Əzizim balabanı, Asta çal balabanı...
İfaçılıq sənətimizdən
Balaban qədim zamanlardan Azərbaycanda geniş yayılmış milli musiqi alətimizdir. Alət el arasında “yastı balaban”, “ney” də adlandırılır.
Balaban bir sıra Qafqaz
xalqlarının musiqi
alətləri içərisində
də mühüm yer tutur.
Alətdən çox zaman
ansamblda və duet şəklində istifadə
edilir. Duet şəklində
ifa olunan zaman müəyyən bir musiqi əsərini
ifa edən usta balabançının
yanında ona dəm tutan ikinci balabançı da olur. Bu milli alətdən aşıq sənətində
də çox geniş istifadə edilir. Balabanın özünəməxsus gözəl və yumşaq səsi var. Alət əsasən ərik ağacından düzəldilir. Uzunluğu 280-370 mm, müştüyünün uzunluğu
isə 9-10 mm olur.
“İfaçılıq sənətimizdən” rubrikasının
budəfəki qonağı
qocaman balaban ifaçısı, Əməkdar
artist Nizami Allahverdiyevdir.
Böyük qardaşım
deyirdi: “Mənim balabanıma əl vurma”
- Qardaşım
məndən 10-12 yaş
böyük idi. Balaban çalırdı. Onun çalğısı
və aləti məndə böyük maraq yaradırdı.
Hər dəfə o, balabanı evdə qoyub harasa gedəndə gizlicə götürüb
baxırdım. Evə qayıdanda
görürdü ki, balaban yerində deyil. Anama tapşırmışdı ki, onun balabanına
toxunmayım. Bir müddətdən
sonra qardaşım mənə bir balaban aldı və tapşırdı ki, daha onun
alətinə əl vurmayım. Onda mənim 12 yaşım
olardı. Başladım özüm balabanda ifa etməyi öyrənməyə. Balabanda əsas
nəfəsin dövr
etməsidir. İlk
dəfə bunu qardaşıma nümayiş
etdirəndə dedi ki, sən yaxşı
ifaçı olacaqsan.
Bir neçə aydan sonra evimizin yaxınlığında yerləşən
Əbilov adına
Mədəniyyət evinin
özfəaliyyət kollektivinə
yazıldım. O vaxt qardaşım Ağası
Məşədibəyovun ansamblında
çalışırdı. Bir müddət sonra məni də ansambla apardı. O vaxt hələ pasport almamışdım.
16 yaşım tamam olanda pasport
aldım və ansambla üzv yazıldım. İşə qəbul olundum. Əmək fəaliyyətimin ilk günündən
rayonlara qastrol səfərlərinə getməyə
başladıq. İndiyə kimi xatırlayıram, ilk səfərimiz Yevlax rayonuna olmuşdu. İlk dəfə səhnəyə
çıxışım da yaxşı yadımdadır. Həyəcandan başım fırlanmışdı.
İlin 8-9 ayını qastrollarda,
konsertlərdə olurduq.
1960-cı ildən M.Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında çalışmağa
başladım. Mütəmadi olaraq Əliağa Quliyevin, Əhsən Dadaşovun ansambllarına
və digər kollektivlərə də dəvət alırdım.
Həmin il
Həbib Bayramov məni Əhməd Bakıxanovun ansamblına dəvət etdi. 1960-cı ildən bu ansamblda çalışıram.
Həmin dövrdə yaxşı
balaban ustalarımız
var idi. Bəhruz Zeynalov, Ələkbər Ələsgərov
həm klarnetdə, həm də balabanda ifa edirdilər.
10 ilə yaxın
Xalq artisti, görkəmli kamança
ifaçısı Habil
Əliyevlə birlikdə
işlədim. Üçlük şəklində (kaman, balaban, nağara) konsertlər verirdik, dövlət tədbirlərinə
dəvət alırdıq.
Filarmoniyada tez-tez konsert
proqramları ilə çıxış edirdik.
Asəf Zeynallı adına
Musiqi Texnikumunda ustadım Bəhruz Zeynalov olub. Amma özüm pedaqoji fəaliyyətlə məşğul
olmadım. Yeganə yetişdirdiyim
tələbə nəvəmdir.
Hazırda onun 12 yaşı
var. İstəyirəm ki,
ailədə mənim
yolumu nəvəm davam etdirsin.
Balaban mənə o qədər əziz olub ki, heç vaxt əlimə başqa alət - klarnet, saksafon və s. alıb ifa etməyi ağlıma belə gətirməmişəm. Balaban hər
zaman mənimlədir.
Bəzən olur ki, gecənin bir yarısı yuxudan oyanıb başlayıram məşq etməyə, hansısa ritm üzərində işləyirəm.
Balaban sənəti inkişafdadır
Son dövrlərdə
bəzən belə fikirlər səslənir ki, balaban sənətimizi,
bu milli musiqi alətimizi yaxşı təbliğ edə bilmirik. Amma mən bu fikirlərlə
razı deyiləm.
Hazırda Milli Konservatoriyada
Elşad Cabbarovun istedadlı tələbələri
yetişir. Bu uşaqlar gözəl ifa nümayiş etdirirlər. Onların gələcəyinə
inanıram. Tez-tez orada
oluram, tələbələri
dinləyirəm, dostlarla
sənət barədə
müzakirələr aparırıq.
Bilirik ki, balabanın muğamları bütöv
şəkildə ifa etmək baxımından imkanları məhduddur.
Buna görə də Milli Konservatoriyada
balabanın üç
yeni növü hazırlanıb və bunlar vasitəsilə, inşallah, muğamlarımız
tam şəkildə ifa
olunacaq.
Muğam festivallarında iştirak edirəm
2009-cu ildən ölkəmizdə
keçirilən bütün
muğam festivallarında,
muğam müsabiqələrində
ifaçıları müşayiət
etmişəm. Muğam üçlüyündə
balabanın funksiyası
bir növ istiqamət verməkdir.
Bu istiqamət ifa zamanı boşluq yaranmağa imkan vermir. Xanəndənin eyni tempi saxlamağına
şərait yaradır.
Nə qədər nəfəsim
var, balabanı əlimdən yerə qoymaq fikrim yoxdur.
El şənliklərində
də mütəmadi oluram. 35 ildir
klarnet ustası Əlirza Orucovla (muğam müsabiqəsinin
qalibi Vəfa Orucovanın atası) birlikdə xalqımızın
toy şənliklərində iştirak edirəm. Balabandan əlavə, yeganə marağım ovçuluğa
olub. Əvvəllər tez-tez dostlarla
yığışıb Kür
qırağına ova gedərdik.
Bu gün artıq
vaxt çatdırmıram.
Çünki ansamblların çoxunda
məşğulam. Onu da bildirim ki, balabanın
ən çox uyğunlaşdığı alətlər
kamança və tardır. İlk dəfə muğam
triosuna balabanı Xalq artisti Habil
Əliyev daxil etdi. Bu günə
kimi də bu ənənə davam edir. Bu yaxınlarda Səxavət
Məmmədov adına “Qarabağ” ansamblı ilə Firuz Səxavətin konsert proqramı ilə çıxış
etdik.
Mədəniyyət və Turizm
Nazirliyinin xətti ilə bir sıra
xarici ölkələrdə
Azərbaycan mədəniyyəti
günlərində, Xalq
artisti Mənsum İbrahimovla Kanadada, Hollandiyada, Danimarkada qastrol səfərlərində
olmuşuq.
Keçmişdə
Rübabə Muradova, Şövkət Ələkbərova,
Tükəzban İsmayılova,
İslam Rzayev, Zeynəb Xanlarova kimi sənətkarla işləmişəm, bu
gün isə gənc xanəndələrlə
çalışıram. Ən böyük
arzum balaban sənətimizin bundan sonra da inkişaf
etməsidir.
Lalə Azəri
Mədəniyyət.- 2012.-14 aprel.-
S. 11.