“O gənclərin beyinlərini zəhərləyiblər” 

 

Aytac Əliyeva: “Azərbaycan gəncliyi öz sözünü Yeni Azərbaycan Partiyası ətrafında sıx birləşməklə deyə bilir”

 

“Kaspi”nin suallarını Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva cavablandırıb.

- Aytac xanım, İctimai Palatanın (İP) təşkilatçılığı ilə keçirilən aksiyalara bəzi gənclərin də qatılmasına münasibətiniz necədir?

- Bilirsiniz ki, bu gün Azərbaycanda sərbəst toplaşmaq haqqında qanun var. Hər kəs bu qanunun imkan verdiyi çərçivədə sərbəst şəkildə toplaşa, öz sözünü deyə bilər. Fikirlərini, arzularını, istəklərini kütləyə çatdıra bilərlər. O ki, qaldı sözügedən mitinqdə gənclərin iştirakına, əgər onlar öz sözlərini orada deyə bilirlərsə, niyə də toplaşmasınlar? Azərbaycan demokratik ölkədir. İnsanların söz azadlığı, sərbəst toplaşmaq hüququ var. Buyursunlar orada da öz sözlərini desinlər. Biz buna öz etirazımızı bildirmirik. Əgər onların ora toplaşması qeyri-qanuni olsaydı, yəqin ki, aidiyyəti dövlət qurumları tərəfindən bunun qarşısı alınardı.

- Sizcə, gəncləri bu kimi aksiyalara cəlb edən nədir?

- Hər şeydən öncə qeyd edim ki, həmin aksiyalara toplaşan gənclər bütövlükdə Azərbaycan gənclərinin az bir hissəsini təşkil edir. Onların beyinləri bəzi işbazların, siyasətdən kənar insanların zəhərli fikirləri ilə doldurulur. Beləliklə də onları düzgün yoldan çəkindirirlər. Həmin gənclərdə mərkəzdən qaçma meyilləri olur. Hər kəsə bəllidir ki, bu gün cəmiyyətimizin avanqard gücünü Yeni Azərbaycan Partiyası təşkil edir. YAP öz ətrafında 250 mindən artıq gənci birləşdirir. Azərbaycan gəncliyi də öz sözünü bu siyasi təşkilatın ətrafında sıx birləşməklə deyə bilir. Bayaq söylədiyim kimi, İP-nın keçirdiyi aksiyalara gələn gənclər isə beyinləri zərərli fikirlərlə doldurulan həmyaşıdlarımızdır. Onlara sanki gözəl gələcək vəd edilib. Təbii ki, biz bunun tamam əksi olduğunu bilirik. O sözləri deyən, o vədləri verən insanların fəaliyyətini biz 1990-cı illərin əvvəllərində hakimiyyətdə olarkən görmüşük. Onların siyasətdən kənar istənilən işlə məşğul olduğunun şahidi olmuşuq.

- Bu kimi aksiyalara qoşulmaq həmin gənclərə nə kimi perspektivlər vəd edir?

- Onların bu aksiyalara qoşulmağı mənim yadıma riyaziyyatdakı “mənfi sonsuzluq” deyə bir amili – düsturu salır. Həmin aksiyalara gələn gəncləri heç bir perspektiv gözləmir. Çünki onlar seçimlərini düzgün etməyiblər. Onların beyinləri zəhərli fikirlərlə doldurulub. Qəti əqidəsi, amalı olmayan insanlarla bir addımlamaq onlara heç bir perspektiv vəd etmir.

- Bəlkə Azərbaycan dövlətinin gənclərə qayğısı yetərli deyil deyə həmin gənclər aksiyalar qoşulurlar?

- Cənab prezidentin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncamı var. Bu dövlət proqramını oxuyan gənci, radikal müxalifət təmsilçilərinin yanında görmək mümkün deyil. Çünki normal düşüncəyə malik olan, qarşısındakı məqsədini bilən gənc nə etmək lazım olduğunu yaxşı bilir. Gəlin Azərbaycanda, daha sonra isə qonşu dövlətlərdə gənclərə olan münasibətə baxaq. Elə götürək Gürcüstanın özünü. Gürcüstan il ərzində heç 500 gəncini xaricdə təhsil almağa göndərə bilmir. Buna gücü çatmır. Ancaq Azərbaycan hökuməti dövlət hesabına minlərlə gənci xaricdə təhsil almağa göndərir. Bu say ildən-ilə artır. Bu gənc alimlərə, bakalavr və magistrlərə də aiddir. Burdan belə nəticə çıxır ki, radikal müxalifət təmsilçilərinin yanında boş-boşuna gəzən, hələ də həyatda məqsədini, amalını tapa bilməyən gənclər yer alır. Belələri heç bir əzab-əziyyət çəkmədən, oxuyub-öyrənmədən qeyri-real tələblər səsləndirirlər. Mən həmin gənclərin keçirdiyi aksiyanı da internet üzərindən izləmişəm. Onlar aksiyada heç bir qayda-qanuna əməl etmirlər. Nə bir bəyannamə, nə bir etiraz məktubu oxunmur. Azərbaycan cəmiyyəti üçün yararlı sayılacaq heç bir fikir səsləndirilmir. Onlar aksiya xatirinə aksiya keçirib gah konsert verir, gah nalayiq hərəkətlər edir, hətta, dövlət himni səsləndiriləndə belə fit çalır, öz sıralarının azlığını ört-basdır etmək üçün hakimiyyəti guya ki, aksiyaya gəlmək istəyən insanlara maneçilik törətməkdə günahlandırırlar. Bu, Azərbaycan gəncliyi sayıla bilməz. 3-4 nəfərdən ibarət belə qruplar öz məqsədlərini, istəklərini bilməyən, vəzifələrini, hüquqlarını başa düşməyən gənclərdir. Onlar bir yerə cəm olub xalq adından fikirlər səsləndirir, etirazlarını bildirirlər. Mən məsləhət görərdim ki, onlar dövlət proqramı ilə yaxından tanış olub dərslərinə daha çox vaxt ayırsınlar. Ölkədə gənclər üçün əlverişli şərait yaradılıb. Əgər onlar istəsələr dövlət qulluğuna qəbul imtahanlarında, eləcə də digər dövlət qurumlarına elan edilən işçi qəbulunda iştirak edər, sosial durumlarını yaxşılaşdırmaqla yanaşı, özlərini də inkişaf etdirərlər. İş tələb etmək üçün müxalifətin keçirdiyi aksiyalara deyil, bilavasitə bu işlə məşğul olan məşğulluq idarələrinə üz tutmaq lazımdır. Şərt deyil ki, hər kəs yüksək vəzifədə otursun. Bu, məqsəd ola bilər. Amma məqsədə çatmaq üçün öz üzərində işləməyi, inkişaf etməyi bacarmalısan. Necə olur ki, bu gün məqsədi, təhsili, öz amalı, əqidəsi olan gənc müvafiq işlə təmin olunub işləyir, amma o aksiyalara toplaşanlar buna nail ola bilmir? Bu kimi gənclərin qətiyyətsizliyi, baş verən proseslərə səthi yanaşması sonda onların özlərini cəzalandırır.

- Sizcə, gənclərin belə qüvvələrin təsiri altına düşməməsi üçün hansı addımlar atılmalıdır?

- İlk olaraq gənclər öz təhsili üzərində işləməlidirlər. Kim ki, boş oturacaq, əlifbanı tanıyandan sonra əlinə bir kitab alıb oxumayacaq, gününü boş-boş, tinlərdə, avaraçılıqda, çayxana və kafelərdə keçirəcək, məhz belə adamlar adını müxalifət qoyanların təsiri altına düşəcəklər. Kim ki, öz üzərində işləyəcək, dövlətin ona yaratdığı imkanları öyrənib ondan yararlanacaq, həmin gənclər öz əziyyətlərinin bəhrəsini görəcəklər.

 

 

Rufik İSMAYILOV 

 

Kaspi.-2012.-26 aprel.-S.4.