Köşklər
artır, satış azalır…
Ekspertlər Bakıda
quraşdırılan yeni köşklərin qəzet
satışına heç bir təsir göstərmədiyini,
əksinə satışın zəiflədiyini bildirirlər
Ötən ilin son aylarından etibarən paytaxtın mərkəzi hissələrində yeni qəzet köşkləri qoyulmağa başlanıldı. Bu «press» köşklərin xarici görkəmi və “mini market” funksiyası uzun müddət mətbuatın gündəmindən düşmədi. Hazırda da bu köşklərin müxtəlif yerlərdə qoyulması prosesi davam edir.
Adının
“press köşk” olmasına baxmayaraq, hazırda həmin
köşklərin bəzilərində ümumiyyətlə
qəzet yoxdur. Məlumat üçün deyək ki, onlardan
biri də metronun “Koroğlu” stansiyasının
çıxışındadır. Yəni qəzetdən
başqa orada hər şey satılır. Prosesi təhlil edən
ekspertlər də bu qənaətə gəliblər ki,
Bakıda köşklər artsa da, bunun qəzetlərin
satış nisbətinə heç bir təsiri olmayıb, əksinə
ümumi tiraj və satışı gözlənildiyindən
aşağı düşüb.
“Yeni Müsavat” qəzetinin direktoru Ələsgər
Süleymanlı bildirir ki, əvvəlki qəzet köşklərinin
yenisi ilə əvəz olunması mətbuata çox
böyük zərbə vurub: “Yəni, bu onunla
bağlıdır ki, illərlə qəzet satmaq
bacarığı, vərdişi olan adamlar qalıb
qıraqda, indi səriştəsi olmayanlar bu işə
girişiblər. Onlar qəzet satışını, onun
tirajını nizamlaya bilmirlər. Qəzet satışı
başqa məhsulların satışı kimi deyil. Bunun
üçün gərək səhər saat 6-da, 7-də
köşkə gələsən, qəzetləri
çeşidləyib düzəsən. Amma yeni köşklər
səhər saat 9-10–dan sonra açılır. Belə olan təqdirdə
nə qəzet satılacaq ki?! Bir məqam da var ki, satılan qəzetlərin
pulunu vaxtlı-vaxtında firmalara köçürmək
lazımdır. Lakin yeni köşklər bu məsələləri
də ləngidirlər. Onlar başa düşmürlər
ki, mətbuat davamlı işləyir və gündəlik qəzet
buraxan redaksiyalar satılan qəzetlərin pulunu
almalıdırlar. Bax bu cür səriştəsizliklər
böyük problemlərə gətirib çıxarır”.
Ə.
Süleymanlı deyir ki, köhnə köşklər ilə əvəz
olunan yeniləri hələ özünü doğrultmur. Bu
baxımdan, onlarla maarifləndirmə işləri aparmaq
lazımdır: “Yəni, yeni press köşklər əvvəlki
«Qaya», «Qasid», «Azərmətbuatyayım» kimi mərkəzləşdirilmiş
struktur deyil. Amma əvvəlki yayım firmaları qəzetin
tirajını, satışını – hər şeyini nəzarətdə
saxlayırdılar. Yeni köşklər isə mərkəzləşdirilmiş
deyil deyə, orada pərakəndəlik hökm sürür.
Son nəticəsində də problem qəzet redaksiyalarına
dəyir”.
Direktordan
öz qəzetinin tirajı ilə də maraqlandıq. Vurğuladı
ki, yeni köşklər quraşdırılandan bəri “Yeni
Müsavat”ın tirajı aşağı düşüb: “Əslində
isə həmişə aprel ayı qəzet tirajlarının
qalxan dövrüdür. Hal-hazırda isə tirajımız
qalxmır, əksinə, azalmalar gedir. Eşitdiyimə görə,
dünən də (aprelin 10 –red.) şəhərin mərkəzi
hissələrində ən yaxşı qəzet satılan
köşklərdən 3-ü götürülüb. Hələ
ki, yerinə başqası qoyulmasa da, deyim ki, indiyə kimi
qoyulan yeni köşklər işin öhdəsindən gələ
bilmirlər”.
Ümidini
satışa bağlayan və gündəlik dərc olunan qəzetlərdən
biri də “Şərq”dir. Baş redaktor Akif
Aşırlıdan öyrəndik ki, yeni köşklər mətbuatın
adından sui-istifadə hallarının tərkib hissəsidir:
“Biz yeni köşklər quraşdırılandan sonra bir
araşdırma apardıq. Məlum oldu ki, həmin
köşklərdə qəzetlərdən çox kənd təsərrüfatı
məhsulları və müəyyən xırdavatlar
satılır. Yəni, onların adı «press köşk»
olmağına baxmayaraq, mətbuata heç bir aidiyyəti
yoxdur. Düzdür, kənar hissədə bəzi qəzetləri
yerləşdirirlər, bunlar isə çox vaxt köhnə
qəzetlər olur. Yəni, gündəlik olaraq səbətlərə
yeni qəzetlər qoyulmur. Çünki onların firmalardan qəzet
götürməsi haqqında bizdə heç bir məlumat
yoxdur. Mən araşdırmışam və aydın olub ki, o
köşklərdən çox az sayda qəzet alınır.
Ümumiyyətlə, mətbuatın adından sui-istifadə
halları son dərəcə artıbdır. Yeni köşklər
də bunun tərkib hissələrindən biridir”.
Akif
Aşırlı vurğuladı ki, bu köşklər fəaliyyətə
başlayandan sonra “Şərq” qəzetinin satışında
heç bir fərq olmayıb: “Yalnız “Azərmətbuatyayım”ın
əyalətlərdə yeni quraşdırdığı
köşklərin vasitəsi ilə qəzetin bölgələrdə
satışı xeyli dərəcədə artıbdır. Biz
bununla bağlı bölgələrdə araşdırma
apardıq. Məlum oldu ki, qəzet satışında 6 aya, 1
ilə olan nisbətdə xeyli irəliləyişlər olub.
Amma Bakı şəhərində qəzet
satışında qətiyyən fərq yoxdur. Yəni, yeni
köşklərin qəzetlərin satılmasında heç
bir əhəmiyyətli rolu yoxdur”.
“Qaya”
Mətbuat Yayımı Firmasının direktoru Xanhüseyn Əliyev
də bildirdi ki, yeni köşklərin qəzet
satışına heç bir təsiri hiss olunmur:
“Çünki onlar qəzet köşkü deyil. Ola bilsin ki,
o köşklər qoyulanda qəzet satmaq məqsədi ilə
təşkil olunub. Lakin hazırda bu köşklər sırf
kommersiya ilə məşğuldur. Bildiyimə görə,
şəhərdə hazırda 90-100 arası elə
köşklər qoyulub və əlavə 60-ı da qoyulacaq.
Biz «Qaya» firması olaraq bir qəzet köşkünün yeri
üçün sərəncam alanda təsəvvür edin
ki, təxminən 10-15 icra strukturundan imza
yığırdıq. Demək olar ki, bütün idarə və
müəssisələrdən icazə alırdıq. Lakin
yeni köşkləri ürəkləri harada istəyir, lap
yolun ortasında olsa belə qoyurlar”.
X. Əliyev
“Qaya”nın sökülən köşklərindən də
danışdı: “Bizim əvvəlki sökülən
köşklərimizlə bağlı hələ ki, məktublaşma
gedir. Əvvəllər radikal addımlar atıb, Mətbuat
Şurasının qarşısında və s. yerlərdə
müəyyən piketlər təşkil edirdik. İndi isə
bu prosesi ancaq yazışmalarla əvəzləmişik. Bu
yaxınlarda Bakı merinə müraciət etdik ki, əgər
şəhərdə yeni köşklərə 150 yer
tapılırsa, niyə “Qaya” Mətbuat Yayımının 9 ədəd
köşkü yerləşdirilməmiş qalır? Hesab
edirəm ki, əvvəlcə «Qaya»nın köşkləri bərpa
olunmalı, sonra yeniləri qoyulmalı idi. Bakı şəhərində
9 ədəd, 12-13 ədəd də rayonlarda qoyulmamış
köşklərimiz var. Əvvəl müraciət məktublarımıza
cavab gəlsə də, indi heç bir cavab verilmir. Biz
inanırıq ki, nə vaxtsa istəyimizə nail
olacağıq. Yəni, qəzet köşklərimiz bərpa
olunacaq. Ancaq hazırkı real vəziyyətlə
barışmırıq”.
Bakı
Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat
xidmətinin rəhbəri Əlabbas Bağırov isə deyir
ki, bu şikayətlər ona da tanışdır: “Bu proses hələ
tam başa çatmayıb. Hələ köşklərin
yeni partiyasının gəlməsi gözlənir. Şəhərdə
hələ sınaq aparılır ki, bunların gəliri-çıxarı
nədir? Qəzet satışını əhatə edəcəklərmi?
Köhnə qayda ilə “Qasid”in, “Qaya”nın və digər mətbuat
yayım şirkətlərinin gördüyü işi həyata
keçirəcəklər ya yox? Hələ o proses başa
çatmayıb, cavab verməyə mən də çətinlik
çəkirəm. Belə fikir var ki, “Eurovision” mahnı
yarışması ərəfəsində şəhər
ancaq vahid dizayna malik köşklərlə təchiz olunsun.
Qoyulsun, bitsin, sonra danışaq. Proses başa
çatmadığından demək olmur ki, bunlar əvvəlki
mətbuat yayımlarını əvəz edəcək, ya
yox? “Qaya” mətbuat yayımının da köşkləri
götürülüb və bu gileyi normal qəbul edirəm.
Onu biz bilə bilmərik, yəni bu hansı firmaya veriləcək,
verilməyəcək qaranlıqdır”.
Elgün Mənsimov
Kaspi.-2012.-12 aprel.-S.6.