Muğam
ocaqdır: kimi ağac kötüyü gətirir, kimi
yarpaq
Alim Qasımov: “Mənə elə
gəlir ki, cismani dünyada darıxmayanın ağlı
yoxdur”
Mənəviyyatın bitdiyi yerdə
insanlığın ölümü başlayır. Hər bir
kəsin mənəvi qidaya ehtiyacı var və bu da ancaq incəsənətlə
mümkündür. Eşqli bir adamın qidalanmağısa
daha mümkünsüzdür, o adam qapısı-pəncərəsi
olmayan, eyni zamanda hər kəsin
də asanlıqla girə bilməyəcəyi bir dünyadan dəm
vurur. Ömrü boyu ora can atır, ora tələsir. Bu, nə
dərəcədə alınır, orası ta Allaha
qalır...
Mən Azərbaycan ədəbiyyatının,
Azərbaycan musiqisinin dəlisi, sevdalısıyam. Əsl
SÖZ elə burda deyilir, o sözü Tanrı yanına
qaldıran SƏS də elə mənim ölkəmdədi. O
qapısız-pəncərəsiz dünya elə
burasıdır...
Bu EŞQlə
çıxdığım yolda həmsöhbətim Azərbaycan
Respublikasının xalq artisti Alim Qasımovdur. Fərqli
ifası, insanı dəli eləyən sadəliyindən
doğan möhtəşəmliyi ilə bu adam bir başqa
adamdı. “Alim oxuyur...” deyiləndə sanki o sözü deyən
içindəki sevgini də bu iki kəlməyə qatıb,
dilinə gətirir. Alimin Allahın ona verdiyi sevgini səsinə
qatdığı kimi...
Qısa
müddətlik söhbətimizdəki səmimiyyəti
pozmadan elə-eləcə sizə ötürməyə
çalışacağam. Başqa cür bacarmaram, axı. Həmsöhbətim
Alimdi!
- Alim bəy, mən gəlməmişəm
sizdən soruşam ki, yaradıcılığa necə gəlmisiz?
Mən gəlmişəm deyəm ki, bu camaatdan nə istəyirsiz?
Siz oxuyanda ölüb-dirilən, özündən gedən...
-
(Gülür) Vallah, mən camaatdan heç nə istəmirəm,
nə istəyirəmsə özüm-özümdən istəyirəm.
- Özünüzlə davanız
nədi?
-
Bilmədiyim, görmədiyim bir yer, bir nəsə varsa mən
oranı görmək, oranı bilmək istəyirəm.
- Bilmədiyiniz,
tanımadığınız bir yerə camaatı niyə
arxanızca aparırsız?
-
Vallah bilmirəm ki. Elə o camaatın sevgisi, eşqidi ki, mən
daha çox gözəllik axtarıram. Elə bütün hər
şey məhz bundan irəli gəlir. Bilməməyimdən.
Çünki mən yolunu bilsəm, hər şey qurtarar.
- Nədi
muğam?
- Biz
ona muğam demişik, amma əslində məqamdır. Yəni yeri, məqamı gəldisə
de. Başlanılan yer, həmin an. Bu elə həmin andır.
- Nəyin başlanan yeri? Eşqinmi,
sevdanınmı, dəliliyinmi?
- Mənəvi
bir qidanın.
- Niyə boğulmaq istəyirsiz bu aləmdə,
nə tapırsız? Sizi tam ifadə eləyirmi muğam?
- Ola
bilsin ki, böyük ustadlar ölçüyə salıblar,
biz də məcburuq həmin o ustadların qanunlarını
qoruyaq. Eyni zamanda muğamın bir gözəlliyi də var ki,
oxuduğun zaman sənin öz halından çıxan müəyyən
qədər balaca-balaca hissələr əmələ gəlir.
Ona görə də bu hər kəsə maraqlıdır ki,
indiyə qədər kimsə sırf not üzərində
yazılan kimi oxumur. Hər ifaçı onu özü kimi
oxuyub, özününküləşdirə bilir. Yəni bu
sənətin də gözəlliyi və ölməzliyi
bundadır. Onu oxuyan su kimi, hava kimi necə qidalanırsa,
muğamdan aldığı qida ilə də ifasına dad
qatıb, muğamı da özünəməxsus ifa eləyir.
- Muğamın gücü sözdədimi,
səsdəmi?
- Bu
sualı çox veriblər mənə. Bilirsiz, bir qəzəldə
iki-üç dənə şah beyt olur, ona görə qəzəl
seçəndə elə edirik ki, o biri beytlər də bir az
halverici olsun. Bilirsiz, bu, hər kəsin öz qabiliyyətinə
görədir. Biz indi lap dərin, fəlsəfi qəzəllərə
gedib çıxa bilmirik, o qədər qəzəl
savadımız yoxdur. Özümüzə məxsus qəzəlləri
götürəndə isə, o qəzəl əlbəttə
bizə o əhval-ruhiyyəyə çıxmağa tez
kömək eləyir. Olmayanda da məcbur olub, o qəzəli
səslə bəzəyirsən, o da ki, çətin olur.
Amma söz dəyərli olanda, məntiqli olanda, sözün fəlsəfəsi
olanda musiqini tez canlandırır. Və insanı da, sənətkarı
da şövqə gətirir.
- Hamıdan təkləndiyiniz bir yer
varmı?
- Orda
dayana bilmirəm ki, heç. Guya hirslənib gedirəm, tez də
başlayıram darıxmağa. İnsanın heç yerdə
yeri yoxdu. Mənə elə gəlir ki, burda, cismani dünyada
darıxmayanın ağlı yoxdur.
- Evdə sizə bənzəyən
kimsə varmı?
- Məndən
yaxşıları var. Dəlisov yox, daha
ağıllısı. Elə götürək Fərqanə
xanımı, o, bütün
çılğınlıqları atıb kənara. Bu da yəqin
onun qadın olmağından, başını bağlayıb
Allaha ibadət eləməyindən irəli gəlir. Çox
səbirlə, təmkinlə, qadın ismətiylə elə
davranır ki, mən ona “bizim ağsaqqalımız” deyirəm.
Onun sənətdə deyəcək sözləri hələ
çoxdur. Öz yaşına görə müəyyən qədər
deyib, hardasa. Bilirsiz, o mənim qızım olduğuna görə
bunu mən yox, insanlar deyə bilər, amma elə
düşünürəm ki, tarixə düşə biləcək.
- Bu dəliliyi kişi olaraq
yaşamaq çətindir, ya qadın olaraq?
- Təbii
ki, kişi olaraq daha rahatdır. Amma qadın olaraq çox
çətindir. Qadın bu dünyanın, bu HAL-ın
adamıdırsa, gərək ömrüboyu şam kimi
yansın.
- Günahı nədir, axı?
- Allah onu
elə yaradıb. Qadın üçün çox çətindir
bu işlər. Bəlkə də elə qadın var ki, onun məqamı
bizimkindən də yuxarıdır, amma o Anadır, evi idarə
eləməlidir və məhz buna görə özünü
cilovlamalıdır.
- Alim bəy, mən elə bilirəm
ki, EŞQ də SEVDA da insanüstü bir hissdir. Bəlkə
də Allahın yanındadır.
Hər kəsdə Allahdan bir parça var və xoş
o kəsin halına ki, onu üzə vura bilir. Amma vay o günə
ki, içindən yanıb, məhv ola. Bu gün
muğamımızda o ilahiliyi səsinə verə bilənlər
çoxdumu?
-
Baxın, muğamı bir ocaq kimi düşünün. Bu
ocağı hərə tam qalamasa da, bir odun ata bilir. Kimin
gücü nəyə çatır, biri bir ağac
kötüyü gətirir, biri bir yarpaq...
- Bu cür mənəviyyatla bu cəmiyyətdə
yaşamaq necədir?
- Çətindir,
amma bacarmalısan. Ailə, uşaq, qayğılar, cəmiyyət...
Yəni təkbaşına çıxıb gedə bilmir
insan.
- Alim bəy, maraqlı bir məqam
var ki, bizim xalq musiqidən, şeirdən anlayır. Bunu bilə-bilə
bu efirlər niyə şüurlu şəkildə
insanları yüngüllüyə sürükləyir?
-
Çox qəribədir, elə bil insanların vaxtı yoxdur
düşünməyə. Səbrləri çatmır.
Götürək bizim toy məclislərini. Orda yeyilən yeməklər
də, musiqilər də hamısı başdan-ayağa xəstəlikdir.
- Niyə qəsd edirik
özümüzə?
-
Şan-şöhrət insanları xəstələndirib. O
efirlərdə verilənlər də olsun, amma az olsun, day
doxsan doqquz faiz yox ki.
- Sizə görə ağrı nədir?
- Nadanla,
köntöylə, sözü bütöv olmayanla
rastlaşanda bir az adam narahat olur. Biz də insanıq, əsəbimiz,
gərginliyimiz var, şeytan içimizi hərəkətə
gətirir. Hər vaxtı şeytanı cilovlaya bilmirik
axı.
- Niyə? Buna sevgimizin gücü
yetmir?
- Hələ
biz o səviyyəyə gedib çıxmamışıq ki,
həmişə bir HALda olaq. Ona görə də hərdən-birdən
o şeytanlar bizim içimizdə özlərinə yer edə
bilir. O sufilərin keçirdiyi hallar var a, elə bir vəziyyətə
gəlib çatırlar ki, onlara artıq şeytan hökm edə
bilmir. Onlar üçün rahat olur. Biz isə hər iki cəbhədə
vuruşuruq.
- Bəs gözəl olan?
- Dərk
eləyə bilsək, Allahın bizə
qıydıqlarının hamısı gözəldir. Bu
gözəlliyin xeyrini-şərini ayırd edə bilməsək
belə, bunun özü də gözəldir. Axı bunun belə
olduğunu bilmirik, fərqində deyilik. Hərdən-birdən
narazılıq bildiririk a, bunun özündə belə xeyir
var. Və əyər insan özü-özünü yükləyib
korlamasa, mənə elə gəlir ki, hamısı gözəldi.
- Elə
bil ki, siz oxuyanda sizi dara çəkirlər...
- Yox, mən
elə demirəm, deyirəm, hər səhnəyə
çıxanda mən azad oluram. Bir az da çətin olanda
deyirəm lap əkiz oldu balam (gülür).
- Sizə görə yaşamaq
çətindirmi?
-
Tamahımın arxasıyca düşsəm, çəx
çətindir. Amma tamahımı cilovlaya bilsəm, çox
rahatdır. Hər bir insanın tamahı ona yükdür, əziyyətdir.
Və kiminsə tamahı azdırsa, onun
yaşayışı çox gözəldir.
- Alim
Qasımova görə Azərbaycanda yaşamaq, fəaliyyət
göstərmək necədir? Niyə biz bizim olanlara sahib
çıxmağa başqasının təqdimatından
sonra cəhd edirik?
- Azərbaycanda
sənətkarın mədəni formada öz zəhmətindən
bəhrələnmək sistemi yoxdur. Bu, bəlkə də
bizim sayca az olmağımızdan irəli gəlir. Türkiyədə
bir müğənni bir kaset buraxdırsa, ondan ən azı
bir milyon normal gəlir əldə edə bilər. Bizdə isə
bu mümkün deyil. Pirat problemi var. Mənim otuz-otuz beş
ildir Azərbaycanda kasetlərim satılır, amma hələ
bir qəpik gəlir əldə edə bilməmişəm.
Yaxşı yadımdadır, efirdə bir dəfə rəhmətlik
Bəhram Mansurovla Mirzə Hüseyn oxudum, Mingəçevirə
konsertə gedəndə həmin o kasetlə rastlaşdım.
Köçürüb satırdılar. Nə halallıq, nə
də icazə alınmışdı. O sistem
formalaşsaydı, yəqin ki, indi mənim gəlirim də
dama-dama göl olardı. Eyni zamanda da yeni disklər, kasetlər
buraxdırmağa həvəs yaranardı.
- Muğamın qayğıları nədir?
- Heydər
Əliyev Fondu, Mehriban xanım Əliyeva yaşlı, gənc
nəsil sənətkarlara müəyyən maaş verir, ev hədiyyə
edir. Bu məqama qədər, hər bir şeyin mərkəzi
varıydı, muğamın yox. Mənə elə gəlir
ki, bu qurum da muğamın mərkəzi oldu. Sizə bir
şey deyim, mən oxuyan vaxtlarda hökumət tərəfindən
muğamata “ayağı çarıqlı, köhnə
qalıq” kimi baxırdılar. Cəhd edirdilər ki,
müasirləşdirsinlər və bu mənim çox
acığıma gəlirdi. Məhz bu qayğı sayəsində
muğam özünə bir pasport aldı və köhnəlikdən
qurtuldu.
- O diqqətdən sizə də pay
düşübmü?
- Hörmət
var, diqqət var, bu elə bir şeydir ki, kiməsə az, kiməsə
çox düşməyinin bir önəmi yoxdur. Əsas odur
ki, var. Şükür eləmək lazımdır.
Nigar İsfəndiyarqızı
Kaspi.-2012.-24 aprel.- S.11.