3 faiz səs
toplaya bilməyənlər ciddi partiya sayıla bilməzlər
Əli Həsənov: «Biz
partiyaları üç qrupa bölmüşük. Bunlar
seçkinin qalibi olan partiyalar, bir qədər səs
toplayıb parlamentə düşən partiyalar və 3 faizədək
səs qazanan, amma Milli Məclisdə təmsil olunmayan
partiyalardır»
Prezident Administrasiyası
ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənovun “Media forum” saytına
müsahibəsini təqdim edirik.
(əvvəli ötən
sayımızda)
Partiyaların sayının
çoxalmasındansa keyfiyyətinin yaxşılaşması
daha əlverişlidir
- “Siyasi partiyalar haqqında” qanuna təklif
olunan dəyişikliklər aprelin 20-də Milli Məclisdə
müzakirəyə çıxarılacaq. Bu layihədə
mübahisə yaradan əsas müddəa partiyaların
dövlətdən maliyyələşməsi mexanizmi ilə
bağlıdır. Təklif olunan mexanizmə əsasən,
ayrılacaq vəsaitin 50 faizinədək hissəsini hakim Yeni
Azərbaycan Partiyası alacaq. Parlamentdə təmsil olunmayan,
amma seçkilərdə 3 faizədək səs toplayan
partiyaların da dövlətdən maliyyə alması nəzərdə
tutulur. Amma hətta belə olan halda da AXCP, Müsavat
Partiyası və digər müxalifət partiyaları
dövlətdən maliyyə dəstəyi ala bilməyəcək.
3 faizlik baryerin aşağı salınması
mümkündürmü?
-
“Siyasi partiyalar haqqında” qanuna təklif olunan dəyişikliklər
layihəsinin müəlliflərindən biri də mənəm.
Dəyişikliklər layihəsini hazırlayarkən qanunun tək
hüquqi anlamını deyil, həm də onun siyasətini nəzərə
almışıq. Azərbaycanda vətəndaş cəmiyyəti
institutlarının inkişafı, dərinləşdirilməsi,
getdikcə təmərküzləşərək ciddi siyasi
instituta çevrilməsi nəzərə alınıb. Azərbaycan
kimi kiçik dövlətdə 50-dən artıq partiya var.
Ona görə də zaman-zaman Azərbaycan o həddə gəlib
çatmalıdır ki, partiya dedikdə insanların təfəkküründə
həqiqi siyasi institut, hakimiyyəti idarə etməyə
qadir, cəmiyyəti təmsil edə biləcək institut təsəvvür
olunsun. Qanunun siyasətinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan
cəmiyyətində həm mövcud vəziyyət, həm də
siyasi institutların perspektivi burada nəzərdə
alınsın.
Əlbəttə
ki, parlamentdə müxtəlif fikirlər səslənəcək,
layihəyə çox yaxşı əlavələr, təkliflər
də ola bilər. O vaxt Venesiya Komissiyasında da müxtəlif
fikirlər səsləndirilmişdi. Necə olacaq, nə təhər
olacaq, bu, sonrakı prosesdir.
Dəyişikliklər
layihəsində partiyalar üç yerə ayrılıb. Maliyyələşmə
də belə gedir: hakim partiya – mövcud qalib partiya, yəni
hakimiyyətin bütün strukturunu formalaşdıran,
dövlətin idarəçiliyini həyata keçirən
partiya; ikincisi, parlamentdə yer qazanan digər partiyalar –
qanunverici hakimiyyətdə bəlli təmsilçilik
norması olan partiyalar; üçüncüsü, parlamentdə
təmsil olunmayan partiyalar. Biz bu institutları da
unutmamışıq, çünki gələcəkdə
parlamentə düşməyən partiyalar da dərhal
özünü buraxmamalıdır, əksinə, kənarda
qalmalarına müvafiq olaraq birləşməli,
qruplaşmalıdır. Yəni özünəməxsus
güc mərkəzinə çevrilərək növbəti
parlamentdə əsas iddiaçılara çevrilməlidirlər.
Ona görə də 3 faizlik baryer bizim üçün ədalətlidir
və dünyada belə məsələdə bundan
aşağı hər hansı rəqəmi təsəvvürümə
də gətirmirəm. 3 faizlik baryeri bu seçkidə qazana
bilməyən partiya gələcək seçkilərə qədər
mütləq başqaları ilə birləşməli,
onların arasında birləşmə stimulu olmalıdır.
Bu da həmin siyasi partiyanın güclənməsini, fərqli,
daha güclü instituta çevrilməsini təmin etməlidir.
O ki
qaldı 40-50 faiz məsələsinə, bu da parlamentdə
müzakirə olunacaq. Onu deyim ki, bu təkcə parlamentin indiki tərkibinin
strukturuna görə deyil. Yəni YAP-ın
deputatlarının sayının daha çox olması, buna
görə daha çox pul alması, digər partiyanın isə
bir deputatı olduğuna görə az pul alması kimi məqamlar
parlamentin indiki tərkibinin doğurduğu reallıqdır.
Biz nəzəri baxımdan elə götürmüşük
ki, növbəti parlamentdə belə olmaya da bilər.
İndiki göstəricilər 20, 30, 40, 70 faiz miqyasında dəyişə
bilər. Biz dünya ölkələrinin təcrübəsini
əsas götürmüşük. Həmin təcrübə
necədir? Vəsaitin 40-50 faizi qalib partiyaya düşür,
qalanı isə paylanır. Ayrılacaq vəsait
partiyaların ümumi gücünə, say tərkibinə və
cəmiyyətdə kəsb etdiyi əhəmiyyətə, cəmiyyətdə
qəbul olunduğu dəyərə görə
bölündüyündən bunu ədalətli bölgü
kimi qəbul etmək lazımdır.
- Sizcə,
qanunun təzələnməsi Azərbaycanda siyasi müstəvidə
nəyi dəyişəcək?
- Təklif
olunan dəyişikliklər açıqlanıb və
müxtəlif siyasi qüvvələr, düşərgələr
bunu fərqli formalarda dəyərləndirirlər. Dövlət
maliyyələşməsinə düşməyənlər
hesab edirlər ki, 3 faizlik kvota aşağı
salınmalıdır və başqa partiyalar da pul
almalıdır. Seçkinin qalibi olan partiya isə deyir ki,
onlara az vəsait düşür, payları daha çox
olmalıdır, ayrılacaq dövlət vəsaitinin 90 faizi
onlara verilməlidir, qalan 10 faiz isə digər siyasi təşkilatlar
arasında bölünməlidir. Parlamentə düşən,
amma həddən artıq azlıqda qalan, bir-iki deputatla təmsil
olunan partiyalar düşünürlər ki, maliyyələşmədə
onların payları artırılmalıdır. Nə qədər
partiya varsa, bir o qədər də fikir var. Siyasi mülahizələrin
çox olması onu göstərir ki, “Siyasi partiyalar
haqqında” qanun üzərində sonsuzluğa qədər
işləmək mümkündür. Amma dəyişikliklər
layihəsi hazırlanarkən burada yalnız hüquqi normalar,
bu günün siyasi reallıqları nəzərə
alınmayıb. Eyni zamanda Azərbaycanın gələcək
siyasi palitrası, burada cərəyan edəcək proseslər
nəzərə alınıb.
Qanunun
hüquqi tərəfi və siyasəti var. Təklif olunan dəyişikliklərdə
cəmiyyətin gələcək siyasi inkişafına, siyasi
cəhətdən strukturlaşmasına və siyasi
palitrasına yönəlmiş addımlar var. Mən bunun
mahiyyətini qısaca olaraq belə diqqətə
çatdırardım ki, biz partiyaları üç qrupa
bölmüşük. Bunlar seçkinin qalibi olan partiyalar,
bir qədər səs toplayıb parlamentə düşən
partiyalar və 3 faizədək səs qazanan, amma Milli Məclisdə
təmsil olunmayan partiyalardır. Biz istəyirik ki, gələcəkdə
bu üç institut arasında münasibətləri
yarış fonuna keçirək. Çöldə qalanlarla
seçkidə qələbə qazananlar və azlıqda
olanlar arasında həqiqi, demokratik yarış mühiti
formalaşsın. Baryeri aşa bilməyən, parlamentə
düşməyən partiyalar gələcəkdə təmərküzləşərək,
birləşərək, səylərini, güclərini, tərəfdarlarını
bir araya gətirərək güclü və ciddi instituta
çevrilsinlər. Ciddi instituta çevrilən partiya isə
artıq hakim partiya olmaq uğrunda mübarizə aparsın.
Parlamentdə azlıqda qalan partiyalar da öz aralarında təmərküzləşsinlər,
daha yaxşı güc mərkəzinə çevrilsinlər.
Hesab edirik ki, dinamika kəmiyyətə deyil, keyfiyyətə
yönəlməlidir. Partiyaların sayının
çoxalmasındansa keyfiyyətinin yaxşılaşması
daha əlverişlidir.
- Cəmiyyətdə əsas
müxalifət partiyaları kimi tanınan Müsavat və
Xalq Cəbhəsi partiyaları maliyyələşmədən
kənarda qalırsa, bu mexanizm nə qədər effektli olacaq?
- Hesab
edirəm ki, təklif olunan dəyişikliklər bu partiyalarda
növbəti seçkilərə daha yaxşı hazırlaşmaq
üçün stimul yaradacaq. 2015-ci ilin seçkisi çox
da uzaqda deyil. 2015-ci ilin parlament, yaxud 2013-cü ilin prezident
seçkilərində və digər seçkilərdə bu
partiyalar fəaliyyətlərini, səylərini birləşdirsinlər,
güclərini artırsınlar. Bunun nəticəsində isə
növbəti seçkilərdə dövlətdən maliyyələşən
partiyalar sırasına düşsünlər. Maliyyələşmə
üçün nəzərdə tutulan baryeri 3 faizdən
aşağı salmaq cəmiyyətin siyasi
institutlaşmasını məhv etmək deməkdir. Əgər
3 faizdən aşağı səs toplayan partiya dövlət
maliyyələşməsinə düşsə, o zaman Azərbaycanda
nə qədər siyasi iddialı insan varsa, bir o qədər
də partiyanın yaradılmasının şahidi
olacağıq.
- Müxalifət hesab edir ki, sonuncu
parlament seçkisi azad, ədalətli, demokratik olmayıb və
onlar seçkidə rəsmi şəkildə göstəriləndən
daha çox səs toplayıblar. 3 faizədək səs
almayan partiyaların başqa mexanizmlə maliyyə alması
mümkündürmü?
- Əgər
partiyalar maliyyə almaq istəyirlərsə, buna nail olacaqlar.
Bunun üçün müvafiq olaraq qanunun tələblərinə,
proseduralarına əməl etməlidirlər, seçkilərə
qatılmalıdırlar, 3 faizdən artıq səs
toplamalıdırlar. Əgər 3 faiz səs toplaya bilmirlərsə,
deməli, onlar ciddi partiya sayıla və dövlət maliyyələşməsinə
düşə bilməzlər.
Onların
hansı ildə seçkilərin necə keçirilməsi,
nələrin baş verməsi haqda iddialarına gəlincə,
bunlar hamısı siyasi mülahizələrdir. Dövləti
həmin mülahizələrlə idarə etmək, siyasətini
onunla formalaşdırmaq olmaz, xüsusən də qanunvericilik
fəaliyyətini. Hesab edirəm ki, bu partiyalar özləri
bir yol tapacaqlar, dövlətin ciddi institutuna çevrilmək,
onun maliyyələşməsi prosesində iştirak etmək
və həmin vəsaitin böyük bir qismini əldə etmək
üçün müxtəlif yollar arayacaqlar.
- Qanun dəyişdiriləndən
sonra partiyaların proqramları Ədliyyə Nazirliyində
qeydiyyata alınmalıdır. Bununla bağlı YAP və
müxalifət partiyalarının mövqeyi üst-üstə
düşür. Onlar hesab edirlər ki, partiya
proqramının Ədliyyə Nazirliyində qeydiyyata
alınması doğru deyil.
- Bunlar
texniki məsələlərdir. Siyasi partiyanın fəaliyyətinin
əsasında hakimiyyətə gəlmək, bunun uğrunda
qanun çərçivəsində mübarizə aparmaq,
hakimiyyətə gələcəyi təqdirdə görəcəyi
işləri siyasi cəhətdən əsaslandırıb cəmiyyətə
bəyan etmək dayanır. Ona görə partiyaların siyasi
proqramları tez-tez dəyişə bilməz. Taktiki işlər,
vəzifələr, proqramın həyata keçirilməsi ilə
bağlı digər məsələlər dəyişə
bilər. Proqramlar isə qurultayda, partiyanın ali
qurumlarının iclaslarında qəbul olunur.
Amma dəyişikliklər
layihəsi, qanun “Quran” ayəsi deyil ki, ona heç kim
toxunmasın, təklif, irad bildirməsin. Layihəni bir qrup
hazırlayıb və prezident İlham Əliyev onu dəstəkləyərək
parlamentə göndərib. Parlamentdə hansısa əlavələr,
dəyişikliklər ola bilər. Əgər hansısa
müddəa məqbul hesab olunmursa, parlamentin onu dəyişdirməyə
tam ixtiyarı var. Amma partiyaların cari fəaliyyəti,
taktikaları ilə siyasi proqramını bir-birinə
qarışdırmaq lazım deyil.
Siyasi partiya hakimiyyətə gəlməyə
iddialıdırsa, onun maliyyələşməsində şəffaflıq
olmalıdır
- Dəyişikliklər layihəsinə
görə, partiyalara ianə verən insanların kimliyi açıqlanmalıdır.
Müxalifət partiyaları bununla razılaşmır. Onlar
deyirlər ki, indi onsuz da müxalif siyasi təşkilatlara ianə
verən yoxdur, ianə verənlərin kimliyinin
açıqlanması qanuniləşsə, onda müxalifətə
heç kömək edən olmayacaq. Həmin müddəanın
dəyişdirilməsi mümkündürmü?
- Bu
bütün dünyada belədir. Əgər insan hansısa
aksiyaya qoşulursa, ianə verirsə, sponsorluq edirsə, bunu
şəffaf formada həyata keçirməlidir. Bütün
dünyada ianə verənlərin şəxsiyyəti ona
görə açıqlanır ki, vergidən yayınma
olmasın, fəaliyyətin şəffaflığı təmin
edilsin, ianə verən, yardım edən şəxslərin
hüquqları başqa insanlar tərəfindən mənimsənilməsin.
Mümkün mənfi halların qarşısını almaq məqsədilə
belə bir mexanizm həyata keçirilir. Əvvəlki illərdə
Azərbaycanda da bu sahədə ciddi narahatlıq və
narazılıqlar olub, bunlar hamıya məlumdur. Kimliyi
açıqlanmayan, qeyri-şəffaf mənbələr gizli
formada anti-Azərbaycan fəaliyyətini maliyyələşdiriblər.
Sonda bu, partiyaların müxtəlif xarici dairələrin təsir
altına düşməsinə gətirib
çıxarıb. Belə partiyalardan maliyyənin haradan gəldiyini
soruşanda mənbəyi məlum olmayan ianələri
göstərirlər, pulun ianələr olduğunu, fəaliyyətlərinin
bunun hesabına maliyyələşdiyini iddia edirlər. Tarixən
belə olub ki, mənbəyi bilinməyən sərmayə
yaxşı işə xidmət etməyib, bu, faktiki olaraq
mümkün deyil. Ona görə də əgər siyasi
partiya cəmiyyətin bir institutudursa, Azərbaycanda hakimiyyətə
gəlməyə iddialıdırsa, bunun uğrunda mübarizə
aparırsa, onun maliyyələşməsində şəffaflıq
olmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir.
- Parlamentdə 11 siyasi partiya var.
Onlardan 2-si parlament seçkisində partiya kimi iştirak etməyib,
1-i isə seçkidən sonradan dövlət qeydiyyatına
alınıb. Bu partiyalara da dövlət büdcəsindən
vəsait veriləcəkmi? Ümumilikdə partiyalara nə qədər
vəsait ayrılacaq?
-
Bunu hələlik hesablamamışıq. Çünki dəyişikliklər
layihəsi konkret olaraq bu parlament, indiki siyasi palitra
üçün hazırlanmayıb. Qanunun məntiqi, fəlsəfəsi
Azərbaycanın gələcək siyasi palitrasının
formalaşmasına, siyasi inkişafına,
yaxşılaşmasına xidmət edir. Ona görə də
indiki parlamentdə qanunun hansısa müddəasının tətbiqi
sahəsində müəyyən problemlər yarana bilər.
Amma parlament də problemlərin yaranmaması üçün
təkliflər vermək, onu həyata keçirmək
üçündür.
...Belə şeyi yalnız Azərbaycan
müxalifəti edə bilər
- Azərbaycan “Avroviziya” mahnı
yarışına hazırlaşır. Eyni zamanda müxalif
İctimai Palata elan edib ki, “Avroviziya 2012”yə qədər
vicdan məhbusları, xüsusən də 2011-ci ilin aprel
ayının 2-də Bakıda keçirilmiş aksiyaya görə
həbs olunan şəxslər azadlığa buraxılmasa,
etiraz aksiyaları təşkil ediləcək. Mahnı
yarışı başlanana qədər Azərbaycanda
növbəti əfv sərəncamının imzalanması,
yaxud başqa bir formada müxalifətin və bir sıra təşkilatların
vicdan məhbusu saydığı şəxslərin
azadlığa buraxılması mümkündürmü?
Ümumiyyətlə, İctimai Palatanın “Avroviziya 2012”
müsabiqəsi keçirilən günlərində paytaxtda
aksiyalar təşkil etməsini gözləyirsinizmi?
- Təəssüf
edirəm ki, bu halda da Azərbaycan müxalifəti anti-dövlət
mövqeyini ortaya qoyur. Müxalifət bir daha nümayiş
etdirir ki, onun üçün dövlət, millət adlı
ali məfhumlar yoxdur, konkret təkliflərinin
reallaşması əsasdır. Müxalifət deyir ki, ya bu təkliflər
həyata keçəcək, ya da o, bunun hansı mahiyyət kəsb
edəcəyindən, millətin, dövlətin imicinə
hansı zərbə vurulacağından asılı olmayaraq
istədiyini edəcək. Amma bu, yaxşı hal deyil. Mən
təsəvvür etmirəm ki, Ermənistan müsabiqədə
qalib olaydı və erməni cəmiyyətində müxalifət
çıxıb bu müsabiqənin keçirilməsinin əleyhinə
çıxışlar, bəyanatlar verəydi. Mən bunu təsəvvür
etmirəm. Belə şeyi yalnız Azərbaycan müxalifəti
edə bilər.
O ki
qaldı məhbusların azadlığa çıxması məsələsinə,
bununla bağlı nəsə deyə bilmərəm. Çünki
bu məsələ müstəsna olaraq Əfv Məsələləri
Komissiyasının təklifi əsasında həyata
keçirilir. Komissiya hesab etsə ki, bu insanlar buraxıla bilər,
bununla bağlı cənab prezidentə məruzə olunsa və
dövlət başçısını inandıra bilsələr,
müvafiq olaraq əfv sərəncamı da imzalana bilər.
Amma bunu da kənara qoyaq. 1993-cü ildən başlayaraq Azərbaycan
dövlətinin siyasəti birmənalı olaraq yalnız
ümumi maraqlara, Azərbaycan millətinin maraqlarına əsaslanır.
Hər hansı təklif Azərbaycan xalqının
marağına cavab verirsə, nəzərə alınır,
cavab vermirsə, onda kimin necə düşünməsi, hadisələri
daxildən, yaxud xaricdən necə qiymətləndirməsi,
hakimiyyətə təzyiq göstərməyə
çalışması əhəmiyyət
daşımır. Azərbaycan hakimiyyəti yalnız bir
mövqedən – Azərbaycan millətinin marağından
çıxış edir. Əgər həmin təkliflər
buna cavab verirsə, qəbul olunur. Başqa halda teatr göstərməyə
ehtiyac yoxdur.
Aynur İMANOVA,
İmdad ƏLİZADƏ
Kaspi.-2012.-19 aprel.-S.3.