Ustadlara ustad sən idin sanki,
Niyazi
(“N İ Y A Z İ - 100” silsiləsindən)
Hacıbəyovlar
nəslinin layiqli nümayəndələrindən olan bəstəkar-dirijor,
Üzeyir bəyin böyük qardaşı Zülfüqar
Hacıbəyov(1884-1950) 1912-ci ilin yay günlərində
konsert proqramı ilə Tiflis şəhərinə qostrol səfərinə
gedəndə, həyat yoldaşı, ixtisasca həkim-Bakıdakı
“Şəfqət bacıları məktəbi”nin (indiki dillə
“Tibb texnikumu və ya kolleci”) müəllimi, “ağır
ayaqlı” (hamilə) olan Böyükxanım Tagızadə-Hacıbəyovanı
da özü ilə aparıbmış. Allahın qismətindən
onların ilk övladları da əzəli-əbədi
türk şəhəri olan Tiflis şəhərində
dünyaya gəlir.
20 avqust
1912-ci il təvəllüdlü körpəyə Niyazi
adını verirlər. Daha sonralar bu ailədə
Çingiz(1913-1971) adında bir oğlan uşağı da təvəllüd
tapır.
Niyazi və
Çingiz Hacıbəyovlar hələ kiçik
yaşlarından evlərində əmiləri Üzeyir bəylə
yanaşı, digər görkəmli Azərbaycan bəstəkarı
və dirijoru - Müslüm Maqomayev(baba Moqamayev), xanəndələrdən
Cabbar Qaryağdı, Seyyid Şuşinski, tarzən Qurban
Pirimov, aktyor və rejissor H.Ərəblinski, Terequlov, ədiblərdən
Hüseyn Cavid, Abdulla Şaiq, Cəlil Məmmədquluzadə
və başqa sənətçilərin əhatəsində
böyümüşlər.
Bütün
bu görüşlər, dinləmələr, təbii ki,
atası Zülfüqar bəyin və əmisi Üzeyir bəyin
təlimlərinin göstərdiyi təsir, kiçik Niyazidə
musiqiyə qarşı böyük həvəs oyadır ki, nəticədə
atası onun və qardaşı Çingizin Bakıda
“Y.Şefferlinqin skripka sinifi”ndə, sonradan isə professor
Bretanskinin sinfində(1920-21-ci illər) təhsil
almalarını təmin edir.
Adlarını
Azərbaycanın musiqi tarixinə yazmış bir çox
korifey sənətçilərimizlə yanaşı,
Hacıbəyovlar nəslinin bir çox nümayəndələri
də Üzeyir bəy məktəbinin layiqli müdavimləri
olduğu hamıya məlumdur.
Qardaşı
oğlunun gələcəkdə səriştəli
musiqiçi olacağına inanan Üzeyir bəyin tövsiyyəsi
ilə Niyazi 1926-cı ildə Moskvaya gedərək Musiqi
Pedaqoji Texnikumunda Mixail Fabyanoviç Onesinin “Kompazisiya” sinfinə
daxil olur və üç il orada təhsil alır.
1929-31-ci
illərdə Leninqraq(indiki Sankt-Peterburq) Mərkəzi Musiqi
Texnikumunun “Kompazisiya” çöbəsində təhsil alan
Niyazi öyrəndiklərini təcrübədə həyata
keçirmək üçün yer seçimi
qarşısında qalanda, o fikirləşmədən
anası Böyükxanım Tağızadənin həkim
olaraq bu dövrdə fəaliyyət göstərdiyi
Dağıstanı - Mahaçqala şəhərini
seçir.
1932-ci ildə
Dağıstan MSSR-ə gələn 20 yaşlı Niyaziyə
elə ilk andaca böyük etimad göstərən Muxtar
respublikanın rəhbərliyi tərəfindən o, həmin
dövr üçün(elə indi də) ən yüksək
vəzifələrdən sayılan Dağıstan MSSR “Xalq
Maarifi Komissarlığı”nda “Elm, ədəbiyyat və incəsənət
sektoru”unun müdiri vəzifəsinə təyin olunur.
Gənc
Niyazi vəzifə funksiyalarını layiqincə yerinə
yetirməklə, qardaş və qonşu respublikada elmin, ədəbiyyatın
və incəsənətin inkişafı yönümündə
səylər göstərməklə yanaşı,
mütamadi olaraq yaradıcılıqla da məşğul
olur.
Niyazı
hələ təhsil illərində başladığı və
fortapino üçün nəzərdə tutulmuş
“Prelüd”, “Etüd”, “Skertso” və “Möcüzə” kimi ilk əsərlərini
Dağıstanda fəaliyyət göstərdiyi vaxtlarda
tamamlamağa müvəffəq olur, “Zaqatala
süitası”nın üzərində isə gərgin
yaradıcılıq işi aparır.
HAŞİYƏ:
- XX əsrin əvvəllərində Teymur Kafi(Əliyev) həyat
yoldaşı Səkinəxanım İmam qızı ilə
daimi yaşayış üçün İrandan Bakıya gəlirlər.
Onların Əli-İsgəndər və Rəşid adlı
oğlanları Bakı şəhərində, ailə
başçısı sonradan dəmiryolu tikintisində
mühəndis qismində işləmək üçün
Rusiyanın Krasnodar şəhərinə(o 1922-ci ildə
burada vafat etmişdir) göndərildiyindən onun
üçüncü övladı, Həcər adlı
qız 1914-cü ildə bu şəhərdə dünyaya
göz açır.
Teymur
Kafinin(Əliyev) övladları: Əli-İsgəndər Kafi
İran hökumətinin təyinatı ilə 1925-ci ildə
İranın Armavirdəki Konsulluğunun, 1928-ci ildə isə
bu ölkənin Mahaçqaladakı Konsulluğunun agenti, Rəşid
isə onun katibi vəzifələrində
çalışırlar.
Tibb
texnikumunu bitirərək Mahaçqala Tibb İnstitutunun ikinci
kursunda oxuyan bacıları Həcər, bir gün(1931) dərsdən
evə gəlib - musiqi müəllimlərinin onunla uşaq
baxçasında Bakıdan gəlmiş Böyükxanım
adında azərbaycanlı həkimin işlədiyi və
Mahaçqalada qohum-əqrabasının olmadığından
darıxdığı barədə - söhbət açanda
Əli-İsgəndər Böyükxanım xanımı
evinə dəvət edir və sonralar o tez-tez bu evə gəlib-gedir.
1933-cü
ilin Yeni il təntənələrinin keçirildiyi ərəfədə
Böyükxanım xanım böyük oğlu Niyazi və o
zamanlar Leninqradda təhsil alan kiçik oğlu Çingizi də
özü ilə götürərək Əli-İsgəndər
Kafinin ailəsini təbrik etmək məqsədilə onlara
gedir və ev yiyəsi onları şam yeməyinə dəvət
edir. Süfrə arxasında Niyazinin Əli-İsgəndər
Kafinin 19 yaşlı bacısı gənc və cazibəli Həcərə
hamının hiss edəcəyi şəkildəki
baxışından ona vurulduğu hiss edən “Təbriz
gözəli” də bu sevgiyə qarşılıqlı
“cavab” verir.
Niyazi ilə
Həcərin arasında baş verən məhəbbət məcarasından,
onların sıx-sıx görüşlərindən xəbəri
olan və bu ittifaqa qarşı çıxaraq
bacısını “sevgi məcarası”ndan “xilas etmək” məqsədilə
onu İrana göndərmək fikrinə düşən
İran diplomatını “qabaqlayan” gənclər, 31 iyul
1933-cü il tarixdə bir-birinə qoşularaq Azərbaycanın
Ağdaş şəhərinə gəlib burada İslam
qaydalarına uyğun bir şəkildə kəbin kəsdirirək
rəsmi ər-arvad “statusuna” yiyələndikdən sonra
Bakıya yollanırlar. Əvvəlcə Niyazinin atası
Zülfüqar bəyin Füzuli küçəsi 31-də
yerləşən birotaqlı mənzilində valideyinlərlə
birlikdə, sonradan isə icarə elədikləri müxtəlif
mənzillərdə yaşyan gənc ailəyə, 1937-ci ildə
Xəqani küçəsində ilk mənzil verildikdən
sonra yaşayış şəraitləri
yaxşılaşmışdır.
Həcər
xanım işləmədiyindən evdarlıqla məşğul
olur, Niyazi isə elə həmin il(1933) Azərbaycan Dövlət
Konservatoriyasına(indiki Bakı Musiqi Akademiyası) daxil olaraq
1934-cü ilə qədər orada oxumaqla, professorlar L.Rudolfun
“Skripka sinifi”ndə, sonralar isə S.Ştrasserin “Dirijorluq
sinifi”ndə təhsil alır.
Təhsillə
yanaşı yaradıcılıqla da məşğul olan
Niyazi həmin 1933-cü ildə “Zaqatala süitas”nı da
tamamlaya bilir.
Azərbaycan
vokal məktəbinin banisi, SSRİ Xalq artisti
Bülbülün 1932-ci ildə təşkil etdiyi “Musiqi
kabineti”nin xətti ilə Azərbaycanın cənub bölgəsinə
- Lənkarana və Astaraya - ezam olunaraq “Vallah şirinəm”,
“Çoban havası”, “Aman nənə”, “Ay dili-dilidir” və bu
kimi digər Azərbaycan xalq mahnılarını toplayaraq nota
köçürən Niyazi, elə bu səfərlərdən
ruhlanaraq 1934-cü ildə fortapiano üçün
Talış mövzulu müxtəlif pyeslər də yazır
və elə həmin il onu Azərbaycan Bəstəkarlar
İttifaqına üzv qəbul edirlər.
Niyazi Azərbaycan
professional musiqisi tarixində ilk dəfə olaraq 1935-ci ildə
mahir muğam ustası Cabbar Qaryağdının ifasında
klassik musiqi nümunələrimizdən olan “Rast” və
“Şur” muğamlarımızı nota
köçürür.
1935-37-ci
illərdə Azərbaycan Kinostudiyasında musiqi redaktoru vəzifəsində
çalıçan Niyazi, həmin illərdə
C.Cabbarlının - eyni adlı pyesi əsasında çəkilən
ilk səsli “Almaz” filminə(atası Zülfüqar Hacıbəyovla
birlikdə), dramaturqun “Almaz” və “1905-ci ildə” pyeslərinin
teatr tamaşalarına, daha sonralar isə C.Cabbarlının
“1905-ci ildə” pyesi, Ə.Haqverdiyevin eyni adlı əsəri əsasında
çəkilən “Dağılan tifaq”, habelə “Kəndlilər”,
“Mənsur”, “Fətəli xan”, “Azərbaycan qadınınin
baharı” və s. bu kimi kinofilmlərə müsiqi də bəstələyir.
30-cu illərin
ortalarını Niyazinin dirijorluq fəaliyyətinin
başlanğıcı kimi də qiymətləndirmək
olar. Bu illərdə o Azərbaycan radiosunun orkestri ilə
yanaşı, “Nüftçilər İttifaqı”nın nəzdində
fəaliyyət göstərən “Dram teatrı”nda da dirijorluq
fəaliyyəti göstərir.
1937-ci ildə
M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet
Teatrına dəvət olunaraq teatrın bədii rəhbəri
vəzifəsinə təyin olunan Niyazi, bəstəkar Qlierlə
birlikdə M.Moqamayevin “Nərgiz” operasının yeni
redaksayası üzərində gərgin işə
başlayır. 1938-ci ilin aprelində Moskvada keçirilən
“Azərbaycan mədəniyyəti ongülüyü”ndə
Niyazinin dirijorluğu ilə ifa olunan bu əsər sürəkli
alqışlarla qarşılanır və 26 yaşlı gənc
bəstəkar-dirijor SSRİ-nin “Şərəf
nişanı” ordeni ilə təltif olunur. Bu mədəniyyət
günlərini geniş işıqlandıran mərkəzi mətbuat
Niyazini məharətini xüsusi qeyd edirək
yazırdılar: “Gənc, istedadlı dirijor Niyazi operanı
çox gözəl aparır. Yüksək bədii taktla
müğənniləri müşayət edir. Niyazi
partiyanı çox gözəl bilir, hansısa xüsusi
yüngüllük və temperamentlə orkestri idarə
edir”(“Pravda” - 12 aprel 1938-ci il); “...Niyazi son dərəcə dəqiq,
diqqətlə və yüksək ifadə ilə dirijorluq
edir.”(“Raboçaya Moskva” - 12 aprel 1938-ci il).
“Ongünlük”dən
uğurla qayıdan Niyazi bu dəfə Azərbaycan Dövlət
Filarmoniyasının bədii rəhbəri vəzifəsinə
təyin olunur və o, dirijor Nikolay Pavloviç Amosovla birgə
Simli Orkestrin kollektivini formalaşdır ki, iki il sonra
dağılan bu kollektivin bazasında bir qədər sonra
1944-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan
Dövlət Simfonik Orkestri təşkil edilir.
Niyazinin
dirijorluq sənəti haqqında mülahizəlinə görə:
- “... dirijor... o, musiqini - saf, gözəl və kamil musiqini
öyrənməyi bacarmalıdır. Məncə, dirijor
qulağı ilə görməli, gözü ilə eşitməli,
əlləri ilə danışmalıdır”.
1939-cu ildə
N.Gəncəvinin “Xosrov və Şirin” poemasının motivləri
əsasında eyni adlı opera üzərində işə
başlayan Niyazi elə həmin il I aktını Azərbaycan
Dövlət Filarmoniyasında ifa etdiyi əsər, 1941-42-ci il
Teatr mövsümünün açılışı
zamanı isə Azərbaycan Dövlət Opera və Balet
Teatrının səhnəsində tam səhnə təcəssümünü
tapır.
1939-40-cı
illərdə rus musiqiçilərindən olan pianoçu Lev
Oborinə, fortopinoçular Emil Qureviçə və Emil
Qilelsə, 1954-57-ci illərdə isə pionoçu Viktor
Merjanova və 16 yaşlı gənc gürcü pianoçusu
Liana İsakadzeyə də Niyazi dirijorluq etmişdir.
1941-ci ildə
Böyük Vətən Müharbəsi başlayanda Bakı
Dairəvi Hərbi Mahnı və Rəqs Ansanblının bədii
rəhbəri təyin olunan Niyazi, cəbhə bölgələrində
əsgərlər qarşısında bütün müharibə
boyu dəfələrlə maraqlı konsert proqramları ilə
çıxış etmişdir.
Təbrizdə
Sovet döyüşçüləri qarşısında
Üzeyir Hacıbəyovun “Koroğlu” operası ilə
çıxış edən(1941) Niyazi, qədim türk şəhəri
Təbrizin doğmalığından duyğulanaraq Xalq
şairi Süleyman Rüstəmin məşhur “Təbrizim”
şeirinə elə oradaca mahnı da bəstələmişdir.
1944-cü
ildə Tiflisdə keçirilən “Zaqafqaziya incəsənət
ustaları ongünlüyü”ndə Qara Qarayevin və Fikrət
Əmirovun əsərləri ilə yanaşı
özünün “Xatirələr” və “Döyüşdə”
simfonik əsərləri ilə çıxış edən
Niyazi yadda qalan ifa manevrləri ilə həmkarlarının və
tamaşaçıların dərin hörmətini
qazanmışdır.
1946-cı
ildə Leninqrad şəhərində keçirilən “Gənc
dirijorların II Ümumittifaq Baxışı”nın yekun
konsertinin beş laureatından biri də Niyazi olmuşdur.
Niyazi
1947-ci ildə Bakıda keçirilən böyük Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin 800
illik yubiley tədbirləri zamanı Ü.Hacıbəyobun
“Kontata”sı, F.Əmirovun
“Nizami
simfoniyası” və Q.Qarayevin “Yeddi gözəl” simfonik
poeması ilə yanaşı, özünün “Xosrov və
Şirin” operasını da ifa etmiş, elə həmin il də
bu operanı Opera və Balet
Teatrında
yeni redaksiyada səhnələşdirməyə müvəffəq
olmuşdur.
1948-ci ildə
Moskvada keçirilən “SSRİ Bəstəkarlar
İttifaqının I qurultayı”nın nümayəndələri
sırasında olan Niyazi, Üzeyir Hacıbəyovun “Firuzə”
operasından Firuzənin ariyasını və Qara Qarayevin
“Leyli və Məcnun” simfonik poemasını professional
nümayəndə heyəti qarşısında uğurla ifa
etmişdir.
Niyazinin
“Rast” muğamının motivləri əsasında 1949-cu ildə
yazdığı “Rast simfonik muğamı” Azərbaycanın
və eləcə də Şərqin musiqi ictimaiyyəti tərəfindən
rəğbətlə qarşılanmış, o, U.Hacıbəyovun
N.Gəncəvinin sözlərinə bəstələdiyi “Sənsiz”
və “Sevgili canan” romanslarını isə 1953-cü ildə
orkestr üçün işləmişdir.
1949-50-ci
illərdə “Moskva konservatoriyası”nın Böyük
zalında və “Böyük teatr”ın səhnəsində
uğurla çıxış edən Niyaziyə, o vaxtkı
Çexoslavakiya respublikasının paytaxtı Praqa şəhərində
keçirilən “Praqa baharı-51 Beynəlxalq Müsabiqə”dəki
iştirakı böyük şöhrət
qazandırmış, dünya şöhrətli musiqiçilər
- bəstəkarlar, dirijorlar, ifaçılar - onun ifa tərzinə
heyranlıqlarını gizlətməyərək,
böyük istedada malik Azərbaycan dirijoru ilə
yaxınlıq etmək, onunla yaradıcılıq əlaqələri
yaratmaq niyyətlərini fəxrlə dilə gətirmişlər.
Niyazinin
1950-ci illərdə Simfonik Orkestri üçün işləyib
Aşıq Zeynalın sözlərinə yazdığı
“Aşıq mahnısı”, “Arzu” romansı, orkestr
üçün işlədiyi xalq mahnılarından “Kəsmə
şikəstə”, “Qara gilə”, “Xumar oldum” və digərləri
bu gün də tanınmış
ifaçılarımızın repertuarını bəzəyir.
1954-cü
ildə o vaxtkı Rumuniya Sosialist Respublikasında qostrol səfərində
olan Niyazi, bu ölkənin ən məşhur - “Ateneul” və
Buxarest Opera və Balet Teatrının konsert salaonlarında
Buxarest Dövlət Filarmoniyasının orkestrni uğurla idarə
etmişdir.
Niyazinin
ifalalarından duyğulanan RSR Dövlət mükafatı
laueratı, bəstəkar A.Viyeru yazırdı:
“P.Çaykovskinin “Dördüncü simfoniyası”nda Niyazinin
götürdüyü ahəng, eləcə də onun
bütün ifaçılıq konsepsiyası sübut edir ki,
dirijor P.Çaykovskinin musiqisinin təfsirində rus ənənəsinə
sadiqdir. Bununla birlikdə simfoniyanın təfsirində,
xüsusən məşhur “pitsikato ostinato”nun ifasında şəxsi,
yeni və orjinal cizgilər çoxdur.”
1954 və
1955-ci illərdə keçirilən böyük və
möhtəşəm “Mahnı bayramları”nın təşəbbüskarı
və təşkilatçılarından olan Niyazi, Bakı
şəhərinin mərkəzi stadionunda onminlərlə
tamaşaçının iştirakı ilə keçirilən
final konsertində heyəti 350 nəfərdən ibarət olan
orkestrə dirijorluq etməklə yanaşı, heyəti 17 000
nəfərdən ibarət olan xoru da xormeystr A.Yurlovla birgə
müvəffəqiyyətlə idarə etmişdir.
1956-cı
ildə skripaçı Nelli Skolnikova və Dmitri Başkirov ilə
Çexoslovakiya respublikasına qostrol səfərinə
çıxan Niyazi, 1958-ci ildə Orta Asiya respublikaları zəhmətkeşləri
qarşısında konsert proqramları ilə 20-dən
artıq çıxışlar etmişdir.
Azərbaycan
Bəstəkarlar İttifaqının 1956-cı ildə
keçirilən I qurultayının işinin aparılması
nümayəndə heyəti tərəfindən məhz
Niyaziyə həvalə olunmuşdur.
1958-ci ildə
M.F. Axundov adına Azərbaycan Opera və Balet Teatrının
baş dirijoru vəzifəsinə təyin olunarkən
teatrın repertuarını yenidən işləməyi bir vəzifə
olaraq qarşısına məqsəq qoyan və 1959-cu ildə
Moskvada keçirilən “Azərbaycan ədəbiyyat və incəsənət
ustalarının ongünlüyü”nə layiqincə təqdim
etməyə müvəffəq olan Niyazi, “ongünlük” təntənələrinin
repertuarına Ü.Hacıbəyovun “Koroğlu”, F.Əmirovun
“Sevil” operalarını, Q.Qarayevin isə “Yeddi gözəl”
baletini daxil edir.
Moskvada
keçirilən ongünlük zamanı Niyazinin
nümayiş etdirdiyi yüksək ifaçılıq məharətinə
yüksək qiymət verən tanınmış rus
musiqiçiləri yazırdı: “Sovet ifaçılıq sənətinin
ən böyük ustalarından biri olan drijor Niyazi
“Koroğlu” operasını böyük ilham və ehtirasla təfsir
edir”(K.Savka); “Sevil” operası güclü təsir
bağışlayır və bu, xeyli dərəcədə
dirijor Niyazinin xidməti ilə əlaqədardır. O,
musiqinin ruhunu və xarakterini, hadisələrin ahəngini
düzgün qavramış və və bütün
ifaçıları özünün bu qavrayışına
tabe etdirmişdir”(İ.Martınov); “...Bütün tamaşa
boyu ona(“Yeddi gözəl”ə) böyük həyacanla
baxırsan. Məftunedici musiqi, Niyazinin yüksək məharəti,
artistlərin ecazkar ansanblı biz
taşmaşaçıları da ilhama gətirir.”(A.Tvardovski).
“Ongünlüyün”
uğurla keçirilməsi nəzərə alınaraq Sovet
Hökumətinin qərarı ilə Azərbaycan incəsənət
xadimlərindən Niyazi də daxil olmaqla bir neçə nəfərə
“SSRİ xalq artisti” fəxri adı verilir.
Həmin
ildən başlayaraq Niyazi bir neçə
çağırış dalbadal Azərbaycan SSR və
SSRİ Ali Sovetlərinin deputatı seçilir.
1960-cı
ildə Macarstanda möhtəşəm ifaları ilə
yaddaqalan çıxışlar edən və bir az sonra həmin
il qostrol səfəri çərçivəsində
Bakıda olan ABŞ-ın məşhur pianoçusu Van
Klaybernlə birgə konsetlər verən Niyazi, Arif Məlikovun
“Məhəbbət əfsanəsi” baletinin üzərində
işləməklə bu əsərin 1961-ci ilin martında
Leninqraddakı təqdimatı(premyerası) böyük əks-sədaya
səbəb olmuş, görkəmli rus bəstəkarı
D.Şostakoviç “Pravda” qəzetində dərc etdirdiyi məqaləsində
Niyazi sənətkarlığına yüksək qiymət verərərək
yazırdı: “...Musiqinin yozumunda və tamaşanın
yaradıcılığında dirijor Niyazinin diqqətəlayiq
rol oynadığını dərhal qeyd etmək
lazımdır. O, orkestr ilə əsl yekdilliyə nail
olmuş və istər hər bir alətin, istərsə də
ümumən bütün kollektivin misilsiz ifasını təmin
etmişdir. Biz əsl “forte”, əsl “piano” eşidirik,
ayrı-ayrı qruplar qovuşub vahid ansanbl təşkil edirdi.
Mən əsas etibarilə onu qeyd etmək istərdim ki,
tamaşa zamanı dirijor nəinki təkcə orkestr
üçün, eləcə də səhnə
üçün əsl rəhbər idi. Təəssüf ki,
sənhəmizdə belə hallar o qədər də tez-tez
baş vermir.”
Niyazi
peşəkarlığını bir daha dərk edən
S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının rəhbərliyi
onu Parisin “Qrand-Opera”, Londonun isə “Kovend-Qarden” teatrlarına
qostrol çərçivəsində yerli orkestrləri idarə
etməyi təklif edir.
“Qrand-Opera”da
baş tutan konsertdə P.Çaykovskinin “Yatmış gözəl”
və S.Prokofyevin “Daş çiçək” əsərlərini
yüksək peşəkarlıqla ifa etdikdən sonra
Fransanın məşhur “Humanite” qəzeti böyük Azərbaycan
dirijoru Niyazi ilə geniş müsahibəni səhifəsində
dərc etmişdir.
Niyazi
P.Çaykovskinin yaradıcılığına olan sevgisini
etiraf edərək, böyük bəstəkarın dramatik dərinliyi
ehtirası ilə insanı məftun edən musiqisini
özünəməxsus bir səmimiyyət, təkrarolinmaz
bir insani kövrəkliklə yenidən yaratdı.
Niyazinin
1961-ci ildə bəstələdiyi “Çitra” baleti, elə həmin
il Rusiyanın Kuybışev(indiki Samara) teatrında səhnə
təcəssümünü tapmışdır. Əsərin
premyerasında iştirak edın Rabindanat Taqorun qız nəvəsi
qeyd edərək demişdir ki, -“baletin musiqisində Rabindanat
Taqorun əsl poetik yaradıcılıq ruhu hökm
sürür.” (“Çitra” baletini 1971-ci ildə yeni redaksiyada
işləyərək, SSRİ Xalq rəssamı Mikayıl
Abdullayev və tanınmış baletmestr N.V.Danilovanın
iştirakı ilə 1972-ci ildə Azərbaycan Opera və
Balet Teatrında səhnəyə qoyur).
Onun
1962-ci ildə pianoçu Y.Malinin və violençel ustası
S.Knuşevitski ilə Çin Xalq Respublikasında
keçirdikləri qostrol səfəri də uğurlu
olmuşdur.
1963 və
1966-cı illərdə Monqolstan Xalq Respublikasına qostrol səfərləri
zamanı yerli musiqiçilər qarşısında məruzələrlə
çıxış edən Niyazi, bu ölkənin Simfonik
orkestrinin xarici səfərlər zamanı ifa edəcəyi
musiqi nömrələrinin proqramının tərtibində
yaxından iştirak etmiş, habelə ilk simfonik əsərinin
bəstənilməsində gənc monqol bəstəkarı
Mordorja ustad məsləhətləri də vermişdir.
1964-cü
ildə Almaniya Demokratik Respublikasının Lepsiq və Karl
Marks Ştadt şəhərlərinə qostrol səfərləri
zamanı Niyazi, Meriya tərəfdən şəhərin “Fəxri
medal”ı ilə mükafatlandırılır.
1965-ci
ilin noyabrında Niyazi İstanbul opera teatrında simfonik
orkestrlə çıxış etmək və
P.Çaykovskinin rus şairi A.Puşkinin eyni adlı
poemasının motivləri əsasında yazdığı
“Yevgeni və Onegin” operasını səhnəyə qoymaq
üçün Türkiyəyə dəvət olunur.
Sən
demə Niyazi İstanbul Opera Teatrında işə
başlamamışdan əvvəl burada maraqlı vəziyyət
yaranıbmış. İtaliya dirijoru Pino Trost və
İsveçrə rejissoru Elmar Foyqt P.Çaykovskinin bu
operasını tamşaya hazırlamağa cəhd göstərsələr
də, tamaşa baş tutmamış, bununla əlaqədar
İstanbul mətbuatında bir çox kəskin məqalələr
dərc edilibmiş.
“Yevgeni və
Onegin” operasının tamaşasının hazırlanması
prosesində Niyazi eyni vaxtda teatrın musiqi rəhbəri və
rejissor funksiyalarını yerinə yetirir. Dirijor, solistlər,
xor və orkestr arasında zəruri olan
qarışılıqlı anlaşma yaradır.
P.Çaykovskinin operası Niyazinin təfsirində dərin və
güclü maraq doğurur.
Türkiyə
bəstəkarı və tənqidçisi Bülənd Tarcan
aylıq “Orkestra” jurnalında Niyazinin bədii təfəkkür
yetkinliyi və yüksək professional mədəniyəti barədə
böyük məqalə ilə çıxış edir.
1966-cı
ildə Parisə növbəti qostrol səfəri zamanı
Niyazi, bu ölkənin “Kolonna” orkestrnə dirijorluq etməklə,
Parisin “Şatel” teatrına gələn tələbkar Avropa
tamaşaçlarını misilsiz ifasının cazibəsinə
salır.
1980-ci ildə
Özbəkistanda növbəti qostrol səfərində olan
Niyaziyə bu ölkənin milli geyimi hədiyyə olunur ki, bu
qiyafə ölməz sənətkarın mənzil
müzeyinin kolleksiyasına daxil edilmişdir.
Niyazi
bütün qostrol səfərlərinə cox sevdiyi
ömür-gün yoldaşı Həcər xanımla birgə
getmişdir.
(Niyazinin
qardaçı Çingiz Hacıbəyov (1913 - 1971) Azərbaycan
Dövlət Filarmoniyasında və Azərbaycan radiosunda
Simfonik orkestrlərə uzun müddət dirijorluq etmişdir)
Niyazi
Zülfüqar oğlu Tağızadə-Hacıbəyov(Tağızadə
soyadını dayısı Heydərəlinin şərəfinə
götümüşdür) 1938-ci ildə SSRİ-nin “Şərəf
nişanı” ordeni ilə 1940-cı ildə Azərbaycanın
SSR “Əməkdar incəsənət xadimi”, “1941-45-ci illərdə
Almaniya üzərində qələbəyə görə”,
“Vətən müharibəsində rəşadətli əməyə
görə”, “Qafqazın müdafiəsinə görə”
medalları ilə təltif edilmiş, 1944-cü ildə
“Arşın mal alan” komediyasının yaradılmasında
iştirakına görə Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin “Fəxri Fərman”ı, 1946-cı ildə Leninqrad
şəhərində keçirilən “Dirijorların
Ümumittifaq Baxışının laureratı”, 1951-ci ildə
parlaq yaradıcılığına görə, 1952-ci ildə
isə Sultan Hacıbəyovun “Gülşən” baletinin
uğurlu tamaşasına görə yaradıcı kollektivin
üzvləri ilə yanaşı ikinci dəfə “SSRİ
Dövlət Mükafatı laueratı” olmuş, ona 1955-ci ildə
“Azərbaycanın SSR Xalq artisti”, 1959-cu ildə isə
“SSRİ Xalq artisti” fəxri adları verilmiş, o 1960-cı
ildə Macarstan Xalq Respublikasının “Bella Bartok adına
medal”ına, 1964-cü ildə Almaniyanın Karl Marks Ştadt
şəhərinin “Fəxri medal”ına layiq
görülmüş, 1967-ci ildə “Üzeyir Hacıbəyov
adına Azərbaycan Azərbaycan SSR Dövlət
Mükafatı”nın laureatı olmaqla, həm də
“Qırmızı Əmək bayrağı Ordeni”
almış, 1972-ci ildə “Oktyabr İnqlabı Ordeni”, Hind
şairi Rabindanat Taqorun eyni adlı poemasının motivləri
əsasında yazdığı “Çitra” baletinə görə
1974-ci ildə “Cavahirləl Nehru adına Beynəlxalq
mükafat”a layıq görülmüş, 1976-cı ildə
“Lenin ordeni” almış, 1982-ci ildə isə anadan
olmasının 70 illik yubiley tarixi münasibətilə
SSRİ Hökumətinin qərarı ilə “Sosialist Əməyi
Qəhramanı” adına layiq görülmüşdür.
Yuxarıda
qeyd edildiyi kimi Maestro Niyazi uzun illər deputatlıq fəaliyyəti
göstərmiş, o respublikamızın və eləcə də
SSRİ-nin ictimai-siyasi işlərində yaxından
iştirak etmişdir.
Göründüyü
kimi Niyazinin həyat və yaradıcılığı
1944-cü ildən ömrünün sonuna - 1984-cü ilin 2
avqust tarixinədək Azərbaycan Dövlət
Filarmoniyası ilə sıx bağlı olmaqla,
yaradıcısı olduğu Azərbaycan Dövlət Simfonik
Orkestrinin bədii rəhbəri və baş dirijoru olmuş,
ayrı-ayrı illərdə bu qurumun və Opera və Balet
Teatrının direktoru(baş dirijoru) vəzifələrində
çalışmış, burada
çalışdığı illərdə əsərlərinin
yeni redaksiyasının partituralarını işləmiş,
yeni konsert proqramları tərtib etmiş, gənc
musiqiçilərə ustad tövsiyyələri vermişdir.
Musiqi sənətində
ən vacib şərtlərdən biri, bəlkə də
birincisi sayılan keyfiyyət göstəricisi, musiqini(səsi)
eşitmək və tamlıqla yadda saxlamaq(obsalyud slux) qabiliyyətinə
malik olan Maestro Niyazi, böyük orkestr kollektivlərini idarə
edərkən, hərəsindən bir neçəsi olan
çoxsaylı musiqi alətlərinin hər birinin səsini
ümumi səslər içərisində
ayrı-ayrılıqda eşidə bilən və hansısa
musiqi alətinin ümumi harmoniyaya
uyuşmadığını, pərdəyə girmədiyini(xaric
çaldığını) yerindəcə duyar və
nümunə göstərmiş olsaq - “4-cü skripka, sənin
üçüncü simin kökdə deyil” - deyə konkret
olaraq göstərərmiş.
Uzun
sürən xəstəlikdən sonra 1984-cü ildə
özü, 1990-cı ildə isə həyat yoldaşı Həcər
xanım dünyalarını dəyişmələrinə
baxmayaraq, Niyazinin 1958-ci ildən
yaşayıb-yaratdığı - Bakının Bülbül
küçəsindəki 21 nömrəli evin 3-cü mərtəbəində
yerləşən 24 nömrəli mənzilinin “Niyazinin mənzil
muzeyi“ qismində hüquqi status alması, hələ
sağlığında onunla dostluq etmiş, sənətinə
bütün parametrləri ilə yüksək qiymət
vermiş Ümummilli Liderimiz, Müasir Azərbaycan Dövlətinin
yaradıcısı və qurucusu Heydər Əliyev cənablarının
1993-cü ildə Azərbaycanda ikinci dəfə hakimiyyətə
gəlişindən sonrakı bir il ərzində - 1994-cü
ilin sentyabr ayının 18-də reallaşmış,
açılışda şəxsən iştirak edən
Heydər Əliyev cənabları muzeyin “Xatirə kitabı”da
ürək sözlərini də yazmışdır.
Hələ
neçə il əvvəl Heydər Əliyev Niyazi
haqqında danışanda -“Niyazi həm fitri istedadına, həm
müsiqi sənətində xüsusi üslubuna, həm də
bənzərsiz yoluna görə bütün başqa bəstəkarlardan,
dirijorlardan seçilir” - demişdir.
Azərbaycan
respublikası prezidentinin və Heydər Əliyev Fondunun,
şəxsən bu Fondun prezidenti Mehriban xanım Əliyevanın
Azərbaycan musiqisinin inkişafı
istiqamətində
apardığı məqsədyönlü işlər
çox təqdirəlayiqdir.
Ölkə prezidenti möhtərəm
İlham Əliyev cənablarının 20 iyun 2010-cu il tarixli Sərəncamında
Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi
Qəhrəmanı Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun
100 illik yubiley tədbirləri(2012) dövlət səviyyəsində
keçirilməsi nəzərdə tutulmuşdur.
2012-ci il
həm də “Niyazi ili” elan olunmuşdur.
Muzeydə ümumilikdə dahi sənətkarla
bağlı 6200 adda eksponat saxlanılaraq mühafizə olunur.
Onların sırasına, ailənin məişət əşyaları(predmetləti),
müxtəlif illərdə, dünyanın müxtəlif
ölkələrdə və yerlərində korifey
musiqiçilərlə çəkilmiş foto-şəkillər,
əsərlərinin əl yazmaları, geyimləri, o cümlədən
dirijor geyimi(frak), pianosu, iş masası,
hətta
içində popiros kötüyü olan külqabısı
və alışqanı, eynəyi, qələmi və s.
daxildir.
Niyazi hara getmsindən aslı
olmayaraq orada mütləq şəkillər çəkdirər,
bu ölkənin tarixi, memarlığı və digər tarixi
məqamlarla bağlı
açıqcalarını(otkrıtka), prospektlərini, milli
ornamentli
suvinirlərini xatirə olaraq gətirərmiş.
Niyazinin
50 ildən artıq bir dövr ərzində(1933-1984) birgə
ailə həyatı yaşadığı ömür-gün
yoldaşı Həcər xanımın(1913-1990) xatirələrində
deyilir:
“Niyazini
bütün həyatı boyu müşayət edən, həmişə
qəlbində gəzdirdiyi, az qala səcdə həddinə
çatdırdığı Üzeyir Hacıbəyov
dühasına olan sevgisi idi. Niyazi Üzeyir bəyi ilahiləşdirirdi.
Üzeyir bəy Niyazinin onun əsərlərini ifa etməsindən
böyük zövq alar, Niyazi xəstə olanda əsərlərinə
kimin dirijorluq etməsindən asılı olmayaraq konsertdə
iştirak etməzmiş”;
“Konsertlərdə
Niyazini tamaşaçı qismində müşayət etməyi
sevən, lakin bir dəfə də olsun ona əl çalmayan
Həcər xanım, Niyazinin səhnədən gözləri
ilə həmişə onu axtardığını və
“tapanda” isə xəfifcə gülümsədiyini
xatırlayır”;
“Onu
tez-tez məzəmmət edərək bütün həyatını
Niyaziyə qurban verdiyinə görə qınayanlara - “mən
öz həyatımı istedadlı bir adama və sevimli ərimə
həsr etmişəm” - deyə cavab verərmiş”;
“Niyazi, Həcər
xanım xəstə olarkən işə gedəndə onun
ayağa durmamasını israrlı şəkidə xahiş
edər, əgər mən gələndə sənin yemək
bişirdiyini görsəm, dönüb gedəcəyi ilə
“hədələyər”, gün ərzində isə tez-tez zəng
çalıb halını soruşar, “özünü qoru” və
sevərəkdən tez-tez işlətdiyi - “Özünü mənim
xatirimə qoru” deyərmiş”;
“Hətta
1977-ci ildə Həcər xanım İrana -
doğmalarının görüşünə gedən zaman
xəstələnərək xəstəxanaya düşən
Niyaziyə Həcər xanıma bu barədə xəbər
vermək istədiklərini deyənlərə - “Mən Həcərə
çox borcluyam, o mənim üçün etdiklərinin
qarşısında onu doğmaları ilə
görüçdən ayıra bilmərəm” demişdir”..
Moestro
Niyazinin 100 illik yubileyi ilə əlaqədar onun ölməz
ruhuna həsr etdiyim bu portret yazımı ənənəmə
sadiq qalaraq yazdığım portret şeirimlə tamamlamaq istəyirəm.
Ruhun
şad olsun, Ustad!
Gəl
bax Şuşaya, çünkü baban doğuldu burda,
Açdın
gözünü Tiflis olan türki-diyarda
Gördün
üzünü Bakı kimi o xoş cəmalda,
Yoxsan
aramızda, hamı ruhundan irazi,
Ustadlara
ustad sən idin sanki, Niyazi.
Aldın ələ
dəftər - nə eşitdin Üzeyirdən,
yığdın
“qabına”, öyrənib elmi, canı-dildən.
Bir nəgmə
də qoşdun qoca Təbrizə könüldən,
Gəzdin
Çini, Rumu və Səmərqədi, Şirazi,
Ustadlara
ustad sən idin sanki, Niyazi.
Duydun səsi
sən, ilk dəfədən qaldı yadında,
Gördün
həyatın ləzzətini səsdə-dadında.
Ün
saldı bütün aləmə qız “Çitra” adında,
“Nehru” sənə
göndərdi mukafat, halal ruzi,
Ustadlara
ustad sən idin sanki, Niyazi.
Getməz
ulu sevdan, təmiz eşqin nəzərindən,
Var bircə
təmənnan tək o “Təbriz gözəli”ndən.
Gördün
neçə göz, xoş baxışı - yox Həcərindən,
Göstərsə
də gündə neçə qız işveyi-nazi,
Ustadlara
ustad sən idin sanki, Niyazi.
Gördük
səni biz dahilərin ön sırasıda,
Tutdun
yerini musiqinin səs qalasında.
Böldün
evinin nemətini dost arasında,
Verdin gəlirindən
fəqirə nəzri-niyazi,
Ustadlara
ustad sən idin sanki, Niyazi.
Can verdi əlin
mahnılara, xalqla duruldun,
Dindi yenidən
“Kəsmə şikəstə”, “Xumar oldum”.
“Xosrov ilə
Şirin”ə baxıb, bir də vuruldun,
Aldın
qələmə “Rast”ı bir az, fərqli-məcazi,
Ustadlara
ustad sən idin sanki, Niyazi.
“Etüd”,
“Prelüd” sən yeni bir “Möcüzə” yazdın,
“Vallah
şirinəm”, Xan “Çoban”am, “Arzu”-murazdın.
Eşqin,
əməlin pak, hər işə düz və tarazdın,
Ölməz
sənətin dərya-dəniz, yoxdu dəyazi,
Ustadlara
ustad sən idin sanki, Niyazi.
“Şatel”də
ucaltdın başını türkü-Turanın,
Heyrət
bürüdü əqlini lap başda duranın.
Yardın
sinəsin, keçdin içindən bu dumanın,
Yoxdur sənə
sərhəd, məkanındır hər ərazi,
Ustadlara
ustad sən idin sanki, Niyazi.
Sən
Qartal idin, kölgə salırdın yerə göydən,
Bir vulkan
idin sən uyuyan, kükrəyən hərdən.
Cürətlə
deyirdin sözünü, ən uca yerdən,
Tab tumaz
önündə nə bir hakim, nə də qazi,
Ustadlara
ustad sən idin sanki, Niyazi.
Çatdın
100-ə, sənziz 100-nü qeyd edir aləm,
Hər
musiqinin sehri böyük, dərdlərə məlhəm.
Meydanlıyam,
öz şerim ilə təbrikə gəlləm,
Dur
qarşıla, ey əhli sənət, saçı bəyazi,
Ustadlara
ustad sən idin sanki, Niyazi.
29.07.2012-Bakı
Fəxrəddin MEYDANLI
Kaspi.-2012.-11-13 avqust.-S.12.