“Azərbaycanın siyasi həyatında yeni bir dövr başlayacaq

 

Sabir Rüstəmxanlı «Siyasi partiyalar haqqında» qanuna təklif olunan əlavə və dəyişikliklərlə razıdır

 

«Siyasi partiyalar haqqında» qanuna təklif olunan əlavə və dəyişikliklər geniş müzakirə olunmaqdadır. Xəbər verdiyimiz kimi qanun layihəsi Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə olunub. Qanun layihəsində əsas dəyişiklik partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinin nəzərdə tutulmasıdır. Qanunvericilik təşəbbüsünün müəllifi elə bir variant təklif edib ki, burada həm parlamentə mandat qazanmış partiyalar, həm də parlamentdən kənardakı partiyaların maraqları nəzərə alınıb. İndi əsas müzakirə mövzusu vəsaitin hansı faiz nisbəti ilə bölünməsi ilə bağlıdır. Bizqanun layihəsi ilə bağlı buya digər suallarımızı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlıya ünvanladıq.

- Sabir bəy, «Siyasi partiyalar haqqında» qanuna təklif olunan dəyişiklikləri necə qiymətləndirirsiniz?

- Bizim müzakirəmizə təqdim olunan qanun layihəsi çox mütərəqqidir. Burada partiyaların qeydiyyatı, fəaliyyəti, seçkilərdə, digər siyasi proseslərdə iştirakı ilə bağlı müddəalar əksini tapıb. Daha doğrusu, bu məsələ müzakirə olunan zaman bəziləri hakimiyyətin daha sərt bir qanun hazırlayacağını güman edirdi. Amma biz görürük ki, müzakirəyə təqdim olunan qanun layihəsində bütün bunların heç biri yoxdur. Yəni partiyaların işini mürəkkəbləşdirən, onlara problem yaradan heç nə yoxdur. Qanunda əsas yenilik partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlıdır ki, bu da çox yaxşı haldır. Biz bunu neçə illərdir gözləyirdik. Partiyaların maliyyələşdirilməsi ilə bağlı da çox gözəl bir format təklif olunur. Hiss olunur ki, bu format müəyyən olunarkən dünya təcrübəsi öyrənilib. Mən xatırlayıram ki, bir müddət bundan öncə Bakıda ATƏT-in təşkilatçılığı ilə dünya ölkələrində siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı təcrübələrin öyrənilməsinə həsr olunmuş tədbir keçirilmişdi. Orada Avropa ölkələrində siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı variantlar öyrənilmişdi. Orada qeyd olunmuşdu ki, Avropada partiyalar seçkilərdə iştirakı, seçkilərdəki nəticələri, parlamentdəki təmsilçilikləri nəzərə alınmaqla maliyyələşdirirlər. Parlamentə təqdim olunan qanun layihəsində də bütün bunlar nəzərə alınıb. Təbii ki, qanun layihəsi ilə bağlı hazırda da müxtəlif irad və təkliflər var. Müxtəlif siyasi partiyalar qanun layihəsi ilə bağlı öz mövqelərini ifadə etməkdədirlər. Amma ümumilikdə bu qanunun müzakirəyə təqdim olunması ölkədəki bütün siyasi partiyalar tərəfindən müsbət qəbul olunur. Ümid edirəm ki, parlamentdəki müzakirələr də çox yüksək səviyyədə keçiriləcək və bu qanun tezliklə qəbul olunacaq.

- Sizin partiyanın qanun layihəsi ilə bağlı konkret təklifləri varmı?

- Bəli, bizim də qanun layihəsi ilə bağlı müəyyən təkliflərimiz var. Mən onların bir qismini parlament komitəsindəki müzakirələr zamanı səsləndirdim. Bir qismini isə yazılı şəkildə təqdim edəcəyəm. Bizim üçün əsas olan məsələ ayrılan maliyyənin faiz nisbəti ilə bölgüsündə müəyyən dəyişikliklərə nail olmaqdır. Məsələ burasındadır ki, hazırda təklif olunan layihədə Yeni Azərbaycan Partiyası müəyyən üstünlüklərə malikdir. Bu üstünlüklər isə onlara dövlət büdcəsindən ayrılan vəsaitin böyük bir hissəsinə yiyələnmək imkanı yaradır. Mənim fikrimcə, hazırda təklif olunan variantla bölgü olsa, digər partiyalar YAP-a nisbətən çətin duruma düşəcəklər. Buna görə də hesab edirəm ki, parlamentdə azlıqda olan partiyaların da maraqları daha çox nəzərə alınmalıdır. Ümid edirəm ki, bizim təkliflərimiz öyrəniləcək və qanun layihəsi bir qədər də təkmilləşdiriləcək.

- Bu qanun siyasi partiyalara verəcək?

- Mən deyərdim ki, bu qanunun parlamentdə qəbul olunması ilə Azərbaycanın siyasi həyatında yeni bir dövr başlayacaq. Dövlət büdcəsindən maliyyələşmə siyasi partiyaların imkanlarını genişləndirəcək. Bu isə siyasi təşkilatların inkişafına, daha da yaxşı təkmilləşməsinə təkan verəcək. Özü qanunun bir məqamı da mütərəqqidir ki, layihədə partiyaların təkcə dövlət büdcəsindən ayrılan vəsaitlə deyil, tərəfdarlar tərəfindən verilən ianə ilə maliyyələşdirilməsi məqsədəuyğun hesab edilir.

- Yeri gəlmişkən, komitədəki müzakirələrdə partiyalara fiziki şəxslər tərəfindən ianələrin verilməsi ilə bağlı ciddi müzakirələr getdi. Bəzi deputatlar partiyalara ianələrin verilməsinin qadağan olunmasını təklif etdilər. Onlar bunu onunla əsaslandırdılar ki, partiyalar bu cür ianələri verən şəxslərdən asılı vəziyyətə düşə bilər. Siz bu mövzuda düşünürsünüz?

- Qanun partiyalara hüquqi şəxslər tərəfindən ianələrin göstərilməsini qadağan edir. Amma fiziki şəxslərə partiyalara yardım göstərməyə icazə verir. Bu çox yaxşı yanaşmadır. Bilirsiniz, biz qanunu qəbul edərkən reallıqları da nəzərə almalıyıq. Realıq budur ki, əgər kimsə siyasi partiyaya yardım göstərmək niyyətindədirsə, bunu müxtəlif yollarla reallaşdıra bilər. Bizim deyib-deməməyimizdən asılı olmayaraq, əgər kimlərinsə, siyasi partiyalarda maraqları varsa, onlar həmin təşkilatların fəaliyyətinə yardım göstərəcəklər. Komitədəki müzakirələrdə belə bir maraqlı təklif səsləndirildi ki, biz ianələrin yuxarı həddini müəyyənləşdirə bilərik. Mən bu təklif dəstəkləyirəm. Yəqin ki, bu məsələ plenar iclasda da geniş müzakirə olunacaq müvafiq qərar qəbul ediləcək.

- Sabir bəy, Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanda xarici vətəndaşlara siyasi partiya yaratmaq hüququnun verilməsini təklif edirdi. Lakin hökumət bununla razılaşmadı. Bu məsələ ilə bağlı sizin mövqeyiniz necədir?

- Açığı, bununla bağlı dünya təcrübəsinin necə olmasını öyrənməyə ehtiyac var. Bəzi Avropa ölkələrində xarici ölkə vətəndaşlarına siyasi partiya yaratmaq hüququ verilir.

Amma ümumilikdə Azərbaycan reallıqlarını nəzərə alsaq, bizdə xarici ölkə vətəndaşlarına siyasi partiya yaratmaq hüququnun verilməsini müsbət qarşılaya bilmirəm. Xaricilər niyə gəlib burada partiya yaratmalıdırlar? Şəxsən mən xaricilərin Azərbaycanda müstəqil partiya yaradıb onu idarə etmələrini qəbul edə bilmirəm. Onlar uzaqbaşı ictimai təşkilatlar yaradıb bu çərçivədə fəaliyyət göstərə bilərlər.

- Əsas məsələlərdən biri partiyaların maliyyələşdirilməsi üçün büdcədən qədər vəsaitin ayrılacağıdır. Sizdə bu barədə məlumat varmı?

- Yox, hələlik bu barədə heç bir məlumat yoxdur. Partiya sədrlərinə bu barədə bir şey deyilməyib. Əsas olan qanunu qəbul etməkdir. Qanunu qəbul edəndən sonra bu məsələlər həllini tapacaq.

- Ancaq 2012-ci ilin dövlət büdcəsində partiyaların maliyyələşdirilməsi üçün vəsait nəzərdə tutulmayıb. Belə çıxır ki, maliyyələşməyə 2013-cü ildən başlanılacaq?

- Bilirsiniz ki, biz adətən may-iyun aylarında dövlət büdcəsində müəyyən dürüstləşmələr aparırıq. Yəqin ki, bu il belə olacaq. Həmin müzakirələr zamanı dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün vəsait ayrıla bilər.

 

 

İlham QULİYEV

 

Kaspi.-2012.-12 aprel.- S.5.