“Bizim jurnalistikada
yazıb, sonra düşünmək təcrübəsi
güclüdür”
Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov “Media forum”
saytının suallarını cavablandırıb
Diffamasiya qanununun qəbul edilməsinə
hazır deyilik
- Prezident
İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyini artırmaq sahəsində
milli fəaliyyət proqramı”nda 2012-ci il ərzində
“Diffamasiya haqqında” qanun qəbul etmək tövsiyəsi də
var. Diffamasiyaya dair qanun hazırlanırmı?
- Bu,
elə-belə qanun hesab olunmur və onu bir gündə qəbul
etmək mümkün deyil. Prezident Administrasiyası və Mətbuat
Şurası “Diffamasiya haqqında” qanunla bağlı birgə
fəaliyyət həyata keçirir. Fəaliyyətin bir hissəsi
ondan ibarətdir ki, Azərbaycan cəmiyyətini, jurnalistləri
diffamasiyaya hazırlamalıyıq. İşin digər hissəsi
xarici ölkələrdə tətbiq olunan diffamasiya nümunələrinin,
diffamasiyaya dair qanun qəbul olunandan sonra yaranan vəziyyətin,
ölkələrin diffamasiya qanunlarının öyrənilməsindən
ibarətdir. Bütün bunlardan sonra Azərbaycanda diffamasiya
qanunu hazırlanacaq. Bu istiqamətdə iş gedir və xeyli
iş də görülüb. Ən azından Mətbuat
Şurası müxtəlif jurnalist qurumları ilə birlikdə
qanun layihəsi hazırlayıb. ATƏT-in Bakı ofisinin,
Prezident Administrasiyasının, QHT-lərin, mətbuat
orqanlarından baş redaktorların, jurnalistlərin
iştirakı ilə həmin layihə bir dəfə
müzakirə olunub. Layihə ilə bağlı müəyyən
tövsiyələr də irəli sürülüb, onun yenidən
işlənməsi üçün təkliflər verilib.
Amma
cəmiyyətin, mətbuatın diffamasiyaya hazırlanması
sahəsindəki işlər zaman tələb edir və bura
müəyyən sərmayə lazımdır. Bu istiqamətdə
həm Prezident Administrasiyasının, həm Mətbuat
Şurasının, həm də Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun birgə iştirakı və ya onların
ayrı-ayrı təklifləri ilə yerlərdə jurnalist
peşəkarlığı, jurnalist fəaliyyəti ilə
bağlı müxtəlif tədbirlər keçirilir. Bu tədbirlər
davam etməkdədir.
- Diffamasiya qanununda üç
maraqlı tərəf götürmək olar: Azərbaycan
dövləti, cəmiyyəti və mətbuatı. Bunlardan
hansı qanunun qəbul edilməsinə hazır deyil? Yaxud
hamısı hazırdır, sadəcə, texniki problemlər
var?
- Mənə
elə gəlir ki, hazırkı vəziyyətdə heç
bir tərəf qanunu qəbul etməyə hazır deyil. Düzdür,
hər üçü müəyyən iradə
nümayiş etdirir ki, hazırdır, yaxud buna baxa bilər.
Amma bu gün bütövlükdə Azərbaycan mediası
yazılanların hamısının məsuliyyətini, o
cümlədən ayrı-ayrı insanların, təşkilatların
şərəf və ləyaqəti ilə bağlı məsuliyyəti
öz üzərinə götürməyə hazır deyil.
Təəssüflər olsun ki, hələ də bizim
jurnalistikada yazıb, sonra düşünmək təcrübəsi
güclüdür. Jurnalistlərdə düşünüb
yazmaq praktikası zəifdir. Yazıb, sonra məsuliyyət
hissi keçirmək meyli daha güclüdür, nəinki məsuliyyəti
anlayıb sonra yazmaq.
Təşkilatlar,
bütövlükdə cəmiyyətimiz mediada onlar
haqqında yazılan tənqidlərə dözüm
nümayiş etdirməyə, yaxud bununla bağlı məhkəməyə
üz tutmadan keçinməyə hazır deyil. Yəni mətbuata
dözümlü olmağa hazır deyil. Son günlər cəmiyyətimizdə
yaşanan proseslər də bunu göstərir ki, hüququ
pozulan, şərəf və ləyaqəti tapdanan və
haqqında böhtan uydurulan instansiya – istər dövlət
qulluqçusu olsun, istər adi vətəndaş, yaxud
ziyalı, ya da müxalifət partiyasının sədri, bəzən
hətta qəzet redaktoru da – birinci yol kimi dərhal məhkəməyə
müraciət etməyi seçir. Belə faktları əsas
götürəndə aydınlaşır ki, cəmiyyət
bu qanunun qəbul edilməsinə hazır deyil.
O ki
qaldı dövlətə, dövlət bu qanunun qəbul edilməsində
daha çox maraqlıdır. Çünki dövlət istəyir
media bu məsuliyyəti öz üzərinə
götürsün, cəmiyyət medianın
yazdığına daha dözümlü olsun, nəticədə
dövlət də bu sahədə tənqidə daha az məruz
qalsın. O anlamda ki, bəzən diffamasiya məsələsi
olmayanda məhkəmənin çıxardığı qərarlar
dövlətin, hakimiyyətin adına yazılır. Media ilə
bağlı istənilən neqativ hal nəticədə
hakimiyyətin, dövlətin imicinə bəlli ləkə
salır. Mən hesab edirəm ki, biz diffamasiya qanununun qəbul
edilməsinə hazır deyilik, lakin əsas odur ki, bu istiqamətdə
fəaliyyətə başlamışıq. Cənab prezident
İlham Əliyev öz iradəsini ortaya qoyub ki, əgər
dünya ölkələri buna gedirsə, Azərbaycan da buna
gedəcək. Lakin dünyada bunun vahid standartı olmalı,
vahid yanaşma forması yaranmalıdır. Bir ölkədə
bu siyasət xatirinə, başqa dövlətdə isə təzyiq
xatirinə olmamalıdır.
- Dünyadakı durum necədir?
Dünya ilə Azərbaycan arasındakı əsas fərq nədən
ibarətdir?
-
Müqayisədə götürdükdə təxminən
oxşar vəziyyətdir. Diffamasiyanı qəbul edən bir
çox ölkədə sonradan diffamasiya əleyhinə ciddi
ictimai fikirlər yaranmağa başlanıb, hətta bəziləri
qanunun fəaliyyətini dayandırıb da. Yaxud da elə
ölkələr var ki, diffamasiya haqqında qanunu qəbul
etmir, heç qəbul etmək haqqında
düşünmür də. Amma bir moratorium qoyublar ki, yazıya görə jurnalistlər
həbs edilməsin. Bu ölkələr sırasında Azərbaycan
da var. 2005-ci ildən indiyə kimi Azərbaycanda heç bir
jurnalist yazdığı yazıya görə həbs
olunmayıb. Jurnalistlərin ayrı-ayrı fəaliyyətlərə
görə həbs olunması, cinayət məsuliyyətinə
cəlb edilməsi halları var, amma heç bir jurnalist
yazdığı yazıya görə həbs edilməyib.
2005-ci ilə qədər yazısına görə həbs
olunan jurnalistlər isə əfv olunublar. Bu gün Azərbaycanda
beynəlxalq aləmlə oxşarlıq var.
- Belə olan halda Azərbaycan
jurnalistləri bu məsələni nə vaxt qanun
formasında görə biləcəklər?
- Bunu demək
çətindir. Yenə də bu ondan asılıdır ki,
jurnalistlər özlərini necə aparacaqlar, öz peşəkarlıqlarına,
qəbul etdikləri əxlaq kodeksinə necə yanaşacaqlar
və cəmiyyət jurnalistlərin tənqidlərinə, o
cümlədən təhqir və böhtanlarına necə
münasibət bəsləyəcək. Mən burada məsələnin
ən çətin tərəfini – əxlaq kodeksinin fəaliyyətə
daxil olması məsələsini önə çəkmək
istəyirəm. Bu kodeks Azərbaycan jurnalistlərinin
qurultayında səs çoxluğu ilə qəbul edilib, amma
heç kim gündəlik fəaliyyətində onu nəzərə
almaq istəmir, hətta bəzi qəzet rəhbərləri
“Mətbuat Şurası kimdir ki, onun qəbul etdiyi kodekslə
işləyim” deyir. Bu kodeks Mətbuat Şurasının deyil
axı. O, Azərbaycan mətbuatının, jurnalistlərin
kodeksidir. Ən çətini budur. Bu kodeks işləyəndən
sonra düşünürəm ki, cəmiyyət jurnalistlərimizdən
daha ölçülü-biçili, daha nizamlı,
başqasının şərəf və ləyaqətinə,
imicinə daha sayğılı münasibət görəcək.
Düşünürəm ki, bundan sonra məhkəmələrə
müraciət praktikası getdikcə zəifləyəcək,
sonda da diffamasiya mühitinin Azərbaycanda formalaşmasına
səbəb olacaq.
Bakı şəhərinin mərkəzində
heç bir yerdən qəzet köşkü
götürülməyib
- Xeyli müddətdir qəzetlər,
xüsusən də gündəlik çıxan və
satış dövriyyəsi böyük olan mətbuat
orqanları qəzet satışı ilə bağlı
problemlə üzləşib. Həmin qəzetlərin rəhbərləri
bu problemi həll etmək üçün
danışıqlar aparırlar. Eyni zamanda Mətbuat
Şurası paytaxtın mərkəzindən köşklərin
yığışdırılmasına aydınlıq gətirilməsi,
qəzet satışına normal şərait
yaradılması üçün Bakı Şəhər
İcra Hakimiyyətinə müraciət edib. Bu problemin həlli
yolu varmı? Ümumiyyətlə, qəzet köşkləri
niyə götürülür?
- Cənab
prezident İlham Əliyevin tapşırığı əsasında
mən bu məsələ ilə bağlı Bakı Şəhər
İcra Hakimiyyəti, eləcə də bir sıra yerli icra
hakimiyyəti orqanları ilə müzakirələr
aparmışam. Bakı şəhərinin mərkəzində
heç bir yerdən qəzet köşkü
götürülməyib. Nə “Qasid”in köşkləri, nə
“Azərmətbuatyayımı”nın, nə də “Qaya”nın. Əvvəlki
illərdə Bakıda qəzet köşklərinin yerdəyişməsinə
dair müəyyən hallar olmuşdu, amma son illərdə,
demək olar ki, bir dənə də köşk
götürülməyib. Sadəcə olaraq yeri dəyişdirilib.
Misal üçün, Bakı Şəhər İcra Hakimiyyəti
şəhərin mərkəzində istər “Qasid”in, istərsə
də digər firmaların qəzet köşklərini yeniləyir.
“Paris-köşk” adlanan yeni köşklər qoyulur və ola
bilsin ki, bu yeni köşklərdə qəzet-jurnal
satışı nizama düşməyib. Amma nizama
düşmək üzrədir və mən hər gün
onların fəaliyyəti ilə bağlı monitorinq
aparıram, bu fəaliyyət tənzimlənir.
Şəhər
ətrafında, o cümlədən rayonlarda əvvəlki
köşklər qalır. Bəzi köşklərin yeri dəyişdirilib,
şəhərin abadlığı, küçələrin
genişləndirilməsi,
yaşıllaşdırılması ilə bağlı belə
hallar olub. Düşünürəm ki, bu ilin sonuna qədər
köşklərin bütün ölkə üzrə tam
yenilənməsi və sayının da adekvat vəziyyətə
gətirilməsi prosesi tamamlanacaq. Ümumiyyətlə, digər
problemlər varsa, bunlar öyrənilir və aradan
qaldırılır.
- Yəni bu hansısa planlı şəkildə
qəzet satışına mane olmaq deyil?
- Qətiyyən.
Azərbaycanda söz, mətbuat, məlumat azadlığı
dövlətin prioritet siyasətlərindən biridir. Azərbaycan
dövləti bunlarsız nə özünü təsəvvür
edir, nə də öz cəmiyyətini.
Əcnəbi
teleserialların kəsilməsi bizim üçün itki
olmayacaq
- Mayın 1-dən Azərbaycan
televiziyalarında xarici teleserialların yayımı
dayandırılacaq. Bəzi ekspertlər hesab edirlər ki, bu,
televiziyaların fəaliyyətinə mənfi təsir
göstərəcək. Sizcə, belədirmi?
-
Bilirsiniz ki, bu qərara bir ilə yaxındır
hazırlaşırıq. Azərbaycan prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə milli serial
çəkilişini stimullaşdırmaq və dəstəkləmək
məqsədilə televiziya şirkətlərinə xüsusi
qrant ayrılıb. Bu qrant da ona yönəlib ki, xarici
teleserialların yayımı dayandırılanda yarana biləcək
müəyyən efir boşluğu kompensasiya olunsun. Gec-tez
bütün sivil ölkələr kimi Azərbaycan
televiziyaları da milli mentalitetə uyğun teleserial çəkilişinə
başlamalı idi. Bəziləri başlayıb, bəziləri
başlamaqdadır. Düşünürəm ki, gec-tez biz
buna başlamalı idik. Bütün dünya ölkələrində
teleseriallar millidir.
Əlbəttə,
müəyyən xarici filmlər də olur. Amma balans
yaradılmalıdır. Təəssüf ki, Azərbaycan
televiziyaları arasında elə bir yarış gedir, səhərdən
axşama qədər xarici ölkələrin Azərbaycan
mentalitetinə, mənəviyyatına zidd teleserialları
göstərilir. Düzdür, bu filmlər Azərbaycan dilində
göstərilir, lakin fərqi yoxdur, yenə də bizim
mentalitetə uyğun gəlməyən filmlərdir. Ona
görə də mən bu qərarı dəstəkləyirəm,
hesab edirəm ki, may ayının 1-dən əcnəbi
teleserialların kəsilməsi bizim üçün heç
bir itki olmayacaq. Buna görə heç bir televiziyamız
bağlanmayacaq.
Vaxtilə
ümummilli lider Heydər Əliyev latın qrafikasına
keçidlə bağlı sərəncam verəndə də
deyirdilər ki, qəzetlər bağlanacaq, problemlər
yaşanacaq. Amma göründüyü kimi, heç bir problem
yaşanmadı. Sonra bəlli oldu ki, elə ən doğru qərar
bu idi. Azərbaycan televiziyaları milli teleserial çəkilişini
nizama salacaq və tamaşaçılar öz
teleseriallarımıza baxacaq.
- Azərbaycan telekanallarının
çoxu Türkiyə serialları göstərir. Bu
teleserialların yayımının dayandırılması
Türkiyə ilə münasibətlərdə problem yarada
bilərmi?
- Mən
hesab etmirəm ki, kanalların çoxu Türkiyə
seriallarını göstərir. İki televiziyada – İTV-də
və “Space”də səhərdən-axşama qədər
Hindistan serialı gedir. Digərlərində isə Braziliya və
Meksika seriallarıdır. Əlbəttə ki, bunların
arasında Türkiyə serialları da var.
Düşünmürəm ki, türk qardaşlarımız
Azərbaycanda milli teleserial çəkilişinin
stimullaşmasını özlərinə qarşı
addım kimi qəbul etsinlər. Ən azından ona görə
ki, Türkiyənin Azərbaycanda birbaşa yayımlanan TRT
kanalı var. Orda bu seriallar dublyajsız və birbaşa gedir.
Azərbaycanın kabel televiziyasında bütün Türkiyə
kanalları var, bu sistem bütün Azərbaycan ərazisinə
yayılır. Yəni vətəndaşlarımız
üçün seçim imkanı var. Milli teleserailın
yaranması, stimullaşması dövlətin siyasətidir.
- Bəs keyfiyyət necə olacaq?
Artıq bir neçəsi çəkilib. Bəlkə
tamaşaçıya seçim imkanı verilərdi?
- Başa
düşürəm, amma yavaş-yavaş biz öz səviyyəmizi
də tutmalıyıq. Azərbaycanda bu gün Harvard səviyyəsində
universitet qura bilmiriksə, o demək deyil ki, bütün
universitetləri bağlayıb gəncləri Harvarda göndərməliyik.
Zaman-zaman Azərbaycan teleseriallarının səviyyəsi
dünya teleseraillarının keyfiyyət səviyyəsinə
gəlib çıxacaq. 10 il bundan əvvəl Türkiyədə
Şaban filmləri vardı. Amma görün 10 il ərzində
Türkiyə teleseriallarının səviyyəsi necə
yüksəldi. Qardaş ölkənin bu sahədə əldə
etdiyi uğur bu gün dünya səviyyəsinə
çatıb, Türkiyə serialları dünya serialları
ilə rəqabətə girib. Bu mənada Azərbaycan
yaradıcılığının, Azərbaycanın kino sənayesinin,
dramaturgiyasının yavaş-yavaş dünya səviyyəsinə
çatacağına inanıram.
Televiziyalar reytinq arxasınca
qaçır
- Cəmiyyətdə
televiziyaların fəaliyyətindən narazılıq var.
Parlamentin iclaslarında da bir neçə dəfə
televiziyalar tənqid olunub. Ziyalılar, müxalifət
partiyaları dəfələrlə telekanallardan
narazılıq edib. Nəhayət, Nazirlər Kabinetinin 16 aprel
iclasında prezident İlham Əliyev televiziyaların fəaliyyətini
tənqid etdi. Bu sahədə əsas problem nədir?
- Təəssüf
hissi ilə qeyd edilməlidir ki, Azərbaycan teleməkanında
vəziyyət o qədər də ürəkaçan deyil.
Nazirlər Kabinetinin aprelin 16-da keçirilən iclasında cənab
prezident İlham Əliyev də bu məsələyə
toxundu, mətbəx verilişləri ilə bağlı
mövqeyində bu narazılıq ifadə olundu. Dövlət
başçısı həmin verilişlərdə
sağlam qida mədəniyyətinin təbliğ
olunmasının vacibliyini vurğuladı. Qeyd etdi ki, mətbəx
verilişlərində bəzən Azərbaycan mentalitetinə,
mətbəx mədəniyyətinə, dəyərlərinə
zidd hallar olur, sağlam qida mədəniyyəti təbliğ
olunmur, əksinə, bu işə xələl gətirilir.
Amma
problemlər yalnız bu deyil. Televiziyalarda çox veriliş
var ki, Azərbaycan cəmiyyətinin ayrı-ayrı təbəqələrini,
xüsusən də ziyalıları, yaradıcı kəsimi
qane etmir. Müxtəlif dövrlərdə bunun səbəblərini
araşdırmışıq. Əsas səbəb odur ki,
televiziyalar reytinq arxasınca qaçır. Bəzi hallarda isə
onlar yalançı reytinq göstəricilərinin köləsinə
çevrilir. Milli-mənəvi dəyərlərə, Azərbaycan
mentalitetinə, əhalinin tələbatına,
ayrı-ayrı zümrələrin ehtiyaclarına söykənərək
yaxşı verilişlər yaratmaq, ən yaxşı
nümunələri ekrana çıxarmaq əvəzinə
daha çox sensasiya, bayağı şou arxasınca
qaçırlar. Bu da cəmiyyətin haqlı olaraq
televiziyalardan narazı qalmasına gətirib
çıxarır və bunu nümayiş etdirir. Bir daha təkrar
edirəm ki, bu, reytinq məsələsidir.
Artıq
dünyada ayrı-ayrı ölkələr reytinqölçmə
kampaniyalarının fəaliyyətinə müdaxilə edir,
onların işinin şəffaflığını təmin
etməyə çalışırlar. Görünür, biz
də zaman-zaman bu işin üzərinə yeriməli
olacağıq. Şəffaflığı, ölçü
meyarları şübhə doğuran, bəzən müəyyən
qrup insanın istək, arzu və zövqü üzərində
qurulan reytinqölçmə texnologiyası neçə illərdir
ki, Azərbaycan televiziyalarını bayağı şou
arxasınca qaçmağa yönəldir. Bu da bizim milli
mentalitetimizə ziddir. Dövlət buna dözə bilməz.
Problemləri aradan qaldırmaq üçün yəqin ki, həmin
reytinqölçmə texnologiyalarının üzərinə
gedəcəyik, onların fəaliyyətinin şəffaflaşdırılması
istiqamətində addımlar atacağıq.
- Burada
bir ziddiyyət var. Televiziyalardan narazı olan ekspertlərin,
siyasətçilərin, müxalifət partiyalarının,
QHT-lərin, ziyalıların vəziyyətə ciddi təsir
etmək imkanları yoxdur. Amma onlarla eyni formada narazı olan
hakimiyyət nümayəndələrinin vəziyyətə
müdaxilə, təsir etmək üçün geniş
imkanı və səlahiyyəti var. Çünki
telekanalların sayı çox deyil və onlar hakimiyyətə
bağlıdırlar, müstəqil biznes subyekti olmaqdan
çox ideoloji işi həyata keçirirlər, hakimiyyətlə
siyasi bağlılıqları mövcuddur. Belə olan halda
narazılıq etməkdənsə vəziyyətə
müdaxilə edib problemləri aradan qaldırmaq daha doğru
olmazmı?
- Əksinə,
sizin dediyinizdən tam fərqli olaraq televiziyalar müstəqil
biznes subyektləridir. Onların hakimiyyətlə
bağlılıqları şərti ölçü və
şərti dəyərləndirmədir. Hər bir televiziya
kommersiya strukturu olaraq ilk növbədə özünü
saxlamalıdır. Əgər kommersiya strukturu
özünü maliyyələşdirib saxlamırsa, onun
ideoloji fəaliyyəti yalnız dövlətə və cəmiyyətə
məxsus olur.
Cəmiyyət,
dövlət, bütün əhali, idarəçiliyi həyata
keçirən hakimiyyət televiziyaların ideoloji işinə,
onun tərbiyə, mənəviyyatın qorunması,
yaşadılması, təbliğ olunması funksiyalarına
daha çox ehtiyac duysa da, televiziyalar bir kommersiya strukturu kimi
yaranıb. Özəl televiziyalar fəaliyyətlərini əsasən
reytinqli, pul, reklam gətirən verilişlərə yönəldir.
Ona görə də dövlətin bunlara müdaxiləsi o qədər
də asan deyil. Ola bilər ki, bu, kimlərəsə asan
görünür. Amma belə deyil. Dövlət nə etməlidir?
Ya televiziyaları pulla təmin etməlidir, onların
yaşaması üçün lazım olan vəsaiti dövlət
büdcəsindən ayırmalıdır, ya televiziyaların
özlərini saxlamaq üçün şou axtarmalarına
dözməlidir, ya da televiziyaları bağlamalıdır.
Qoy cəmiyyət bu üç seçimi bilsin və buna
cavab axtarsın.
Biz nə
etməliyik? Bundan sonra da televiziyaların sayını
artırıb, bunu bir qədər də
bayağılaşdırmalıyıq, yoxsa bu sahəyə
hansısa bir məhdudlaşdırıcı veto
qoymalıyıq, yaxud özəl televiziyalara dövlət
büdcəsindən ayırmalar olmalıdır və ya
reytinqölçmə mexanizmləri şəffaflaşdırılmalıdır?
Necə olur ki, cəmiyyətin böyük bir qismini,
ziyalıları qane edən veriliş hansısa
reytinqölçmə qrupuna cəlb olunmuş insanları
razı salmır? Hesab edirəm ki, bu məsələlərdə
müəyyən qaranlıq məqamlar var və yəqin ki,
biz bunun üzərinə gedəcəyik.
(Ardı var)
Aynur İMANOVA
İmdad ƏLİZADƏ
Kaspi.-2012.-18 aprel.-S.3.