Qəbələdə London Royal Filarmonik Orkestrinin konserti olub 

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünyanın ən məşhur orkestrlərindən biri olan London Royal Filarmonik Orkestrinin növbəti konserti olub. “Viva İtaliya” adlı konsertdə səhnəyə çıxan Royal Filarmonik Orkestrin solistlərini, eləcə də İtaliyanın məşhur vokalçıları Marko Kinqarini (bariton), Françeska Patanenini (soprano), Yusif Eyvazovu (tenor) və Səbinə Əsədovanı (messo-soprano) italiyalı dirijor Klaudio Vandelli müşayiət edib.

İki hissədən ibarət konsertdə Avropanın məşhur bəstəkarları olan J.Bizenin, U.Cordanonun, P.Maskanyinin, A.Ponkyellinin, C.Verdinin, C.Rossininin, F.Çileanın əsərləri səsləndirilib. Həmin gün “Qafqaz Resorte” otelində keçirilən kamera musiqisi axşamında çıxış edən pianoçu, festivalın bədii rəhbəri, xalq artisti, “Şöhrət” ordenli Fərhad Bədəlbəyli və Xalq artisti Murad Adıgözəlzadəni violonçeldə “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru və festivalın bədii rəhbəri olan Dmitri Yablonski müşayiət edib. Tanınmış musiqiçilər tamaşaçılara rus bəstəkarı Sergey Raxmaninovun əsərlərini təqdim ediblər. 

 

 

Kaspi.-2012.-1 avqust.-S.16.