Vətənə
biganə qalmayaq
Xaricdə yaşayan azərbaycanlıların
siyasi proseslərə qoşulması dünyanın müxtəlif
ölkələrində yaşayan
soydaşlarımızın hüquqlarının qorunması
imkanlarını artıracaq
Azərbaycan
müstəqillik əldə etdikdən sonra
xalqımızın taleyüklü məsələləri
dövlətin əsas prioritetlərindən birinə
çevrildi. Dövlət ölkə daxilində sabitliyi bərpa
edib iqtisadi inkişafa nail olmaqla yanaşı xaricidə
yaşayan soydaşlarımızın problemləri ilə
maraqlanmağa başladı. Bu da təsadüfü deyildi.
Çünki 50 milyondan artıq azərbaycanlı tarix boyu
müxtəlif səbəblər üzündən dünya
ölkələrinə səpələnərək qürbətdə
yaşamağa məcbur olublar. Lakin müstəqil dövlətimiz
olmadığından xaricdəki soydaşlarımızın
vahid ideologiya ətrafında birləşməsi cəhdləri
olmamışdı. Xarici ölkələrdə yaşayan azərbaycanlılar
özləri pərakəndə şəkildə vətənlə
əlaqələrini qoruyub saxlamağa, adət-ənənələrimizi
unutmamağa, dilimizi, mədəniyyətimizi yaşatmağa
çalışmışdılar.
1993-cü
ildə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın
rəhbərliyinə qayıdışından sonra diaspor
quruculuğu prosesi dövlət siyasətinin əsas tərkib
hissəsinə çevrildi. Dünya azərbaycanlılarının
birlik və həmrəyliyini təmin etmək məqsədi
ilə 2001-ci il may ayının 21-də Bakı şəhərində
dünya azərbaycanlılarının I qurultayının
keçirilməsi haqqında sərəncam imzaladı. Həmin
il noyabr ayının 9-10-da keçirilən dünya azərbaycanlılarının
ilk qurultayı soydaşlarımızın həmrəyliyinin
təmin edilməsi istiqamətində tarixi hadisəyə
çevrildi. Milli birlik ideyasının inkişafında
mühüm rol oynayan bu mötəbər tədbir dünya azərbaycanlılarının
Azərbaycan Respublikası ətrafında sıx birləşməsi
prosesini sürətləndirdi. Dünya azərbaycanlılarının
mötəbər yığıncağından sonra Azərbaycan
diaspor hərəkatı tamamilə yeni mərhələyə
qədəm qoydu. Bu sahədə sistemli dövlət siyasətinin
həyata keçirilməsini təmin etmək məqsədilə
Heydər Əliyev 5 iyul 2002-ci ildə "Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin yaradılması barədə" fərman
imzaladı. Bu tarixi fərman xaricdəki Azərbaycan cəmiyyətlərinin
vahid mərkəzdən koordinasiya olunmasına və habelə
onların fəaliyyətlərinə dövlət
qayğısını yönəltmək üçün
real zəmin yaratdı.
Bu
siyasət son illər prezident İlham Əliyev tərəfindən
də uğurla davam etdirilir. Azərbaycan icmalarının fəaliyyətinin
koordinasiya edilməsi prosesi daha da təkmilləşdirilib,
dünya ictimaiyyətinə ölkəmiz haqqında həqiqətlərin
çatdırılması məqsədi ilə mühüm tədbirlər
görülüb. Bir çox ölkələrdə isə
diaspor təşkilatlarının fəaliyyətlərini
koordinasiya edən qurumlar yaradılıb. Hazırda azərbaycanlıların
milli-mənəvi dəyərlərinin, mütərəqqi ənənələrinin
qorunub saxlanılması, mədəniyyət mərkəzlərinin
yaradılması üçün məqsədyönlü tədbirlər
həyata keçirilir.
Dünyanın
müxtəlif ölkələrində fəaliyyət
göstərən diaspor təşkilatları təbii ki,
soydaşlarımızın bir araya gəlməsinə,
üzləşdikləri problemlərin ortaq
çalışmalar hesabına həll olunmasına, vətənlə
əlaqələrin qurulmasına, Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasına böyük töhfələr
verirlər. Azərbaycanın xarici ölkələrdəki
diplomatik korpusları, Diasporla İş üzrə Dövlət
Komitəsi də bu istiqamətdəki səyləri dəstəkləyirlər.
Soydaşlarımızın
yaşadıqları ölkələrin ictimai-siyasi həyatında
təmsilçiliyi
Amma
təbii ki, diaspor işini yalnız təşkilatların
yaradılması ilə məhdudlaşdırmaq olmaz. Yalnız
təşkilatlanma fəaliyyəti ilə nəzərdə
tutulan hədəflərə çatmaq mümkün olmur.
Bunun üçün digər addımların da
atılmasına ehtiyac var. Belə addımlardan biri də
soydaşlarımızın yaşadıqları ölkələrin
ictimai-siyasi həyatında təmsilçiliyinin təmin edilməsi
olmalıdır. Bu, artıq diaspor fəaliyyətində
keyfiyyətcə yeni bir mərhələ olmalıdır.
Etiraf
etmək lazımdır ki, hələlik bu sahədə
uğurlarımız o qədər də çox deyil.
Düzdür, son illər bu istiqamətdə müəyyən
müvəffəqiyyətlər əldə olunmaqdadır.
Soydaşlarımız yaşadıqları şəhərlərin
yerli özünüidarə təşkilatlarında yer
almağa başlayırlar.
Azərbaycanlıların kompakt
yaşadıqları ərazilərdə siyasi fəallıqları
yetərli deyil
Ümumilikdə
isə bu sahədə uğur qazanmaq üçün hələ
çox işlər görülməlidir. Onu da etiraf etməliyik
ki, bir millət olaraq siyasi proseslərdə iştirakla
bağlı müəyyən problemlərimiz var. Diqqət
yetirsək, bu gün qonşu Gürcüstanda yarım milyon
yaxın azərbaycanlı yaşasa da, bu ölkənin
parlamentində cəmi 4 azərbaycanlı millət vəkili təmsil
olunur. Uzun müddətli cəhdlərdən sonra
Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli
rayonunun qubernatorunun müavinlərindən biri azərbaycanlı
ola bilib. Azərbaycanlıların kütləvi şəkildə
məskunlaşdıqları Rusiyada da bu sahədəki
uğurlarımızdan danışa bilmərik. 2 milyon nəfərə
yaxın azərbaycanlı Rusiya Dumasına bir nəfər belə
olsun həmyerlimizi keçirə bilməyib.
Azərbaycanlıların
çoxluq təşkil etdiyi Ukraynada da vəziyyət eynidir. Bu
ölkənin parlamentində cəmi bir azərbaycanlı
deputat var. Düzdür, keçmiş SSRİ
respublikalarında seçkilərdə demokratikliyin təmin
olunması istiqamətində müəyyən problemlərin
olması soydaşlarımızın uğur qazanmasına mane
olur. Amma tamamilə demokratik prinsiplərin bərqərar
olduğu Avropa ölkələrində, ABŞ-da da ciddi
uğur qaza bilməmişik.
Son
illər bəzi Avropa ölkələrinin parlamentlərində
ara sıra milliyyətcə azərbaycanlı olan təmsilçilərə
rast gəlmək mümkündür. Məsələn,
Estoniya Mərkəzçi Partiyasının nümayəndəsi
Eldar Əfəndiyev bu yaxınlarda üçüncü dəfə
Estoniya parlamentinin deputatı seçilib. O həmçinin
Narva Humanitar Gimnaziyasının Qəyyumlar
Şurasının, Pro Narva Mərkəzi İdarəsi
Şurasının, Dünya Azərbaycanlıları
Konqresinin İdarə Heyətinin, “Aleksandr kilsəsi”nin
Şura üzvü, Avropa Azərbaycanlıları Konqresinin
birinci vitse-prezidentidir. Amma təəssüf ki, belələrinin
sayı o qədər də çox deyil.
Durumu dəyişmək
üçün hansı addımlar atılmalıdır?
Bəs
bu durumu dəyişmək üçün hansı
addımlar atılmalıdır? Təbii ki, uğur qazanmaq istəyiriksə,
bu istiqamətdə sistemli iş aparmalıyıq. İlk
növbədə soydaşlarımız yaşadıqları
ölkələrin cəmiyyətlərinə inteqrasiya
olunmalıdırlar. Onlar yaşadıqları ölkələrdəki
siyasi prosesləri yaxından izləməli, lazım gələndə
siyasi partiyaların işində fəallıq göstərməlidirlər.
İndiyədək
xarici ölkələrdə yaşayan azərbaycanlılar
yalnız epizodik rollarda siyasətə qoşulur, bu işlə
ciddi şəkildə məşğul olmurlar. Xaricdə,
xüsusilə də Avropa və ABŞ-da isə təsadüfən
siyasi proseslərin iştirakçısı olub uğur
qazanmaq çox çətindir. Digər tərəfdən,
bu işi təmtəraqla, «qarğa məndə qoz var» prinsipi
ilə aparmaq lazım deyil. Soydaşlarımızın siyasi
proseslərdə iştirakına dəstək pərdə
arxasından verilməlidir. Siyasətə qoşulmaq istəyən
azərbaycanlılar ilk növbədə yaşadıqları
ölkənin problemlərini öyrənməli, onların həllində
ölkə vətəndaşlarına kömək etmək
iqtidarında olduqlarını nümayiş etdirməlidirlər.
Media ilə yaxşı əlaqələr
qurulmalıdır
Sirr
deyil ki, müasir dünyada uğur qazanmağın əsas
yollarından biri də media ilə yaxşı əlaqələrin
olmasıdır. Soydaşlarımız da yaşadıqları
ölkələrin siyasi həyatında fəallıq
nümayiş etdirmək istəyirlərsə, ilk növdə
nüfuzlu media orqanları ilə yaxşı əlaqələr
qurmalıdırlar. Onlar çalışmalıdır ki, hər
bir ölkənin tanınmış KİV-nə azərbaycanlılar
yerləşdirilsin.
Uğur
qazanmağın digər yolu soydaşlarımızın
yaşadıqları ölkələrdə seçkilərin
nəticələrinə təsir etmək imkanlarının
olmasıdır. Əgər belə olarsa, siyasi qüvvələrin
özləri soydaşlarımızın səsini qazanmaq
üçün onlara tərəf addımlar atacaqlar.
Başqa sözlə, xaricdə yaşayan azərbaycanlıların
yaratdıqları təşkilatlar artıq icmalaşmaqdan çıxıb
fondlara çevrilməlidirlər. Bu prosesdə
soydaşlarımız özlərinə yaxın icmalarla birləşib
iddialarını ortaya qoymalıdırlar.
Amma
təbii ki, bütün bunlara nail olmaq o qədər də
asan deyil. Yüz illərdir formalaşmış siyasi proseslərə
müdaxilə etmək, təsiredici faktora çevrilmək,
tutulmuş bazarda yer tapmaq çox çətindir.
Bütün çətinliklərə baxmayaraq, buna nail olmaq
mümkündür. Bu istiqamətdə ən böyük
ümid təbii ki, gənclərimizədir. Xaricdə təhsil
alan, yaşadıqları ölkələrin ictimai-siyasi həyatına
yaxından bələd olan gənclərimizin siyasi proseslərdə
də uğur əldə etmək şansları daha
böyükdür. Amma bu prosesdə onları mütləq
diasporumuzun təşkilatlanması işində təcrübə
toplayan yaşlı nəsil dəstəkləməlidir.
Xaricdəki
Azərbaycan diasporu bu problemi həll edərsə, özü
üçün böyük perspektiv əldə edə bilər.
Soydaşlarımız yaşadıqları ölkələrin
siyasi sistemində təmsilçilik etməklə üzləşdikləri
problemlərin daha operativ və keyfiyyətli həllinə nail
ola bilə, bir sıra məsələlərdə vətənə
yardım əllərini uzadarlar. Hər bir ölkənin siyasi
həyatında təmsilçilik həm də siyasi elita ilə
körpülərin yaranması deməkdir. Bu körpülər
bizim həqiqətlərin olduğu kimi dünya dövlətlərinin
siyasi elitasının gündəminə də keçməsinə
də təkan verə bilər. Şübhə yoxdur ki,
müstəqillik illərində bu sahədə daim çətinliklərlə
üzləşirik.
Xaricdə yaşayan
soydaşlarımız barədə nə
düşünürlər?
İsveçrədə
yaşayan və bu ölkənin vətəndaşı olan «Qərb
və Şərq» Demokratiya İnkişaf Dialoq
Akademiyasının prezidenti Coşqun Feyzullazadə də deyir
ki, diasporumuz əldə etdiyi uğurlarla kifayətlənməməlidir:
«Əgər Azərbaycanı tanımırlarsa, barəmizdə
heç bir məlumat yoxdursa, məlum qonşularımızdan
fərqli olaraq yaşadığımız ölkələrdə
xüsusi televiziya verilişləri hazırlayıb
nümayiş etdirə bilmiriksə, təbii ki, uğurdan danışmaq
olmaz». C.Feyzullazadə hesab edir ki, bütün bunların aradan
qaldırılması üçün real işlər
görülməlidir. Məsələn, Azərbaycan
sahibkarlarının Avropa bazarına yönəlik fəaliyyətlərinin
artmasına çalışmaq lazımdır. Onların dəstəyindən
istifadə edən xaricdə yaşayan soydaşlarımız
da siyasi fəallıqlarını artırmalıdırlar.
Türkiyə
Böyük Millət Məclisinin üzvü, Azərbaycan
diasporunun fəallarından olan Sinan Oğan da hesab edir ki,
müxtəlif ölkələrdə yaşayan
soydaşlarımız həmin ölkələrin həyatında
yaxından iştirak etməlidirlər. Onlar ilk növbədə
yerli özünü idarəetmə orqanlarında, sonra isə
parlamentlərdə təmsil olunmağa
çalışmalıdırlar.
Kanadada
yaşayan azərbaycanlılar isə artıq bu istiqamətdə
konkret addımlar atırlar. Bu ölkədə yaşayan
soydaşımız Aslan Xalidi Kanada Yeni Demokratlar Partiyası sədrinin
şərq ölkələrindən gələnlər
üzrə müavinidir. Artıq bu ölkədəki Azərbaycan
icmasının üzvləri ölkə parlamentinə
seçkilərdə iştirak etmək üçün azərbaycanlının
namizədliyini irəli sürmək məqsədi ilə birləşiblər.
A.Xalidi deyir ki, partiyada daha çox azərbaycanlının təmsil
olunması üçün bütün səylər birləşdirilib.
Partiyada azərbaycanlıların sayı artdıqca bəzi
üzv ermənilər qurumun sıralarını tərk edirlər.
İnanmaq
istərdik ki, qısa müddət ərzində böyük
uğurlara imza atmış Azərbaycan diasporu bu problemi də
tezliklə yoluna qoyacaq. Soydaşlarımızın səsi
yaşadıqları ölkələrin bələdiyyə
şuralarından, parlamentlərindən gələcək.
İlham QULİYEV
Kaspi.-2012.-26 aprel.- S.6.