Sənətdə
keçən ömür
Aprelin 16-sı görkəmli bəstəkar,
Xalq artisti, professor, “Şöhrət” ordenli Ramiz Mirişlinin
doğum günüdür. Ömrünün 78-ci baharında
Ramiz Mirişli ilə görüşüb ötən illərdən,
ömrünün mahnılarından, bir az da gələcəkdən
danışdıq.
Ömür
yolundan səhifələr
Ramiz Miraqil oğlu Mirişli
1934-cü ildə Naxçıvanda müəllim ailəsində
anadan olub. Üzeyir Hacıbəylinin 1937-ci ildə
Naxçıvanda açdığı uşaq musiqi məktəbində
təhsil alıb. Sonra təhsilini Bakıda, Asəf
Zeynallı adına orta Musiqi Məktəbinin xalq
çalğı alətləri şöbəsində davam
etdirib. Burada bəstəkarlıqla da maraqlanaraq kiçik
fortepiano pyesləri yazıb. 1954-cü ildə təhsilini
başa vurub Naxçıvana qayıdıb, şəhər
musiqi məktəbində kamança ixtisasından və
musiqi nəzəriyyəsindən dərs deyib. Bəstəkar
olmaq istəyi onu rahat buraxmadığından Bakıya gəlib
və 1957-ci ildə Azərbaycan Dövlət
Konservatoriyasına daxil olub, Xalq artisti Cövdət
Hacıyevin bəstəkarlıq sinfində oxuyub. Diplom işi
kimi yazdığı “Simfonik poema” Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən
açıq konsertdə ifa olunub.
1962-ci ildə konservatoriyanı
bitirən Ramiz Mirişli müstəqil yaradıcılıq
yoluna qədəm qoyub. 1964-cü ildə Azərbaycanda ilk dəfə
olaraq mahnı janrında “Yallı” rəqsi ritminə
müraciət edir və “Bayram axşamlarında”
mahnısını yazır. 1965-ci ildə xalq
çalğı alətləri orkestri üçün
“Konsert”, 1974-cü ildə kamera orkestri üçün I
simfoniya, 1984-cü ildə tar və simfonik orkestr
üçün “Konsert” yazıb. 1997-ci ildə simfonik orkestr
üçün “Şəhidlər” simfoniyasını
yazıb. Bu əsərlər müəllifin orijinal musiqi incilərindəndir.
Tamaşalara, bədii filmlərə yazdığı musiqilər
də orijinallığı və özünəməxsusluğu
ilə seçilir. Ramiz Mirişli 500-dən çox müxtəlif
səpkili mahnının müəllifidir. Uzun illər F. Əmirov
adına Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblının bədii rəhbəri işləyib. 40 ilə
yaxındır ki, Bakı Musiqi Akademiyasının xalq
çalğı alətləri kafedrasında
çalışır.
-
Ramiz müəllim, ən məşhur
mahnılarınızdan biri olan “Dalğalar”ı 50 il bundan əvvəl,
1962-ci ildə yazmısınız. 50 ildir ki, bu mahnı
könülləri dalğalandırır. Onu bəstələyərkən
dənizə getmişdiniz, yoxsa dənizi qəlbinizə
köçürmüşdünüz?
- (gülür). Onda cavan
oğlan idim. Konservatoriyada oxuyurdum. Tələbə dostlarımla tez-tez dənizə
gedirdik. Həmin mahnı o illərdə
yarandı. İslam Səfərli ilə
bir məhəllədə yaşayırdıq.
Eşitmişdi ki, konservatoriyada oxuyuram, evinə
çağırıb mənə “Dalğalar” adlı
şeirini verdi, mən də ona musiqi
yazdım. Bu, mənim ilk professional mahnım
oldu. Mahnı hazır olan kimi ürəyimdən
keçdi ki, onu Şövkət Ələkbərova oxusun.
Şövkət xanıma zəng etdim, o da
böyük məmnuniyyətlə təklifimi qəbul etdi.
Mahnı çox xoşuna gəlmişdi. Ancaq o vaxtlar bədii şura vardı. Şeirdəki “çalxalanır dalğalar”
sözünə görə mahnı birinci bədii şuradan
keçmədi. Dedilər, bu, mahnı
sözü deyil. O sözləri rəhmətlik İslam
Səfərli “mirvari dalğalar” sözləri ilə əvəz
elədi. “Dalğalar”ın taleyi uğurlu oldu.
Bu günə kimi onu 30-dan çox
tanınmış müğənni ifa edib. Bizim müğənnilərlə yanaşı,
türk müğənniləri də bu mahnını ifa
ediblər.
“Muğam elə bir xəzinədir ki...”
- Musiqinin bir çox başqa janrlarında
əsərləriniz var. Ancaq
yaradıcılığınızın tacı
mahnılarınız sayılır. Ruhunuz o qədər
xalqa yaxındır ki, hərdən mahnılarınızı
xalq mahnıları ilə dəyişik salanlar da olur. Bunun sirri nədədir?
- Müxtəlif janrlarda əsərlər
yazmışam. 4 musiqili komediya, kamera orkestri üçün
simfoniya, 3 simfonik poema, 4 simfonik süita, 3 kantata, səs və
orkestr üçün 2 vokal məcmuə, fortepiano
üçün 12 süita və miniatürlər, 40-dan
artıq teatr tamaşasına və kinofilmlərə musiqi. Ancaq mahnı xalq tərəfindən sevilən janrdır.
O ki qaldı mahnılarımın xalqın ruhuna yaxın
olmasına, yəqin bu ondan irəli gəlir ki, muğamatı
yaxşı bilirəm. Muğamat elə bir xəzinədir
ki, bəstəkarlar ondan nə qədər götürsə
də azalmır, əksinə, artır. Mənə
elə gəlir ki, muğam ilahi tərəfindən səmadan
göndərilmiş musiqidir. Bu mükəmməl
musiqini yaratmaq qeyri-mümkündür. Hindistanda,
ərəb ölkələrinin hamısında muğam
oxuyurlar, amma bizim muğamımızın əvəzi yoxdur.
Ona görə də musiqilərimiz,
mahnılarımız bu qədər çox sevilir.
- Qeyd etdiniz ki, 40-a yaxın
tamaşaya və filmə musiqi yazmısınız. İstərdim
bu barədə danışasınız...
- “Qaçırılmış
qız”, “Gəl qohum olaq”, “Qısqanc ürəklər”,
“Amerikalı kürəkən” tamaşalarına, Ramiz Həsənoğlunun
“Bəylik dərsi” film-tamaşasına, 15 filmə - Arif
Babayevin “Alma almaya bənzər”, Tofiq Tağızadənin “Evdə
kişi var”, Elxan Qasımovun “Köhnə bərə”,
Şahmar Ələkbərovun “Sahilsiz gecə” və s. ekran əsərlərinə
musiqi yazmışam. Şahmar Ələkbərovun
”Qəzəlxan” və Vaqif Mustafayevin “Yarasa” filminə isə
böyük oğlum Nazimlə birlikdə musiqi
yazmışam. Eləcə də bir çox sənədli
filmlərə və balacalar üçün “Tık-tık
xanım”, “Dost axtarıram”, “Kirpi və alma”
cizgi filmlərinin musiqisinin müəllifiyəm.
“Mahnı da sevgi kimi azaddır...”
- Musiqilərinizdə qəribə
bir şuxluq var. Bu nə ilə bağlıdır?
- Həyatımızın müxtəlif
anlarında çətinliklər olsa da, biz həmişə
həyatı sevmişik.
- Yəqin ki, qəlbinizdə
böyük məhəbbət olmasaydı, siz bu əsərləri
yaza bilməzdiniz. Sevgiyə münasibətiniz
necədir?
- Mən sevməsəm heç
vaxt yaza bilmərəm. Mahnı da sevgi kimi azaddır...
- Ramiz müəllim, az adam bilir ki, siz orta məktəbi bitirəndən
sonra Xarici Dillər İnstitutunun alman dili fakültəsinə
daxil olsanız da, 3-4 aydan sonra oranı tərk etmisiniz. Axı
bu, ciddi bir qərar idi...
- Orda otura bilməzdim, ürəyim
partlayardı. Rəhmətlik anam musiqiçi
olmağımı istəmirdi, “Lenin” ordenli Əməkdar
müəllimə idi. İstəyirdi nüfuzlu ali məktəblərdən birində təhsil
alım. Atam da müəllim idi, müharibədən
yaralı gəlmişdi, 1945-ci ildə rəhmətə getdi.
Bizim nəsildə ya müəllim olurlar, ya da həkim.
Amma mən musiqini seçdim.
1947-ci ildə 12
yaşım vardı. Musiqi məktəbində
oxuyurdum. Bir gün bizə də dedilər
ki, təmiz geyinib məktəbə gəlin. “Təzə geyinin” demədilər ha, müharibədən
sonra ağır illər idi, təzə paltar nə gəzirdi.
Təmiz paltarda, qalstuk da
bağlamışdıq, getdik məktəbə. Üzeyir bəy məktəbimizə gəlmişdi.
10-15 nəfər şagird idik. Tar, kamança siniflərinə baxdı,
gördü pianino yoxdur. Getdi, bir aydan sonra
məktəbimizə pianino göndərdi. Oturub o pianinoda bir barmaqla çalırdıq.
Mən kamança
sinfində oxuyurdum, orta məktəbi bitirəndə sənədlərimi
Xarici Dillər İnstitutuna verdim, qəbul oldum. Amma
oxumadım, Asəf Zeynallı adına
Musiqi Məktəbinə getdim. Süleyman Ələsgərov
məni çox yaxşı qarşıladı. Sonralar o da, həyat yoldaşı da məni
oğulları kimi çox istəyirdilər. Burada təhsilimi başa vurdum. O vaxt qərar
vardı, gedib rayonlarda iki il işləməli
idin. Getdim Naxçıvana. Musiqi məktəbində dərs
dedim. Sonra Bakıya gəldim, 1956-cı ildə
Konservatoriyanın bəstəkarlıq sinfinə qəbul
olundum. Xülasə...
- Sərhədlərin bağlı
olduğu vaxtlar sizin mahnılarınız sərhədləri
aşmışdı. Türkiyədə, İranda
mahnılarınızı sevə-sevə oxuyurdular...
- O vaxtlar müxtəlif xarici
ölkələrə səfərlərimiz olurdu.
Bolqarıstana, Rumıniyaya, SSRİ Bəstəkarlar
İttifaqının xətti ilə İngiltərəyə
getmişdik. 1984-cü ildə isə ilk dəfə
Türkiyəyə getdim. O vaxtlar Türkiyəyə getmək
çox çətin idi. Orda Ajda Pekan “Ay qəlbi kövrək” , Nəşə Qaraböcək “Bir
könül sındırmışam” mahnılarımı
oxuyurdular. Mənim mahnılarımı
İranda da oxuyurdular. Ora ilk dəfə gedəndə
məni çox təmtəraqla qarşıladılar. Demək olar ki, sonralar dünyanın xeyli ölkəsini
gəzib dolaşmışam.
“Baharın gəlişini hiss eləmirəm...”
- Ramiz müəllim, hansı
mahnını ömrünüzün musiqisi
adlandırardınız?
- Bir gün Fikrət Qoca zəng eləmişdi,
biz ikimiz də yaşıdıq, dedim bilirsən nə var, XXI
əsrə gəlib çıxmışıq. Bir dənə “Əlvida” yazarsan. O da yazdı. Bu mahnını Nazpəri Dostəliyeva oxuyur. Bir də “Mənim ömrüm” adlı mahnım var,
onu da Aygün Bayramova oxuyur. Əslində bütün
musiqilərim mənim ömrümün musiqiləridir...
- Bir bəstəkar kimi xoşbəxtliyiniz
həm də ondadır ki, mahnılarınız
uzunömürlüdür. Zaman keçdikcə bu mahnılar
daha da qiymətli olur...
- Mənim mahnılarımı Rəşid
Behbudov, Şövkət Ələkbərova, Zeynəb
Xanlarova, İlhamə Quliyeva, Flora Kərimova, Yaşar Səfərov,
Elmira Rəhimova, Zaur Rzayev kimi tanınmış müğənnilər
oxuyub. Bir də mahnının sözü
uğurlu olsa, o mahnı yaşayar. Hüseyn Cavidin,
Mikayıl Müşfiqin, Məmməd Arazın, Fikrət
Qocanın, İslam Səfərlinin, Bəxtiyar Vahabzadənin,
Rafiq Zəkanın, Nəriman Həsənzadənin və
adını çəkmədiyim neçə-neçə
şairin sözlərinə musiqilər bəstələmişəm.
“Bir könül sındırmışam”, “Bir xumar
baxışla”, “Toy olacaq”, “Həyat, söylə sən kiminsən”,
“Səndən danışdı”, “Mən sənə neyləmişəm”,
“Oxu, tar”, “Səadət”. Xülasə...
- Son vaxtlar nə
yazmısınız?
- Ötən ilin dekabrında
möhtərəm Prezidentimizin 50 yaşının tamam
olması münasibətilə yazdığım “Oda” simfonik
orkestrin müşayiəti, dörd nəfər solistin ifası
ilə Azərbaycan Televiziyasında nümayiş olundu. Televiziyada “Mürafiə vəkilləri”
tamaşasına musiqi yazmışam.
- Övladlarınızdan ikisi bəstəkar,
biri rejissordur. Ancaq bildiyimə görə, onlar mahnı
yazmırlar...
- Oğlanlarımın ikisi
Türkiyədə çalışırdı. Biri gəlib, o biri ordadır. Yusif
Xocalı haqqında simfoniya yazmışdı. Fevralın 26-da Ankarada konserti oldu. Simfoniya çox yüksək səviyyədə
qarşılandı. Nazim yaxın vaxtlarda
İspaniyada açıq dərs verəcək. Hər
iki oğlum simfoniya, filmlərə musiqi yazırlar, amma mənə
hörmət edib mahnı yazmırlar (gülür)...
- Ramiz müəllim, hər dəfə
bahar gələndə hansı hissləri keçirirsiniz?
- Vallah, mən baharı hiss eləmirəm.
Mən 90-cı illərdə Filarmoniyada
Mahnı və Rəqs Ansamblının bədii rəhbəri
işləyirdim. 20 Yanvar hadisələrindən sonra bir il məşq eləmədik. Nə
isə, mən o vaxtdan baharı hiss eləmirəm. Həyətimizdə ərik ağacı var,
görürəm çiçəkləyib, deyirəm, bu nə
vaxt çiçəklədi? İnanın mənə,
baharın gəlişini hiss eləmirəm...
...Biz əfsanələri çox
vaxt uzaqda axtarırıq. Ancaq ətrafınıza
diqqətlə baxsanız, müasirimiz olan canlı əfsanələr
görərsiniz. O əfsanələrdən biri də
Ramiz Mirişlidir...
Təranə
Vahid
Mədəniyyət.-
2012.- 13 aprel.- S. 10.