“Mədəniyyət
haqqında" qanun necə
olmalıdır?
Yaradıcı müəssisələr
gəlir vergisindən azad olmalarını istəyir, pedaqoqlar
da imtiyaz almaq arzusundadır
Ötən
həftə Milli Məclisin yaz sessiyasının plenar
iclasında “Mədəniyyət haqqında" qanun layihəsi
müzakirəyə çıxarılıb. Dövlətin mədəniyyət
siyasətinin əsas prinsiplərini, mədəniyyət fəaliyyətinin
təşkilinə dair hüquqi, sosial, iqtisadi əsasları,
mədəniyyət işçilərinin statusunu müəyyən
edəcək və bu sahədə hüquqi baza rolunu oynayacaq
layihənin müzakirəsi fikir ayrılıqları
yaradıb. Belə ki, dünyanın bir çox yerlərində
olan Azərbaycanın mədəniyyət, incəsənət
abidələrinin ölkəyə gətirilməsi təklifi
ilə çıxış edərək onların turistlər
üçün böyük maraq kəsb edə biləcəyini
vurğulayanlarla yanaşı, qanunda mədəniyyət sahəsində
iqtisadi fəaliyyətin geniş şəkildə əks
olunmadığını qeyd edənlər də olub. Həmçinin müvafiq razılaşmaya əsasən,
MDB daxilində idxal və ixrac olunan mədəniyyət obyektlərinin
gömrük rüsumundan azad olunduğunu vurğulayaraq
yaradıcılıq ittifaqlarının gəlir vergisindən
azad olunması təklifi də irəli sürüb.
Qeyd
edək ki, 9 fəsil, 46 maddədən ibarət olan "Mədəniyyət
haqqında" qanun layihəsi
birinci oxunuşda qəbul edilib.
“Qanunda
daha hansı təkliflərin yer almasını istəyirsiniz?”
sualını cavablandıran ictimaiyyətin ayrı-ayrı
nümayəndələri fərqli fikirlər səsləndiriblər.
İmtiyazlar pedaqoqlara da şamil
edilsin
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin (ADMİU) prorektoru Rafiq Sadıqov qanun layihəsinin
birinci oxunuşu zamanı müzakirələrdə iştirak
etdiyini qeyd edib. Prorektorun fikrincə, layihə ətraflı
yazılıb, o cümlədən müzakirə zamanı
millət vəkillərinin irəli sürdüyü fikirlər
də maraqlı olub: «Ancaq bəzən elə təkliflər
var ki, onlar qanuna sığmır. Onları qanunla yox, bölmələrlə
həll etmək lazımdır. Yəni qanun daxilində olacaq əlavələrdə
bunları həll etmək olar». R.Sadıqov hesab edir ki,
müzakirə zamanı səslənən bəzi təkliflərin,
məsələn, xaricdən memarlıq abidələrimizin vətənə
gətirilməsi və s. qanuna düşmək ehtimalı
daha çoxdur.
ADMİU
da öz növbəsində layihəyə daxil edilməsi
üçün iki təkliflə çıxış edib. Belə
ki, layihənin yaradıcı şəxslərlə
bağlı olan bəndinə əlavə olaraq Azərbaycan mədəniyyətinin
inkişafında xidməti olan mədəniyyət
işçilərinə və onları yetişdirən
yaradıcı pedaqoqlara da imtiyazların şamil edilməsi təklifi
irəli sürülüb. R.Sadıqov qeyd edib ki, ali məktəblərdə
çalışan və 65-70 yaşına çatan pedaqoqlar
fəaliyyətləri boyu tələbə yetişdirsələr
də, özləri heç vaxt səhnəyə
çıxmırlar: «Biz istəyirik ki, bu yaşlı nəslin
nümayəndələri də həmin imtiyazlara layiq
görülsün. Amaliya Pənahova, Bəhram Osmanov kimi sənətkarların
artıq fəxri adları var. Nadir hallarda onlar səhnədən
ali məktəbə gəlirlər. Amma bizim müəllimlərin
çoxu səhnəyə çıxmayıblar. Yalnız
yubileydən-yubileyə onlara nəsə düşür. Bəsti
Cəfərova, Firəngiz Mütəllibova kimi Xalq artistlərini
yetişdirən pedaqoqların da imtiyazlarının
olmasını istəyirik».
ADMİU
həmçinin mədəniyyət və incəsənət
təmayüllü ali təhsil müəssisələrinin təminat
və təchizat prioritetliyinin zəruri hesab edilməsi təklifi
ilə çıxış edib: «Bizim ali məktəblərin
binaları da daim təmirli vəziyyətdə olsun. Dövlət
teatr binalarını necə təmir edirsə, o cür təmir
işləri bizim ali məktəblərdə də
aparılsın. Ali məktəblər öz hesabına bu
işləri görə bilmirlər». R.Sadıqov həmçinin
nəzəriyyəçi ixtisasların – mədəniyyətşünaslıq,
teatrşünaslıq, kinoşünaslıq sahələrini
bitirənlərin vəzifə adlarının olması təklifinin
də qanunda yer almasını arzulayır.
R.Sadıqov
həmçinin «Mədəniyyət haqqında» qanunun mədəniyyət
işçilərinə müəyyən mənada
yaşamaq hüququ üçün geniş imkanlar
açmasının tərəfdarıdır: «Bu qanun mədəniyyət
proseslərinin təşkilati məsələlərinə
kömək edəcək. Bizim yaxşı
tamaşalarımız, rəqslərimiz, baletimiz var. Ancaq biz
bunları xarici ölkələrə çıxara bilmirik.
Çünki danışıqlar aparmaq üçün
yaxşı menecerlərimiz yoxdur ki,
qanunlara əsaslanıb onları nümayiş etdirə
bilsin. Milli-mədəni sərvətlərimizin qorunması
üçün yerlərdə onların tapılıb üzə
çıxarılması və yaşadılması, elmlə
incəsənətin birgəliyi üçün, elmi tədqiqatlarla
incəsənətin qovuşması üçün qanunda
elementlər olmalıdır. Azərbaycan mədəniyyətini
tədqiq edib müəyyən yeniliklər üzə
çıxaran alimin əməyinə, zəhmətinə
qiymət verilməlidir”.
Prorektor
ümumilikdə hesab edir ki, «Mədəniyyət haqqında»
qanun qəbul olunacağı halda bu, ümumilikdə mədəniyyətimizin
qorunmasına kömək edəcək: «Biz sırf qanunlar əsasında
işləyəndə mədəniyyətimizi qoruya, iqtisadi
bazasını möhkəmləndirə, Azərbaycan mədəniyyətini
dünya mədəniyyəti səviyyəsində təsdiq
edə biləcəyik. Bizim xaricdə olan musiqi nömrələrimiz,
abidələrimiz qorunacaq. Həm daxildə, həm də
xaricdə öz mədəniyyətimizi təbliğ edə
biləcəyik. Milli sərvətlərimizə kənar
müdaxilələrin qarşısı alınacaq. Məsələn,
ermənilərin «Sarı gəlin»ə iddia etdikləri kimi
hallar baş verməyəcək. Azərbaycan mədəniyyəti
bütövlükdə bir mədəniyyət dünyası
kimi həm özünü təsdiq edəcək, həm də
tanınacaq».
Təkmilləşdirilməyə
ehtiyac
Millət
vəkili Jalə Əliyeva
üzvü olduğu Mədəniyyət komitəsinin
yaxından iştirakı ilə hazırlanan “Mədəniyyət
haqqında” yeni qanun layihəsi barədə danışaraq
qeyd edib ki, mədəniyyət sahəsində siyasətin əsas
prinsiplərini, dövlət mədəniyyət fəaliyyətinin
formalarını, onun hüquqi və iqtisadi əsaslarını,
mədəniyyət işçilərinin hüquq və vəzifələrini,
onların statusunu və s. müəyyən edən yeni qanunun
hazırlanmasına, hazırkı qanunun günün tələbləri
əsasında yenidən işlənməsinə çoxdan
ehtiyac var idi: “Mədəniyyət haqqında” mövcud qanunun
qəbul edildiyi tarixdən 15 ilə yaxın müddət
keçir. Bu müddət ərzində ölkədə
bütün sahələr üzrə gedən böyük və
nəhəng dəyişikliklər təbii ki, mədəniyyət
sahəsindən də yan keçməyib”. Millət vəkilinin
fikrincə, yeni qanun ilk növbədə bir çox müddəaları ilə
dövlət mədəniyyət siyasətinin əsas prinsiplərini
müəyyənləşdirən və əhatə edən
əhəmiyyətli sənəd kimi dəyərləndirilməlidir:
“Çoxdan bəri gözlədiyimiz bu qanunda, qarşıya
qoyulan məqsəd demək olar ki, öz həllini tapıb.
Yeni qanun, bu sahənin tənzimlənməsi baxımından
son dövrlərdə yaranan boşluqları doldurmağa və
ortaya çıxan suallara cavab verməyə qismən imkan
yaradacaq”. Bununla belə, millət vəkili hesab edir ki,
bütün müsbət tərəfləri ilə bərabər
bu qanunun daha sonrakı oxunuşlara qədər, mədəniyyət
sahəsinin müasir, yaxşı və pis tendensiyaları, o
cümlədən, bu yöndə müxtəlif təkliflər
nəzərə alınaraq, daha dərindən təhlil edilməsinə
və təkmilləşdirilməsinə ehtiyac var. J.Əliyeva
qanun layihəsi ilə bağlı konkret təkliflərini də
bildirib: “Mədəniyyətin ayrılmaz bir parçası
olan dillə bağlı olaraq, qanuna xüsusi bir fəslin və
ya müddəaların daxil edilməsi yaxşı olardı.
Azərbaycan dili haqqında qanun qəbul olunsa da, xüsusilə,
ekran, efir məkanından eşitdiyimiz dil, təqdim edilən
reklam çarxlarının dili, küçələrdə
rastlaşdığımız lövhəciklərin dili və
sair məqamlar bu məsələ üzərində bir daha
düşünməyə əsas verir”.
Millət
vəkili mədəniyyət sərvətlərinin mühafizəsi
məsələsinə toxunaraq, düşmən
işğalında qalan torpaqlarımızda ən qədim sənət
nümunələrinin ermənilər tərəfindən ya
işğal edilərək özününküləşdirilməsi,
ya da yerlə yeksan edilməsi ilə bağlı qanunda
heç olmasa bir müddəanın
əks olunmasının tərəfdarıdır. Millət vəkili
həmçinin, ölkə sərhədlərindən kənarda
səslənən musiqi və mahnılarımızın
müəlliflik hüququnun qorunmasına ciddi ehtiyac
olduğunu bildirib: “Milli musiqimiz, müəllif
mahnılarımız xaricdə anonim adla populyarlıq
qazanır və bu parçaları dinləyən heç bir
kəs bu nümunələrin Azərbaycana aid olduğunu
bilmir. Bir müddət sonra bu musiqi və mahnı nümunələrimizi
də “Sarı gəlin”imizin bugünkü taleyi gözləyir”.
J.Əliyeva
yeni qanun layihəsində şou-biznes sahəsinə ötəri
olaraq toxunulduğunu da qeyd edib: “Təssüf ki, qanun layihəsində
şou-biznes haqqında ifadədən başqa heç nə
nəzərə çarpmır. Əgər qanun layihəsində
şou-biznes ifadəsi bircə dəfə də olsa qeyd
edilibsə, onda belə çıxır ki, bu sahə bu
gün mədəniyyətimizdə mövcuddur, var və mədəniyyətin
bir bölümü olaraq "Mədəniyyət
haqqında" qanun layihəsində də bu məsələ
ətraflı yer almalıdır. Yəni, ən azından
şou-biznes sahəsi ilə bağlı yaranan – “Şou-biznes
nədir, sənət nümunəsidirmi, o, bazar iqtisadiyyatının
mədəniyyətə də tətbiq edilən bir
parçasıdırmı? Bizə lazımdır, yoxsa,
lazım deyil, həmçinin, mənəviyyatımız, zövqümüzün
formalaşması üçün nə dərəcədə
vacibdir?” suallarına və bu sahədə onlarca bu kimi
açıq qalan suallara cavab tapmaq üçün. Bu baxımdan,
yaxşı olardı ki, yeni qanun layihəsində bu sahədə
mövcud olan çoxsaylı
sualları cavablayacaq və ümumiyyətlə, bu sahə ilə
bağlı məsələləri
qanunvericiliklə tənzimləməyə əsas verəcək,
müddəalar da yer alsın”.
Qanun nəyə lazım?
Xalq
şairi Fikrət Qoca yaradıcılıq ittifaqlarından gəlir
vergisinin tutulmaması ilə bağlı məsələnin
Yazıçılar Birliyində müzakirə olunduğunu
qeyd edib: “Yaradıcı müəssisələr gəlir
vergisindən azad olmalıdır. İlk növbədə
kitab gömrükdən azad edilməlidir. Çünki kitab
ölkənin insanını təqdim edir. Kitab
yazdığın ölkə haqqındadır. Əksinə,
kömək etmək lazımdır ki, bu kitablar
yayılsın, Azərbaycan mühitini, insanını təbliğ
etsin».
Ümumilikdə
isə, Xalq şairi hər kəsin daxilində olan
qanunları qəbul edilən bütün qanunlardan
üstün saydığını bildirib: “Bütün
dövlət qanunlarından ayrı hər kəsin daxilində
öz qanunu olmalıdır. Bu, mənəviyyat
qanunlarıdır. Bu, bizim əxlaqımızla,
yaşadığımız mühitlə bağlıdır.
Biz
bunlara əməl edirikmi? Əgər bunlara əməl
etmiş olsaydıq, bəlkə də xüsusi Mədəniyyət
qanunu qəbul etməyin əhəmiyyəti olmazdı.
Bütün bunlar insan üçündür. Dədə-baba
qanunlarımızın bu gün üçün
saxlanılması çox yararlı olardı. İnsanlar
«Ancaq öz evim, öz həyətim» yox, “Küçələr
hamısı mənim vətənimindir” şüarı ilə
yaşasalar yaxşı olar. Ancaq baxın, küçələr
hansı vəziyyətdədir. Bu təmizliyi qorumaq, səliqə
yaratmaq mədəniyyətin bir hissəsidir. Birinin
üzünə gülümsəyib baxmaq – bu mədəniyyətdir.
Bunlar qanunda yazılmır. Əsas qanun insanın içində
olmalıdır. İnsan başa düşməlidir ki, cəmiyyətdə
yaşayır. Əgər bacarırsa, qoy cəmiyyəti daha
da gözəlləşdirsin. Bacarmırsa, mane olmasın».
Mədəniyyətimizdə
aşınmalar varsa...
Milli
Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri
Jalə Cəfərovanın fikrincə, mədəniyyət
dövlətin ayrılmaz hissəsi olduğundan geniş
anlamda mədəniyyət daim dövlətin nəzarətində
olmalıdır: “Mədəniyyətimizdə aşınmalar
varsa, bunun üçün dövlət cavabdehdir. Mədəniyyətimizdə
irəliləyiş varsa, bu da dövlətimizə
başucalığı gətirir. Bu gün mədəniyyətimizlə
bağlı əsaslı dəyişikliklər olmalıdır.
Həmin dəyişikliklər kağız üzərində
deyil, reallıqda həyata keçməlidir. Amma biz istənilən
sahədə mədəniyyətin aşınmalarını
görürük». İB sədri hesab edir ki, nəşr
olunan kitablar, hətta, uşaqlar üçün istehsal olunan
oyuncaqlar belə mədəniyyətimizi əks etdirməlidir:
«Ancaq biz bunların əksinin görürük. Uşaqlar
üçün nəşr olunan kitablar heç bir mədəniyyət
təbliğ etmir. Bunlar mənəviyyatsızlığa
açılan yoldur. Bütün bunlar qanunda öz əksini
tapmalıdır».
Göründüyü
kimi, Qanun layihəsi ətrafında fikirlər haçalanmaqda,
daha təkmil sənəddən ötrü müxtəlif təkliflər
səslənməkdədir. Bütün hallarda elə sənəd
ortaya qoyulmalıdır ki, “bunu üçün 15 il gözləməyə
dəyərdi” fikirlərinə haqq qazandıra bilək.
Təranə Məhərrəmova
Kaspi.-2012.-12 aprel.- S.11.