Hələ görüləsi işlər çoxdur... 

 

Elçin Məmmədov: «2011-ci ildə vergi ödəyicilərinə göstərilən xidmətlərin spektri xeyli genişləndirilmişdir»

 

Ötən ilin əvvəlində təsdiq edilmiş «Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası»nın qəbul olunduğu vaxtdan ötən bir il ərzində görülən işlər və nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədova müraciət etdik.

- Elçin müəllim, Konsepsiyada qarşıya qoyulmuş başlıca məqsədləri qısaca necə ümumiləşdirmək olar?

- Konsepsiya hazırlanarkən insan amili prioritet kimi götürülmüşdü. Əsas məqsəd vergi ödəyiciləri ilə əlaqələri qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında,  quraraq vergi qanunvericiliyinə könüllü əməletmə prosesinin inkişaf etdirilməsi idi. Bu baxımdan, əsas hədəflərimizi bunlar təşkil edirdi:

elektron xidmətlərin tətbiqinin genişləndirilməsi;

vergilərin ödənilməsi prosesinin asanlaşdırılması elektron ödəmələrin tətbiqi;

vergi borclarının yaranmaması üçün profilaktik işlərin təşkili;

vergi apelyasiya sisteminin təkmilləşdirilməsi;

vergi ödəyicilərinə xidmət üsullarının yaxşılaşdırılması;

xidmət sahəsində çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi.

Konsepsiya hazırlanarkən qarşıya qoyulan ümdə vəzifələrdən birivergi ödəyicisinin maarifləndirilməsi idi. İnformasiya ötürücülərinin işinin məhsuldar və səmərəli olması bilavasitə informasiya daşıyıcılarının üzərinə çox böyük məsuliyyət qoyur. Vergi ödəyicilərinə xidmət idarəsi kimi bu məsuliyyətin yükünü dərk edərək, öz üzərimizə düşən işi innovativoperativ icra etməyə həmişə səy göstəririk.

- Dediklərinizi misallarla necə əyaniləşdirə bilərsiniz?

- Vergilər Nazirliyinin internet saytının yeni versiyasında naviqasiya rahatlığı, yeni bölmələrin istifadəyə verilməsi, məlumatların sayta üç - Azərbaycan, ingilis və rus dillərində yerləşdirilməsi təmin edilmişdir.

- «Video bələdçi» bölməsi Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir, bu bölmə saytın istifadəçilərinə audio-video görüntülü məlumat verir;

- «Vergi Apelyasiya Şurası» bölməsi vergi ödəyicilərinə Vergi Apelyasiya Şurasına elektron formada müraciət etmək imkanı yaradır;

- yeni açdığımız «Vergi və dövlət rüsumlarını hara köçürməli?» adlı bölmə vergi ödəyicilərinə dövlət xəzinədarlıq orqanlarında vergirüsumlar köçürüləcək bank hesablarının rekvizitlərinin VÖEN əsasında axtarış aparmağa şərait yaradır;

- «Vətəndaşların video qəbulu» bölməsi vasitəsi ilə ölkə vətəndaşlarının Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən onlayn rejimdə videoqəbulu imkanı yaradılmışdır.

- Konsepsiyanın təsdiq edildiyi vaxtdan keçən bir il ərzində həyata keçirilmiş hansı tədbirləri xüsusi qeyd etmək istərdiniz?

- 2011-ci ildə vergi ödəyicilərinə göstərilən xidmətlərin spektri xeyli genişləndirilmişdir. İl ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərinin sayı 14-dən 34-ə çatdırılmışdır.

 Eyni zamanda, 

• fiziki şəxslərin elektron formada vergi uçotuna alınmasının (e-qeydiyyatın) tətbiqinə başlanılmışdır;

fiziki şəxslərin fəaliyyətinin dayandırılması, filialın fəaliyyətinin dayandırılması, ƏDV qeydiyyatı, bankda hesab açılması, fəaliyyətin bərpası, hüquqi şəxsin fəaliyyətinin dayandırılması ərizə formalarının elektron formada tətbiq edilməsi təmin edilmişdir;

vergi borcları barədə məlumatların operativ çatdırılması məqsədilə vergi ödəyicilərinə səsli mesajlarla yanaşı, mobil telefonlara yazılı mesajların göndərilməsinə başlanılmışdır;

internet səhifəsində vergi ödəyicilərini vergi ödənişləri barədə məlumatlandırmaq məqsədilə «Vergi borcları üzrə kömək» adlı bölmə yaradılmışdır.

Nağdsız ödənişlərin stimullaşdırılması və POS-terminallardan istifadə barədə əhalinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində son vaxtlar intensiv işlər görürükbu sahəyə dair müxtəlif layihələrimiz vardır. Artıq idarə tərəfindən nağdsız ödənişlərin üstünlüklərini, o cümlədən ödəniş kartları, POS-terminallaronlardan istifadə qaydalarını özündə əks etdirən kitabça hazırlanmış və 30000 sayda nəşr etdirilərək vergi ödəyicilərinə çatdırılması üçün vergi orqanlarına göndərilmişdir. 

- 2011-ci il «195» Telefon-məlumat xidməti üçün hansı yeniliklər və uğurlarla yadda qalmışdır?

- 2011-ci ildə «195» Telefon-məlumat xidmətinin səmərəliliyinin artırılması istiqamətində yeni hazırlanmış proqram təminatında «Sual-cavab» bölməsi və təkmil axtarış sistemi yaradılaraq, bölməyə sual-cavabların əlavə edilməsi prosesinə başlanılmışdır. Zənglərin qeydiyyatı, müxtəlif parametrlərə görə hesabatların alınması və təhlillərin aparılması məqsədilə yeni proqram təminatı hazırlanıb istifadəyə verilmişdir.

Bununla yanaşı, 2011-ci ilin sentyabr ayında vahid Avropa standartını müəyyən edən sertifikatlaşdırma qurumu «Austrian Standards plus» tərəfindən Vergilər Nazirliyinin Telefon-məlumat xidmətinin EN-15838 Standartlarına uyğunluğu barədə sertifikat verilmişdir... 

- 2012-ci ildə vergi ödəyicilərinə xidmət sahəsində hansı yeniliklərin tətbiqi gözlənilir?

- Qarşıda duran əsas məqsədlər vergi qanunvericiliyinə əməletmə səviyyəsi və fəaliyyət sahələrini qruplaşdırmaqla vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə vahid standartların müəyyən edilməsidir.

Artıq bu sahədə bir neçə istiqamətdə işlər görülmüşdür. 2012-ci ildən yerli investisiyalı hüquqi şəxslərin e-qeydiyyatına başlanılmış, təqdim olunan elektron xidmətlərin siyahısı genişlənmiş, Twitter sosial şəbəkəsində nazirliyin rəsmi səhifəsi fəaliyyətə başlamışdır.

ABŞ-da tətbiq olunan vergi ödənişlərinin elektron federal sistemi, o cümlədən «Call Centre» vasitəsilə vergilərin ödənilməsi haqqında öyrənilmiş beynəlxalq təcrübədən yararlanaraq vergilərin elektron formada ödənilməsi və e-ödənişlərin tətbiqini reallaşdırmaq zəruri tələblər sırasında olmaqda davam edir.

Vergi ödəyicilərinin fəaliyyəti ilə bağlı fəaliyyət növünün dəyişdirilməsi, fəaliyyətin dayandırılması barədə ərizə və sənədlərin internet vasitəsilə təqdim edilməsinin tam başa çatdırılması qarşıda duran vacib məsələlərdən hesab olunur.

2012-ci ilin fevral ayından respublikanın regionlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinin yaradılması və vergi ödəyicilərinin istifadəsinə verilməsi, həmin mərkəzlərin funksiyalarının və göstərilən xidmətlərin çeşidlərinin genişləndirilməsi, orada çalışan işçilərin peşəkarlıq səviyyələrinin artırılmasına dair müvafiq tədbirlərin görülməsinə başlanılmışdır. Xidmət terminallarının xidmət mərkəzlərinə çevrilməsi təkcə formal xarakter daşımır, mühüm funksional əhəmiyyət kəsb edir - ödəyicilər vergi orqanları tərəfindən göstərilən bütün xidmətlərdən xidmət mərkəzlərində də yararlana biləcəklər.

- Görülən işlərin səmərəli olması üçün məlumatlandırma və təbliğat işindən necə istifadə olunur? Gələcəkdə bu sahədə hansı işlər nəzərdə tutulur?

- 2012-ci ildə də vergi maarifləndirilməsi və təbliğatı məqsədilə kütləvi informasiya vasitələri ilə əməkdaşlığın intensivləşdirilməsi, regionlarda yerli televiziya kanallarında efirə gedən «Vergi» verilişlərinin davamlı şəkildə təşkili nəzərdə tutulmuşdur.

Qarşımızda duran planlara gəldikdə, Vergilər Nazirliyinin nəzdində intellektual klubun yaradılması layihəsini qeyd etmək istərdim. Bildiyiniz kimi, gənclərimizin intellektual oyunlara böyük marağı var və bu maraq ölkə rəhbərliyi səviyyəsində də hərtərəfli dəstəklənir. Məhz bu səbəbdən, belə bir təşəbbüslə çıxış etdik. Layihəyə əsasən, klub ilkin olaraq «Azərbaycan» Universitetinin bazasında formalaşdırılacaq və daha sonra intellektual oyunlar üzrə Beynəlxalq Klublar Assosiasiyasında qeydiyyatdan keçirilməsi işinə başlanılacaq. Planımızda müntəzəm çempionatın, ölkədaxili və beynəlxalq turnirlərin təşkil olunması və s. var.

- Elçin müəllim, vergi ödəyicilərinə göstərilən xidmət vətəndaş olaraq Sizi qane edirmi?

- Deyə bilərəm ki, bu sahədə çox ciddi layihələr həyata keçirilmişdir. Təbii ki, görülən işlərin nəticəsi bizi sevindirir. Bütün görülən işlər, planlaşdırılan tədbirlər nəticədə vergi ödəyicilərinin vergi orqanlarına etibarını və inamını artırmağa və vergi ödəyicisi ilə vergi orqanı arasında əməkdaşlığa əsaslanır. Bütün nailiyyətlərimizlə yanaşı, qarşıda hələ görüləsi işlərimiz də çoxdur.

 

 

Qəhrəmanlı Fuad

 

Kaspi.-2012.-20 aprel.- S.12.