İctimai Palatadakılar siyasi möhtəkirlərdir” 

 

Araz Əlizadə Azərbaycanda siyasi bloklaşma mədəniyyətinin olmadığı qənaətinə gəlib

 

Yazın gəlişi ilə İctimai Palata adlandırılan qurumda cəmləşən siyasi təşkilatlar yenidən etiraz aksiyalarına start veriblər. Aprelin 8-də 20-ci sahədə keçirilən mitinqdən sonra növbəti aksiyanın aprelin 22-ə təyin olunması barədə qərar qəbul edilib. Keçən ildən fərqli olaraq bu il İctimai Palata mitinqləri icazəli keçirməyə üstünlük verir. Aparılan təbliğata baxmayaraq, palata kənarda qalan siyasi partiyaları öz aksiyalarına cəlb edə bilmir. Məsələn, aprelin 8-də keçirilən aksiyada guya Klassik Xalq Cəbhəsi Partiyasının, Sosial Demokrat Partiyasının təmsilçilərinin də iştirak etdiyi bildirilib. Amma aksiya başa çatdıqdan sonra adı çəkilən partiyaların təmsilçiləri bu xəbərləri təkzib ediblər. Biz də Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə ilə söhbətimizə bu xəbərin aydınlaşdırılması ilə başladıq.

- Araz bəy, aprelin 8-də keçirilən aksiyada sizin partiya iştirak edibmi?

- Bu sualınıza konkret cavab vermək istəyirəm: biz dəli olmamışıq.

- Amma onlar sizin partiyanın nümayəndələrinin aksiyada iştirak etdiyini bildiriblər.

- Bizim partiya bu aksiyaya qoşulmayıb. Bundan sonra keçiriləcək aksiyalara da qoşulmayacağıq. İctimai Palata adlandırılan qurum ölü doğulmuş uşağa bənzəyir. bu təşkilatın özünün, keçirdiyi aksiyaların heç bir əhəmiyyəti yoxdur. Biz onların uğur qazanacağına inanmırıq.

- Sizcə, İctimai Palatada təmsil olunan partiyaların bu aksiyaları keçirməkdə məqsədləri nədir?

- Bircə onu deyə bilərəm ki, bu qurumda təmsil olunanlar «Bəlkə qaytardılar» xülyasından əl çəkə bilmirlər. Bu aksiyaları da bu xülyalarına uyğun təşkil edirlər.

- Bəs sizin partiyanız ölkədəki ictimai-siyasi proseslərlə bağlı hansı düşüncədədir?

- Bizim partiyanın düşüncəsi konkretdir. Hesab edirik ki, hər hansı bir nəticə əldə etmək üçün xalqla işləmək lazımdır. Vətəndaşların qapısına getmək, qapı-qapı gəzmək ehtiyacı var. İnsanlarla görüşüb fikirlərimizi onlara izah etməliyik. Yalnız bu yolla fikirlərimizi insanlara çatdırdıqdan sonra məqsədlərimizə nail ola bilərik.

- Sizcə, indiki dövrdə icazəli ya icazəsiz mitinq keçirməklə nəyəsə nail olmaq mümkündürmü?

- Mitinq piketlər keçirmək İctimai Palatadakı qüvvələrin yoludur. Onlar sanki başqa siyasi mübarizə yolu tanımırlar. 1988-ci ildən meydanlara çıxıblar, bu günədək bunu davam etdirmək niyyətindədirlər. Sanki başqa alternativləri yoxdur. Həmin vaxtdan indiyədək heç dəyişməyiblər. təzə fikirləri, mübarizə taktikaları, ideyaları var. Sanki ötən müddət ərzində yeni bir kitab da oxumayıblar.

- Bəs sizcə, onlar niyə özlərini Azərbaycanın əsas müxalif qüvvəsi kimi təqdim edirlər?

- Bu problem var. Amma etiraf edin ki, bunun yaranmasında siz jurnalistlərin günahı var. Siz onları belə təqdim edirsiniz, onlar da inanırlar.

- Amma siz belə hesab etmirsiniz yəqin ki?

- Əlbəttə ki, etmirəm. Bu insanlar bir dəfə hakimiyyətə gəliblər, onda da xalqı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoyublar. Ötən 20 il ərzində müxalifət kimi heç bir uğura imza ata bilməyiblər. Həmişə qeyri-müəyyən addımları ilə yadda qalıblar. Məsələn, keçən il dedilər ki, biz mütləq icazəsiz aksiyalar keçirməliyik. Bu niyyətlərini reallaşdırmağa çalışdılar, onlarla insanın həbsinə səbəbkar oldular. Sonra bir müddət çalışdılar ki, həbs olunanları siyasi məhbus kimi təqdim etsinlər. Bununla bağlı müəyyən ictimai rəy formalaşdırandan sonra bu il artıq icazəli aksiya keçirmək qərarına gəldilər. Bu cür qeyri-səlis, bir-birinə uyğun gəlməyən addımları ilə tanınan qüvvələrə biz necə əsas müxalifət deyə bilərik? Onlara yalnız siyasi möhtəkirlər deyə bilərik.

- Bəziləri İctimai Palatada əsas söz sahibi olan AXCP Müsavatı xaricdən gələn təlimatlarla hərəkət etməkdə ittiham

edirlər

- Yox, mən bununla bağlı konkret heç deyə bilmərəm. Məndə onların xaricdən pul almaları barədə heç bir məlumat yoxdur. Əgər belə bir ehtimal varsa, bunu təsdiqləmək mənim yox, Milli Təhlükəsizlik Nazirliyinin işidir.

- Sizin partiyanın qarşıdakı dövrlə bağlı planlarınız nədən ibarətdir?

- Bizim əsas planımız xalqın maarifləndirilməsi işinin davam etdirilməsi ilə bağlıdır. Əsas məqsədimiz Azərbaycanın rifahı uğrunda mübarizə aparmaq, ölkədəki problemlərin həllinə dəstək verməkdir. Ən böyük arzusuz isə silahlı qüvvələrimizin daha da güclənməsinə dəstək verməklə Dağlıq Qarabağımızın müharibə yolu ilə işğaldan azad olunmasıdır.

- Bu yolda hansısa siyasi partiyalarla əməkdaşlığınız mümkündürmü?

- Qətiyyətlə deyə bilərəm ki, xeyr. Çünki indiyədək biz bir neçə siyasi blokda təmsil olunmuşuq, mübarizənin bu yolla aparılmasının necə effekt verəcəyini yoxlamışıq. Təcrübə göstərib ki, Azərbaycanda siyasi partiyalar arasında bloklaşma, birləşmə ilə bağlı siyasi mədəniyyət yoxdur. Çox təəssüf ki, bu, bir reallıqdır.

- Amma sizdən fərqli olaraq İctimai Palatada təmsil olunan AXCP və Müsavatın liderləri palatadan kənarda fəaliyyət göstərən digər 3 partiyanın rəhbərləri ilə görüş keçirərək əməkdaşlıq planlarını müzakirə ediblər. Bunun bir perspektivinin olacağına inanırsınızmı?

- Yığışıblarsa, əcəb ediblər. Mən yalnız onlara uğur diləyə bilərəm. Yansın çıraqları, olsun işıqları.

- Araz bəy, son vaxtlar parlamentdə «Siyasi partiyalar haqqında» qanuna əlavə və dəyişikliklər müzakirə olunur. Bu dəyişikliklərə əsasən, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinə başlanılacaq. Sizin partiyanın bu məsələ ilə bağlı mövqeyi necədir?

- Bizim fikrimizcə, ümumilikdə partiyaların dövlət büdcəsindən ayrılan vəsaitlə maliyyələşdirilməsi doğru deyil. Dünya praktikasında ancaq seçkilərdə qalib gəlib parlamentdə təmsil olunmaq hüququ qazanan siyasi partiyalar dövlət tərəfindən maliyyə yardımı ayrılır. Ayrılan vəsait seçkilərdə uğur qazanmış partiyaların fəaliyyətlərini genişləndirmək üçün nəzərdə tutulur. Parlamentə mandat qazana bilməyən partiyalara isə büdcədən heç bir yardım edilmir. Amma bizdə müzakirəyə təqdim olunan layihədə parlamentdə təmsil olunmayan, amma seçkilərdə 3 faizdən artıq səs toplayan partiyalara da maliyyə yardımının edilməsi nəzərdə tutulur. Bunu necə edəcəklər, mən başa düşə bilmirəm. Axı bizdə proporsional seçki sistemi mövcud deyil. Əgər biz partiyaların dövlət büdcəsindən maliyyələşməsinə keçiriksə, proporsional seçki sistemini bərpa etməliyik. Bundan başqa, partiyaların qeydiyyatı ilə bağlı məsələyə də diqqətlə yanaşmağa ehtiyac var. Məsələn, Rusiyada partiyanın təsis edilməsi üçün tələb olunan imzaların sayı 500-ə endirildi. Bizdə bu rəqəm 1000 nəfərdir. Amma bəziləri bunun 5 min, hətta 7 min nəfərə qaldırılmasını təklif edirlər. Dünya praktikasında insanların özünü ifadə etmə yolu ilə partiya təsis etməsinin mümkün qədər asanlaşdırılması tövsiyə edilir. Kimlərsə, özlərini ifadə edib partiya təsis edirlərsə, seçkidə iştirak etməlidirlər. Yaradılan partiya seçkidə iştirak etdikdən sonra uğurlu bir nəticə göstərə bilirsə, demək mövcuddur. Nəticə yoxdursa, həmin partiyada demək olar ki, qəbul olunmur. Partiyaların seçkiləri boykot etməsi, kimdənsə küsdüklərinə görə seçkilərdə iştirak etməməsi dünya praktikasında qəbul olunmur. Xaricdə bu cür mövqe nümayiş etdirən siyasi təşkilatları partiya hesab etmirlər.

- Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanda xarici ölkə vətəndaşlarına da siyasi partiya təsis etmək hüququnun verilməsini istəyirdi. Amma bizim hökumət bu tövsiyəni qəbul etmədi.

- Hökumət çox yaxşı edib bununla razılaşmadı. Əslində bu çox gülməli bir təklif idi. Həm də təhlükəli tərəfləri var idi. Tutaq ki, Azərbaycanın hansısa bölgəsində bp şirkətinin işçiləri partiya təsis edə bilərdilər. Nəzərə alsaq ki, bizdə seçicilərin seçkidə iştirakı ilə bağlı kvorum tətbiq olunmur, bu halda hansısa bələdiyyənin tamamilə xarici ölkə vətəndaşlarının təsis etdiyi partiyanın təmsilçilərindən ibarət olması da mümkün idi. Təsəvvür edin ki, hazırda Amerikada bu ölkədə doğulmayan şəxsin ölkə prezidenti olmasına icazə verilmir. O hətta Amerika vətəndaşı olsa belə… Vaxtilə düşünürdülər ki, Kissencer üçün bu məhdudiyyəti aradan qaldırsınlar, amma sonda yenə də qaldırmadılar.

 

 

İlham QULİYEV 

 

Kaspi.-2012.-17 aprel.-S.5.