Gənc
şəhərin yetkin sənət
ocağı
Sumqayıt Dövlət Musiqili Dram Teatrının bu
günü
1968-ci ilin sentyabrında “gənclər şəhəri”
Sumqayıtın mədəni həyatında əlamətdar
hadisə baş verdi. Azərbaycan SSR Nazirlər Sovetinin qərarı
və Mədəniyyət Nazirliyinin sərəncamı ilə
Sumqayıtda ilk professional teatr kollektivi - H.Ərəblinski
adına Sumqayıt Dövlət Gənclər Teatrı
yaradıldı.
Teatr öz pərdəsini 1969-cu il
martın 14-də Azərbaycan dramaturgiyasının banisi
M.F.Axundzadənin «Müsyö Jordan və dərviş Məstəli
şah» (rejissor Cənnət Səlimova) əsərinin
tamaşası ilə açdı. Ertəsi gün
tamaşaçıları ingilis dramaturqu Con Patrikin «Qəribə
miss Səvic» tragikomediyası ilə sevindirdi. Bu uğurlu start
sonrakı illərdə də teatrın adını qısa
zamanda məşhurlaşdırdı, peşəkar sənət
ocaqları sırasına daxil etdi. 1974-cü ildə sənət
ocağı Sumqayıt Dövlət Dram Teatrı adını
aldı. 1992-ci ildən isə sənət ocağı
Sumqayıt Dövlət Musiqili Dram Teatrı adlanır.
Teatr yarandığı ilk
vaxtlardan hazırlanan tamaşalar, yaradıcılıq
manerası ilə respublikanın sənət korifeylərinin
diqqətini cəlb edə bildi. Buraya işləməyə gələn
xalq artistləri Barat Şəkinskaya, Rza Əfqanlı, Əliağa
Ağayev, Məlik Dadaşov teatrın səhnəsində
maraqlı obrazlar qalereyası yaratmaqla yanaşı, gənc
aktyorlara da səhnə sirlərini öyrədirdilər. «Toy»
(S.Rəhman), «Müsibəti-Fəxrəddin» (N.B.Vəzirov),
«Maskarad» (M.Lermantov), «Arvadımın əri» və «Elbrus evlənir»
(G.Xuqayev), «Tribunal» ( A.Makayonak), «Solğun çiçəklər»
( C.Cabbarlı), «Skapenin kələkləri» (J.B.Molyer) və s.
tamaşalar həmin illərdə ərsəyə gəlib.
Bizimlə söhbətə
teatrın tarixinə nəzər salmaqla başlayan Sumqayıt
Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar
mədəniyyət işçisi Mehman Şükürov sənət
ocağının daim öz ənənələrinə sadiq
olduğunu dedi.
- 1992-ci ildə Musiqili Dram
Teatrı statusu alan sənət ocağı öz
repertuarını milli operetta və musiqili komediya
tamaşaları ilə daha da zənginləşdirmişdir.
Teatrda səhnəyə qoyulan «Arşın mal alan»
(Ü.Hacıbəyli), «Subaylarınızdan görəsiniz»
(S.Ələsgərov və İ.Məlikzadə),
«Dünyaxanım ev axtarır» ( L.Darvin və A.Həsənoğlu)
əsərləri sevilərək baxılan
tamaşalardandır. Eyni zamanda tamaşalarımızı fərqli
yaş qrupu və müxtəlif zövqlü
tamaşaçılara hesablayırıq.
Çalışırıq ki, tamaşaçı zalında
əyləşən hər yaş qrupunun təmsilçisi
özü üçün nə isə götürə
bilsin.
Teatrın bugünkü nailiyyətləri
də göz qabağındadır. Sənət ocağı
respublikamızda keçirilən festivallarda uğurla
iştirak edib. Fəaliyyətimiz dövlət tərəfindən
də layiqincə qiymətləndirilir. Ölkə Prezidentinin
2008-ci il 25 sentyabr tarixli sərəncamı ilə teatrın
17 əməkdaşı fəxri adlara - 2 nəfər “Xalq
artisti”, 6 nəfər “Əməkdar artist”, 3 nəfər “Əməkdar
mədəniyyət işçisi”, 6 nəfər isə “Tərəqqi”
medalına layiq görüldü. 2008-ci il sentyabrın 27-də
Mədəniyyət və Turizm Nazirliyi və Sumqayıt Şəhər
İcra Hakimiyyətinin birgə dəstəyi ilə H.Ərəblinski
adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40
illik yubileyi təntənə ilə qeyd olundu.
- Bu gün əksər
teatrlarımız xarici əlaqələrdə, müxtəlif
ölkələrin sənət ocaqları ilə
yaradıcılıq mübadiləsində maraqlıdır.
Bu baxımdan sizdə vəziyyət necədir?
- Təbii ki, biz də bu yöndə
çalışırıq. Xarici ölkələrdə
qastrollarda olarkən ayrı-ayrı teatrların
yaradıcı heyətləri, xüsusən də
rejissorları ilə əlaqələr qururuq. Bu mənada Rusiya
və Ukraynada səfərdə olarkən başlanan
yaradıcı əlaqələr və həmin ölkələrdən
dəvət etdiyimiz rejissorların bizim teatrda həyata
keçirdikləri uğurlu quruluşları xatırlatmaq istərdim.
Ötən il Ukraynadan dəvət etdiyimiz rejissor və rəssamın
iştirakı ilə ərsəyə gələn M.Tvenin
«Şahzadə və dilənçi» əsərinin
tamaşası böyük maraqla qarşılandı.
Bu proses indi də davam edir.
Belarusdan
dəvət olunmuş
rejissor Natalya Başevanın
quruluşunda «Yekəburun,
balacaboy» uşaq tamaşasını hazırlamaq
istəyirik. Bu səhnə əsəri üçün rəssam
və bəstəkar da dəvət etmişik. Aprelin 20-dən sonra tamaşanın
məşqləri başlayacaq.
Ümumilikdə bu kimi yaradıcılıq məsələlərinin
həllində Mədəniyyət
və Turizm Nazirliyi bizə dəstək olur.
- Bəs paytaxt teatrlarının rejissor potensialı necə, sizin üçün cəlbedici
deyil?
- Niyə ki... Biz Bakı
teatrlarından da tanınmış, fəaliyyəti
ilə diqqəti cəlb edən rejissorlarla işləməkdə
maraqlıyıq. Bu mənada Mərahim Fərzəlibəyovun bizim
teatrda quruluş verdiyi məşhur «Sən həmişə mənimləsən» tamaşasının
adını çəkə
bilərəm. Görkəmli yazıçı İlyas
Əfəndiyevin hər
zaman müasir bu əsəri əsasında hazırlanan
tamaşanın premyerası
bu günlərdə uğurla gerçəkləşdi.
Tamaşada baş rolun
(Həsənzadə) ifaçısı
da dəvətli aktyor, Xalq artisti
İlham Əsgərov
idi. Bundan başqa, bu il gənc
rejissor İradə Gözəlovanı teatra dəvət edərək
«Məlikməmməd» tamaşasının
quruluşunu ona həvalə etmişik. Repertuar planımıza daxil edilən «Yusifin qəmi» tamaşasına isə tanınmış rejissor Bəhram Osmanov dəvət olunub. Yəni bütünlükdə bizim Bakı teatrları ilə yaradıcı əlaqələrimiz
yetərli səviyyədədir.
- Bu yaradıcılıq
mübadiləsi nə
dərəcədə qarşılıqlıdır?
Teatrınızın əməkdaşları necə, paytaxt teatrlarına dəvət olunurmu?
- Doğrusu, bu baxımdan yaradıcılıq mübadiləsi
o qədər də qarşılıqlı deyil.
Bakı teatrları, düşünürəm
ki, buna bizim qədər can atmırlar. Hazırda bir aktyorumuz
- Oqtay Mehdiyev Akademik Milli Dram Teatrında hazırlanan yeni tamaşada rol alıb. Bu məqamda onu
da diqqətinizə çatdırım ki, Sumqayıt teatrı əslində Bakı teatrları üçün
bir yaradıcı baza rolunu oynayıb.
Bizim aktyorlar müəyyən teatrlar tərəfindən
hər hansı rolun ifasına dəvət olunur, gedib bir-iki rol
oynayırlar və cəlbedici təkliflər
fonunda orada qalmalı olurlar. Bu proses indi də
davam etməkdədir.
- Son dövrdə
Azərbaycan teatrlarında
aparılan islahat prosesindən sizin teatra da pay
düşdü. Ən
azı 40 ildən sonra teatrınızın özünün binası
oldu...
- Əlbəttə.
Bu bizim üçün
çox sevindirici bir hadisə oldu. Teatrımıza verilən binanın
təmiri də nəzərdə tutulub.
Bundan başqa, hazırda hər hansı tamaşanın hazırlanmasında
üzə çıxan
maliyyə problemlərimiz
də yoxdur. Əgər bu il Sumqayıt
teatrına 3 dövlət
sifarişi verilibsə,
xarici ölkələrdə
festivallarda iştirakı,
qastrol səfərlərinə
getməsi üçün
şərait yaradılıbsa,
bu bizi, sadəcə, sevindirir.
Təbii ki, biz də
öz növbəmizdə
tamaşaçılara fərqli
mövzulu və yozumlu səhnə əsərlərini təqdim
etmək istəyirik.
Bu il sənətsevərləri
altı premyera ilə sevindirəcəyik
ki, onlardan da üçü dövlət sifarişi ilə hazırlanır. Hazırda M.F.Axundzadənin 200 illiyi ilə əlaqədar olaraq teatrımızın
baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovun quruluşunda
«Müsyö Jordan və
dərviş Məstəli
şah» əsərinin
məşqləri gedir.
Tamaşa may ayında
hazır olacaq. Bundan başqa, Ə. Əmirlinin
«Köhnə ev» tamaşasını hazırlayacağıq.
Onu da qeyd edim
ki, Sumqayıt Dövlət Musiqili Dram Teatrı şəhərimizdə
keçirilən bütün
dövlət tədbirlərinin
bədii hissəsinin ağırlığını və məsuliyyətini öz çiyinlərində
daşıyır.
- Bəs
Sumqayıt tamaşaçıları,
teatrsevərləri necə,
sizin bu fəaliyyətinizi, yaradıcılıq
axtarışlarınızı yetərincə qiymətləndirirlərmi?
- Əslində
bir neçə il əvvəl
teatra tamaşaçı
diqqəti, marağı
problemli yerimiz idi. İndi də demək
olmaz ki, bütün tamaşalarımız
anşlaqla keçir.
Amma nəzərəçarpacaq dərəcədə
irəliləyiş var. Bilirsiniz,
artıq tamaşaçı
da kortəbii olaraq səhnədən diktə olunanları qəbul etmir, artıq tələbkardır,
rəngarəng zövqlüdür.
Ona görə də
müəyyən məqamlarda
- istəsək də,
istəməsək də
- tənqidlərə məruz
qaldıq. Məsələn, deyirdilər ki, teatr öz repertuarını
tamaşaçı zövqünə,
tələbinə görə
qurmamalı, sənət
məbədi kimi öz meyarlarını saxlamalıdır. Amma bu zaman da tamaşaçı
ilə teatr arasındakı əlaqə
zəifləyir. Ona görə
də tamaşaçıya
doğru gedib onun istəyini duymalı və sonda onun yüksək
teatr zövqündə
tərbiyələnməsinə çalışmalısan. İlkin mərhələdə tamaşaçını
teatra alışdırmalısan,
sonra isə, təbii ki, böyük anlamda teatrın funksiyasına, məqsədlərinə xidmət
edən tamaşaları
təqdim etməlisən.
Təbii
ki, hər iki halda yüksək
peşəkarlıq və
bədii zövq əsasdır.
- Bu gün reklam, təbliğat dövründəyik. Artıq hər
bir məsələnin
ictimai populyarlığı
üçün piardan
istifadə edirlər.
Teatrlar, tamaşalar necə, mütləq reklam olunmalıdır?
- Əlbəttə,
əks halda informasiya çoxluğu, televiziya, internet və bu kimi əyləncə
vasitələrinin fonunda
teatr arxa plana keçə bilər. Mən təbliğatın müsbət nəticəsinin
şahidi kimi bunu vurğulamaq istərdim. Əvvəllər biz bilet satışını
ya müəyyən idarə və təşkilatlar, təhsil
müəssisələri vasitəsilə
həyata keçirirdik,
ya da biletlərin
qiymətini çox ucuz edirdik ki,
təki tamaşa baxılsın. Sonra şəhərimizdə
fəaliyyət göstərən
yerli telekanalda reklam işini təşkil etməyə
başladıq. Bir müddət
sonra artan tamaşaçı sayı
bu işin effektivliyini göstərdi.
Bundan əlavə, bilet satışını sosial
şəbəkələrdə də həyata keçirdik. Və inanın
ki, heç ömründə teatrın
qapısından girməyən
gənclər tamaşalarımıza
gəlməyə başladırlar.
Hətta
hər bir tamaşa, aktyorun oyunu, rejissorun yozumu barədə həmin şəbəkələrdə
müəyyən müzakirələr
də aparırlar.
Bu, təbii ki, bizi çox sevindirir.
- Tamaşaçılarınız
əsas etibarilə hansı yaş qrupundadırlar? Ümumiyyətlə, necə
düşünürsünüz, Sumqayıt sakinləri nə
dərəcədə teatral insanlardır?
- Bizdə hər yaş qrupunun,
xüsusilə gənclərin marağına hesablanan əsərlər
tamaşaya qoyulur. Onların tamaşaçı
zövqü də maraqlıdır. Məsələn,
mən düşünürdüm ki, gəncdirlər və yəqin
ki, əsasən komik tamaşalara üstünlük verərlər.
Amma tamaşaçı sorğuları göstərdi
ki, onlar psixoloji və dram nümunələrinə
üstünlük verirlər, klassik əsərlərin yeni
yozumda, yeni quruluşda təqdimatına maraq göstərirlər.
Teatrallığa gəlincə, əslində hamı teatral da
ola bilməz. Mən demirəm ki, onlar
teatrı sevmirlər və ya tamaşalara baxmırlar, yox, sadəcə
olaraq, hər tamaşaçı da teatral ola
bilməz. Məncə, biz siz dediyiniz
tamaşaçını formalaşdırmaq üçün
hələ çox iş görməliyik.
- Bayaq bir sıra aktyorların daha
tez populyarlaşmaq istəyi ilə Bakıda, paytaxtda
çalışmağa üstünlük verdiklərini
gileyli şəkildə qeyd etdiniz. Sizcə, məsələnin
kökündə təkcə bu nüans durur?
- Təbii ki, burada başqa maddi və
mənəvi məsələlər də var. İndi təsəvvür
edin, bizim əmək, zaman sərf edib yetişdirdiyimiz aktyor
sonradan Bakıya, paytaxt teatrlarına üz tutur. Bu, qəribə, həm də müəyyən məqamlarda
ağrılı bir məsələdir. Peşəkar
aktyor yetişdirmək böyük əmək, zəhmət tələb
edir. Hazırda bizim teatrda da, əksər
teatrlarda olduğu kimi, teatr studiyası açılıb.
Nazirliyin maliyyə dəstəyi ilə
açılan bu studiyalarda potensiallı, istedadlı gəncləri
cəlb etməklə yeni aktyor nəslini yetişdirmək,
teatrımızın gənclər qolunu mükəmməlləşdirmək
istəyirik. Çünki bizdə gənc
aktyor və aktrisalarla bağlı müəyyən problemlər
var. Yeni nəsil azlıq təşkil edir. Ona görə də studiyaya gələn gənclərə
böyük ümidlərimiz var.
Söhbətləşdi:
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2012.- 13 aprel.- S. 7.