«Adam
o vaxt etiraz
edir ki, o nəyinsə düzələcəyinə ümidli olsun…»
Məmməd Oruc: «Narazı
olduğum çox şey var, amma hər şeyi
danışmaq olmur»
Məmməd
Oruc Azərbaycan ədəbiyyatının dəyərli
yazıçılarından biridir. Onun oxucuların rəğbətini
qazanan “Əzraillə söhbət”
“Köçürlümə”, “Oyun havası”, “Günlərin
bir günündə” kimi maraqlı nəsr əsərləri
var. M.Oruc Azərbaycan ədəbiyyatında özünəməxsus
səsi və nəfəsi olan yazıçılardandır,
o öz üslubu ilə daim seçilməyi bacarıb. Tənqidçilərin
fikrincə, onun nəsri millilik kontekstində də dünyəvi
ideyaları özündə birləşdirə bilir. Ən əsası
bu ümumiləşdirmələr çox maraqlı konteksdə
üzə çıxır. M.Orucun nasir kimi ən
üstün özəlliklərindən biri də
ağrılarını kifayət qədər saf və təmiz
düşüncəylə yazmaq və bunu oxucuya
çatdırmaq bacarığıdır.
–
Sizin “Əzraillə görüş” əsərinizdə
Azərbaycan və erməni münasibətlərinə milli və
antimilli yox, bəşəri yanaşmanız var. Sonradan həmin
əsəriniz millətçilər tərəfindən
müəyyən təpkilərə məruz qalmadı ki?
– Erməni və azərbaycanlı
münasibətləri ədəbiyyatımızda çox
işlənib. Yəqin Cəlil Məmmədquluzadənin
“Kamança” əsərini də oxumusuzunuz. O əsər bizim
indiki halımızdır. Mən bir yazıçı kimi
millət yox, insan və onun taleyi maraqlandırırdı. O əsər
çap olunandan sonra mənə qarşı müəyyən
təpkilər oldu, amma mən danışılanlara heç
bir reaksiya vermədim. Çünki mən içimi
yazmışdım. Yazıçı məsələyə
adi formatda yanaşmamalıdır, erməninin də, öz
millətinin də taleyini də qızıl orta müstəvisində
əks etdirməlidir. Əsas məsələ insandır,
insan amilidir, millət, xalq yox. Dünən də elə fikirləşmişəm,
bu gün də elə fikirləşirəm, sabah da elə
fikirləşəcəm. Sən gəncsən, mənim bu
sözümü yadında saxla, yazıçı millətçi
olmamalıdır, yazıçı insanı
düşünməlidir, milləti yox. İnsan olanda, millət yox idi, millət sonradan yaranmış bir nəsnədir. Əgər sən özünü yaxşı,
başqalarını pis
göstərsən, ona
sənə qarşı
münasibət heç
də birmənalı
olmayacaq. Başqasına
pis demək də pisliyin bir formasıdır. Gərək yazıçı
çalışa ki,
insanı insan kimi dəyərləndirə
bilsin.
– Sovet dövründən sonra sizin demək
olar ki, əsərləriniz kitab şəklində çap
olunmadı. Sanki heç
özünüz də
çap olunmaq, yayımlanmaq məsələlərinə
maraqlı deyilsiz? Bu ruh düşkünlüyünün
əsas səbəbi nədədir?
– Sovet dövründən sonra böyük əsərlər
yazmadım. Daha çox kiçik həcmli hekayələr yazdım. Axırıncı
kitabım 1992-ci ildə
Moskvada çap olunub. Sonra yazdıqlarımı
çap etdirə bilməmişəm. Mənə
çox dedilər ki, kitabını çap elə, amma eləmədim. Kitab çap eləmək olar, onda gərək boğazından kəsib kitab nəşr etdirəsən, ya da kiməsə ağız açasan. Belə şeylər mənim təbiətimə
yaddır. İnsan quyuya batdıqca, get-gedə dərinliyə öyrənirsən. İşlərin
düz gətirməyəndə,
yazıçı kimi
uğurlu taleyin olmayanda lap həvəsdən
düşürsən.
Son dövrlər ancaq tərcüməylə məşğul
oluram. 5-6 roman tərcümə
eləmişəm. Tərcümələri
ona görə edirəm ki, qazandığım pulla yaşayım, ailəmi dolandırım. Samit Ağayevin romanını çox çətin tərcümə elədim,
amma axır ki, bacardım. O roman çox ciddi romandır və həmin əsəri böyük həvəslə
tərcümə edirdim.
Tərcümə prosesi
zamanında düşünürdüm
ki, bu cür
ciddi bir roman hamının diqqətini çəkəcək, ədəbi
tənqid bu haqda yazacaq, amma hamı ağzına su alıb oturdu, bu cür gözəl
romana gözdən-nəzərdən
uzaqda qaldı. O romanda İslama bu günə qədər heç bir yerdə görünməmiş, yeni
yanaşma tərzi
var.
– Sizcə, ədəbi mühit ciddi əsərlərə qarşı
niyə soyuq münasibət var və ədəbi tənqid az tanınmış imzalara niyə yuxarıdan aşağı baxır?
– Mənə elə gəlir ki, oxucu və qiymət
verənlərin səviyyəsi
aşağıdır. Səviyyə
aşağıdır deyə
o cür əsərləri
başa düşüb
qiymət verən adam yoxdur. İndi
o yazıları oxuyurlar
ki, o mətnlərdə
kimisə təhqir eləyirlər. Çoxlarının
maraqları ucuz şeylərə aludəçilikdən
o yana getmir. Bəzi adamlar da var ki,
ədəbiyyat onlar üçün vacib və önəmli deyil. Bəzilərinəsə,
ədəbiyyat ona nəyə görəsə
lazımdır. Bütün
bunları çıxandan
sonra ortada çox az adam
qalır. O azsaylı adamlardan da hər
şeyə qarşı
qiymət ummaq, mən bilən bir qədər çətin məsələdir.
Ədəbiyyata oxucu qiyməti olmalıdır.
Oxucu öz aləmində tənqidçi
olmalıdır, əsəri
nəyə görə
sevdiyini bilsin.
– Siz Sovet dövründə
yazdığınız əsərlərdə
antisovet mövqeyi olan, kəskin fikirlərini bədii mətnin daxilinə yerləşdirə bilən
azsaylı yazıçılarımızdan
biri idiniz. Amma müasir dövrdə daha çox susqun qalırsınız. Sanki hər
şey qaydasındadır
və siz heç nədən narazı deyilsiniz. Bu uzunömürlü sükutun
səbəbi nədədir?
– Bəli, siz çox düzgün müşahidə
aparmısınız, mən
indi susmaq mövqeyindəyəm. Yəqin
bu həyatı, bu rejimi, bu
dövrü gördüm
hər şeydən ümidimi üzdüm.
Adam o vaxt etiraz edir ki, o nəyinsə
düzələcəyinə ümidli olsun, əgər sənin ümidin yerdən-göydən
üzülübsə sən
nəyi dəyişməyə
meyilli ola bilərsən ki? Mübarizəmi tam saxlamamışam,
yenə də yazıram. 2002, 2003-cü ildə
“Azərbaycan” jurnalında
“Susuz gölün sonası” hekayəm çap olundu böyük maraq doğurdu, ingilis və rus jurnallarında
çap olundu, radiolarda oxudular. Bütün
ağrılarımı o hekayədə ifadə elədim. Hərdən
ağrıyanda, narahat olanda yazıram. Narazı olduğum
çox şey var, amma hər şeyi danışmaq olmur. Məni
anlayan az adam var. Bu ağır sualın altından
çıxmaq üçün gərək xeyli fikirləşəm.
Deyir susmaq hərdən qızıldır, danışanda
gümüş olursan. Bilirsən necədir, indiki qapılar
alçaqdır, bizim də boyumuz böyük, gərək o
qapılardan əyilib keçək, əks təqdirdə
başımız qapının yuxarısındakı yerə
dəyəcək. İndi hamı başını qoruyur, elə
mən də. Bir az ağılla, qorxa-qorxa yanaşanda vəziyyət
belə alınır. Görürəm ki, istədiyin
cavabları məndən ala bilmirsən, hə?
– Yox
niyə ki, qapı məsələsi ilə məncə,
özünüzü kifayət qədər ifadə elədiniz. Keçək növbəti
suallarımıza. Ədəbi mühitdə hansısa əməliniz
olubmu ki, indi də onun
peşmançılığını çəkirsiniz?
– Ədəbi aləmdə heç kəsə
pislik eləməmişəm. O əsərlər haqqında
fikrimi bildirmişəm ki, həqiqətən, xoşuma gəlib.
Qələmimi pis şeyləri şərh etməyə
yormamışam. Bəsit əsərlər haqqında
heç bir məqaləm olmayıb. Bəzi mənasız əsərləri
heç axıra qədər oxumamışam da.
– Siz
həm də xalq şairi Fikrət Qocanın yaxın
qohumusunuz, bu qohumluq sizə fayda verdi, yoxsa qınaqlara tuş gəldiniz?
– F.Qoca həm də mənim yaxın
dostum olub. Mən onunla xeyli balığa getmişəm.
Cavanlıqda əlaqələrimiz çox yaxın idi. Bizim
çox möhkəm dostluğumuz olub, bizi çöl həyatı
birləşdirirdi, qohumluq bizim aramızda ciddi bir rol
oynamayıb. Təxminən, 30 il həmişə bir yerdə
olmuşuq, tez-tez məclislərdə
görüşmüşük. İndi o hökumət
adamıdır. Mən sadə adamam. Ona görə də ildə-ayda
bir dəfə görürəm.
– Bəs
münasibətlərin soyumasına səbəb nə oldu?
– Səbəb odur ki, aramızda
körpü yarandı, o hökumət adamı oldu, mən də
adi yazıçı. Onun işi çox oldu, balığa və
ova gedə bilmədi. Yavaş-yavaş aralandıq. Amma onu da
etiraf edim ki, F.Qocanın kölgəsi mənə bəs edir.
Bəziləri fikirləşirlər ki, F.Qocaya görə
M.Orucdan aralı gəzək, onunla işimiz olmasın.
– Siz sovet dövründə “Mirzə
Fətəli Axundov mükafatı” almısınız. Mükafatın
sizə verilməsində yazıçı Sabir Əhmədlinin
böyük rolu olub. Amma S.Əhmədli AYB-də təzyiqlərə
məruz qalanda siz onu müdafiə etmədiniz. Niyə?
– Sabir müəllimlə mənim
çox isti münasibətim olub. Onun bütün
yaradıcılığını oxumuşdum və əsərlərinin
hamısının üzərində işləmişdim. Mən
ona heç bir kömək edə bilməzdim. Çünki mənim
o qədər də geniş imkanlarım və əlim
çatası yerlər yox idi. O barışmaz adam idi, bu
dövrlə barışa bilmədi, əyilmədi, heç
kəsə satılmadı. Bu xoşbəxtlik bəs edir ki,
Sabir müəllimi həmişə qəlbimizdə
yaşasın. Mən Sabiri müdafiə etsəydim də
heç bir nəticə əldə oluna bilməzdi. O mənim
qəlbimdə həmişə cəsarətli və ciddi
yazıçı kimi qalıb və qalacaq. Sabir müəllim
çox yaxşı adam idi, hərdən düşünəndə
insan dəhşətə gəlir. Çox şeyə insan bəzən
göz yummalı olur, həyat sən
düşündüyün qədər də asan deyil.
– Əsərlərinizə
ədəbi tənqidin münasibəti necə olub? Ədəbi
tənqidin diqqətindən kənarda qalmamısınız
ki?
– Əsərlərim barədə
çox yazıblar. Müxtəlif vaxtlarda ədəbiyyat aləmində
olan dostlarım, qələm yoldaşlarım əsərlərimə
qarşı biganə qalmayıblar. Amma mənim haqqımda ən
yaxşı yazıları Əsəd Cahangir yazıb. O bir
çox əsərlərim barədə ciddi fikirlər
söyləyib. Mənim aləmimdə ən yaxşı tənqidçi
Ə.Cahangirdir. Amma bütün bunlardan başqa Əsədə
ona görə minnətdaram ki, o bütün yaradıcılığımı
bitdə-bitdə oxuyub. O qədər əsəri oxumaq, onlar
haqqında düşünmək və yazmaq asan iş deyil. Əsəd
çox diqqətli oxucudur və əsərin görünməyən
tərəflərini görə bilir. Bütün
yazdıqlarımı toplasan 5-6 cild olar. Mən çox
yazmamışam. Yazılarım arasında bəzən illərlə
fasilələr olur. Dolmasam, boşala bilmirəm. Gərək
yazı mənim içimə dola, sonra yazam.
–
Hazırda ədəbi mühitdə kimlərin
yaradıcılıq nümunələrini oxuyursunuz və
ardıcıl izlədiyiniz qələm adamları kimlərdir?
– Ola bilər ki, kiminsə
adını unudam, amma daha çox indi yadımda olan
adamların adını çəkə bilərəm. Mübariz
Cəfərli, Kəramət Böyükçöl, Elnur,
Cavid Zeynallı, Oktay Əhmədov, Alpay Azərin
yazılarını oxuyuram. Bu imzalarla ədəbiyyatımıza
təzə nəfəs, yeni səs gəlib. Onları
müşahidə etdiyim ən üstün özəllik hadisələrə
və ədəbiyyata yeni yanaşmalarının
olmasıdır. Ədəbiyyatda təzə səs, təzə
nəfəs eşidəndə sevinirəm. Onlar bizim kimi
düşünmürlər, bunlar biz deyil və bu məni
çox sevindirir. Ədəbiyyat köhnəni,
tapdalanmış yolu sevmir.
Fərid Hüseyn
Kaspi.-2012.-14-16 aprel.- S.15.