Anardan demək
Heyif
ki, ədəbiyyatla bağlı məsələlər
gündəmi bir qayda olaraq hansısa maraqlı əsərlə
yox, söz-söhbətlə, dedi-qodu ilə zəbt edir. Artıq
bizdə dəb halını alıb, ədəbiyyat
haqqında danışılanlar, ədəbiyyatın
özündən maraqlı olur. Son günlərdə hamının
müzakirə elədiyi məsələ yenə ədəbiyyatdı,
yenə onun əsas qəhrəmanı Anardı. Amma burada
böyük bir fərq var. Bu dəfə ədəbiyyat
gündəmə əsərlə gəlib.
Anar
həcv yazıb.
Həcvi
(oxu zərbəni) özünə götürən adamlar bu
vaxta kimi formalaşdırdıqları obrazlarının mahiyyəti
ilə daban-dabana zidd olan təzə məzmuna
bürünüblər. Deyirlər ki, buna bax, ağsaqqal
yazıçıdı, bizi necə təhqir eləyir!
Heç xalq yazıçısı da, ziyalı da etikadan kənar
ifadələr işlədərmi?
Bunlar nə yaman abırlı
olublarmış! Nə
tərbiyəli uşaqlar
imişlər! Sən
demə, qalın-palan
romacığazlarında, qəzetlərin
küncünü-bucağını dolduran yazı-pozularında
Azərbaycanın ədəbi
dilinin anasını ağladanlar, jarqonları,
ləhcələri ilə
ad çıxaranlar, əxlaqsız
ifadələri kitablarının
üz qabığına
çıxarıb imic
qazananlar və “bizim kitablarımız evdə arvad-uşaq yanında oxunmaq üçün deyil” deyə fəxr edənlər bunlar deyilmiş. Heç olmasa, Anarın
işlətdiyi ifadələrin
hamısını dilimizin
izahlı lüğətində
tapmaq olar, o sözləri ki, siz işlədirsiniz, onlara heç bir dilin lüğətində
yox, ancaq sizin üç aydan bir yazdığınız
romanlarda rast gəlmək olar.
Müsahibələri seçilmiş əsərlərinin
iki cildindən qalın olan başqa bir ağsaqqal yazıçı
isə ocağın üstünə benzin tökmək vərdişindən
qalmayaraq deyir ki, həcv bədii
cəhətdən çox
zəif alınıb. Doğrusu, başa
düşmək olmur,
bədiiyyatı zəif
edən nədir?
Bəlkə ona bundan da kəskin ifadələr lazımdı?
Yəqin
ki, bilməmiş olmaz, həcv elədir ki, bu cür əsərlərdə
müəllif bu və ya başqa
şəxsin yaramaz sifətlərini kəskin
dillə təsvir edərək, ona qarşı kin və nifrətini bildirir. Bunu mən yox, «Ədəbiyyatşünaslıq terminləri lüğəti»
deyir. Bəlkə kimsə həcvdə
kompliment gözləyirmiş,
deyə bilmərəm.
Nəhayət, “Anar niyə həcv yazmalıdı” sualı haqqında düşünmək gərəkdir. İllərdir hədəfə çevrilən,
ünvanına bütün
naqis sözlər yönləndirilən ağsaqqal
yazıçı kəskin
ironiyası ilə artıq təngə gəldiyini dilə gətirir. Adamı boğaza yığanda,
nəslini-kökünü, bir sözlə, yaradıcılığından savayı hər şeyini müzakirə predmetinə çevirəndə,
nə vaxtsa tutarlı cavab alacaqlarını gərək
gözləyəydilər. Bu dəfəki cavab,
tamam alayı cür oldu. Cavab onu eşitmək istəyənlərin yeddi
qatından keçdi.
Çünki bu dəfəki
yazı onu başa düşənlərin
dilində yazılmışdı.
Elə söz adamının ustalığı da ondadır ki, sözü onu başa düşənin öz dilində deyir. Hərçənd ki, ağıllının
özünü dəli
yerinə qoyması çox müşkül məsələdi, mən
deyərdim mümkünsüz
işdi. Sözün eşidilməyəndə,
daha doğrusu, sən başa düşülməyəndə hansı mənzərə
yaranar, sizcə?
Düşünürəm ki, indi çəkəcəyim misal
həmin mənzərəni
gözünüzün qabağında
canlandıracaq.
Olmuş
əhvalatdı, artırıb-əskiltmədən yazıram.
Deməli, Bakıda ali məktəblərdən birinin
professorlarından kiminsə oğlu tələbəlik
vaxtı ucqar dağ rayonundan gəlmiş qəşəng bir
qızı gözaltı eləyir. Atası cavanların təmiz,
saf məhəbbətini görüb, elçi getmək qərarına
gəlir. Dost-tanışını, alim həmkarlarını,
bir sözlə, sayılıb-seçilən ziyalıları
götürüb həmin dağ rayonuna elçi gedir. Bir dəfə…
iki dəfə… üç dəfə… Qızını
atası razı olmur. Razı olmur deyəndə ki, heç
professora qulaq asmır. Ensiz dağ yolunun yamacında qoyun otaran
bir çoban da görür ki, artıq neçə dəfədir
qara “volqa”lar kəndə dəyib dala qayıdır. Onu maraq
bürüyür, çomağını qabağa verib
maşınları saxlayır. Naçar qalan professor
çobanı məsələdən hali edir. Çoban deyir
ki, necə yəni qızı vermir, gedək mən onun «hə»sini
alaram. Çoban elçi gedilən evə çatıb
qızın atasını çağırır. Kişi
qapının ağzında görünən kimi başı
toppuzlu çomağı ilə qulağının dibinə
birini çəkir. Kişi lom kimi yerə yıxılır,
elə başını qaldırmaq istəyəndə
ağzının üstündən bir dənə də təpik
qoyur: «Ə, köpəy oğlu, Bakıdan dağ boyda
professorlar sənin qızına elçi gəlir, niyə
vermirsən, hıy». Kişi ağzının-burunun
qanını silə-silə qayıdır ki, «Ə, mən nə
bilim ki, onlar elçidilər. Niyə vermirəm ki… Məni sənin
kimi başa salan oldu ki, qızı vermədim…»
Anarın
həcvindəki kəskin ifadələr də həmin
çobanın toppuzlu çomağı kimi
yarımçıq adamların qulağının dibindən
elə dəydi ki, göynərtisi hələ illər uzun
çəkəcək. Yazıçılar Birliyi ətrafında
gedən müzakirələr, pul davası, ev növbəsi, nəsil,
şəcərə qarayaxmaları həmişə olub. Həmişə
də Fikrət Qoca yerli-yataqlı, qəzetin bir neçə
səhifəsini əhatələyən cavab yazıları
yazır, sonra Rəşad Məcid «Radikulit» radiosunun
suallarını cavablandırır, debatlara qatılır,
üzdən-gözdən olur, arxasınca «Üç badam» qəzeti
Elçin Hüseynbəylini əvvəlcə sual
yağışına, daha sonra top atəşinə tutur. Ara
bir az səngiyir… sonra yenə səs gəlir, «gəl
dalaşaq»… Amma bu dəfəki cavab nə bir səhifəlik
oldu, nə də ilişmək üçün əlyeri
qoydu. Bu dəfə həcv gəldi. Həcv deyirəm e sizə…
Orta əsr şərq ədəbiyyatının unudulmuş
şeir növü informasiya əsrinin reallıqlarını
necə dolğun ifadə edərmiş… Görünür, dəyişilən
sadəcə zamandır, düşüncəmiz hələ də
oralarda, əsrlərin ortasında qalıb.
Sizi
deyə bilmərəm, məni həcvin sonuncu bəndi yaman tutdu.
Gərək onun axırında mötərizə
açıb yazaydılar ki, ardı var. İnanıram ki,
ardı olacaq. Heç elə şey olar…
Natiq Məmmədli
Kaspi.-2012.-21-23 aprel.- S.15.