Ombudsman QİÇS-dən əziyyət çəkənlərin hüquqlarını necə qoruyur? 

 

 «1 dekabr - Ümumdünya AİDS-lə Mübarizə Günü»dür

Son illər insanın immunçatışmazlığı virusu (İİV/QİÇS) bütün dünyada olduğu kimi, Azərbaycanda da böyük narahatlıq doğuran problemə çevrilmişdir. Dünya ictimaiyyətinin, ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların davamlı səylərinə baxmayaraq, bu dəhşətli xəstəlik yer üzündə sürətlə yayılmaqdadır. Ölkəmizdəki statistik göstəricilər, bu xəstəliyin inyeksion narkotik istifadəçiləri, həbs yerlərində saxlanılan şəxslər, o cümlədən son zamanlar qadınlar və gənclər arasında daha geniş yayılması barədə mülahizələr problemin ciddi xarakter almasından xəbər verir. Bununla belə son illərdə effektivantiretrovirus” terapiyasının tətbiqi, müalicəyə kompleks yanaşma ölümə məhkum İİV/QİÇS xəstələrinin ömrünü uzatmağa imkan vermiş, bu xəstəliyi idarə oluna bilən xroniki xəstəliyə çevirmişdir. Müalicənin düzgün təşkili, eyni zamanda bu virusun gələcəkdə yayılması riskini bir qədər azaltmış olur. Lakin, İİV/QİÇS-in müalicəsinin hələ də tibbə məlum olmaması bu problemi bəşəriyyətin ən ciddi təhlükələrindən biri kimi gündəmdə saxlayır.

«İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən İİV infeksiyası ilə mübarizə və İİV-lə yaşayan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına riayət və hörmət edilməsi prinsipləri əsasında həyata keçirilməlidir. Qanuna əsasən İİV-lə yaşayan şəxslərin İİV-ə yoluxması səbəbinə görə hüquq və azadlıqlarının hər hansı formada məhdudlaşdırılmasına yol verilmir.

Məhz bu baxımdan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) fəaliyyətə başladığı vaxtdan Konstitusiya Qanunu ilə ona verilmiş səlahiyyətlər çərçivəsində heç bir ayrı-seçkiliyə yol verilmədən bütün əhali qruplarının, o cümlədən İİV-lə yaşayan şəxslərin konstitusion və digər hüquq və azadlıqlarının müdafiəsini həyata keçirir. Ombudsman təsisatının fəaliyyəti istiqamətlərindən birini təşkil edən İİV, hepatit virusları və narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işinin təşkilinə xüsusi diqqət yetirilir, bu virusa yoluxmuş insanların hüquqlarının müdafiəsi baxımından ardıcıl işlər görülür, onların müraciətləri araşdırılaraq pozulmuş hüquqlarının bərpası istiqamətində müvafiq tədbirlər həyata keçirilir, bu sahədə Azərbaycan Respublikasının Səhiyyə və Ədliyyə Nazirlikləri, Respublika QİÇS-lə Mübarizə Mərkəzi və digər aidiyyəti qurumlarla sıx əməkdaşlıq əlaqələri qurulur, respublika üzrə İİV/QİÇS və İnsan hüquqları mövzusunda birgə silsilə tədbirlər təşkil olunur. Tədbirlərin sistemliliyinineffektivliyinin təmini baxımından maarifləndirmə işinə QHT-lər də cəlb olunmuşdur. Bu baxımdan, Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzinin - Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin və onun nəzdində fəaliyyət göstərən Liderlik Məktəbinin üzvləri tərəfindən uşaqların iştirakı ilə, o cümlədən, müxtəlif əhali qruplarının orta və yaşlı insanlarını özündə birləşdirən Müvəkkilin Ahılların Resurs Mərkəzində də bu qrupdan olan insanları əhatə etməklə, mütəxəssislərin iştirakı ilə silsilə seminarların davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Tədbirlərin keçirilməsində əsas məqsəd bu ağrılı problemin bir daha diqqətə çatdırılması, İİV/QİÇS-ə yoluxma yolları və halları, habelə bu virusdan qorunma qaydaları, qarşısının alınması üçün qabaqlayıcı tədbirlər və müalicəsi barədə iştirakçıların məlumatlandırılmasıdır.

Görülmüş işlərin, həyata keçirilmiş tədbirlərin və İİV/QİÇS-lə bağlı ölkədəki vəziyyətin təhlili əsasında Müvəkkil hər il olduğu kimi cari ildə də “1 dekabr Ümumdünya AİDS-lə mübarizə günü” ərəfəsində bu xəstəliyin profilaktikası və onunla mübarizə işinin təkmilləşdirilməsi, görülən tədbirlərin səmərəliliyinin artırılması ilə bağlı təklif və tövsiyələrini aidiyyəti dövlət qurumlarına göndərmişdir. Bu təkliflərin sırasında risk yerlərində (qan köçürmə məntəqələrinin, qan donorlarının, stomatoloji klinikaların (kabinetlərin), qadın məsləhətxanalarının, gözəllik və kişi salonlarının və s.) sterilliyə əməl olunmasının vaxtaşırı olaraq nəzarət qaydasında yoxlanılmasını, ölkə ərazisində poliklinikalarda anonim kabinetlərin təşkilini və bu kabinetlər haqqında əhali arasında məlumatlandırma işinin aparılmasını, ilk növbədə hamilə qadınların cəlb edilməsi ilə ekspress-testlərin keçirilməsini, bu xəstəliyin qarşısının alınması tədbirləri qismində təkrar istifadəsi mümkün olmayan birdəfəlik inyeksiya vasitələrinin tətbiqinin genişləndirilməsini, aliorta ixtisas təhsil müəssislərində tələbə və şagirdlər arasında könüllülük prinsipi əsasında müayinə aksiyalarının həyata keçirilməsini, könüllüləri və tələbələri cəlb etməklə hüquqi maarifləndirmə işinin səmərəli təşkili üçün məktəblərdə şagirdlərə QİÇS və narkomaniya əleyhinə təbliğat məqsədilə tədris modullarının hazırlanmasını, xüsusi kursların tədris olunmasını və lazımi bilgilərin verilməsini, buklet, liflet, broşurların və digər çap materiallarının risk yerlərində eləcə də təhsil müəssisələrində paylanılması, plakatların görünə biləcək yerlərdən asılmasının təmin edilməsini göstərmək olar.

Eyni zamanda, müxtəlif əhali qruplarına, xüsusən gənclərə, yeniyetmələrə sağlam həyat tərzinin aşılanması məqsədi ilə KİV-də təbliğat işinin aparılması - əsas etibarı ilə televiziya vasitəsi ilə bu xəstəliyin yoluxması halları və profilaktikası barədə məlumat xarakterli çarxların yayımlanması, həmçinin informasiya xarakterli internet saytlarında bu cür məlumatların vaxtaşırı əks olunması, radio verilişlərində səsləndirilməsi (eyni zamanda virusa yoluxmuş şəxslərin razılığı ilə və onların şəxsiyyəti gizli saxlanılmaqla televiziyaradio verilişlərinə dəvət olunması) təklif olunmuşdur.

Təəssüflə qeyd olunmalıdır ki, son zamanlar həbs yerlərində İİV virusuna yoluxma hallarının artımı müşahidə olunur. Bu səbəbdən Müvəkkil QİÇS-in və narkomaniyanın profilaktikası, narkotik vasitələrinin qanunsuz dövriyyəsinə cəhd hallarının qarşısının alınması istiqamətində davamlı işin aparılması, bu sahədə müəssisə rəhbərləri və şəxsi heyət üçün maarifləndirmə tədbirlərinin təşkili, treninq-seminarların keçirilməsi; cəzaçəkmə müəssisələrindəki kişi və qadın salonlarında istifadə olunan vasitələrin sterilliyinə və onlardan təkrar istifadə hallarına yol verilməməsinə nəzarətin gücləndirilməsi; Tibbi Sanitar Hissədə tibbi ləvazimatların sterilliyinə diqqətin artırılması, eləcə də təkrar istifadəsi mümkün olmayan birdəfəlik inyeksiya vasitələrinin tətbiqi; cəzaçəkmə müəssisələrində müayinə aksiyalarının həyata keçirilməsi barədə təklifləri ilə səlahiyyətli dövlət orqanlarına müraciət etmişdir.

Narahatlıq doğuran məsələlərdən biri də İİV virusuna yoluxmuş xəstələrin böyük əksəriyyətinin hepatit “C” virusundan əziyyət çəkməsi və bu cür xəstələrin sayının artmasıdır. Artıq qeyd olunduğu kimi, müvafiq terapiya vasitəsilə İİV virusuna yoluxmuş xəstələrin həyatını bir çox hallarda xilas etmək mümkün olsa da, onların əksəriyyəti hepatit “C” virusu ilə müşayiət olunan böyrək çatışmazlığından dünyasını dəyişir.

Təsadüfi deyildir ki, “Təhlükəli yoluxucu xəstəliklərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyun 2011-ci il tarixli, 105 saylı qərarında “B” və “C” hepatitləri təhlükəli yoluxucu xəstəliklərin siyahısına daxil edilmişdir. Bununla belə, adı çəkilən virusa yoluxmuş şəxslərin qeydiyyatının aparılmaması, bu səbəbdən onların sayı barədə dəqiq statistik məlumatların olmaması, profilaktika və müalicə tədbirlərinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməməsi bu virusa yoluxma və xəstəliyin ağır fəsadları səbəbindən ölüm hallarının kəskin artmasına səbəb olur. Qeyd olunan problemin ciddiliyinə diqqətin artırılmasını, bu sahədə vahid proqramın işlənib hazırlanmasını zəruri hesab edən Müvəkkil, hepatit virusuna yoluxma hallarının qarşısının alınması və yoluxmuş şəxslərin müalicəsinin təşkili ilə bağlı bir sıra təkliflərlə çıxış etmişdir. Hepatit “B” və “C” virusuna yoluxmuş şəxslərin qeydiyyata alınması, bu virusa yoluxmuş şəxslərin dövlət hesabına müalicəsinin təşkili, xəstələrin pulsuz dərman preparatları ilə təmin olunması, insanın immunçatışmazlığı virusu infeksiyası ilə “B” və “C” hepatitlərinin yayılması və onlara qarşı mübarizə tədbirlərinin uyğunluğunusağlam həyat tərzinin bərqərar olunmasında əhəmiyyətini nəzərə alınmaqla QİÇS-lə Mübarizə Mərkəzinin nəzdində hepatit “B” və “C” virusuna yoluxmuş şəxslərin qeydiyyatına, müayinə və müalicəsinin təşkilinə məsul olan xüsusi şöbənin yaradılması ya ayrıca müstəqil mərkəzin formalaşdırılması (yaxud digər Avropa ölkələrinin təcrübəsində olduğu kimi hər iki mərkəzin fəaliyyətini özündə cəmləşdirəcək vahid İnstitutun yaradılması), tələb olunduğu hallarda bu viruslara yoluxmuş şəxslərə psixoloji yardımın göstərilməsi ilə bağlı təkliflər bu sıradandır.

Beləliklə, Müvəkkil istər hepatit “B” və “C”, istərsə də insanın immunçatışmazlığı (İİV/QİÇS) viruslarının sürətlə yayılmasının qarşısının alınması və xəstəliyin profilaktikası, yoluxmuş şəxslərin sağlamlıq, təhsil, əmək, sosial təminat və digər hüquq və azadlıqlarının müdafiəsi, problemlərinin qabardılması, onlara diqqətin artırılması istiqamətində müxtəlif dövlət qurumları, vətəndaş cəmiyyəti və icmalarla birgə əməkdaşlığını davam etdirir.

 

Rəşad Novruzov

Ombudsman Aparatının İqtisadi, sosial və mədəni hüquqların müdafiəsi sektorunun böyük məsləhətçisi

Kaspi.-2012.-1-3 dekabr.-S.7.