“Bir
insandan tələb edilən missiyanı
yerinə yetirməyi bacarmışam”
Fidan Qasımova: “Musiqi
əsəri bütün qəlbim,
düşüncəmdən qaynaqlanır, onları daxilən
yaşayıram”
“Azadinform”un
suallarını SSRİ və Azərbaycanın Xalq artisti,
Dövlət mükafatı laureatı, “Şöhrət” və
"Şərəf" ordenli məharətli vokal ustası
Fidan Qasımova cavablandırıb.
-
Milli və dünya operalarında əsas partiyaların mahir
ifaçısı kimi şöhrət
qazanmısınız. Daha çox hansı obrazı ürəklə,
sevərək ifa etmisiniz?
-
İfa etdiyim hər əsərə xüsusi yanaşıram.
Xalq mahnısından tutmuş mürəkkəb opera
obrazlarının üzərində çalışaraq əsərə
ürəyimi verirəm. Musiqi əsəri sadəcə səs
tellərimdən çıxmır, bütün qəlbim,
düşüncəmdən qaynaqlanır, onları daxilən
yaşayıram. Ona görə də ifa etdiyim hər əsəri,
hər bir opera partiyasını sevirəm.
- Musiqinin mürəkkəb opera
janrına həvəsiniz necə yarandı?
- Sənətə
gəlməyimizə valideynlərimiz səbəb oldu. Onlar
bizi kiçik yaşlarımızdan musiqiyə
alışdırmasaydı, həvəsləndirməsəydi,
kim bilir hansı peşənin sahibi olardıq?! Ailəmizdə
musiqi, incəsənəti hamı sevərdi. Atamız ali
savadlı mühəndis olsa da, incəsənət aləminə
daha yaxın idi. Onun heyranedici səsi, gözəl əl
qabiliyyəti vardı, tar, akkordeon və pianoda mükəmməl
çalardı. Hətta bəzən şeir də yazardı.
Anamız da musiqinin heyranı idi. Bəzən mahnılar bəstələyər,
gözəl rəqs edərdi. Bir sözlə, musiqi
qanımızda idi, səs isə bizə irsən atamızdan
keçib. Anam deyərdi ki, biz 3 övlad o qədər musiqili
olmuşuq ki, hətta qundaqda qəmli, minorlu lay-lay oxuyanda
ağlayarmışıq, majorlu, daha ritmik oxuyanda
gülümsəyərmişik. Kiçik
yaşımızdan valideynlərimiz bizi Opera və Balet
Teatrının tamaşalarına, Filarmoniyaya simfonik orkestrin
konsertlərinə aparırdılar. Beləliklə, biz həmin
klassik musiqini daxilən sevməyə başladıq.
- SSRİ Xalq artisti, professorsunuz. Gənc
yaşlarında uğurun formulunu necə izah edirsiniz?
- Gənclik
kiçik bir dövrdür. Düşünürəm ki, hər
insan həmin zamanı çox faydalı keçirməlidir.
Mən o illərimi təhsilə həsr etmişəm. 7
yaşımdan skripka alətində çalmağa
başlamışam. Bu alət insan səsinə çox
yaxındır. Telləri səs, barmaqları intonasiya,
kamanı nəfəsdir. Skripkanı çox
sevirəm. Saatlarla məşq edərdim. Klassik musiqinin dərinliyini
öyrənərdim. Çox zəhmətkeş
idim, özümə qarşı tələbkar
idim. Uşaqlıqda evimizə qonaqlar gələndə hətta vanna otağında belə 4-5 skripkada
məşq edərdim. Bununla
yanaşı, alın yazısı dənizin dalğaları kimi məni daha tez irəliyə doğru
aparırdı. Daxilimdən özüm də
sanki skripka kimi oxumağa can atırdım, içimdə olan səs üzə çıxmaq istəyirdi.
Bəzən tək qalanda hətta oxuyardım.
Bir gün anam səsimi eşitdi və
çox sevindi. 16
yaşıma çatanda artıq bu mənə vokal sənəti
ilə ciddi məşğul olmağa imkan verirdi. Konservatoriyanın (indiki
Bakı Musiqi Akademiyası) skripka fakültəsinə daxil
oldum. Gənc bir
skripkaçı kimi də ümidverici tələbə idim.
Birinci kursu bitirəndən
sonra anamla birlikdə
səsimi dinləmək üçün rektorumuz professor Cövdət
Hacıyevin yanına gəldik. Səsimi dinləyib
çox gözəl olduğunu
dedi və o illər istisna olaraq ikinci kursdan mütləq vokal kafedrasında da təhsil
almağı məsləhət gördü.
Beləliklə, mən Konservatoriyanın iki
fakültəsində təhsil alan nadir tələbələrdən biri oldum. Qabiliyyətim
hər imtahanda üzə
çıxırdı. Məqsədim isə bu
gözəl sənətin də incəliklərini mükəmməl
öyrənmək idi. Uğurun
formulunu yalnız təhsil və zəhmətdə
görürəm.
- Niyə skripka
yaradıcılığınızı davam etdirmədiniz?
-
Konservatoriyada skripka və vokal təhsilimi "əla" qiymətlə
bitirdim. Tələbəykən vokal üzrə
qatıldığım 4-cü Zaqafqaziya gənc musiqi
ifaçıları müsabiqəsi mənə ilk uğur gətirdi,
birinci yerə layiq görüldüm. Bu qələbə məni
çox ruhlandırdı. Beləliklə, vokal sənəti
getdikcə yaradıcılığımda daha üstün
yeri tuturdu.
- Dəyərli
yaradıcılıq yolu keçən metr - sənətkar
kimi vokal sənətinə gələn gənclərə məsləhətiniz
nədir?
-
Uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğulam.
Səsə malik olanlar şükürlər olsun ki, az deyil.
Son illər bu sənətə marağın
artdığını görürəm. Təvazökarlıqdan
uzaq olmasın, çoxlarından bu istəyin bizim
adımızla bağlı olduğunu da hiss edirəm. Səhnə
cazibədarlığı ilə hamını özünə
çəkir. Lakin hesab edirəm ki, yalnız və yalnız
çox layiq olanlar o məkana çıxa bilər. Unutmayaq
ki, səhnə meydanı eyni zamanda tərbiyəvi bir yerdir.
Ora çıxmaq istəyənlər özlərində
böyük məsuliyyət hiss etməlidirlər. Və daima
öz üzərlərində çalışmalıdırlar.
İfaçılıq sənəti musiqi savadı, bilik, məktəb,
təcrübə, əsl qabiliyyət, səhnə mədəniyyəti
tələb edir. Bunlar çox vacib cəhətlərdir.
Qısa zamanda məşhur, populyar olmağa can atan
ifaçılar həddindən artıq çoxdur. Gənclərimiz
ulduz xəstəliyinə məruz qalmasınlar. Sənətlərinə,
seçdikləri peşəyə tənqidlə yanaşanlar
azdır. Tənqid olmasa, inkişaf olmaz. Təəssüf ki,
özünəaşiq olan müğənnilər daha
çoxdur. Dinləyicilərin gözündən heç nə
yayınmaz, onların gözü tərəzidir. Tələbələrimizə
hər zaman deyirik ki, məşhur olmağa tələsməsinlər,
vaxt gələndə onlar uğurları ilə
tanınacaqlar. Məqsəd fəxri ad, şöhrət,
populyarlıq olmamalıdır. Zövqlərini,
ifaçılıq bacarıqlarını inkişaf etdirməlidirlər.
Son zamanlar vokalçılar akademik tərzdə ifadan
uzaqlaşıblar. Müəyyən səhvlərə,
yanlışlıqlara yol verirlər, nəfəs texnikası
zəifliyi hiss olunur. Bir sözlə, məsləhətim daima
çalışmaqdır. Dahi italyan tenoru Karuzo deyib ki,
gözəl müğənni olmaq üçün iki
ömür yaşamaq lazımdır: biri daim öyrənmək,
digəri yaradıcılıq üçün.
- Böyük bacı kimi Xuraman
xanımın yaradıcılığını necə qiymətləndirirsiniz?
-
Xuraman xanımın yaradıcılığını tək
mən yox, artıq dünya səviyyəsində böyük
mütəxəssislər yüksək dəyərləndiriblər.
Onu çox sevirəm. O mənim həm bacım, həm rəfiqəm,
həm də həmkarımdır. Biz birlikdə heç zaman
darıxmarıq. Bilirəm ki, o da məni çox sevir, şəxsiyyətimə
qiymət verir, mənimlə hesablaşır. Bu,
qarşılılıqdır. Belə də olmalıdır.
Düşünürəm bu cür münasibət ailə tərbiyəsindən
gəlməlidir. Əlbəttə ki, ciddi mübahisələrimiz
də yaranır, amma bunlar əksər hallarda daha çox
yaradıcılıq mövzularında olur. Məsləhətlərimi
dinləyir, çox vaxt mənimlə razılaşar, həmçinin
də mən. Onunla qürur duyuram. Xuraman ən istedadlı
davamçımdır. Onun iştirak etdiyi müsabiqələrdəki
uğurlu çıxışlarını yaxşı
xatırlayıram. O, ən çətin və nüfuzlu
müsabiqələrdən Vətənə qələbə
ilə dönəndə mənim sevincimin həddi-hüdudu
olmurdu. Yunanıstandan "Mariya Kallas" adına müsabiqədən
münsiflər heyətinin sədri, dünyada məşhur
olan bariton Tito Qobbi özü Xuramanı tərifləyib,
bacarığını yüksək qiymətləndirib,
"Qran-Pri" mükafatına və birinci yerə layiq
görüb. SSRİ dövründə həmin müsabiqədə
ölkəmizi təmsil edən gənc müğənnilərdən
heç biri qələbə ilə Vətənə dönməyib.
Ona görə də bacımın qələbəsi çox
təntənə ilə qarşılandı. Təsəvvür
edin, Yunanıstan kimi xaçpərəst ölkədə
müsəlman soprano səsli gəncin qələbə
qazanması böyük sensasiya idi. Bir il sonra Xuraman ölkəmizi
bundan da çətin və nüfuzlu P.İ.Çaykovski
adına Beynəlxalq Müsabiqədə təmsil etdi və
orada qaliblər sırasına daxil oldu. Çoxsaylı
vokalçıların sırasından 2-ci yeri qazanaraq həmin
müsabiqənin laureatı oldu. Təsəvvür edə bilməzsiniz
ki, bu, nə dərəcədə böyük və yüksək
qələbədir. Musiqiçilər həmin - 1982-ci ildə
Moskvada keçirilən bu müsabiqənin laureatı
adına layiq olmağın nə dərəcədə
çətin olmasını gözəl dərk edirlər.
Onu da deyim ki, bu günədək hələ heç bir
musiqiçimiz o zirvəni fəth edə bilməyib. Həmin
illərdən uzun zaman keçib. Bu gün yeni istedadlar
yetişir. Ümid edirəm ki, bundan sonra Azərbaycan musiqisində
öz sözünü deyən və daha da yüksək
uğurlar qazana biləcək gənclərimiz olacaq. Səhnədə
Xuraman mənim yanımda olanda özümü daha rahat hiss
edirəm. Ümumiyyətlə, iki bacının bir səhnədə
olması çox nadir haldır. Lakin bu bizim məsuliyyətimizi
ikiqat artırır. Onunla opera səhnəsində dəfələrlə
eyni tamaşada iki fərqli obrazları ifa etmişik. Məsələn,
"Bohema"da Mimi və Muzetta, "Sevil" də Sevil və
Dilbər. Seyr edənlər indiyədək həmin
tamaşaları unutmadıqlarını deyirlər. Allah bizi
heç zaman bir-birimizdən ayırmasın. Ən böyük arzum onun can
sağlığıdır.
- Sənətinizdə hansı
maraqlı yeniliklər gözlənilir?
- Hər
dəfə konsertlərimizdə maraqlı proqramla olur, yeniliklər,
improvizasiya, xalq mahnıları, muğam, estrada, bəstəkar
mahnıları ilə sintezlər edirik. Keçən il
dekabrın 23-də Heydər Əliyev Sarayında keçirilən
solo konsertimiz zamanı də oğlum Fəridin “Sevgi
dünyası” adlı əsərini simfonik orkestrlə caz,
rok, pop və muğamla sintez formasında təqdim etdik. Həmin
konsertdə bir çox tələbəmiz də bizimlə səhnəni
bölüşdü. Tamaşaçılar təqdim etdiyimiz
bütün proqramı sürəkli alqışlarla çox
gözəl qarşıladılar. Bu cür yeniliklər hər
zaman konsertlərimizdə olur.
- Oğlunuz musiqi fəaliyyətini
niyə aktiv davam etdirmir?
- Oğlum musiqini çox sevir, bu onun hobbisidir.
O, Amerikanın Boston şəhərində
yerləşən musiqi
kollecində iki təhsil alıb. ABŞ-dan dönəndən
sonra Fərid Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsini
bitirdi. Hazırda Diasporla İş
üzrə Dövlət
Komitəsində çalışır.
Lakin bununla yanaşı, musiqini unutmur və gözəl əsərlər yazı.
Musiqi aləmində geniş tanınmasına səbəb
çox təvazökar
olmasıdır.
- Sənətdə
sizə xoşbəxt
qadın demək olar, bəs həyatda necə?
- Şükür, həyatımdan
məmnunam. Oğlum var, bacım
hər zaman yanımdadır. Gözəl dostlarım,
qohumlarım, sevdiyim peşəm var. Pərəstişkarlarımız
bizi görüb öz məhəbbətlərini
bildirilər. Xalqımın
rəğbətini hiss edirəm.
Ulu öndərimiz Heydər Əliyevin göstərişi
ilə mənə şəhərin mərkəzində
verilən rahat mənzildə yaşayıram.
Sevinirəm ki, rəhmətlik qardaşımın
nəvəsi bu il məktəbi
bitirib və İngiltərədə təhsilini
davam etdirəcək. Onun da adı mənim
şərəfimə Fidan
Qasımovadır. Arxaya baxanda,
yaradıcılığımın, ömrümün səhifələrini
vərəqləyəndə görürəm ki, nə dərəcədə
mənalı, zəngin
bir həyat yaşamışam. Niyazi,
Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Şövkət Ələkbərova,
Tofiq Quliyev, Rəşid Behbudov, Lütfiyar İmanov, Firəngiz Əhmədova,
Müslüm Maqomayev kimi gözəl insanlar, şəxsiyyətlərlə
tanış olmuşam,
çalışmışam. Arif Məlikov, Rauf Abdullayev, Fərhad Bədəlbəyli,
Murad Adıgözəlzadənin
ən yaddaqalan əsərlərini ifa etmişəm. Həyatda bundan unudulmaz, dəyərli və gözəl nə ola bilər
ki?! Bir insandan tələb edilən missiyanı da deyəsən, yerinə yetirməyi bacarmışam: oğul böyütmüşəm, ağac
əkmişəm, ev tikmişəm. Bu onu göstərir
ki, Fidan Qasımova doğrudan da həyatını boşuna yaşamayıb.
Ümidə Həsənli
Kaspi.-2012.-25-27 avqust.-S.7.