“Jurnalistikanı seçənlərin
bir yolu da ictimai xadim olmaqdır”
Şamil Vəliyev: “Bu yol ilə irəliləyən
tələbələrimizin daha çox olacağına
inanıram”
Filologiya elmləri doktoru, professor Şamil Vəliyev
1960-cı ildə anadan olub. 1977-1981-ci illərdə ADPU-nun
Filologiya fakültəsində ali təhsil
alıb. 1989-cu ildə namizədlik, 2003-cü
ildə doktorluq dissertasiyasını müdafiə edib. 2006-cı ildən Mətbuat tarixi kafedrasının
professorudur. 1985-2008-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi
işçi, 2005-ci ildən isə Bakı Dövlət
Universitetinin Jurnalistika fakültəsində Mətbuat tarixi
kafedrasının müdiri vəzifələrində
çalışıb. Bu ilin aprel ayının
21-də BDU-nun Jurnalistika fakültəsinin dekanı
seçilib. Bu münasibətlə
Şamil müəllimi təbrik etdik, həm də qəzetimiz
üçün müsahibə aldıq.
Əvvəli ötən
sayımızda
- Bəzən jurnalistikaya bu sənətin
şöhrətinə, populyarlığına vurulub gələnlər
də olur. Belələri sonrakı müddətdə
bu peşəni özlərinin yaşam tərzinə
çevirə bilirlərmi?
- Belələri
çox azdır. Adətən bu cür tələbələr
fakültəyə gələndən sonra mühitə
adaptasiya olunurlar. Kaş ki, digər
ixtisasları yazıb da jurnalistikaya qəbul olunan tələbələrin
hamısı jurnalist peşəsinin cazibəsinə vurulanlar
olsun. Belələri sonradan özlərini
təkmilləşdirirlər. Mən demirəm ki,
başqa sahədəki insanlar jurnalist olmasınlar və yaxud ola bilmirlər. Başqa ixtisas üzrə ali təhsil alan tələbələr də
jurnalist kimi işləyə və uğur qazana bilirlər. Amma belələri istisnadır. Çox
yaxşı olar ki, məsələn, müəllimləri təkmilləşdirmə
və ixtisasartırma kursları olduğu kimi, jurnalistlərin
də, lap elə universitet nəzdində, yaxud başqa
qurumlarda, ixtisasartırma və ixtisasdəyişmə
kursları fəaliyyət göstərsin. İnsanlar
da bu kursdan keçib sertifikat alsın və informasiya işi
ilə məşğul olsun. Çünki
informasiya işi çox ciddi məsələdir. Ölkə başçısı İlham Əliyev
də Nazirlər Kabinetindəki iclasında informasiya təhlükəsizliyinin
vacibliyini vurğulayıb. Deməli,
ölkənin təhlükəsizlik məsələlərinin
içərisində informasiya təhlükəsizliyi olduqca mühüm
yer tutur. Belə olan halda bizim bu sahədə
çalışan insanların intellektuallığı,
peşəkarlığı, təcrübəsi çox
önəmlidir. Çox adam
yazı-yaza bilər. Amma onlar yazını
jurnalist kimi yaza bilməzlər. Söhbət
bundan gedir. Yazsınlar, azad ölkənin vətəndaşları
kimi öz fikirlərini söyləsinlər. Amma peşəkar jurnalist ilə sıravi adamın
işi tamam başqa-başqa məsələlərdir.
- Bu ildən etibarən Dillər, Mədəniyyət
və İncəsənət universitetlərində də
jurnalist kadrların hazırlığına
başlanılacaq. Sizcə, bu nəyi dəyişəcək?
-
Adları çəkilən iki universitet də daxil olmaqla
ümumilikdə Azərbaycanda 13 ali təhsil
ocağında jurnalist kadrlar hazırlanır. Amma
bütün hallarda flaqman Bakı Dövlət Universitetidir.
Çünki bu ali təhsil
ocağının çox böyük ənənəsi, təcrübəsi,
kadr potensialı var. O biri təhsil ocaqlarında da bizim təcrübədən
istifadə olunur. Mənim fikrimcə, yaxın on
ildə də Azərbaycanın jurnalistika mühitində bizim
fakültə keyfiyyət tutumuna görə yenə də
öndə olacaq. Çünki ənənə
var. Amma hadisəyə başqa aspektdən yanaşsaq görərik
ki, jurnalistika sənətinin tədrisinin bu cür genişlənməsi
informasiya işinə bağlılığın,
düşüncə tərzinin genişlənməsinin
göstəricidir. Yəni jurnalistika ilə
ancaq jurnalistlər məşğul olmayacaq ki. Ola bilər ki, kimsə jurnalist təhsili alıb
başqa sahənin mütəxəssisi olsun, o sahədə təkmilləşsin.
Hesab edirəm ki, jurnalistikanın ümumi ictimai
marağa uyğunlaşması, jurnalistikanın nə
olduğunu cəmiyyətimizin bilməsi lazımdır.
O zaman bilinəcək ki, saf informasiya nədir, çirkli
informasiya nədir. Çirkli su olduğu kimi
çirkli informasiya da var. Bu mənada jurnalistlərin işi
çox ciddidir. Çox istərdik ki, sahə
jurnalistikası gücləndirilsin. İdman,
tibb, elm, iqtisadiyyat, siyasət, kriminalistika sahəsindən
yazan jurnalistlər formalaşsın. Yəni
peşəyönümlü jurnalistika da güclü olsun.
Bu gün dünyada məşhur idman
icmalçıları, siyasi icmalçılar var.
Keçmişlərinə nəzər salsaq görərik ki,
onlar vaxtilə jurnalist işləyiblər. Elələri var ki, hazırda da bu peşənin
daşıyıcısıdırlar. Bizdə
də bu tipli jurnalistlər mütləq olmalıdır.
Azərbaycanda siyasətçilər populyar
olduğuna görə, hələlik bizdə o işartıya
camaat daha çox gedir. Belələri hətta
özünü siyasətçi kimi də aparır. Halbuki böyük əksəriyyətinin siyasətlə
bağlı elmi-nəzəri təhsili, yaxud da
hazırlığı yoxdur. Bu baxımdan
biz fənlərarası inteqrasiyaya ciddi fikir verməliyik.
Ona görə də digər ali təhsil
ocaqlarında da jurnalistikanın tədrisini müsbət
qarşılayıram. Bütün hallarda yaddan
çıxarmaq olmaz ki, jurnalistika ictimai faydalı iş deməkdir.
- Bu ictimai faydalı işin mahiyyətini
anlayıb da öz uğurları ilə sizləri sevindirən
tələbələriniz çoxdurmu?
- Bizim elə
tələbələrimiz var ki, onların sorağı xarici
media qurumlarından gəlir. Yaxud da hazırda ali təhsil
almaqla yanaşı, müxtəlif qəzet, jurnal, televiziya və
radio redaksiyaları ilə əməkdaşlıq edən, həm
özünün, həm də BDU-nun Jurnalistika fakültəsinin
adını uca edən tələbələrimiz var. Əslində
mən bunu adi hal hesab edirəm. Çünki burada Şirməmməd
Hüseynov kimi məşhur mətbuat mogikanı var. Onun
araşdırmaları, özünün canlı şahidliyi,
həm təcrübəsi, həm iş üslubu Azərbaycanda
media ordusunun yaranmasında xüsusi rol oynayıb. Ş.Hüseynov bir çox hallarda öz fikrini
açıq şəkildə, çox aydın tərzdə
deyir. Onun sadəcə fakültəyə
gəlib-getməsi, jurnalistikada bir rəmz olması bizim
üçün çox əhəmiyyətlidir. Jurnalistika həm də ictimai həyat tərzidir.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycanda
jurnalistikanı yaradan adamların böyük əksəriyyəti
jurnalistika fakültəsinin tələbəsi olmayıblar.
Həsən bəy Zərdabi fizika-riyaziyyat fakültəsini,
Cəlil Məmmədquluzadə Qori seminariyanı, Əli bəy
Hüseynzadə Peterburqda təbiət elmlərini,
İstanbulda hərbi-tibb fakültəsini, Əhməd
Ağaoğlu Sarbonda, Əlimərdan bəy topçubaşov
isə Leninqradda hüquq fakültəsini qurtarıb. Amma bu adamlar jurnalistikanı ictimai-sosial yaşam tərzinə
çeviriblər özləri üçün. Bununla da jurnalistikanı Azərbaycanda ictimai fikir
institutuna çevirib dördüncü hakimiyyət səviyyəsinə
qaldırıblar. İlk növbədə
jurnalist kimi yaşamaq, özünü cəmiyyətinə həsr
etmək, ölkənin rifahına, dövlətin
qorunmasına, millətinin mədəniyyətinin yüksəlməsinə,
bütünlükdə milli yaşamındakı islahatlara
özünü həsr etmək, əslində ictimai xadim kimi
yaşamaq deməkdir. Jurnalistikanı
seçənlərin bir yolu da ictimai xadim olmaqdır. İnanıram ki, bu yol ilə irəliləyən tələbələrimiz
də çox olacaqdır.
- Bəzən media kapitanları
müxtəlif mətbuat orqanlarına təcrübəyə
göndərilən tələbələrin işə can
yandırmadığını, peşələrinə
maraqsız yanaşdıqlarını əsas gətirib gileylənirlər.
Bildirirlər ki, praktik cəhətdən çox zəif olan
belə məzunların əlindən yalnız nəzəriyyə
əzbərləmək gəlir. Siz onların
bu fikirlərini bölüşürsünüzmü?
- Bu mənada
bölüşürəm ki, biz tələbələrimizi təcrübəyə
göndərəndə onlar bəzi tərəddüdlərlə
qarşılaşırlar. Amma təcrübədə
özünü doğruldan çoxlu sayda tələbələrimiz
də var. Təbii ki, elmi-nəzəri tədris
auditoriyasından çıxıb praktikaya gedən gənc tələbə
bir sıra tərəddüdlərlə
qarşılaşır, özünüifadə çətinlikləri
ilə üzləşirlər. Nəzərə
alınmalıdır ki, onların xarakteri hələlik
istehsalata uyğunlaşmayıb. Elə məhz
buna görə də təcrübəyə gedirlər ki,
uyğunlaşıb nəsə qazansınlar. Amma bu fikirləri ümumilikdə bütün məzunlara
şamil etmək olmaz. Düzdür, elə tələbələr
var ki, bayaq qeyd etdiyim kimi, jurnalist olmaq istəməyib sadəcə
ali məktəbə qəbul olmaq xatirinə
bu fakültədə təhsil alıblar. Belələrindən
eləsi olur ki, hər hansı iş tapa bilməyəndə
məcburiyyətdən gedib jurnalist işləyirlər. Belə olan halda da həmin məzundan-kadrdan
yaxşı məhsul əldə etmək olmur. Amma ümumi götürəndə hazırda Azərbaycan
mətbuatında peşəkar jurnalistika ilə məşğul
olanların əksəriyyəti vaxtıilə bizim tələbələrimiz
olub. Elə bugünkü bəzi məzunlarımızdan
narazı olan media kapitanlarının da bir çoxu
zamanında BDU-nun jurnalistika fakültəsinin tələbələri
olublar. Onların narazılığı
sadəcə təəssübkeşlikdən irəli gəlir.
Media kapitanları özlərinin və
Jurnalistika fakültəsinin reytinqinin aşağı
düşməsini istəmirlər. Bu mənada
onlarla həmrəyəm. Bu vəziyyəti
aradan qaldırmaq üçün isə əl-ələ
verib müştərək şəkildə işləməliyik.
- Müştərək iş deyərkən
nəyi nəzərdə tutursunuz?
- Hazırda Azərbaycanda media qurumları
çoxalıb. Onlar arasında yeni qəzetlər,
jurnallar, həmçinin müxtəlif adla fəaliyyət
göstərən populyar, ictimai rəyə təsir göstərəcək
xəbər portalları var. İlk növbədə bu
cür media qurumları ilə əlaqələr
yaradılacaq. Ənənəvi əməkdaşlıq
etdiyimiz qurumlarla da işlərimizi genişləndirəcəyik.
Tələbələrin bu orqanlarda təcrübə
keçməsi və sair bu kimi əməkdaşlıq
növlərinin də adını çəkmək olar.
Amma bunlarla yanaşı, universitetin ayrıca
studiyası var. Qərara gəlmişik ki, gələcəkdə
bundan da böyük studiya yaradaq. Radio-televiziya
ilə əlaqələrimizi inkişaf etdirək və sair.
Bunlardan əlavə, əski əlifbanı bilən,
ümumiyyətlə xarici dilləri bilən tələbələrə
çox ehtiyacımız var. Bu istiqamətdə də
mühüm layihələr həyata keçirməyi
planlaşdırırıq. Universitet rəhbərinin
də diqqətində olan bir məsələdir bu. Yəni
rus, ingilis dili ilə yanaşı, digər dillərdə də
qruplar yaratmalıyıq jurnalistika fakültəsində.
Rufik
İSMAYILOV
Kaspi.-2012.-28-30 aprel.-S.6.