Nəcib və xeyirxah missiyanın daşıyıcısı 

 

Mehriban Əliyeva: «Mən əminəm ki, cəmiyyətdə bütün ağır, çətin problemləri xeyirxahlıqla, insansevərliklə, mərhəmətlə həll etməyə çalışmaq lazımdır»

 

Onu hamı sevir... Vətəninə və xalqına sonsuz məhəbbətinə görə... O, doğma Azərbaycanın ən böyük təəssübkeşlərindən biri, millətimizin xoşbəxt gələcəyinə hesablanan bir çox layihələrin müəllifidir. Birinci xanım adını şərəflə daşımaq, dünya birliyində Azərbaycanın mövqeyini hər zaman qorumaq, uşaqdan böyüyə qədər hamının qayğısına qalmaq, cəmiyyətimizdəki problemlərin həllinə öz qətiyyəti və cəsarəti ilə nail olmaq... Bir sözlə, son dərəcə məsuliyyətli, həm də gərgin fəaliyyət sferası... Bütün bunlar onun həyatının ayrılmaz parçası, həm də maraqlı anları və məqamlarıdır. Elə buna görə də o, xoşbəxtdir. Çünki onun qızıl kimi ürəyi var.

“Mən nəyi deyirəmsə çalışıram onu həyata keçirim” deyən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətində başlıca meyar deyilən sözün həyatda öz təsdiqini tapmasıdır. Bu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin yürütdüyü siyasətin əsas prinsiplərindən olmaqla onun qurduğu siyasət məktəbinin ən uğurlu yetirmələrindən olan Mehriban Əliyevanın da fəaliyyətində başlıca meyara çevrilib. Bu meyarın təməlində isə müasir Azərbaycanın və hər bir azərbaycanlının həyatında və taleyində silinməz iz qoymuş böyük simanın, dahi şəxsiyyətin əməllərinin yaşadılması və gənc nəslə ötürülməsi dayanır. Mehriban Əliyevanın özü isə ən böyük müəlliminə olan hörmət və ehtiramını bu cür ifadə edir: “Səksən il sürən bu şərəfli həyat hər birimizin taleyində silinməz iz qoyub. Prezident Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu gün müstəqil, gündən-günə güclənən, inkişaf edən, dünya birliyində layiqli yer tutan Azərbaycanda yaşayırıq. Heydər Əliyev nailiyyətləri, Heydər Əliyev qələbələri və zirvələri Azərbaycanın tarixində və Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaq”.

Mehriban Əliyevanın fəaliyyətində əsas rolu ölkənin birinci xanımı olmaq statusu və yaxud da ictimaiyyət arasında daha çox olmaq elementi oynamır. Mehriban Əliyeva Prezidentin həyat yoldaşı kimi dövlət başçısının məsuliyyətini onunla birgə bölüşür. Bu, çətin olduğu qədər də şərəflidir. Xalq bu amili yetərincə yüksək dəyərləndirir. Görünən və təbii ki, həyatda təsdiqini tapan əsas məqam odur ki, Mehriban Əliyeva yalnız özünü və ailəsini yox, həm də ölkəsini və xalqını təmsil etməyin nə qədər mühüm və məsuliyyətli olduğunu anlayır. Sözlər, hərəkətlər və ən nəhayət onun fəaliyyəti... Bütün bunlar son dərəcə dəqiq ölçülüb-biçilib. Mehriban Əliyeva bütün fəaliyyəti ilə təsdiqləyir ki, o, ailəsi qədər xalqına da layiq xanımdır.

2003-cü ildə Prezident seçkilərində bütün rəqiblərinə qalib gələrək siyasi mübarizədən uğurla çıxan İlham Əliyevin yanında olan, dövlət başçısının həyata keçirdiyi fəaliyyətdə yardımçı funksiyasını şərəflə yerinə yetirən Mehriban Əliyeva Azərbaycanda ilk dəfə birinci xanım institutunun formalaşdırılması yolunda qətiyyətli addım atdı. O addım ki, qısa zaman kəsiyində birinci xanım olmağın nümunəsini bütün dünyaya nümayiş etdirdi və beynəlxalq diqqəti Azərbaycana yönəltdi. Təbii ki, bu məsələdə Mehriban Əliyevanın fəaliyyəti həlledici oldu. 2004-cü ildə Heydər Əliyev Fondunun təsis edilməsi və fəaliyyətə başlaması Azərbaycanda böyük ənənələri və tarixi olan xeyriyyəçilik məktəbinin yenidən dirçəlməsi və yaşadılması ilə müşayiət olundu. Bu hərəkatın önündə isə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva gedirdi. O, fəaliyyətinin elə ilk dövrlərində sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücünə mümkündür. Ona görə də bu, Mehriban xanım üçün təkcə yüksək vəzifə borcu kimi qalmadı, özünü insani mənada daha geniş əks etdirdi. Bu fəaliyyət vətənsevərliyə, iradəyə və qüdrətə kökləndi. Bir sözlə, Heydər Əliyev Fondunun yaradılması Azərbaycan dövlətinin cəmiyyətə ünvanlanan ali məqsədlərinin reallaşdırılması yolunda tarixi nailiyyətə çevrildi. Yarandığı gündən fondun qarşısına qoyduğu məqsədlər xüsusi çəkisi ilə fərqləndi. Mehriban Əliyevanın rəhbərlik etdiyi fond cəmiyyəti narahat edən, Azərbaycan vətəndaşlarının həyatı, sağlamlığı, təhsili ilə bağlı olan bütün sahələrə diqqət yönəltdi. Məqsədlər o qədər aydın və ali oldu ki, qısa vaxtda Heydər Əliyev Fondu yardıma ehtiyacı duyan hər bir kəsin ümid yeri və istinadgahına çevrildi.

MEHRİBAN ƏLİYEVA: «Mən əminəm ki, cəmiyyətdə bütün ağır, çətin problemləri xeyirxahlıqla, insansevərliklə, mərhəmətlə həll etməyə çalışmaq lazımdır. Bu, vətəndaş cəmiyyətinin formalaşmasında ən əsas şərtlərdən biridir. Fikrimcə, vətəndaş cəmiyyəti elə bir cəmiyyətdir ki, orada bütün azadlıqlar mövcuddur. Orada qanunun aliliyi mövcuddur, vətəndaşlar fəaldırlar, cəmiyyətdə birlik və mərhəmət var. Dahi azərbaycanlı, böyük insan Heydər Əliyev məhz belə bir cəmiyyətin qurulması üçün səy göstərib».

Uşaqlar.... Onların hər zaman himayəyə və qorunmağa ehtiyacı var. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır. Valideyn himayəsindən məhrum olan uşaqları hər zaman diqqətdə saxlayan Mehriban xanım əslində, bu addımları ilə Azərbaycanın xoşbəxt gələcəyinin yanında olduğunu hər dəfə təsdiqləyir. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyiUşaq evlərinin və internat məktəblərinin inkişafı” proqramı bu kateqoriyadan olan uşaqların həyat şərtlərinin dəyişməsi, onların hər zaman diqqət və qayğı ilə əhatə olunmasına geniş imkanlar açdı.

Heydər Əliyev Fondunun həyata keçirdiyi ən böyük layihələrdən biri də “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi oldu. Məktəb tikintisi ilə bağlı ölkədə dövlət səviyyəsində həyata keçirilən işlərə dəstək verən bu layihənin reallaşmasında mühüm strukturlardan biri kimi çıxış edən Heydər Əliyev Fondunun əməyi sayəsində Azərbaycanda yüzlərlə yeni məktəb binası tikildi, əsas diqqət ən çox tələbat olan bölgələrə, ucqar kəndlərə yönəldildi. Bu proses yalnız ölkə daxili ilə məhdudlaşmadı, yaxın-uzaq xarici də əhatə etdi.

Mehriban Əliyeva həm də Azərbaycan mədəniyyətinin təbliği və inkişafı istiqamətində həyata keçirilən nəhəng layihələrin müəllifi kimi çıxış edir. O, milli mədəniyyətimizin ən böyük hamisi kimi Azərbaycan musiqisinin təbliğinə xüsusi diqqət yetirir. O, bir vaxtlar məhv olmaq təhlükəsi qarşısında qalan muğam sənətinin yenidən həyata qayıtmasında, onun layiq olduğu yerdə dayanmasında əvəzsiz xidmətləri ilə diqqət çəkdi. YUNESKO-nun "bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri" siyahısına daxil edilən və Azərbaycan mədəniyyətinin vizit kartı, xalqımızın malik olduğu milli mədəniyyətin kalariti, hər birimizin mənəvi zövqü və qidası olan muğamın yaşadılması da məhz Mehriban Əliyevanın xidmətləri sayəsində mümkün oldu. Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikintisi ilə bağlı Heydər Əliyev Fondunun təşəbbüsünə müsbət cavab verən Prezident İlham Əliyev bununla hər bir azərbaycanlının qəlbində muğama möhtəşəm abidə ucaltdı.

Bu gün Azərbaycan musiqisinin, mədəniyyətinin inciləri dünyanı gəzir, xalqımızı və ölkəmizi dünyada təbliğ edir. Bu sənət nümunələri Azərbaycanın nə qədər zəngin mədəniyyətə sahib olduğunu göstərir. Görkəmli Azərbaycan alimlərinin, şairlərinin və elm adamlarının xaricdə təbliğinə xüsusi diqqət yetirən Mehriban Əliyevanın səyləri nəticəsində zəngin musiqimizin nadir nümunələri də dünya tamaşaçılarını heyran qoyur. İndi Azərbaycan da möhtəşəm konsert proqramlarının, beynəlxalq festivalların keçirildiyi məkan kimi dünyanın diqqətini cəlb edir. Dünya musiqi xəzinəsinin inciləri Azərbaycana gəlir. Dünya şöhrətli sənətkarların, musiqi xadimlərinin Azərbaycanda verdikləri konsertlər, Bakıda və bölgələrdə reallaşan beynəlxalq musiqi festivalları ölkəmizin mədəni dəyərlərə sadiqliyini bir daha nümayiş etdirir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalının timsalında deyə bilərik ki, Azərbaycan dünya musiqi irsinin ən dəyərli nümunələrini yaşatmağa və onları layiqincə qiymətləndirməyə qadir ölkədir və Azərbaycanın malik olduğu dəyərlər bu sahədə də ölkəmizə layiq olduğu yerdə dayanmağa imkan verir. Mehriban Əliyeva öz fəaliyyəti ilə sübut edir ki, xalqları bir-birinə yaxınlaşdıran ən mühüm bağlardan biri mədəniyyət və incəsənətdir.

Mehriban Əliyeva ictimai xadim kimi də Azərbaycan cəmiyyətinin problemlərinə diqqətlə yanaşır, ictimaiyyətin narahatlığına səbəb olan məsələlərin həllində ortaya əsl vətəndaş mövqeyi qoyur. Mehriban Əliyeva millət vəkili kimi öz seçicilərinin problemlərini heç vaxt diqqətdən kənarda qoymur, seçildiyi dairənin sosial çatışmazlıqlarının həllində mühüm rol oynayır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu parlamentə əfv fərmanlarının imzalanması ilə bağlı müraciət edir. Humanist ideyaların daşıyıcısı olan fondun müraciətləri əsasında yüzlərlə insanın islah olunaraq yenidən azadlığa qovuşması bir daha göstərir ki, humanizm və başqasının dərdinə şərik olmaq kimi ülvi və bəşəri dəyərlər Heydər Əliyev Fondunun və onun rəhbərinin fəaliyyətinin məramını təşkil edir. Mehriban Əliyevanın üzərinə götürdüyü bu nəcib və xeyirxah missiyası onu da təsdiqləyir ki, xeyirxahlıq və haqq-ədalət amallarına xidmət etməklə təmənnasız, fədakar bir həyat nümunəsi göstərmək kimi əməllər heç vaxt unudulmur. O, özü isə bu haqda belə deyir: “Allah insana verdiyi ömür hər bir şeydən uca və dəyərlidir. Hər bir insan ləyaqətlə, azad yaşamağa layiqdir. Eyni zamanda, hər bir insan öz ömrünün, taleyinin hökmdarıdır. Səhv etmiş, yolunu azmış insanlara həyatda yeni şans verməklə, onları bağışlayıb cəmiyyətə qaytarmaqla biz onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edirik. Mərhəmətlilik, genişqəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı hər zaman ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilmişdir”.

Azərbaycanın birinci xanımına beynəlxalq miqyasda diqqət yetərincə böyükdür. Bu da Mehriban Əliyevanın və onun rəhbəri olduğu Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə həyata keçirdiyi uğurlu missiya ilə bağlıdır. Çünki Mehriban Əliyeva dünyada baş verən proseslərə biganə qalmır, o, bəşəriyyəti və insanlığı narahat edən ciddi problemlərin həllinə çalışır. Onun Azərbaycanda təşkil etdiyi beynəlxalq forumların, konfransların mövzusu qlobal məsələlərə, müdafiəyə daha çox ehtiyacı olan təbəqələrin - qadınların və uşaqların hüquqlarının qorunmasına həsr olunur.

“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyənləşdirir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi və dərk edilmiş məsuliyyətin imkan verir. Kimsənsə elə də olmalısan. Bax, budur bizim həyatımız!” deyən Mehriban Əliyeva Azərbaycan tarixinə xalqına sonsuz məhəbbəti, gördüyü əzəmətli quruculuq işlərinin miqyası və xeyriyyəçilik əməlləri ilə daxil olub. Çünki Mehriban Əliyeva həyat yolunu və fəaliyyət dairəsini özü müəyyənləşdirib. O, xeyirxahlıq yolunu seçib, yardıma ehtiyacı olan hər kəsin yanında olmaq onun həyat amalıdır. İnsanlarda daha çox alicənablığı, ləyaqəti, səmimiyyəti, mehribanlığı, ağıl və peşəkarlığı qiymətləndirən Azərbaycanın birinci xanımı xarici mediada bu cür təqdim olunur: Bizim mürəkkəb və ziddiyətli dünyamızda qadın olmaq çətindir. Gözəl qadın olmaq daha çətindir. Mütləq əksəriyyətin fikrincə, həm gözəl, həm də ağıllı olmaq, demək olar ki, mümkün deyil. Amma həyatda istisnalar olur. Söhbət birinci ledidən gedəndə, bu xüsusilə xoşdur”.

Bir sözlə, Azərbaycanın birinci xanımı Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi xalqımızın rifahı naminə çətin və gərəkli yoldadır. Beləliklə, böyük və nadir insanlar doğulduqları andan ömrünün sonuna qədər yüksək və ali missiyanın daşıyıcıları olurlar. Belə insanların ömrü yorulmadan, dayanmadan, son nəfəsə qədər böyük bir məqsədə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Mehriban Əliyevanı xalqımıza ən çox sevdirən isə onun prinsipləridir. Bu prinsiplərin əsasında çox sadə bir ideya dayanır: insanlara yaxşılıq etmək.

 

 

Yunis ORUCOV

 

Kaspi.-2012.-25-27 avqust.-S.3.