoviçin
qızı: “Atam vəsiyyət etmişdi ki, ondan sonra festival
doğulduğu şəhərdə – Bakıda
keçirilsin»
Bu
yaxınlarda dahi violençel ifaçısı və dirijor
Mstislav Rostropoviçin 85 yaşı tamam olub. Həmçinin
ölümündən keçən 5-ci il də bu günlərə
təsadüf edib. Rusiya və Avropanı əhatə edən
Rostropoviç adına 2-ci beynəlxalq festival da maestronun
doğum günü şərəfinə keçirilib. Festivalın rəhbəri, maestronun
böyük qızı Olqa Rostropoviç «Komsomolskaya
Pravda»nın müxbirinə müsahibə verib.
Qeyd
edək ki, Olqa Rostropoviç Moskva Konservatoriyasının
violençel sinfini və Nyu-Yorkun məşhur Culyard məktəbini
bitirərək solist kimi çıxış edib. Nyu-Yorkda
Manhetten musiqi məktəbində dərs deyib. 2007-ci ildən
Rostropoviç musiqi fonduna rəhbərlik edir. Bu fond gənc
musiqiçilər üçün həyata keçirdiyi
xeyriyyə tədbirləri ilə tanınır. Olqa
Rostropoviç həmçinin
Mıstislav Rostropoviç festivalının bədii rəhbəridir.
Biri sevincli, biri kədərli
-
İki yubiley tarixi üst-üstə düşüb – biri
sevincli, biri kədərli.
- Siz
deyirsiniz «kədərli»… Amma atam inanclı adam
idi. Öz həyatını elə
yaşayırdı ki, yaxşı yerlərə gedə
bilsin, özünün dediyi kimi, «yaxşı əllərə»
düşə bilsin. Ona görə də
onun həyatdan köçməsi – həmin tarix bizim
üçün, bütün inanclı insanlar
üçün bayramdır. Bu, doğum
tarixi və başqa həyata köçməkdir.
74-cü illərdə Roma Papası şəxsi qəbulunda
atama dedi: «Sizin həyatınız keçir və siz
Tanrıya yaxınlaşırsınız. Sizə
həmişə nərdivanla yuxarı qalxmaq və ya aşağı
düşmək arasında seçim etmək lazımdır.
Sizin hər hərəkətiniz, qərarınız
pillədir». Atam həmişə
qarşısında bu nərdivanı görürdü və
mən bilirəm ki, o, həmişə yuxarı
qalxırdı.
- Rostropoviç adına festival tamam gənc olsa da
coğrafiyası genişdir.
- Biz o
şəhərlərdə və ölkələrdə
konsertlər veririk ki, atamın həmin yerlərlə əlaqəsi
olub və o yerlər onun üçün hansısa əhəmiyyət
kəsb edib. Saratov - burada o, anamla
nişanlanıb. Əlbəttə, Sankt-Peterburq, Nijni
Novqorod, Orenburq, Voronej, hətta, İsveçrə, Almaniya,
İtaliya, Fransa, Böyük Britaniya və Amerikada da konsertlər
verib. Bizim festivalda parlaq orkestrlər iştirak edir: London
Filarmoniyası, orkestr de Pari və Santa Çeçiliya. Əlbəttə, Temirkanov orkestri və «Rus
filarmoniyası», Svetlanov orkeçtri də öz yerində.
Dirijorlardan Antonio Pappano, Yuri Temirkanov, Dmitri və Vladimir
Yurovski festivala gəlirlər. Rudolf Buxbinder, görkəmli
Avstriya pianoçusu Maksim Vengerov uzun fasilədən sonra
konservatoriyanın böyük zalında solo-konsert verdilər.
Bunlar çox məşhur adlardır. Həmçinin Yuc Vonq çıxış etdi.
O, hələ tamam gənc olsa da çox gözəl
karyerası var. Yuc Vonq keçən il
qarlı hava şəraitinə görə Moskvaya gələ
bilmədi. Bu il isə özünü
festivala çatdırdı. Hər il
festival 27 martda – atamın doğum günündə
açılır. Artıq üç ildir ki,
məhz həmin gün dünyada atamın xatirəsinə həsr
olunan müxtəlif tədbirlər keçirilir. Moskva isə atamın sevdiyi şəhərdir.
Hansı ki, o, burada çox xoşbəxt illər
yaşayıb və yaradıcılığının
gözəl illəri bu şəhərə məxsusdur.
Mən çoxdan burada atama həsr olunan
genişmiqyaslı tədbir keçirilməsini
düşünürdüm. O zaman Moskva meri Yuri Lujkov
«Slava üçün nəsə etmək vaxtıdır» -
deyə «Rostropoviç həftəsi» festivalını
keçirməyi təklif etdi. Biz buna görə
çox sevindik. O vaxtdan hər
il festivalı təşkil edirik.
Həyəcanının fərqli təzahürü
-
Çoxları deyir ki, Qərbdə klassik musiqiyə daha səmərəli
yanaşırlar, lap israfçılıq kimi. Bu,
yaxşı bir restorana gedib qara kürü yeməyə bənzəyir.
Rusiyada isə musiqi – həyəcandır,
yaşantıdır.
- Əlbəttə ki, belədir. Amerikada qəzetlərində
musiqi haqqında məqalələr əsasən «Əyləncə»
rubrikası altında verilir. Avropada isə insanlar zala elə
geyinib gəlirlər ki, yemək qabağı əhəmiyyətli
bir vaxt keçirmək kimi geyimlə gəlirlər. Belə olanda sən Vyana Filarmoniyasına getməyə
və konsertə qulaq asmağa məcbursan. Ancaq bunda hansısa estetika var. Belə şəraitdə
çox nadir hallarda özündəki həyəcanı
boğa bilirsən. Bizdə musiqiçi, məsələn,
Oystrax, Rixter, Gilels – onlar həmişə güclü şəxsiyyətlərdir.
Mən atamın Rusiyada, Amerikada və
Avropadakı konsertlərində olmuşam. Musiqini qavrama qabiliyyətinin fərqli olmasına
baxmayaraq, insanlar heç vaxt bu zala laqeydcəsinə daxil olmur
və çıxıb getmirdilər. Bu, təkcə
gözəl ifadan asılı deyildi. Bu, atamın öz həyəcanının
fərqli səviyyədə təzahürü idi və
insanlar bunu hiss edirdilər.
- Kütlə
onu sevirdi. Bəs onun üçün hakimiyyət
adamları ilə münasibət yaratmaq çətin idimi?
- Atam
heç vaxt hisslərini nümayiş etdirmirdi. Onun xarakteri belə idi. Ona
ümumiyyətlə, yaxşı yanaşırdılar.
Demək olar ki, əksəriyyətin münasibəti
belə idi. 2007-ci ildə Parisdə
atamın həkimləri anamla mənə onun ömrünə
bir həftə qaldığını deyəndə biz 24 saat
ərzində atamı Moskvaya - xəstəxanaya
çatdırdıq. Növbəti gün
Vladimir Putin onu ziyarət etdi. Dəqiq deyə bilərəm
ki, Vladimir Vladimiroviçdən bunu heç kim
xahiş etməmişdi və hətta, heç kəs onu
gözləmirdi. Bu, onun şəxsi insanlıq
jesti idi. Hətta, xəstəxananın
baş həkimi onun bu ziyarətindən məlumatsız idi.
Putin qəfildən atama baş çəkməyə
gəlmişdi. O atama və bizə dayaq olmağa, təsəlli
verməyə gəlmişdi. Biz həmişə
onun bu addımını xeyirxahlıqla xatırlayırıq.
Bu xatirəni saxlamaq vacibdir
-
Rostropoviç özündən nə tələb edirdi?
- Hər
şeyi vicdanla yerinə yetirmək – bu, onun şüarı
idi. Öz biliyini vermək, təcrübəsini
bölüşmək. Baxmayaraq ki, onu uzun
illər ən yaxşı universitetlərdə dərs deməyə
təklif etmişdilər, o, heç vaxt
razılaşmamışdı. Çünki
hesab edirdi ki, yalnız Rusiyada dərs verməlidir - təkcə
rus musiqiçilərinə. Bu vətənpərvərliyi
göstərməklə ona müharibə və evakuasiya
vaxtı kömək ediblər. Buna görə
atam həmişə hamıya kömək edərdi. Atam konsertlərinin 60 faizini pulsuz
çalırdı. Zabitlər
üçün, kimsəsizlər üçün, yetim
uşaqlar üçün, əlillər üçün.
Hətta, zürafələr üçün də
çalırdı. Hardasa zürafəni
onun adı ilə “Slava” adlandırmışdılar.
- O, qətiyyən
qənaət etməyi
bacarmırdı?
- Təsəvvür
edin ki, yox. Anam hər şeyə daha ayıq
baxırdı. Dayım Sanya (Aleksandr
Soljenitsın) bizim evimizdə yaşayırdı. Onun da baxışı hər şeyə ayıq
idi. Anam gözəl başa
düşürdü ki, əldəki hər şey keçib
gedir və bu ailə üçün risqdir. Atam isə hər şeyə adi yanaşırdı.
Amma bu insana yaşamaq, yazmaq lazım idi.
Sonra biz xaricə
getdik, bu faciəvi idi. Bizə elə
gəlirdi ki, biz həmişəlik gedirik – bu, dəhşət
idi. Atam özü üçün yox,
Rusiya üçün iztirab çəkirdi. Ailəyə görə o, heç vaxt həyəcan
keçirməyib. Biz bu haqda həmişə
düşünmüşük – nə üçün bu,
belə idi? Və başa düşdüm
ki, ailə onun üçün özünün bir hissəsi
kimi əzizidir – ailə onun özü idi. O, həmişə
əmin idi ki, əgər onun üçün hər şey
yaxşıdırsa, deməli, ailəsi üçün də
yaxşıdır. Mən tez-tez «Novodeviçye
qəbiristanlığına gedirəm və orada tez-tez
atamın məzarı üstünə gül dəstəsi gətirən
tanımadığım insanlara rast gəlirəm. Bilmirəm onlar kimdir, hardandırlar. Sükutla dayanırlar, sonra gedirlər. Bu xatirəni saxlamaq vacibdir.
Maestronun öz ideyası
- Rostropoviçin Bakıda keçirilən musiqi
festivalını da Moskva festivalı ilə rəqabət kimi
keçirirsiniz?
- Yox, bu
festivallar çox fərqlidir. Bakıdakı
festival Moskva festivalından əvvəl keçirilir. Bu festival 2007-ci ildə təşkil olunub. Festival dekabrın ilk həftəsində
keçirilir. Ona görə də
afişada hətta iki böyük kollektivi yerləşdirmək
çox çətindir. Proqram da tamam
başqadır.
Bakıda festivalın keçirilməsi maestronun öz
ideyası idi.
Atam vəsiyyət etmişdi ki, ondan sonra belə
bir festival doğulduğu şəhərdə – Bakıda
keçirilsin. Bu, baş verdi. Buna
görə çox sevinirəm və hər il
festivalın keçirilməsi ilə bağlı Bakıya həvəslə
gəlirəm.
- Gələcək
festivallar üçün planınız nədir?
- Mən
plankanı çox yüksəkdə saxlamalıyam. Yoxsa atam rahat yata bilməz.
- Rostropoviçin adına təkcə festival yox, həmçinin
təyyarə var. Nəvaxtsa həmin təyyarənin xidmətindən
istifadə etmisiniz?
- Hə,
amma sırf təsadüfən. Təyyarə
istifadəyə veriləndən təxminən 3-4 həftə
sonra biz ondan istifadə etdik. Ərimlə
mən Almaniyadan uçduq. Həyat
yoldaşım mövcud vəziyyətdən həyəcanlandı
və təyyarənin bələdçisinə mənim
Rostropoviçin qızı olduğumu bildirdi. Əlbəttə,
mən qızardım və fikirləşdim ki, bəlkə
bizi başqa
klassda yerləşdirərlər. Ancaq
bizə heç ikinci portağal şirəsini də təklif
etmədilər. Dedilər ki, başqa
cür səslənər.
- Mediada
polisə Rostropoviçin mənzilinin oğurlanması ilə
bağlı müraciətin daxil olması barədə
materiallar yer alıb.
-
Konservatoriyanın böyük zalında keçirilən festivaldan
qayıdandan sonra gördüm ki, mənzilin qapısı
açıqdır və evdəki əşyalar
dağılıb. Oğrular mənzildən 1
milyon rubl nağd pul, 36 min avro dəyərində
mirvari-boyunbağı, planşet Ipad oğurlayıblar. Mənzilə dəyən ziyanın ümumi məbləği
2 milyon rubldur. Bu mənzil anam Qalina
Vişnevskayaya məxsusdur. Yəqin ki,
oğrular əvvəlcədən mənzildə heç kimin
olmadığını müəyyənləşdiriblər.
Hazırda polis oğruların tapılması
üçün təhqiqat aparır.
- Necə
bilirsiniz, ola bilər ki, zamanla afişalarda
yenidən Rostropoviç soyadı görünsün?
- Təəssüf
ki, yox... Baxmayaraq ki, bacım Lenanın
kiçik oğlu musiqi ilə maraqlanır. O, pianoda
çalır, dirijorluqla məşğul olmağı
xoşlayır, ancaq bunlar hələlik hobbi səviyyəsindədir.
“Komsomolskaya
pravda”dan tərcümə etdi
Təranə Məhərrəmova
Kaspi.-2012.-6 aprel.-
S.11.