“Azərbaycan kinosu özünün
gözəl dövrünü təkrar yaşayacaq”
Şəfiqə Məmmədova:
«Bizim layihələrdə gənclərlə iş əsas
yerlərdən birini tutur. Onlar arasında müxtəlif həvəsləndirici
müsabiqələrin təşkilindən tutmuş, ustad dərslərinə
qədər ən müxtəlif məqamlara diqqət yetirəcəyik»
2
avqust Azərbaycan kinosunun yarandığı gündür. 1898-ci
ildə Bakıda ilk kinosüjetlərin nümayişi ilə
başlanan kino salnaməmiz mədəniyyət tariximizdə
xüsusi yer tutur. Ötən illərdə milli kino sənəti
zəngin inkişaf yolu keçib. Müasir dövrdə Azərbaycan
kinematoqrafiyasının qarşısında dayanan
başlıca məqsədlərdən biri dünya kinosuna
inteqrasiya və bu fonda milli kino elementlərinin qorunub
saxlanmasıdır.
Bəs günümüzün kino
mənzərəsində bu nə qədər realdır? Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının sədri,
Azərbaycanın Xalq artisti, SSRİ və Azərbaycanın
Dövlət mükafatları laureatı, professor, kino xadimi
Şəfiqə Məmmədova «Mədəniyyət» qəzetinə
verdiyi müsahibədə bu məsələyə
aydınlıq gətirib. Azərbaycan kinosunun tərəqqisi üçün
hələ bir çox işlərin görülməli
olduğunu deyən Ş.Məmmədova milli
kinematoqrafiyanın inkişaf konsepsiyasından söz
açdı. Yeri gəlmişkən qeyd edək ki, «Kaspi» qəzeti
üçün hörmətli Şəfiqə xanımdan dəfələrlə
müsahibə götürməyə cəhd göstərsək
də, hamısı puça çıxıb. Bu müsahibədə
isə bizi düşündürən bütün suallara
cavab tapmasaq da, onu dərc eləməyi vacib bildik.
-
Şəfiqə xanım, Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının
qarşısında dayanan əsas məqsədlər nədən
ibarətdir?
- Bizim arzularımız, görəcək
işlərimiz çoxdur. Təbii ki, böyük planlar var və
zamanla biz onların icrasına nail olacağıq. Qurumun
yarandığı bir ay ərzində artıq nəyi necə
edəcəyimizi yəqin etmişik və məqsədlərimizə
doğru gedirik. Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının təsisatı,
qeydiyyatı ilə bağlı məsələlər
artıq həll olunub. Fəaliyyət istiqamətləri
müəyyənləşib. İttifaqın idarə heyətinin
iclaslarında bir çox ciddi, günümüzün kino mənzərəsinə
aid vacib məsələlər müzakirə olunub.
Biz ümumilikdə geniş fəaliyyət
planı hazırlayırıq, müxtəlif layihələr
üzərində işləyirik. Əsas məqsədlərimizdən
biri də gənc kinematoqrafçılarla bağlıdır.
Buna görə də müvafiq nazirliklərlə birgə
layihələr nəzərdə tutmuşuq. Gənclərin
kino təhsilini diqqətdə saxlayacağıq. Əsas
amalımız peşəkar və istedadlı kino mütəxəssislərini
bir araya gətirməklə milli kinomuzun inkişafına
töhfə verməkdir.
-
Milli Kino Günü ilə bağlı hansı tədbirlər
nəzərdə tutulub?
- Yeni yaranmağımıza
baxmayaraq, biz də kino bayramında iştirak etmək istədik
və müəyyən təkliflər irəli sürdük.
Kino işçilərinin peşə bayramı ilə
bağlı bir sıra təşkilati işlərə dair
müzakirələr aparılıb. Azərbaycan kinosuna verdiyi
töhfələrə görə hər il bir kino xadimini təltif
etmək qərarına gəldik və bu məqsədlə
milli kino mükafatı təsis edildi. İdarə heyətinin
yekdil qərarı ilə bu il ilk mükafata Xalq artisti,
görkəmli aktyorumuz Yaşar Nuri layiq görülüb.
Kino veteranları ilə bağlı mükafat fondunu da təsis
etdik. Bundan başqa, ittifaqın üzvü olan iki həmkarımızın-rejissorlar
Yalçın Əfəndiyevin 75, Ələkbər Muradovun
65 illik yubileylərini də kino günündə təbrik edəcəyik.
Mən bu gözəl bayram, kino
günü münasibətilə bütün kino
işçilərini, həyatını bu sahəyə həsr
edən həmkarlarımızı və eyni zamanda kinonu sevən,
onu daim baxımlı edən tamaşaçıları təbrik
edir, onlara uzun ömür və cansağlığı
arzulayıram.
-
Yeni ittifaqın yaranması cəmiyyətdə müəyyən
müzakirələr də doğurdu. Bu müzakirələr
həm də Azərbaycan kinosu ilə bağlı proseslərin
ümumilikdə cəmiyyətin diqqət mərkəzində
olduğunu göstərdi...
- Bu müzakirələr təbiidir
və biz bunu gözləyirdik. Hər bir sahədə müxtəlif
qurumlar yaranır və təmsil etdiyi sahənin
inkişafı yönündə fəaliyyət göstərir.
Niyə belə bir təşkilat kino sahəsində də
olmasın? Kino sahəsində çalışanların hər
biri bu istiqamətin inkişafı üçün əllərindən
gələni etməlidir. Biz də yeni bir qurum ətrafında
birləşməklə milli kinomuz, onun inkişafı, təbliğatı,
bu sahədə çalışanların
stimullaşdırılması, kinodakı yeni proseslərin tətbiqi
və ümumilikdə kinonun inkişafına təkan verməyə
çalışırıq. Bu təcrübə ən
müxtəlif ölkələrdə də var. Elə
götürək qonşu dövlətləri. Onların hər
birində kino ilə bağlı müxtəlif təşkilatlar
var və onların hər biri eyni məqsədə - kinonun
inkişafına xidmət edirlər. Düşünürəm
ki, bizlər də bütün bu söz-söhbətləri kənara
qoyub bacardığımızı etməliyik ki, milli kinomuz tərəqqiyə
nail olsun. İttifaq olaraq da bizim əsas məqsədimiz budur və
səslənən bütün fikirlərə rəğmən
biz öz işimizlə məşğul olacağıq. Bir də
mən bu məsələyə bir az başqa cür
yanaşıram və hər zaman dediyim fikri təkrarlayıram:
xalq kinonu sevir və onunla bağlı hər hadisəni elə
kino qədər, yeni və maraqlı bir ekran işi kimi diqqətlə
izləyir, onun haqqında rəy bildirir.
- Bu məqamda Azərbaycan kinosu və
onun hazırkı durumu barədə düşüncələrinizi
bilmək maraqlı olardı.
- Azərbaycan kinosunun gözəl
dövrü olub və bu dönəmdə maraqlı ekran əsərləri
yaranıb. Kino həmişə dövlətin diqqət mərkəzində
olub, dövlət onu qoruyub, inkişafına dəstək
verib. Bununla yanaşı, hətta ideologiyanın tüğyan
etdiyi dövrlərdə də Azərbaycan kinosu öz milli
xüsusiyyətlərini qoruyub, onun SSRİ kimi bir ittifaqda
öz yeri, çəkisi, siması olub. Bu siyasi quruluşun dəyişməsi
ilə kinoda da müəyyən problemlər yarandı, uzun
illər kök salmış sistem dağıldı. Bu məqamda
kinematoqrafiya da inkişafdan qaldı. Bax həmin dövrdə
kinonun qəhrəmanları əsl kinoya olan məhəbbətlərini
göstərərək o çətin məqamda filmlər
çəkdilər. O fədakar insanlar sayəsində həmin
çətin illərdə kino nümunələri ərsəyə
gəldi. Təbii ki, burada onların bədii səviyyəsi və
ya texniki göstəricilərini müzakirə etmək
düzgün olmazdı, əsas odur ki, onlar kinonun
yaşamasını təmin etdilər. Çətin də
olsa Azərbaycan kinosu o yolu da keçdi və bu günə gəlib
çatdı. Artıq hər il dövlət sifarişi ilə
müxtəlif mövzulu maraqlı ekran əsərləri
çəkilir, filmlərimiz beynəlxalq festivallarda
nümayiş olunur, gənc və istedadlı
kinematoqrafçılar nəsli yetişir. Təbii ki,
bütün bunlar dövlətin kinoya olan diqqət və
qayğısının nəticəsidir. Bilirsiniz ki, kinonun
inkişafı ilə bağlı müvafiq dövlət
proqramı var, ölkə başçısı milli filmlərin
və teleserialların çəkilişi üçün
müəyyən vəsait ayırıb. Yəni proses gedir və
sistemli fəaliyyət nəticəsində yəqin ki, Azərbaycan
kinosu özünün gözəl dövrünü təkrar
yaşayacaq.
-
Kinomuzun problemlərindən danışarkən hansı
nüansları əsas hesab edirsiniz?
- Bu gün kinonun istehsalı ilə
bağlı müəyyən problemlər var. Təbiidir ki,
ideya, güclü ssenari, gözəl aktyor oyunu yüksək səviyyəli
istehsal şəraiti, maddi-texniki imkanlar sayəsində
sanballı kino əsərinə çevrilir. Ona görə də
“Azərbaycanfilm” kinostudiyasının təmir olunması,
maddi-texniki bazasının
yaxşılaşdırılması bu problemin həllində
əsas məsələdir.
- Amma dövlət sifarişi ilə
ekranlaşdırılan filmlərə zəruri vəsait
ayrılır, hətta xaricdən bəzi texniki avadanlıqlar
gətirilir, filmlərin montaj prosesi da bəzən xaricdə
aparılır. Yəni problem təkcə texniki məsələlər
deyil.
- Təbii. Yuxarıda da qeyd etdiyim
kimi, hər şey ideya və ssenaridən başlayır.
Uğurun əsası budur. Yaxşı ssenari olmasa, istənilən
texniki element, gözəl aktyor oyunu, ən müasir effektlər
və s. kölgədə qalacaq.
-
Bu yaxınlarda Bakıda gənc rejissorlar üçün
ustad dərsləri keçən məşhur polşalı
kinorejissor Kşiştof Zanussi belə bir fikir söylədi
ki, tamaşaçının görmək istədiyi, səmimi
hesab etdiyi film uğur qazanır. Onun fikrincə, Azərbaycan
kinosu tamaşaçını sadə yolla - həqiqəti
göstərməklə də heyrətə sala bilər.
Sizin bu barədə fikriniz necədir?
- Azərbaycan kinosu bu gün millətinin
səsini, reallığını, yaşantılarını
göstərməlidir. Hər bir millətin öz kinosu var və
o mütləq olaraq özünün özəl keyfiyyətlərini
göstərə bilir. Bizim kinomuz da bizi, dərdlərimizi, həyati
gerçəklərimizi təsvir etməlidir. Amma pafos və
ya qışqırdıcı kadrlarla yox, insan taleləri,
insan faktoru ilə. O gerçəkləri kino dilində
bugünkü müasir tələblərə uyğun təqdim
etməliyik. Bədii zövq, bədii səviyyə - ssenari,
ideya, ideologiya tam olaraq bir-birini tamamlamalıdır. Əslində
bu gün kinoda ideologiya sözündən qaçmağa
çalışırlar. Amma unutmaq olmaz ki, kino ideoloji olmasa,
baxımlı da olmaz. Bu gün dünya kinosuna nəzər
yetirin, artıq vizuallıq, texniki meyarlar yerini ideologiyaya, insan
amilinin əsas götürüldüyü filmlərə
verib. Bu da o deməkdir ki, bütün hallarda kino səmimi və
real məqamlara söykənəndə maraqlı və baxımlı
olur.
- Yəni
bu gününün Azərbaycan kinosu da mütləq insan
amilini önə çəkməlidir?
- Bəli. «Böyük»
və ya «balaca» insan, fərqi yoxdur. Baş qəhrəman və ya adi
obraz olsun, əsas odur ki, insan, onun
taleyi, yaşantıları,
hiss və həyəcanları
ekrandan tamaşaçıya
yaxınlaşa bilsin.
İstər sənədli,
istər bədii, istər qısametrajlı,
istərsə də multiplikasiya filmlərinin hamısı gərək elə səviyyədə
çəkilsin ki,
biz onunla dünyaya çıxa bilək. Bir sözlə, müharibə, savaş filmlərində o qorxuducu
kadrlar, müharibənin
qan-qadalarını göstərən
səhnələrdən çox,
o bəlalardan əziyyət
çəkən insanları,
onların iç dünyasını göstərməklə
fərqli bir yozum yaratmaq olar. Vaxtilə Azərbaycan kinosunda müharibəni əks etdirən çoxlu ekran əsərləri yarandı, amma «Şərikli çörək»
və «Bizim Cəbiş müəllim»
qədər tamaşaçıya
yaxın olan, onların daxili dünyasından xəbər
verən ekran əsərləri az oldu. Bu mənada düşünürəm ki,
pafosdan qaçmaq, müharibənin insan taleyinə vurduğu zərbələri göstərmək
lazımdır. Dünya
tamaşaçısını da bu minvalla
təsirdə saxlamaq olar, bu yolla
tamaşaçıya nə
isə demək olar.
- Şəfiqə xanım,
bu günlərdə bir qrup gənc
kinematoqrafçı tərəfindən
sizə müraciət
ünvanlanıb. Necə
düşünürsünüz, Azərbaycan kinosunun hazırkı durumunda gənclərin yeri və mövqeyi qənaətbəxşdirmi?
- Əvvəl gərək onlara nə isə verək, kömək edək ki, sonra
da əvəzini gözləyək. Ona görə də istedadlı gənclərin
təhsili, əsl kino mütəxəssisi kimi yetişmələri üçün müxtəlif
ali təhsil ocaqlarına, dünyanın
tanınmış kino
məktəblərinə göndərilmələri
vacib məsələdir.
Bizim layihələrdə
gənclərlə iş
əsas yerlərdən
birini tutur. Onlar arasında müxtəlif həvəsləndirici
müsabiqələrin təşkilindən
tutmuş, ustad dərslərinə qədər
ən müxtəlif məqamlara diqqət yetirəcəyik. Gənclərin
fəaliyyətinə gəlincə
isə, hazırkı
kino mühitində onlar nəzərəçarpacaq
işlərə imza atıblar.
- Şəfiqə Məmmədova
xalqın sevimli aktrisası, sənətkarıdır.
Xalq isə sənətkarını ya
səhnədə, ya da kino ekranında
görmək istəyir.
Siz necə, bunu istəyirsinizmi?
- Xalqın məni bu cür
xatırlaması və
sevməsi məni hədsiz dərəcədə
sevindirir. Əslində,
filmlərlə bağlı
daim təklif almışam. Sadəcə,
mən heç vaxt çəkilmək, rollarımın say sırasını
artırmaq barədə
düşünməmişəm. Ona görə də mənə təqdim olunan ssenariləri diqqətlə
nəzərdən keçirib
istədiyim, özümü
tapdığım filmlərdə
çəkilmişəm. İndi
o vaxtları xatırlayarkən
imtina etdiyim bir-iki film var ki, onlarda çəkilməməyimə
görə təəssüf
edirəm. Hazırda
film təkliflərinə gəlincə,
təəssüflə qeyd
etməliyəm ki, maraqlı, cəlbedici ssenarilər yoxdur. Ona görə də bu illərdən
sonra bəyənmədiyim,
zəif hesab etdiyim ssenaridə çəkilmək istəməzdim.
Amma həm də içimdə yaratdığım, canlandırdığım
bir obraz var ki, onu
ekrana gətirmək və demək istədiklərimi o obrazla
tamaşaçıya çatdırmaq
istərdim.
Həmidə Nizamiqızı
Kaspi.-2012.-2 avqust.-S.12.