Dünyanın
turizm yolları Azərbaycanda kəsişir
Bakıda
keçirilən “AİTF-2012” Beynəlxalq Turizm və Səyahətlər
Sərgisində 32 ölkədən 200-dən çox
şirkət iştirak edir
AİTF turizm üzrə peşəkarların ənənəvi
görüş yerinə çevrilib
Bakı şəhəri artıq
11-ci ildir ki, dünyanın dörd yanından turizm şirkətlərini
bir araya gətirən möhtəşəm tədbirə - Azərbaycan
Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə
(AİTF) ev sahibliyi edir. Sərgi «İtesa Caspian» şirkətinin
təşkilatçılığı və Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin
açılışından bir gün öncə, aprelin
11-də «Trend» informasiya agentliyində «AİTF-2012» sərgisi
ilə bağlı mətbuat konfransı oldu.
Tədbirdə
çıxış edən «İtesa Caspian» şirkətinin
direktor müavini Bəhruz Hidayətzadə bildirdi ki, artıq
11-ci ildir keçirilən AİTF sərgisi turizm üzrə
peşəkarların ənənəvi görüş yerinə
çevrilib: «Bu səbəbdən də ildən-ilə həm
sərginin ekspozisiya sahəsi genişlənir, həm də
iştirakçı ölkələrin sayı artır.
Builki sərgidə dünyanın 32 ölkəsindən 200-dən
artıq şirkət öz məhsullarını
nümayiş etdirəcək, 15 ölkə milli stendi ilə
çıxış edəcək».
Mədəniyyət və Turizm
Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev
qeyd etdi ki, hər il olduğu kimi, bu il də nazirlik AİTF sərgisinin
keçirilməsinə yaxından dəstək verir. Son iki
ildə AİTF-lə paralel olaraq, daxili turizm sərgisinin də
keçirildiyini xatırladan şöbə müdiri bu sərginin
bundan sonra iki ildən bir keçirilməsinin nəzərdə
tutulduğunu dedi: “Amma Bakı şəhərində və
regionlarımızda fəaliyyət göstərən əksər
istirahət mərkəzləri və hotellər builki AİTF
sərgisində öz imkanlarını nümayiş etdirirlər».
Türkiyənin Azərbaycandakı
səfirliyinin mədəniyyət və tanıtım
müşaviri Seyid Əhməd Arslan qardaş ölkənin
üç ildir ki, AİTF sərgisində tərəfdaş
ölkə qismində çıxış etdiyini bildirdi: “Bu
sərgidə belə yaxından iştirak etməyimizin
başlıca səbəbi Azərbaycanın turizm sahəsində
qabaqcıl sıralara çıxmasıdır. Buna ölkənin
həm potensialı, təbii-coğrafi mövqeyi, həm də
zəngin tarixi və mədəniyyəti imkan verir. Təbii
ki, Türkiyəyə istirahətə gedən azərbaycanlı
turistlərin də sayının artmasını, onların
ölkəmizin gözəlliklərindən zövq
almasını çox istəyirik. Ona görə də hər
il AİTF sərgisində daha yaxından təmsil olunmağa
çalışırıq. Bu il bu sərgidə Türkiyənin
14 şirkəti təmsil olunacaq. Nümayəndə heyəti
arasında Çanaqqala valiliyi, İstanbul, Qars, Ərzurum
şəhərlərindən də nümayəndələr
var».
«İtesa Caspian» şirkətinin
AİTF sərgisi üzrə layihə meneceri Xəyal Əliyeva
builki sərginin yenilikləri və
iştirakçıları haqqında ətraflı məlumat
verdi. Sonda tədbirin təşkilatçıları mətbuat
nümayəndələrinin suallarını
cavablandırdılar.
“AİTF artıq regionun ən nüfuzlu turizm tədbirinə
çevrilib”
Aprelin 12-də “Baku Expo” mərkəzində
11-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər
Sərgisi işə başladı. Açılış mərasimində
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev bildirdi ki, artıq 11-ci ildir
ölkəmizin ev sahibliyi etdiyi AİTF sərgisi hər il
yeniliklərlə yadda qalır: «2001-ci ildə cəmi 7
ölkədən 23 şirkətin iştirakı ilə
işə başlayan sərgidə bu il 32 ölkədən
201 şirkət təmsil olunur. Bu sərgi artıq
bütün beynəlxalq təşkilatlar tərəfindən
regionun ən nüfuzlu və turizm sənayesinin
iştirakına təkan verən tədbir kimi qəbul olunur.
Builki sərginin özəlliklərindən biri kimi, Türkiyənin
növbəti dəfə tərəfdaş ölkə qismində
çıxış etməsi ilə bərabər,
Bolqarıstanın ilk dəfə «qonaq ölkə» qismində
iştirakını qeyd etmək istərdim. «AİTF-2012»nin
daha bir yeniliyi burada Dünya Turizm Təşkilatının ilk
dəfə olaraq ayrıca stendlə təmsil
olunmasıdır. Təşkilat ilk gündən «AİTF»ə
dəstək verib və bu il bu addımı atması Azərbaycan
turizminin dünyada artan nüfuzunun göstəricisi hesab edirəm».
Nazir son illər Azərbaycanda
turizm sektorunun keçdiyi inkişaf yoluna qısa nəzər
saldı: «Ötən il Azərbaycanda ölkə
başçısının sərəncamı ilə «Turizm
ili» elan olundu. 2011-ci ilin yekunlarına görə, ölkəmizə
gələn insanların sayı 2 milyon 134 min nəfər
oldu. Bu, 2010-cu illə müqayisədə 14 faiz artım deməkdir.
Ötən il 45 mehmanxana və mehmanxana tipli obyekt tikilib istifadəyə
verilib. Azərbaycanın ötən il əldə etdiyi nailiyyətlərin
sırasında bu il ölkəmizdə keçiriləcək
beynəlxalq səviyyəli tədbirlər də var. Gələn
ay «Eurovision»un iştirakçılarını Azərbaycanda
qəbul edəcəyik. Bu tədbir ölkəmizin turizm
sektorunun imkanlarını, xüsusilə də
mehmanxanaların tələblərə nə qədər
cavab verməsini nümayiş etdirəcək”.
Nazir qeyd etdi ki, sərgini
işıqlandırmaq üçün dünyanın bir
çox ölkələrindən çəkiliş
qrupları da Bakıya gəlib. Onlar eyni zamanda Bakının
«Eurovision» hazırlıqları haqqında da çəkilişlər
aparacaqlar.
Dünya Turizm Təşkilatı AİTF sərgisinin tərəfdaşı
olacaq
Dünya Turizm Təşkilatının
şöbə müdiri Alla Peresolova sərgi
iştirakçılarını salamladıqdan sonra qurumun
baş katibi Taleb Rifainin müraciətini oxudu. Baş katib
müraciətində qeyd edir ki, 11 il ərzində Azərbaycanda
keçirilən beynəlxalq turizm sərgisi daha da güclənib
və bütün Xəzər regionunda nüfuzlu bir tədbirə
çevrilib: «Bu səbəbdən də bu ildən etibarən
Dünya Turizm Təşkilatı AİTF sərgisinin tərəfdaşı
qismində iştirak edəcək. 2012-ci il beynəlxalq turizm
sənayesində tarixi bir ilə çevriləcək.
Çünki DTT-nin proqnozlarına görə, bu il ərzində
dünyada 1 milyarddan artıq insan səyahət edəcək.
Sözsüz ki, belə bir vəziyyətdə rəqabətdə
davamlılığın təmin olunması ən vacib
elementlərdən biridir. Səyahətçilərin tələbləri
ildən-ilə artır. Buna görə də turizm fəaliyyəti
ilə məşğul olan təşkilatlar daha vacib tədbirlər
görməlidir. Azərbaycan hökuməti bununla
bağlı bir çox işlər görür və beləliklə,
turizm sektorunu ölkənin iqtisadi artımında və sərmayə
qoyuluşu üçün imkan yaradan bir sahə olaraq
inkişaf etdirir. Bunu Azərbaycanda keçirilən və
keçiriləcək beynəlxalq səviyyəli turizm tədbirləri
də bir daha sübut edir».
Tədbirdə Bolqarıstanın
iqtisadiyyat, energetika və turizm nazirinin müavini İvo
Marinov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət
və tanıtım müşaviri Seyid Əhməd Arslan,
«İtesa Caspian» şirkətinin direktoru Fərid Məmmədov
çıxış edərək, sərginin işinə
uğurlar arzuladılar.
Sərgi
xarici ölkə təmsilçilərinin gözü ilə
Türkiyədən gələn
nümayəndə heyətinin rəhbəri, bu ölkənin
İqtisadi İnkişaf Nazirliyinin regional idarəsinin mütəxəssisi
Murad Aydo bildirdi ki, hər il olduğu kimi, bu il də Türkiyə
bu sərgiyə böyük nümayəndə heyəti ilə
qatılıb: «Burada Türkiyənin müxtəlif bölgələrini
təmsil edən turizm qurumları iştirak edir. Mən
özüm İqdır bölgəsindən gəlmişəm.
Bu bölgədə turizmin inkişafı hökumətin
prioritet istiqamətidir. Məqsədimiz bölgəmizi Azərbaycanda
yaxından tanıtmaqdır».
Xorvatiyanın paytaxtı Zaqreb
şəhərinin turizm idarəsinin direktoru Ameliya
Tomaseviç bildirdi ki, Zaqreb AİTF sərgisində ilk dəfə
təmsil olunur. Sərgidə iştirak etməkdə əsas
məqsədlərinin Azərbaycanın turizm şirkətləri
ilə əməkdaşlıq qurmaq olduğunu deyən qonaq
qeyd etdi ki, bu sərgi Xorvatiyanın turizm imkanlarını təbliğ
etmək üçün gözəl fürsətdir: «Turizm
xalqlar arasında mədəniyyətlərin dialoquna imkan
yaradan bir vasitədir. Azərbaycanla qarşılıqlı
turizm mübadiləsində çox maraqlıyıq. Ümid
edirəm ki, yerli turizm şirkətləri ilə sərgi
günlərində əməkdaşlıqla bağlı
razılıq əldə edə biləcəyik».
Sərgidə geniş şəkildə
təmsil olunan ölkələrdən biri də Litva
Respublikasıdır. Bu ölkənin Azərbaycandakı səfiri
Kestudis Kudzmanas qəzetimizə açıqlamasında qeyd
etdi ki, Litva ölkəmizlə turizm əlaqələrinin
inkişafında maraqlıdır: «Son 5 ildə verilən
vizaların sayına əsasən demək olar ki, Azərbaycandan
Litvaya gedən turistlərin sayı 15 dəfə artıb. Azərbaycanlı
turistlər daha çox tibbi turizmə maraq göstərirlər.
Ona görə də bu gün Litvadan burada çoxlu sayda
şirkət iştirak edir».
«Atlantis Holidays» şirkəti «Azerbaijan» jurnalını
təqdim etdi
«AİTF-2012» beynəlxalq turizm və səyahətlər
sərgisi çərçivəsində
maraqlı təqdimatlardan
biri də Dubay Əmirliyinin «Atlantis
Holidays» şirkəti tərəfindən
keçirildi. Şirkət Azərbaycanın turizm potensialına həsr edilmiş «Azerbaijan» jurnalını
sərgi iştirakçılarına
təqdim etdi. Ərəb körfəzi ölkələri
üçün nəzərdə
tutulan jurnalda Azərbaycanın mədəniyyətinə,
turizm imkanlarına və iqtisadiyyatına dair məlumatlar əksini tapıb.
Qeyd edək ki, Dubay
Əmirliyinin «Atlantis Holidays» şirkəti ilə Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyi arasında Ərəb körfəzi ölkələrində Azərbaycanın
turizm potensialını
təbliğ etmək
və turizm bazarında əlaqələrin
istiqamətləndirilməsi məqsədilə müqavilə
imzalanıb.
Sənəddə nazirlik tərəfindən
sifariş edilən bələdçi kitablarının
ərəbdilli ölkələrdə
yayılmasına dair də razılıq əldə edilib.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 13 aprel.- S. 9.