“Teatra gedən insanlara həsəd
aparıram”
Hacı İsmayılov: “Cismən
Hacıyam, ruhən Mustafa”
“Azadinform”un
suallarını Xalq artisti, Akademik Milli Dram Teatrının
aktyoru Hacı İsmayılov cavablandırıb.
- Aktyor kimi imkanlarınızı
tamaşada, yoxsa kinoda daha yaxşı nümayiş etdirə
bilirsiniz?
- Teatr
bizim gündəlik, kino, seriallar isə əlavə
işimizdir. Teatr aktyorun potensialını, imkanlarını
tamaşaçılara çatdırmaq üçün
geniş bir meydandır. Mənim üçün həm
tamaşa, həm film maraqlıdır. Əsasən teatr
aktyoruyam, film də olanda böyük məmnuniyyətlə
çəkilirəm. Teatr mənim həyatımdır, kino isə
sevgim, məhəbbətimdir.
- Ümumiyyətlə,
özünüzü daha çox hansı səpkidə,
hansı xarakterli rollarda daha yaxşı hiss edirsiniz və təsəvvür
edirsiniz?
-
Yüngül, kiçik, balaca, kəsik rollar xoşlamıram.
Mən daha çox həyat yolu olan tarixi obrazlar ifa etməyi sevirəm. Obrazın səhnə
taleyi olanda çox nüans axtarıb tapmaq olur. Mənim
üçün rolun ciddi və ya komik olmasının
heç bir fərqi yoxdur. Bunların hamısına ciddi, eyni
zamanda, əlifbasından
yanaşıram. İstəyirəm rol elə
alınsın ki, tamaşaçıya ləzzət etsin. Mən
yalandan oynamağı bacarmıram. Gərək materiala, o rola
inanam. Əsas bu lazımdır, qalanlarını özüm
yerinə yetirirəm.
- İmtina etdiyiniz rol olubmu?
-
Cavanlıq illərimdə 1-2 dəfə olub ki, ya əsər,
ya tamaşa xoşuma gəlməyib roldan imtina etmişəm.
Gərək rol aktyorun ürəyincə ola, belə olmayanda həmin
obrazı ifa etmək mümkün deyil. Mən rolun
böyüklüyünə-kiçikliyinə baxmıram, əsas
onun məzmunu məni qane etməlidir. Oynadığım
rolların əksəriyyəti də ürəyimcə olub.
- Rejissorun yozumu ilə gedirsiniz, yoxsa
öz əlavələriniz də olur?
- O
baxır rejissorun səviyyəsinə. Məsələn, mən
Rasim Ocaqovun filmlərinə çəkiləndə o nə
deyirdi, mən də onu edirdim, bir balaca özümün də
müəyyən əlavə ştrixlərim olurdu. Onun
rejissorluğuna, qüdrətinə inanırdım. Amma teatrda
bir qədər başqadır. Burda rejissorun dediyinə
özün də gərək nəsə əlavələr
edəsən. Onda iş daha məhsuldar, daha yaxşı olur.
Tək rejissorun dediyini etməklə iş bitmir.
- Kimə və nəyə
gülürsünüz?
- Mənim
zarafatla, yumorla aram yaxşıdır. Deyib-gülməyi
xoşlayıram. Adam var ki, onda yumor hissi yoxdur, yumor hissini təhqir
kimi başa düşür. Ona görə də sözü
deyəndə gərək bir az ehtiyatlı olasan. Amma işlər
o qədər çoxdur ki, gülməyə heç vaxt
çatmır. Ancaq gülməli hadisə olanda gülürəm,
deyim ki, özümü yığışdırıram ki,
ayıbdır, yox.
- İndi insanları güldürmək
asandır, yoxsa çətin?
- İndi
insanları güldürmək çətindir. Ona görə
ki, insanlar gülməli hadisəyə bir az fərqli yanaşırlar,
nəinki onu ifa edənlərə. İfaçıya elə
gələ bilər ki, çox gülməlidir, amma ola bilər
tamaşaçı baxsın, heç dodağı da
qaçmasın. Gülmək üçün xarici yox, daxili
aləmdən istifadə etmək lazımdır, daxilən gərək
həmin hadisəyə o dərəcədə inanasan, o qədər
ciddi yanaşasan ki, gülməli görünsün. Gülmək
xatirinə edilənlər məni o qədər də güldürmür.
- Tamaşalarda və çəkiliş
zamanı hansı gülməli hadisələri
xatırlayırsınız?
- Belə
hadisələr çox olub. “Dəli Knyaz” tamaşasında 4
nəfər ac fəhlə yeyib-içməyə heç nələri
olmadıqları üçün çıxıb şikayət
edirlər. Mən fəhlələrdən biri, rəhmətlik
Səməndər Rzayev Dəli Knyazı oynayırdı, biz
üzü səhnəyə dayanırdıq, Səməndər
müəllim isə üzü bizə tərəf, biz
şikayət edirik, qışqır-bağır
salırıq, birdən baxırıq ki, Səməndər
gözlərin çəp edib bizə baxır. Həmin an
bizim dördümüzü də gülmək tuturdu. Bir də
Allah rəhmət etsin Bürcəli Əsgərov ciddi rollar
oynayanda nəsə məni gülmək tuturdu. “Od gəlini”
tamaşasında Siyavuş Aslanla tərəf-müqabiliydim,
ikimizin zarafat edib güldüyümüz yer varıydı.
Orda hərdən zarafatların həddini aşırdıq.
Sonra tənqidçilərdən biri qəzetdə yazdı
ki, tanınmış aktyorlar səhnədə zarafat edirlər.
Ondan sonra özümü səhnədə bir az
yığışdırdım.
- Tamaşa zamanı sözləri
unutduğunuz vaxt olub?
- Yox,
çünki mətn mənim üçün çox vacib
olan bir işdir. Müəllif mətninə özüm də
korreksiyalar edirəm. Bəzən elə qondarma ifadələr
olur ki, dilimə yatmır, bəzən insani danışıq
olmur. Ona görə də özüm müəyyən dəyişikliklər
edirəm, özümünküləşdirirəm. Mən mətni
əzbərləmirəm, mənimsəyirəm.
- Sizcə
teardakı, yoxsa televiziya tamaşaları və filmlərdəki
rollarınızla daha yaxşı tanındınız?
-
Sözsüz ki, mənim bir aktyor kimi tanınmağım Rasim
Ocaqovun “Ad günü” filmindəki Mustafa rolu ilə oldu.
Düzdür, buna qədər teatrda rollarım, fəaliyyətim
vardı, amma onlar bir aktyor kimi məni o qədər
tanıtmırdı. Mən teatrda işləməyimə
baxmayaraq, kino sahəsindən tanındım,
tamaşaçıların rəğbətini qazandım. “Həm
ziyarət, həm ticarət” isə “Ad günü”nün
davamı kimidir. “Ad günü”də Mustafa rolu həcmcə bir
az balacadır, “Həm ziyarət, həm ticarət”də
Mustafa filmin qəhrəmanıdır. Onu oynamaq daha çətindir.
Mənim üçün ikiqat çətin idi,
çünki bir rolu iki dəfə oynamaq və müvəffəqiyyətlə
oynamaq məsuliyyətlidir. Ona görə də mən “Həm
ziyarət, həm ticarət”də daha çox əziyyət,
zəhmət çəkmişəm nəinki “Ad
günü”ndə. “Ad günü” filmində mən İlahi
bir qüvvə ilə çəkilmişəm. “Həm ziyarət,
həm ticarət”də isə təcrübəli idim, müəyyən
şeyləri bilirdim, amma yenə də o film, əlbəttə
ki, Rasim Ocaqovun sayəsində əmələ gəlib.
- Sizə elə gəlmirmi ki,
bütün rollarınız Mustafa təəssüratı
bağışlayır?
- Belədir,
tamamilə doğrudur. Aktyor rola öz həyatını,
qanını, canını verir. Həm rol aktyora təsir edir,
həm də aktyor rola. Mən hər zaman deyirəm ki, cismən
Hacıyam, ruhən Mustafa. Hamının məni Mustafa kimi də
görməsinə də pis baxmıram. Hərdən
çaşırlar mənə Hacı əvəzinə
Mustafa deyirlər. Mən buna sevinirəm. Deməli,
tamaşaçıların qəlbində, ürəyində
elə qalmışam.
- Diqqət mərkəzində
olmağı sevirsinizmi?
- O qədər
də yox. Adamlar var ki, çox görünməyi, gözə
girməyi xoşlayır, bu mənim xarakterimə uyğun
deyil. Çox diqqət mərkəzində qalmaqdansa, öz
işinlə məşğul olmaq daha yaxşıdır. Mən
də bu prinsipi üstün tuturam.
- Hacı İsmayılov
üçün sevgi varmı?
- Sevgi həyatdır,
həyatın bünövrəsidir, sevgisiz nə həyat, nə
yaradıcılıq, nə ömür var. İnsan yaranandan,
dünya var olandan bu günədək dəyişməyən
bir hiss var ki, o da sevgidir. Sevgi Allahın özü
ucalığında yaratdığı bir hisdir.
- 24 yaşından Akademik Milli Dram
teatrında çalışırsınız. Heç başqa
teatra getmək təklifi və ya özünüzdə belə
bir istək olubmu?
- Mən əvvəlcə
5 aya yaxın İrəvan Teatrında işləmişəm.
O Teatrın açılışında, yenidən
qurulmasında iştirak edənlərdən biri də mənəm.
Atam-anam çox yaşlı idi, evin tək övladı
olduğum üçün məcburən gəldim Bakıya,
bir il Teatr İnstitutunda səhnə
danışığı kafedrasında assisent işlədim.
Sonra Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram
Teatrı açıldı və böyük həvəslə
oraya getdim. Amma hiss edirdim ki, mənim yerim Akademik Milli Dram
Teatrıdır. Ona görə də bura gəldim. Milli Dram
Teatr Azərbaycan teatr sənətinin zirvəsidir, ondan o
yanası yoxdur. Bu teatr böyük bir məbəddir, qədim
tarixi var. Buranı hər zaman sevən, bütün
tamaşalarını izləyən
tamaşaçıları var. Dram Teatrından yuxarısı
olsaydı, bəlkə də gedərdim. Mənim
üçün bura əzizdir, doğmadır, mən 42 ildir
burada işləyirəm. Yəqin ki, ömrümün sonunadək
də işləyəcəm.
- Başqa teatrların
tamaşalarına baxırsınızmı?
-
Çox az. O mənada yox ki, bəyənmirəm, sadəcə
olaraq teatrda iş, ailə qayğıları baxımından
bir qədər vaxtım yoxdur. Amma teatra gedən insanlara həsəd
aparıram. Hərdənbir gedib baxıram. Həmişə
ürəyim istəyir ki, gedim başqa teatrların
tamaşalarına baxım.
Öz teatrımızın bütün tamaşalarına isə
baxıram, işlərin necə getməsi ilə
maraqlanıram.
- Aktyor olmasaydınız hansı
peşəni seçərdiniz?
- Aktyor
olmasaydım, idmançı olardım. Mən uşaqlıq
illərimdən idmana çox böyük həvəs
göstərmişəm, futbol, voleybol, boks, güləş,
qılıncoynatma ilə məşğul olmuşam. Elə
bunlarla bərabər dram dərnəyinə də gedirdim. Bu
ikisi paralel getdiyi vaxt mən daha çox teatr aləminə
meyil etdim. Məktəbdə iki dəfə sevinərdim, bir
idman dərsi olanda, bir də sinfimiz tamaşaya baxmağa gedəndə.
- Başqa sənətin sahibi
olsaydınız, sizcə bu qədər sevilərdiniz?
- Əlbəttə
ki, yox. Mən bunu cavan vaxtı o qədər də hiss
etmirdim, amma yaşa dolduqca deyirəm ki, nə yaxşı bu
peşəni seçdim, bu peşə ilə həyatımı
qurdum. Xalqın, camaatın, tamaşaçıların
hörmətini qazanmaq hər insana nəsib olmur. Bu dünyaya
gəlib nə üçün yaşadığını
bilməyən insanlar var, heç nə hiss etmədən də
bu dünyadan köçüb gedir. Amma mən bilirəm ki,
bu dünyada nə qoyub gedəcəm.
- Ən çox sevdiyiniz Azərbaycan
aktyor və aktrisası kimdir?
- Əliağa
Ağayev məni güldürürdü, o çox
yaxşı insan olmaqla bərabər, həm də
yaxşı aktyor idi, onunla yaxşı münasibətimiz
vardı, məclislərdə olmuşuq. Onun filmlərinə
indi də baxanda mənə ləzzət edir. Ələsgər
Ələkbərov, Mərziyyə Davudova, Nəcibə Məlikova
kimi bütün korifey sənətkarların
tamaşalarını görmüşəm, Əli Zeynalov və
Leyla Bədirbəylinin pərəstişkarı
olmuşam.
- Dostunuz çoxdur, yoxsa az?
-Bu mənim
yaralı yerimdir. Çox təəssüf edirəm ki,
yaxşı dostlarım bu həyatı tez tərk edib getdilər.
Sumqayıt Teatrında işləyən Qurban Ələkbərov,
Akademik Milli Dram Teatrında Səməndər Rzayev, Telman
Adıgözəlov ürək dostlarım idi. Qalanları ilə
yoldaşlıq edirəm, artıq yaxın dost olmağa
qorxuram ki, onları da tez itirərəm. Dostluq etməyə
qorxuram.
- Pedaqoji fəaliyyətlə məşğul
olursunuzmu?
- 1967-ci
ildə səhnə danışığından dərs
deyirdim. İki il bundan əvvəl kino-aktyorluq fakültəsində
bir kursum oldu, onlarla bərabər “Əliqulu evlənir”,
İlyas Əfəndiyevin “Unuda bilmirəm”
tamaşasını hazırladıq. Son tamaşa ilə
İstanbul Teatr Festivalında da uğurla iştirak etdik. Mənim
qayğılarım çox olduğuna görə vaxt
etibarıyla dərs deməyə çatdırmıram.
- 65 yaşdan yuxarı
çalışanların işdən azad edilməsi ilə
bağlı qanunu eşidəndə sizə necə təsir
etdi?
- Bu qanun
çıxmazdan əvvəl də biz birillik müqavilə
ilə işləyirdik. Bu qanunun yaradıcı insana qətiyyən
dəxli yoxdur. O mənada bizim teatrın rəhbərliyi
çox düz hərəkət etdi və heç kimi
çıxarmadılar. Bilirsiniz, yaş öz işini
görür, həyat davam edir, cavanlar gəlir. Amma mənə
elə gəlir ki, teatrdan aktyor o vaxt getməlidir ki, ya yeriyə
bilmir, ya danışa bilmir, bir sözlə, səhnəlik deyil.
Əgər aktyor danışırsa, eşidirsə,
görürsə, niyə getsin?! Məsələn, 90
yaşında Ağasadıq Gəraybəyli səhnəyə
çıxırdı, tamaşada oynayırdı. “Natəvan”
tamaşasında Knyaz canlandırırdı. Yəni bu
baxır aktyorun imkanlarına. Elə adam var ki, 50
yaşından teatrdan gedir. Yəni teatra lazımsansa, qal
işlə, yox, əgər özün görürsənsə
yararlı deyilsən, getmək lazımdır. Bizdə bu barədə
bir az söh-söhbət oldu, amma dayandı.
- Əgər teatrda yenidən
müqavilə imzalamasaydınız nə işlə məşğul
olacaqdınız?
- Əgər
müqavilə imzalanmasaydı da, yenə də sənətlə
məşğul olacaqdım. Universitetdə dərs deyərdim,
televiziya filmlərinə çəkilərdim.
- Özünüzü rejissor kimi
sınamaq istərdinizmi?
- Belə
bir fikir beynimdən keçib. Amma o qədər qüdrətli
rejissorlarla işləmişəm ki, onları yada salanda
rejissor sənətindən vaz keçirəm. Rejissorluğa hər
zaman böyük hörmətlə yanaşıram,
çünki bu sənət aktyorluqdan qat-qat yuxarıda
dayanır və çox çətin, eyni zamanda şərəflidir.
Mənə elə aktyorluq kifayət edir.
- Sizin üçün tərəf-müqabilinin
bir əhəmiyyəti varmı? Yoxsa siz öz rolunuzu
oynayırsınız?
- Mənim
kinoda müvəffəqiyyətlərimin səbəbi elə
tərəf-müqabillərim olub. “Ad günü”ndə Şəfiqə
xanım kimi görkəmli aktrisa ilə oynamaq, onunla bir filmə
çəkilmək özü böyük bir işdir. “Həm
ziyarət, həm ticarət”də Rasim Balayev, Nuriyyə Əhmədova,
Həsən Məmmədovla çəkilmək mənim
üçün fəxrdir. Hər zaman tərəf-müqabillərimə
əhəmiyyət vermişəm və hörmətlə
yanaşmışam. Mənim bir yaxşı cəhətim var
ki, heç vaxt tərəf-müqabilimə mane
olmamışam, hər zaman ona imkan yaradıram ki, o,
yaxşı oynasın və mənim də işim
yaxşı alınsın.
- İndi pul qanmaq asandır, yoxsa
çətin?
-
İndiki zamanda pul qazanmaq həm asandır, həm çətin.
Asandır ona görə ki, qabiliyyəti, bacarığı
olan qazana bilər, çətindir ona görə ki, rəqabət
çoxdur, əziyyət, zəhmət çəkməlisən.
Pul qazana bilirsənsə, demək ağıllı adamsan,
qazana bilmirsənsə, demək həyatda səhvlərin olub.
Sözsüz ki, hər zaman daha çox işgüzar adamlar,
biznesmenlər çox pul qazanır. Biz sovet dövründə
yaşadığımıza görə ancaq işləyib
maaş almağa öyrəşmişik. Amma indi bazar
iqtisadiyyatı dövrüdür. Bəlkə də cavan
olsaydım başqa işlərlə də məşğul
olardım, amma yaşımın elə vaxtıdır ki, daha
onlar mənə yaraşmaz. Pul qazananlar bacarıqlı
insanlardır. Mənsə cavanlıqda teatrı sevdim,
özümü bu işə fəda etdim. Pulumun olan vaxtı
da olub, olmayan vaxtı da. 5 qəpiyin belə cibimdə
olmadığı vaxtlar olub, amma mən bu sənəti
sevmişəm. Sevgimə görə hər əzaba
dözmüşəm. İndi də bəhrəsini
görürəm.
- Bu sənətdən əldə
etdiyiniz gəlir sizi qane edirmi?
- Sağ olsun, möhtərəm prezidentimiz, Xalq artistlərinin demək olar ki, hamısına prezident mükafatı da verilir, təqaüd də. Dolanışığımız yaxşıdır. Bir az da yaxşı olması arzu olunur. Çünki biz cavanlığımızın əsas 30-40 ilini bir qədər imkansızlıq şəraitində yaşamışıq. Amma indi dövlətimiz incəsənətə, mədəniyyətə çox böyük fikir verir.
Ümidə Həsənli
Kaspi.-2012.-17 aprel.-S.11.