Məmməd Səid
Ordubadi 140 yaşında
Ordubadi Azərbaycan ədəbiyyatında
tarixi roman
janrının banisi kimi
şöhrət tapıb
Görkəmli Azərbaycan yazıçısı, şair, dramaturq, publisist və ictimai xadim Məmməd Səid Ordubadinin anadan olmasının 140 ili tamam olur.
Azərbaycan ədəbiyyatının
inkişafında təqdirəlayiq xidmətlər göstərən
Məmməd Səid Ordubadinin 140 illik yubileyinin keçirilməsini
təmin etmək məqsədi ilə prezident
İlham Əliyev sərəncam
imzalayıb. Sənədə əsasən Mədəniyyət
və Turizm Nazirliyi,
Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil
Nazirliyi və Azərbaycan
Yazıçılar Birliyinin təkliflərini
nəzərə almaqla, Məmməd Səid
Ordubadinin 140 illiyinə həsr olunmuş tədbirlər planını
hazırlanıb həyata keçiriləcək.
On dörd
yaşlı fəhlə
Məmməd
Səid Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman
janrının banisi kimi tanınır. Çoxşaxəli ədəbi
fəaliyyət göstərən və bir çox məşhur
operaların librettosunun müəllifi olan yazıçı həmçinin
dövrün mühüm ictimai-siyasi hadisələrini zəngin
faktlar, sənədlər əsasında dolğun əks etdirən
əsərləri ilə tanınır.
Məmməd
Səid Ordubadi şair Fəqir Ordubadinin oğludur. Fəqirin
ailəsi həmişə çətinliklə dolanıb.
Sonralar gözləri tutulan şairin ömrünün son
günləri xüsusilə ağır ehtiyac içərisində
keçib. Atasının ölümündən sonra 7
yaşlı Məmmədi və bacısını bir müddət
əmiləri saxlayıb, lakin onun da imkanı
olmadığından az sonra Ordubadi iş axtarmalı olub. O
özünün ilk əmək fəaliyyəti haqqında belə
yazır: "Mən Karapet Babayevin fabrikinə girdiyim vaxt on
dörd yaşım var idi. Bir il ipək
mövsümünü ayda manat yarım maaşla işlədim.
Mən bu mövsümün altı ayını
çalışıb, altı ayını oxudum".
Ordubadi
ilk təhsilini molla yanında, sonra isə Mirzə
Baxşı adlı bir müəllimin məktəbində
alıb. Şeir və ədəbiyyat maraqlısı olan Mirzə
Baxşı Ordubadinin istedadını və oxumağa
böyük həvəsi olduğunu görərək ona daha
artıq diqqət verir, hətta ondan təhsil haqqı da
almır. Lakin əsil təhsilini Ordubadi dövrünün
qabaqcıl maarifpərvərlərindən olan şair Məmməd
Tağı Sidqinin açmış olduğu yeni tipli məktəbdə
- üsuli-cədid məktəbində alır. Öz
dövrünə görə geniş məlumat və dərin
bilik sahibi olan Sidqi Ordubadinin müasir dünyəvi elmlərin
əsaslarına yiyələnməsində, beynəlxalq ədəbi
hadisələr, elm və mədəniyyət yenilikləri ilə
tanış olmasında, onun demokratizm və maarifçilik
ruhunda tərbiyə almasında mühüm rol oynayıb.
Məktəbdən
kənar vaxtlarını Ordubadi mədrəsəyə gedərək
ərəb və fars dillərini, sərf-nəhv və məntiqi
öyrənməyə sərf edirdi.
Dördsinifli
şəhər məktəbini bitirdikdən sonra daha
oxumağa imkanı olmayan Ordubadi biliyini şəxsi mütaliə
yolu ilə artırmaqda davam edib, eyni zamanda fabrik və
zavodlarda çalışaraq ailəsini dolandırıb. Sovet
dövrü tədqiqatçılarının fikrincə, əvvəllər
siyasi şüuru aydın olmadığından o istismarı
və onun səbəblərini hələ dərk etmirsə də,
getdikcə istismarçı quruluşun bütün
ağırlıqlarını öz üzərində hiss edərək
etiraz səsini qaldırmağa başlayır. Sahibkarların
zülm və haqsızlıqlarını fəhlələrə
başa salıb etiraz çıxışları təşkil
etdiyindən Ordubadi tez-tez işdən qovulur və yeni iş
yeri axtarmağa məcbur olurdu. Bu vəziyyət 1907-ci ildə
Culfaya köçdüyü zamana qədər davam edir.
Culfaya köçməsinə isə onun ədəbi fəaliyyəti
səbəb olur.
Məktəb və şeirləşmə
işi
Ordubadi
ədəbi yaradıcılığa 14-15 yaşlarından
başlayıb. Müəllimləri Mirzə Baxşı və
Sidqi onda şerə, yaradıcılığa olan meyl və həvəsi
daha da gücləndirmişdi. Bu barədə o, öz xatirələrində
yazıb: "Mən şeir deməyə və
yazıçı olmağa heç də həvəslənmirdim.
Atamın yazdığı şeirlərin palçıq
içərisinə atılması heç də yadımdan
çıxmırdı. Bir çox zamanlar anam da buna mane olurdu.
Çünki atamın şeir sənətindən nə kimi
fəlakətlər çəkdiyi onun gözünün
qabağında idi. Lakin məktəb və şeirləşmə
işi özüm də hiss etmədiyim bir surətdə məni
şeir yazmağa öyrətdi".
Ordubadinin
yazdığına görə, atasının və müəllimi
Sidqinin də iştirak etdiyi şairlər məclisinin
yığıncaqlarında oturub şairlərə qulaq
asması da onda şerə maraq oyandırmışdı. Aşiqanə
parçalardan ibarət olan ilk şeirlərini Ordubadi Azərbaycan
və fars dillərində yazıb.
1903-çü
ildə "Şərqi-Rus" qəzetində Ordubadinin qəzetin
nəşrə başlanmasını alqışlayan şeri
çap olunur. Bu, şairin mətbuatda çıxan ilk əsəri
idi. Şerinin dərc olunması onu ardıcıl olaraq
dövri mətbuatda çıxış etməyə həvəsləndirir.
Xüsusilə 1905-ci il
inqilabından sonra mətbuat səhifələrində
onun imzasına tez-tez rast gəlmək olur. İnqilabdan ruhlanan şairin yaradıcılığında yeni dövr
başlayır. O, azadlığa, mütləqiyyət
üsuli-idarəsi ilə mübarizəyə
çağıran əsərlər yazır. Cəhalət
və nadanlıq əleyhinə yazdığı "Ədəbiyyat"
adlı ilk mətbu şeri
Tbilisidə çıxan "Şərqi-Rus" qəzetinin
13 İyul 1903-cü il
tarixli 31-ci sayında dərc olunur. 1906-cı ildə şairin
"Qəflət", 1907-ci ildə isə "Vətən
və hürriyyət" adlı şeir
kitabçaları çapdan
çıxır. Hər iki kitabda müəllifin maarifçi
fikirləri öz əksini tapıb.
“Molla
Nəsrəddin”in rolu
Ordubadinin
istər ədəbi yaradıcılığında, istərsə
də muhərrirlik fəaliyyətində "Molla Nəsrəddin"
jurnalının böyük rolu olub. 25 il öz
yazıları ilə jurnalda əməkdaşlıq edən
yazıçının ilk
yaradıcılığının realizm və demokratizm
istiqamətində inkişaf etməsində,
dünyagörüşündəki bəzi ziddiyyətlərdən
azad olmasında jurnalın köməyi çox böyük
idi.
1905-ci
il inqilabından sonra Ordubadinin həyatında ədəbi
yaradıcılığı mühüm rol oynamağa
başlayır. "Əsərlərim artdıqca, xüsusən
"Molla Nəsrəddin" məcmuəsindəki
iştirakım sıxlaşdıqca düşmənlərim
də artırdı" - deyə Ordubadi Culfaya köçməsinin
səbəbini belə izah edir. Vəziyyət doğrudan da,
belə idi. Dini, mövhumatı, ayrı-ayrı molla, seyid və
başqa cəhalətpərəstləri tənqid etdiyindən
qatı mövhumat yuvası olan o zamankı Ordubadda yaşamaq
şair üçün çox çətinləşmişdi.
Buna görə də o, Culfaya köçməyə
məcbur olur.
Culfa
mühiti Ordubadinin həyatına bir sıra yeniliklər gətirir.
O, İran inqilabına kömək edən təşkilatın
üzvləri ilə tanış olur və inqilabda iştirak
edir, sosial-demokrat təşkilatı "Hümmət"in
Culfa bölməsinə daxil olur. Ədəbi və inqilabi fəaliyyəti
genişləndikcə hökumət dairələrinin Ordubadiyə
qarşı şübhələri də artırdı. Nəhayət,
1914-cü ilin yanvarında ədib həbsə alınaraq
Saritsin şəhərinə sürgün edilir. Sürgün
illəri ədib üçün olduqca ağır
keçib. Qışın ən şiddətli soyuqlarında
qatarla uzaq yol getməsi, həbsxanadan-həbsxanaya
aparılması, aclıq, dözülməz sürgün həyatı
onun səhhətini pozur. Buna baxmayaraq, imkan tapan kimi Ordubadi vətəndəki
dostları ilə əlaqə yaradaraq yazdığı yeni əsərlərini
çap etdirməyə müvəffəq olur.
1914-cü
ildə Bakıda ədibin "Bədbəxt milyonçu"
və "Əndəlisin son günləri, yaxud Qrenadanın
təslimi" əsərləri çapdan
çıxır, daha sonra "Babayi-Əmir",
"Tuti", "Qardaş köməyi" və s. jurnal və
qəzetlərin səhifələrində şeir və
felyetonları dərc olunur.
Ordubadi
sürgündən 1917-ci il fevral inqilabı nəticəsində
azad olur. Tezliklə bolşevik təşkilatları ilə əlaqəyə
girərək o, inqilabi fəaliyyətini davam etdirir. 1918-ci ildə
Kommunist partiyası sıralarına daxil olan
yazıçı Həştərxanda çalışan Azərbaycan
bolşeviklərinin dəvəti ilə Həştərxana gələrək
orada "Hümmət" qəzetində əməkdaşlıq
edir. 1920-ci ildə Ordubadi XI ordunun sırasında
Dağıstana gəlir, orada mətbəələrin milliləşdirilməsində,
poliqrafiya bazasının yaradılmasında fəal iştirak
edir, "Qırmızı Dağıstan" qəzetini nəşr
etdirir, sonra isə Azərbaycana gəlir.
1920-ci
ilin mayında Bakıya gələn ədib böyük bir
sevinc və enerji ilə ədəbi-ictimai işə
qoşularaq maarif və mədəniyyətin müxtəlif
sahələrində çalışır. Xüsusən mətbuat
sahəsində onun böyuk fəaliyyət göstərdiyini
qeyd etmək lazımdır. "Əxbar",
"Kommunist", "Maarif işçisi", "Yeni
yol", "Molla Nəsrəddin", "Şərq
qadını" kimi qəzet və jurnalların nəşrində
Ordubadinin əməyi çox idi. O zamanlar yenicə təşkil
olunmuş "Tənqid-Təbliğ" teatrında da
Ordubadi fəal çalışırdı.
Ümumiyyətlə
20-ci illər Ordubadi fəaliyyətinin ən qaynar, dolğun
illəridir. Bu illərdə o, dini, mövhumatı tənqid
edən onlarla əsər - şeir, felyeton, məqalə və
kitab yazır.
Bu
dövrdə ədəbiyyatın demək olar ki, bütün
janrlarında yazıb yaradan sənətkar, mövzusu
müasir həyatdan alınmış bir neçə dram əsəri
də qələmə alır.
Tarixi roman janrının banisi
Ordubadi
Azərbaycan ədəbiyyatında tarixi roman janrının
banisi kimi şöhrət tapıb. O, 20-ci illərdən əvvəl
yazmağa başladığı dörd cildlik "Dumanlı
Təbriz" (1933-1948) roman-epopeyası ilə Azərbaycan ədəbiyyatında
bu janrın əsasını qoymuşdur. Nizami Gəncəvi
dövründən bəhs edən "Qılınc və qələm"
(1946-1948) romanında ədib dahi şairin obrazını, o
dövrün ictimai-siyasi mənzərəsini yaradıb. Onun "Döyüşən şəhər"
(1938), "Gizli Bakı" (1940) tarixi romanları da var.
Müharibədən
sonrakı illərdə Ordubadidə müasir mövzulara meyl
daha çox nəzərə çarpır. Müharibə
illərində sovet adamlarının ön və arxa cəbhədə
göstərdikləri qəhrəmanlıqlara həsr
olunmuş "Təzə adam" romanı və Sumqayıt
tikintisindən bəhs edən "Böyuk quruluşda"
adlı dramı müharibədən sonra qələmə
aldığı əsərlərdəndir.
Tarixə
ekskurs ejərək bir daha vurğulayaq ki, 1907-ci ildən
Culfaya köçən Ordubadi bu illərdə ədəbi fəaliyyətini
davam etdirməklə yanaşı, Cənubi Azərbaycanda Səttarxanın
rəhbərliyi altında başlayan azadlıq hərəkatı
ilə də yaxından maraqlanırdı. O, həmin illərdə
"Molla Nəsrəddin" jurnalında, Bakıda nəşr
olunan qəzetlərdə İran həyatına dair çoxlu
felyeton, şer və digər yazılarla
çıxış edib. Ədib həmin illərdə
"İki cocuğun Avropaya səyahəti" (1908), "Bədbəxt
milyonçu, yaxud Rzaquluxan firəngiməab" (1914)
romanlarını çap etdirib. Həmin əsərlərdə
maarifçilik ideyaları təbliğ olunur. 1911-ci ildə
Bakıda milyonçu Murtuza Muxtarovun maddi köməkliyi ilə
Haşım bəy Vəzirovun "Səda" mətbəəsində
nəşr edilən "Qanlı sənələr"
adlı kitabında müəllif real faktlar və sənədlər
əsasında 1905-1906-cı illərdə çar hökumətinin
himayəsi və erməni daşnaksütyun partiyasının
fitvası ilə törədilən milli qırğın faciəsini
qələmə alıb. 10-cu illərdə
"Baği-şah, yaxud Tehran faciəsi" (1910), "Əndəlisin
son günləri, yaxud Qrenadanın təslimi" (1914) pyeslərini
də çap etdirib. 1915-ci ilin yanvarında Culfada həbs
olunaraq, Saritsına (indiki Volqoqrad) sürgün edilən ədib
burada kommunistlərlə yaxınlaşıb, O, 1920-ci il
mayın əvvəlində Bakıya gələrək, "Əxbar"
qəzeti redaktorunun müavini, bir qədər sonra isə
redaktoru olur. 1925-1928-ci illərdə "Yeni yol" qəzetinin
redaktoru, bir müddət "Molla Nəsrəddin"
jurnalının müdiri vəzifələrində işləyir.
1920-ci ildən daha məhsuldar işləyən ədib
şer, felyeton, publisistik məqalələr yazır, tərcüməçiliklə
məşğul olur, şer kitabları çap etdirir,
"Koroğlu", "Nərgiz", "Nizami"
operalarının, "Beş manatlıq gəlin",
"Ürək çalanlar" musiqili komediyalarının
librettosunu, "Dumanlı Təbriz" pyesini yazır, həmçinin
Nizami Gəncəvi, Füzuli, Molla Pənah Vaqif, Mirzə Ələkbər
Sabir və başqaları haqqında məqalələr dərc
etdirir.
Görkəmli
yazıçının əsərləri müxtəlif dillərə
tərcümə edilib. Azərbaycanda bir sıra küçələrə,
mədəni-maarif müəssisəsinə
yazıçının adı verilib, Ordubadda və Bakıda
ev-muzeyi yaradılıb, Naxçıvanda büstü qoyulub, əsərləri
səhnələşdirilib.
Hazırladı: Təranə Məhərrəmova
Kaspi.-2012.-14-16 aprel.- S.8.