“Mediada redaktor boşluğu aydın
görünür”
Elçin Hüseynbəyli: “Bu xətalar
redaktorun Azərbaycan dilinin zənginliklərini bilməməyindən
irəli gəlir”
Üzeyir
Hacıbəyov 1908-ci ildə “Tərəqqi» qəzetində
işlədiyi dövrdə mühakimələr arasında məntiqi
əlaqələrin zəruriliyini nəzərdə tutaraq
yazmışdı: “Danışan kəs gərək elə
danışsın ki, sözünün dalı-qabağı
bir –birinə düz gəlsin. Məsələn,
deməsin ki, bu gün hava çox gözəldir,
çünki dünən bərk acmışdım”. Bir əsr əvvəlin söhbətini
xatırlatmaqda məqsədimiz hazırda mətbuatda, elektron
media və televiziyalarımızda gedən “Ədəbi redaktə”
xətalarına bir baxışdır. Baxış
bucağını isə sizlərə “Ulduz” jurnalının
baş redaktoru, tanınmış yazıçı-publisist
Elçin Hüseynbəyli və redaktə üzrə mütəxəssis,
şair Qulu Ağsəsin fikir mübadiləsində təqdim
edirik.
Onlarla
maraqlı və yumoristik üslubda davam edən söhbətimizə
keçməzdən əvvəl deyək ki, E. Hüseynbəyli
ilə əlaqə saxlayıb mövzunun “Ədəbi redaktə”
olduğunu xatırladanda belə dedi: “Bu, elə bizim də
yaralı yerimizdir”. Sözümüzün “dalı-qabağı”(Ü.H) bir-birinə düz gəlsin deyə,
elə bununla da söhbətə başladıq.
–Elçin müəllim, ədəbi
redaktə nə üçün sizin yaralı yerinizdir?
–Ümumiyyətlə Azərbaycanın həm
kağız mətbuatında, həm də elektron
mediasında xeyli dərəcədə redaktə xətaları
gedir. Düşünürəm ki, bu xətalar redaktor
dünyagörüşünün, intellektinin
aşağı səviyyədə olmasından və Azərbaycan
dilinin zənginliklərini bilməməkdən irəli gəlir.
Yəni savad məsələsi burada əsas rol
oynayır. Redaktə məsələsində
korrektura xətaları da kifayət qədərdir, məsələn
nöqtə-vergülü harada qoymaq olar, bəzən bilmirlər.
Digər tərəfdən yazılarda üslub
xətaları var, bu, təkcə bizim jurnalda deyil,
bütün mətbu orqanlarda baş verir. Nəşr
materiallarında ədəbi redaktədə səhvlərinin
bariz nümunəsi əsasən tərcümə materiallarında
görünür. Televiziyada da bəzən xeyli xətalar
gedir, məsələn, belə bir cümlə işlədilir
– “Vəziyyət idarə altından çıxıb”(qardaş vəziyyət necə idarə
altından çıxa bilər? Düzgün
ifadə isə belədir-vəziyyət nəzarətdən
çıxıb) Bu artıq savadsızlıq deməkdir.
Yaxud, Televiziya kanalların birində deyilir ki,
“şəhərdə kələz xəstəliyi gəzir”.
Kələz varan deməkdir, bu isə rus dilindən
tərcümədə “yaşura”, yəni dabaq xəstəliyidir.
Bunu səsləndirən də elə başa
düşüb ki, “yaşeritsa” kərtənkələdir,
deməli “yaşura” da yəqin kələzdir. Yəni bu cür savadsızlıqdan irəli gələn
redaktələr çoxdur. Digər tərəfdən
burada peşəkarlıq məsələsi var. Bilirsiniz ki,
son dövrlər Azərbaycan jurnalistikasına peşədən
xəbəri olmayanlar gəlib. Ümumilikdə
isə bizim redaktə də elə cəmiyyətimizə
oxşayır. Cəmiyyətin də redaktəyə
ehtiyacı var.
Azərbaycan
mediasında redaktor boşluğu aydın görünür
–Qulu Ağsəs necə
düşünür?
–Mən ədəbi
redaktə məsələləri ilə praktik məşğul
oluram. Bu gün Azərbaycanda iki peşə,
ixtisas sürətlə sıradan çıxmaqdadır və
artıq çıxıbdır. Bunlardan
biri peşəkar korrekturadır, biri də ədəbi redaktədir.
(Yəni, ola bilsin ki, çörək pulu
qazanmaq üçün alternativ bir iş çıxsa mən
də bu sahədən imtina edəcəm). Korrektor
vaxtilə kiçik vəzifə sayılmırdı və
çox məsul adamlar korrektor işləyirdi. Onlar da barmaqla göstərilirdi. Naşirliklə
redaktə tamamilə başqa şeylərdir, naşirlik
zövqdür. Redaktə isə zövq
deyil, burada artıq peşəkarlıq rol oynayır. Bu gün Azərbaycan mediasında, istər
yazılı, istər elektron, istərsə də televiziya sahəsində
redaktor boşluğu aydınca görünür. Mən hansısa sözün yazılışı
yadımdan çıxanda kitabları və bir neçə
internet saytlarını açıb baxıram və
görürəm ki, həmin söz hərəsində bir
cür yazılıb. Bunlar və
xüsusilə bəzi televiziya kanallarındakı titrlər
biabırçılıqdır. Bilinir ki,
onları redaktə edənlər Azərbaycan dilindən min
ağız uzaqdırlar. Azərbaycan dilinin qaydaları az çox Azərbaycan televiziyasında və
radiosunda qorunur, digərləri isə sadəcə faciədir.
Mən şəxsən futbol
reportajlarının hamısının səsini alıb
baxıram, özüm də futbol azarkeşiyəm. Çünki, onlar futbola aid heç nə demirlər.
Məsələn, deyir ki, “filankəsin ortası,
Zabaletanın başı dərdə girib və s.”. Qardaş, Zabaletanın
başı niyə dərdə girməlidir ki?! İspaniyanın bir futbolçusu var – Xavi. Az qala onun özünə məktub göndərmək
istəyirəm ki, qardaş, sənin adın nədir?
Çünki bizim şərhçilərin ona demədikləri
qalmayıb, gah Avi, Qavi, gah da Havi, Şavi, bircə Mavi demədikləri
qalıb(gülür). Bax
mediamız bu gündədir, radiolar isə
rüsvayçılıqdır.
Söhbətimiz
müzakirə şəklinə düşdüyündən
Elçin müəllim də müdaxilə etdi: “Əslində
futbol şərhi birbaşa sinxron olduğuna görə
müəyyən səhvlərə yol verilir, bu təbiidir. Ancaq biri var müəyyən mexaniki səhvlərə
yol verəsən, biri də var ki, onun Azərbaycanca şifahi
nitqi yoxdur”. Daha sonra Q. Ağsəs redaktorun qabil
olmalı olduğu keyfiyyətlərdən danışdı:
“Redaktə səhvləri ilə bağlı sizə yüzlərlə
misal göstərə bilərəm. Əvvəla insanlar Azərbaycan dilini,
qrammatikanı, sintaksisi yaxşı bilməlidir, bu birmənalıdır.
Daha sonra leksika, omonim, sinonim, antonim, paronim,
durğu işarələri və s. Bizim
yazıçıların əksəriyyəti bütün
bunlarla yanaşı, durğu işarələrinin yerinin nə
olduğunu da bilmirlər, bu heç. Amma
dil duyumdur, həyat tərzidir. İnsan
danışanda və yazanda bilməlidir ki, hansı söz o
birini ikrah eləyir. Bizdə az sayda
yazıçı var ki, bütün yazı qaydalarına əməl
edə bilir”.
Orfoqrafiya lüğətində
sözlər səhvdir
Müsahiblərim maraqlı söhbətlərdən
dolayı mənim sual verməyimə vaxt yaratmadılar. E. Hüseynbəyli növbəsini
gözləyirmiş kimi, bir misal çəkdi: “Bu
yaxınlarda publisist yazıların birində belə bir
cümləyə rast gəldim – “Artıq Məmmədov
öz işini bilirdi”. İndi mən bilmirəm, burada
“Artıq” adam adıdır, yoxsa pay mənasındadır?
–Bu arada Qulu müəllim bir variant irəli sürdü – Bəlkə,
Məmmədovun özü artıqdır (gülüşlər).
Türklər bu sözə “fazla”, ruslar
“liçni” deyirlər. Biz isə hər
iki sözü bir sözlə, “artıq” sözü ilə əvəz
edirik. Amma bunu işlətmək
yazıçıdan ustalıq tələb edir, qardaş,
sözü işlədə bilmirsən işlətmə də.
Bəla burasındadır ki, orfoqrafiya
lüğətinin özündə də sözlər səhvdir.
Elçin müəllim bayaq tərcümə əsərlərindən
danışdı, poliqlot ondan ötrüdür ki, sən
axtardığın sözü tapasan. Məsələn,
mən rusca, ya ingiliscə bir söz axtarıram, onu poliqlotda
belə veriblər – “stolun ayağındakı nəyəsə
oxşayan bir şey”. Elə mən də təxminən
bilirəm ki, bu stolun ayağındakı nəyəsə
oxşayır da... Yəni,
axtardığını tapa bilmirsən orda, bu baxımdan Azərbaycan
poliqlotu yenidən işlənməlidir”.
Q. Ağsəs
hesab edir ki, yeni nəşr olunan kitabların hamısında
redaktə səhvləri var: “Redaktə etmək təkcə
dil xətaları deyil, hərdən yazılarda çox
elementar səhvlər gedir. Məsələn,
yazıçı bizə əsər gətirib, oradakı
söhbətin böyük hissəsi həbsxana həyatından
gedir. Nəzarətçi gəlib dustağa deyir ki, “bağışlayın,
sizdə kibrit var?”. Əvvəla
dustaqda niyə kibrit olmalıdır, yaxud da hansı nəzarətçi
kibrit istəmək üçün dustaqdan üzr istəyir?!
Heç Sovet dövründə də bu cür
bəsit yazılar yazılmırdı.
Daha sonra redaktədə ən böyük qeyri-peşəkarlıqdan
biri budur – yazarlar ümumi mətni yazır, sonra hekayənin
sonunda iki abzas izah eləyir ki, müəllif burda nə demək
istəyir. İndi yeni çıxan və yenidən nəşr
olunan kitabların hamısında redaktə xətaları var.
Məsələn, Sovet dönəmində nəşr olunan
kitablarda o qədər sarsaq ifadələr var ki, onlar yeni nəşrlərdə
də təkrarlanır”.
Söhbətin
davamı olaraq, Elçin bəy reklamlara irad tutdu: “Bizdə hələ
bilmirlər ki, reklam nədir. Sən bir şeyi
reklam edirsənsə, gərək onu dürüst ifadə edəsən.
Məsələn hələ kompaniya ilə
kampaniyanın fərqini ayırd edə bilmirlər, yaxud
yollarda maşın düzəldilən yerlərdə hərdən
rast gəlirik – qarbüratr, mataris, vulqanizasiya”.
Mövzunu Q. Ağsəs davam elədi: “Böyük bir marketin
qarşısında yazılıb – “biz heç kimə nisəyə
vermirik”. Bax burda «nisə» kimdir? Yəni reklam şitlərimiz də mediadakı
yazılarımız kimi bərbad gündədir. Belə biabırçılıqlar çoxdur, o
cür reklamlara xərc çəkib efirə və plakatlara
vurdururlar, amma bir redaktora, yaxud jurnalistə pul verib demirlər
ki, heç olmasa al bu yazını düzəlt”.
Hansı nəşriyyatda redaktor
korpusu var
Qulu
Ağsəs bildirir ki, onların redaktə xətalarına
tutduqları iradlar elə giley olaraq da qalacaqdır: “Bunlar təkcə
savadsızlıqdan irəli gəlmir, qanun tənzimlənməlidir.
Qanunda bir şey var, əgər dövlət
sirri açılmırsa, orada təhqir yoxdursa hər
hansı bir kitab çap oluna bilər. Və
açıb baxırlar ki, bunlar yoxdur, çapa icazə
verilir. Lakin bu qanuna bir maddə əlavə
olunmalıdır ki, dilin qaydalarına uyğun redaktə
olunsun. Bu gün sorğu keçirin
görün hansı nəşriyyatda redaktor korpusu var? Heç birində yoxdur, deyəsən təkcə
“Təhsil” nəşriyyatında var. Bizim bütün peşəkar
yazıçılarımız həm də redaktordur, bundan əvvəlkilər
də elə olub. İndi isə
yazıları redaktə edən yoxdur, buna ehtiyac da qalmır.
Ona görə ki redaktə artıq pul gətirmir.
Əvvəllər gətirib əlyazmanı
verirdilər ki, al bu yazını düzəlt. İndi isə müəlliflər yazını verəndə
deyirlər ki, düzəliş edilməsin, olduğu kimi verin
(gülür). Yazar mühitində Azərbaycan
stilistlər yığınıdır qardaş, o bir-iki
stilist qadın çıxır ey efirə, onlar yalandır.
Yaşlı nəsil daha məsuliyyətlidir, məsələn
Çingiz Əlioğlu özü yazıya yüz dəfə
baxandan sonra deyir ki, xahiş edirəm yazıya baxarsız.
Amma bir dəfə bir tələbə yazı gətirmişdi,
dedi ki, bax dəyişiklik edəcəksinizsə, aparıram
başqa yerə”.
–Bəzən,
publisist yazılarda mətnin məntiqi
ardıcıllığı pozulur. Bu cür
halı necə dəyərləndirirsiz?
–sualımıza öncə Elçin müəllim cavab verdi.
–Sən nəyi
qoyub, nəyi axtarırsan! Bəzən hekayə
üç adamın dilindən danışır, ya
üçüncü şəxs, ya, ikinci, ya da birinci şəxs
danışır. Bilmirsən ki onu nəql
edən kimdir. Yaxud məlumdur ki,
yazının başlıqlarında durğu işarəsi
qoyulmur. Amma hərdən qəzet səhifələrində
görürük ki, “Filankəs ölkədən
qaçıb?” Bu informasiya dəqiq deyilsə,
o sualı kimə verirsən sən?”
Q. Ağsəs:
–Redaktədə məntiqi ardıcıllıq ikinci
sferadır. Redaktor odur ki, mətni
yazıçıya, jurnalistə qaytara və ona başqa
variant təklif edə. Məsələn
deyir ki, filan yerə bu sözləri artır, ya
çıxar, yaxud başqa bir obraz seç. Yəni redaktor mətnə müdaxilə edəndir.
Amma bu müdaxilə kadr arxasında qalır və
yazana istiqamət verərək deyir ki, sənin əzələn
filan yerdədir”.
Söhbətin
bu yerində Elçin müəllim durğu işarələrinə
toxunaraq dedi ki, ən çox üç nöqtədən
xoşu gəlir. Qulu Ağsəs də öz
növbəsində – “Mənim də xoşum gəlirdi, amma
axır vaxtlar onu da “aşsüzənə” döndəriblər
deyə, xoşlamıram. Həqiqətən
bu gün üç nöqtə ilə o qədər
köşələr yazırlar ki, adam üç nöqtədən
utanır”.
–Ayrıca olaraq, Nəşriyyat
işi və redaktəetmə fakültəsi olsa da, redaktorluq
üçün əlavə təhsilə ehtiyac varmı?
Q. Ağsəs:
–Fikirləşirəm ki, yaradıcılıq tələb edən
ixtisaslarda, jurnalistika və filologiyada ədəbi redaktəni
öyrətməlidirlər. Heç olmasa tələbə 4 il oxuyursa, onun son iki ilini redaktəni öyrənməlidir.
Düzdü nəşriyyat və redaktəetmə
fakültəsi olsa da, qeyd etdiyim fakültələrdə təhsil
sistemi yenilənməlidir. Yəni, peşəkar
redaktorlar tələbələrə dərs deməlidirlər.
Ədəbi
redaktə xətalarının mənbəyi dərsliklər
və mediadır
Q. Ağsəs
redaktə xətalarının mənbəyi kimi məktəb
dərsliklərini göstərdi: “Redaktənin
başlanğıcı məktəb kitabları, test
kitabçalarıdır. Dərsliklərdə
uşağa nəyisə aydın izah etmirlər. Məsələn, beşin üzərinə
üç gəlməyi uşaq bilir, amma didaktikada onu elə
şəkildə verirlər ki, mən özüm bilmirəm
ki, burada hansı riyazi ifadə olmalıdır. Bizim fizika kitablarında elə ifadələr var ki,
Nyuton özü dirilib gəlsə bir şey baş
açmaz. Mən bir dəfə bu məsələyə
iradımı bildirdim. Dedilər ki, Azərbaycan
dilinin imkanları bu sahədə o qədər geniş deyil.
Yəni etiraf etdilər ki, bunu bacarmırlar.
Bunu bəlkə də başa düşmək
olar. Amma nəsrdə, poeziyada, tənqiddə dilimizin,
Allaha şükür, o qədər imkanları var ki...
E.
Hüseynbəyli də iradını əskik etmədi:
“Riyaziyyat kitablarının hamısı rus dilindən tərcümə
olunanlardır. Köçürdən də təbii ki, tərcüməçidir,
redaktor deyil. Amma belə kitablar tərcümədən sonra
redaktə olunmalıdır. Ədəbi redaktədəki xətaların
hamısı, şübhəsiz ki dərsliklərdən və
insanların hər gün izlədiyi mətbuatdan, televiziyadan
irəli gəlir. Ədəbi redaktəni öyrənmək
üçün də çox adam qəzetə müraciət
edir. Məsələn, mən o vaxt oxuyanda vergülün
harada qoyulmalı olduğunu Azərbaycan dili dərsliyindən
öyrənə bilmədim. Amma, biz o vaxt dərsliyi oxumadan
belə, qəzetlər vasitəsilə durğu işarələrini
öyrənə bilirdik. Bu gün hər kəs bilir ki, Azərbaycanın
maraqlarından çıxış edən, dilin zənginliklərini
qoruyub saxlayan Azərbaycan televiziyasıdır. Çünki
orada artıq xüsusi redaktorlar komandası var. Yəni
onların həm danışıq qabiliyyəti, həm nitq mədəniyyətləri
var. Biz indi-indi başa düşdük ki, ağzına gələni
danışmaq orijinallıq deyil, əksinə
biabırçılıqdır”.
“Deyim
ki, redaktənin bundan çətin, pis vaxtları olub, amma
bundan biabırçı vaxtı olmayıb. Bu gün nə
redaktə var, nə redaktor, nə də bunu istəyən var.
İndi biz danışırıq ey, sabah oxuyub deyəcəklər
ki, yenə nəyə danışırsınız, çap
olunuram, oxunuram, sevilirəm, pul qazanıram və s. Əgər
redaktorluq olsa, mən sübut edərəm ki, Azərbaycanda cəmi
neçə yazıçı var, yəni neçə adam
yazı yaza bilir. Bir yazıçı ki, “səmimiyyət”
sözünü yaza bilmir, yaxud kinoşünas “kino”
sözünü “kno” yazır, ona necə peşəkar demək
olar?!” -bunları isə Qulu müəllim dedi.
Müxbir, yoxsa baş redaktor?
Həmsöhbətlər
sualımız əsasında bəzi mətbu orqanlardakı
şişirmə sərlövhələrdən də
danışdı. Q. Ağsəs bunu
biabırçılıqdan da o tərəfə sayır: “Mən
düşünürəm ki, yazının adı 2-3 söz
olmalıdır. Yox, əgər doğurdan da talantlısansa
yazının başlığını bir sözlə ifadə
et. Söhbət informasiyadan deyil, publisistikadan, bədii-publisistikadan,
nəsrdən gedir. Bu gün Azərbaycan
jurnalistikasının faciəsi budur ki, adam müxbirlikdən
birbaşa baş redaktor olur. Daha müxbirdən sonra xüsusi
müxbir, şöbə müdirinin müavini, şöbə
müdiri, məsul katib, baş redaktorun müavini və s.
etapları keçməyən adam olur baş redaktor. Son nəticədə
isə şişirdilmiş, yaxud mətni əks etdirməyən
başlıqlar peyda olur”.
Müsahib
son sözünü belə yekunladır: “Redaktorlara məsləhət
görərdim ki, çalışıb sağ qalsınlar. Onlara
ehtiyac var və olacaq. Çalışıb silahı yerə
qoymasınlar, yoxsa ovçu ovu yox, ov ovçunu yeyəcək!
Daha
gülməli və məntiqli sonluq isə Elçin
Hüseynbəylidən gəldi: “Elgün, biz çox
danışdıq deyəsən, mətbuatı,
televiziyanı, dərslikləri
yıxıb-sürüdük. Sonra verərsən sənin bu
yazını da redaktə edərik”.
Beləcə,
sağollaşırıq…
Elgün Mənsimov,
BDU-nun Jurnalistika
fakültəsinin 4-cü kurs tələbəsi
Kaspi.-2012.-14-16 aprel.- S.17.