«Azərbaycanlısansa,
öz dilində danış»
BDU-nun «Azərbaycan dili və tədrisi metodikası»
kafedrasının müdiri, professor Yusif Seyidov: «İki azərbaycanlının
bir-biri ilə başqa
dildə danışması xoşagələn vəziyyət
deyil»
Prezident
İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı" haqqında imzaladığı sərəncamdan
sonra yaranan İşçi qrupu öz tərkibində
müxtəlif sahələrdə Azərbaycan dilinin vəziyyətini
araşdıran bloklar yaradıb.
O cümlədən, Azərbaycan dilinin bütün sahələrdə
tətbiqi ilə bağlı təkliflər hazırlanır.
Bakı Dövlət Universitetinin «Azərbaycan dili və tədrisi
metodikası» kafedrasının müdiri, professor Yusif Seyidov
“Kaspi”yə müsahibəsində ölkə
başçısının sərəncamının ana
dilimizin tətbiqinin daha da
yaxşılaşdırılmasında, dildə səhvlərə
yol verilməməsində, dilimizin yaxşı öyrənilməsində
böyük rol oynayacağına əminliyini bildirib:
Sözləri əyib demək, ləhcədə
danışmaq...
-
Prezident İlham Əliyevin imzaladığı sərəncam
ulu öndər Heydər Əliyevin ana dilimizin inkişafı
ilə bağlı verdiyi sərəncamların
davamıdır. Ulu öndərin «Əlifbanın tətbiqi
haqqında», "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" və s. sərəncamları
olub. Nəhayət, dövlət başçısı İlham
Əliyevin verdiyi sərəncam ana dilimizin qorunması və
qayğı ilə əhatə olunması ilə
bağlıdır. Əvvəla, onu qeyd edim ki, Azərbaycan
dili türk dilləri arasında qrammatik nöqteyi-nəzərdən,
orfoqrafik lüğətinə görə ən inkişaf
etmiş dillərdən biri, bəlkə də birincisidir. Amma
hər halda müəyyən əyintilər də
özünü göstərir. Biz bütün bu mənzərəni
hər gün televiziya ekranlarında müşahidə edirik.
Sözləri əyib demək, ləhcədə
danışmaq, cümlələri düzgün qurmamaq və
s. formalarda dilimizin pozulmasında özünü göstərən
əyintilər var. Prezidentin sərəncamı həm Azərbaycan
dilinin müasir qloballaşma dövründə tətbiqini
yaxşılaşdırmaq, həm də Azərbaycan dilini
inkişaf etdirmək məqsədi daşıyır. Bununla
bağlı bir çox nazirliklərə, əsasən Milli
Elmlər Akademiyasına göstəriş verilib. Hazırda
böyük bir komissiya təşkil olunub. Həmin
komissiyanın nazirliklərin, KİV-in, ayrı-ayrı təşkilat
nümayəndələrinin iştirakı ilə AMEA-da bir
neçə iclası keçirilib.
- Ümumiyyətlə,
qloballaşma şəraitində, Qərbə inteqrasiya
etdiyimiz bir dövrdə, müxtəlif xarici dillərin, əsasən
ingilis dilinin ailələrdə öyrənilməsinə
üstünlük verildiyi bir vaxtda ana dilini təsirə məruz
qalmaqdan necə qorumaq olar?
-
Vaxtilə də deyiblər ki, neçə dil bilirsən o qədər
də adamsan. Ümumiyyətlə, çox dil bilmək
savadın artırılması,
dünyagörüşünün genişlənməsində
böyük əhəmiyyətə malikdir. Tələbələri
xaricə oxumağa göndərəndə ümummilli lider
Heydər Əliyev onları yığaraq dedi ki, nə qədər
istəsəniz dil öyrənin, dil öyrənmək
yaxşıdır, amma ilk növbədə öz ana dilinizi
öyrənin. Ana dili millətin dilidir,
varlığıdır, özünü ifadə
formasıdır. Düzdür, qloballaşma dövründə
ingilis dilinin rolu böyükdür. Vaxtilə rus dili bu
bölgədə böyük əhəmiyyət
daşıyırdı. İndi də öz əhəmiyyətini
o qədər itirməyib. Sadəcə, ingilis dili dünya
dili kimi irəli keçib. Xüsusən gənclik bu dili
öyrənməlidir. Amma ana dilini yaddan çıxarmaq
hesabına yox. Prezidentin sərəncamı da məhz bununla əlaqədardır
ki, ana dilimizin tətbiqi daha da
yaxşılaşdırılsın, dildə əyintilərə
yol verilməsin, dilimiz yaxşı öyrənilsin.
-
İndicə qeyd etdiniz ki, ana dilinin tətbiqi ilə
bağlı müəyyən nazirliklərə, təşkilatlara
da göstəriş verilib. Şəxsən mən
özüm bir sıra nazirliklərdə, ali təhsil
ocaqlarında, elə AMEA-nın ayrı-ayrı
institutlarında olarkən əməkdaşların daha
çox rus dilində danışmalarının şahidi
olmuşam. Sizcə bu, dilimizə xor baxmaqla, ya kütlədən
fərqlənmək istəyi ilə bağlıdır, yoxsa hələ
də rus dilinin dəbdə olması nostalgiyasının
unudulmaması ilə?
-
Daha çox axırıncı fikirlə bağlıdır. Vaxtilə
o adamlar rus dilində təhsil alıblar və onların
beynində bu dil formalaşıb. Ona görə də rus
dilində danışmağa üstünlük verirlər. Əlbəttə,
bu, yaxşı hal deyil. Ümumiyyətlə, iki azərbaycanlının
bir-biri ilə başqa dildə danışması xoşagələn
vəziyyət deyil. Heydər Əliyev rus dilində təhsil
almışdı, amma Azərbaycan dilində qüsursuz
danışırdı. Bəyəm, başqaları bunu edə
bilməz? Bir gün, iki gün çətinlik çəkər,
sonra ana dilində danışmağı öyrənərlər.
Məncə buna cəhd etmək lazımdır.
Dil o zaman dəyişə bilər
ki…
-
Hazırkı dövrdə terminologiyasız keçinmək
mümkün deyil. Dildən-dilə sözlərin
keçməsi isə
daimi prosesdir. Ancaq bəzən deyirik ki, dilimizə
əcnəbi sözlər
gətirmək yalnız
ziyanlı təsirdir.
- Terminin qəbulunda elmi qayda var. Mümkün qədər onu öz ana
dilində ifadə etmək lazımdır. Əgər onun əvəzedici sözü,
ayrı bir ifadəsi varsa, termini öz ana dilinə
uyğunlaşdırmalısan. Əgər yoxdursa, onda dünyada işlənən tərzdə
həmin termini qəbul
etmək lazımdır.
Əgər o da yoxdursa, hansı dil ona ad veribsə
o dildə qəbul etmək lazımdır. Sözün dildən-dilə
keçməsi daimi prosesdir və bunun qarşısını
almaq mümkün deyil. Azərbaycan dilində minlərlə ərəb, fars, rus, Avropa sözləri
var. İnkar etmək olmaz ki, rus
dili dünyada ən inkişaf etmiş dillərdəndir.
Amma bu dildə
on minlərlə
əcnəbi söz,
o cümlədən türk
sözü, Azərbaycan
sözü var. Bu prosesin
qarşısını almaq
olmaz. Dildən-dilə
sözün keçməsi
dilin ruhunu dəyişdirmir. Lüğət
tərkibi genişlənir,
inkişaf edir, amma dil öz
dilliyində qalır.
Dil o zaman dəyişə bilər ki, onun qrammatikası
dəyişsin, o da mümkün deyil. Ona görə də Azərbaycan dilinə hər sözü qatmağa ehtiyac yoxdur. Öz dilimizi qorumağa çalışmalıyıq.
Bəzən müəyyən
terminləri Azərbaycan
dilində ifadə etmək mümkün deyilsə, onda başqa dillərdən almağa məcburuq.
Mübahisəli məsələ
- Ana dili ilə bağlı yaranan İşçi qrupun keçirdiyi konfransların birində efirdə dilin qaydalarına əməl olunması ilə bağlı bədii şuraların yaranması
da tövsiyə olunub. Sizcə bu, KİV-də dilimizin saflığı ilə bağlı yaşanan problemin həllinə kömək
ola bilərmi?
- Vaxtilə bizdə bu qədər telekanal olmayıb. O zaman təkcə Az.TV fəaliyyət göstərirdi
və orada Bədii Şura var idi. Sonra
Bədii Şuranın
fəaliyyətində fasilələr
yarandı. Bu, şuralar
da əsasən müğənnilərlə, mahnılarla
əlaqəli fəaliyyət
göstərirdi. Bununla
belə, bu şuranın mövcudluğu
əhəmiyyət daşıyırdı.
Sonra bu qurum öz əhəmiyyətini
itirdi. Amma ümumiyyətlə, belə
bir fikir var ki, Bədii
Şura deyəndə
istər televiziyada, istərsə də radioda elə bir qurum olmalıdır
ki, nəzarət edə bilsin. Məsələn, əgər
bu gün televiziyada hər hansı bir xoşagəlməz söz
işlənərsə, sabah
həmin “ifadə” ilə bağlı harasa müraciət etmək mümkün olsun. Bu gün Bədii Şuranın olub-olmaması mübahisəli
məsələdir. Bədii
Şura dilin hərflərinə, nöqtə
və ya vergülünə baxmayacaq.
O daha çox bədiiliyə, ədəbiyyata,
müğənnilərin ifa
tərzinə, mahnılara
və s. nəzarət
edəcək. Bu baxımdan
Bədii Şura nisbi işlənən sözdür. Ancaq hərtərəfli bir qurum yaranarsa, onun rolu böyük
olacaq. Hələ ki, bu məsələ
mübahisəlidir. Amma
güman edirəm ki, yaranan İşçi
qrup KİV-də dilimizin pozulması ilə bağlı yaranan problemlərin həlli ilə bağlı müsbət işlər görəcək.
- Həmçinin
orta məktəblərdə
Azərbaycan dilinin tədrisinin aşağı
səviyyədə olması
vurğulanır. Ana dili
ilə bağlı tədrisə, təbliğə
diqqətin artırılması,
dərs saatlarının
çoxalması vəziyyətdən
çıxış yolu
ola bilərmi?
- Orta məktəblərdə
Azərbaycan dilinə
verilən saatlar başqa fənlərə
verilən saatların
hamısından çoxdur.
Mən də bir dərsliyin müəllifiyəm. Mənim
fikrimcə, bu saatlar kifayətdir. Söhbət saatın çoxluğunda və ya azlığında deyil. Əlbəttə, dərs saatı kifayət qədər olmalıdır. Ancaq o saatlarda dərsin səviyyəsi məsələsi
qoyulmalıdır. Bizim
savadlı, mütaliəli
müəllimlərimiz var. Ancaq dilə fikir verməyən, səviyyəsi aşağı
olan müəllimlərimiz
də var. Müəllimlərin
səviyyəsini artırmaq
lazımdır. Müəllimləri
müsabiqədən keçirmək
lazımdır ki, onun səviyyəsi üzə çıxsın.
Müəllim gərək
ədəbiyyat oxusun,
mətbuatla maraqlansın.
Ancaq müəllimlərin
bir çoxu bundan xəbərsizdir. Onların bir çoxu 30 il bundan əvvəl institutu hansı biliklə qurtarıb və bu illər
ərzində necə
dərs keçiblərsə,
o qayda ilə də davam edirlər.
Ona görə də xeyli çətinlik
əmələ gəlir.
Mən onlarla görüşəndə bütün
bunları müşahidə
edirəm. Ona görə bu fikirdəyəm ki, müəllimlərin səviyyəsini
artırmaq lazımdır.
Dillə bağlı qadağa
olmur
- Siz özünüz də “Azərbaycan dili” dərsliyinin müəllifisiniz.
Biz vaxtilə vahid «Ana
dili» dərsliyi ilə böyümüşük.
Bu gün isə dərsliklər tez-tez dəyişir. Bu dəyişikliklərin
dilimizə hansısa təsiri varmı?
- Tələbə Qəbulu
üzrə Dövlət
Komissiyası «Azərbaycan
dili» ilə bağlı test keçirir.
Bu gün əlinə
qələm alan «Azərbaycan dili»ndən kitab yazır. Kitab mağazalarına baxsanız, tanınmayan müəlliflərin «Azərbaycan
dili» ilə bağlı satışda
olan kitablarını görə bilərsiniz.
Bu, dilimizə, dilçiliyimizə
çox mənfi təsir edir. Amma iş ondadır
ki, dilimizin ümumi qaydalarını heç kim ayrı cür izah edə bilməz.
Mübtəda mübtədadır,
xəbər xəbərdir,
isim də isim və s. Amma onların ifadə, təqdimat qaydaları müxtəlif
olur və nəticədə bəzi
savadsızlıqlar üzə
çıxır. Güman
edirəm ki, İşçi qrup bunlara da nəzarət
edəcək və yəqin bu nöqsanlar
da aradan qalxacaq.
- Sizcə yaranan İşçi qrup ana dili
ilə bağlı gedən proseslərə hansı operativ müdaxilələri edə
bilər?
- Ümumiyyətlə, hazırda
dilin inkişafı ilə bağlı plan hazırlanır. Oktyabrın
1-ə qədər sənəd
dövlət başçısına
təqdim olunmalıdır.
Mənim fikrimcə, bütün sahələr
üzrə dillə bağlı xeyli iş görülə biləcək. Və gələcək üçün
xeyli planlar hazırlanacaq. Mən ana dilimizlə bağlı aparılacaq islahatların gələcəyini
müsbət görürəm.
- Necə bilirsiniz, tətbiq edilən qadağalarla insanlara doğma dillərini sevdirmək olarmı? Məsələn, təkliflər
var ki, ölkədə
dil polisi olmalıdır. Belə ki, xüsusi dövlət statusu olan dili düzgün
qorumayanlar qanuna uyğun cəzalandırılmalıdır.
- Adətən dillə bağlı qadağa olmur. Amma qaydalar
var: bəlkə buna qadağa da demək olar.
Məsələn, hər
hansı bir idarədə işləyirsən
və sənədləri
Azərbaycan dilində
tərtib etməlisən.
Və yaxud azərbaycanlısansa öz
dilində danış
- bu, ümumi qaydadır. Bu, millətin,
dilin qorunması məsələsidir.
Təranə Məhərrəmova
Kaspi.-2012.-3 avqust.-S.11.