“Özəl prodüser mərkəzləri
serial bazarına daxil olmalıdır”
Bu dəfə
Bakıya “Sübhün səfiri” filminin təqdimatında
iştirak etməyə gəlib. Görkəmli dramaturq və
ictimai xadim Mirzə Fətəli Axundzadənin həyat və
fəaliyyətindən bəhs edən filmdə Axundzadənin
həyat yoldaşını - Tubu xanım rolunu oynayır.
Aktrisa Məlahət Abbasova redaksiyamızda qonaq olarkən təqdimatdan
sonrakı təəssüratlarını bizimlə
bölüşdü.
Səsim
inanılmaz dərəcədə gənc qaldı
- “Sübhün səfiri” filminin təqdimatından
öncə sizi səhnəyə dəvət edəndə
dedilər ki, uzun illərdən sonra bu, sizin Azərbaycanda
çəkildiyiniz ilk filmdir. Bu qədər uzun fasilənin
səbəbi nə idi?
- Bu səbəb Azərbaycanla bağlıdır. Buradan mənə heç dəvət gəlmədi. Bir də o zaman kritik dönəm idi. Teatrlar bağlanmışdı, kinostudiya işləmirdi, filmlər çəkilmirdi. Sonradan filmlər çəkilsə də mənə 21 ildən sonra dəvət gəldi. Bu vaxta qədər dəvət gəlmədiyi üçün mən də çəkilə bilmədim.
- Film haqqında təəssüratınız necədir? Hər halda uzun illərdən sonra Rasim Balayevlə yenə bir araya gəlmək, üstəlik əsas rollardan birini oynamaq...
- Açığı, mən hələ burada çalışanda Ramiz Həsənoğlu ilə həmişə çalışmaq istəmişəm. Bir gün o, mənə zəng edərək Mirzə Fətəli Axundzadənin həyatı ilə bağlı film çəkmək, onun həyat yoldaşı Tubu xanımın rolunu isə mənə həvalə etmək istədiyini dedi. Çox sevindim. Həm də Axundzadə kimi böyük bir şəxsiyyətin həyat yoldaşını oynamaq böyük fəxarət idi. Bu filmdən əvvəl Türkiyədə Atatürkün həyatı barədə çəkilən «Vida» filmində Atatürkün bacısının rolunu oynadım. Orada rolum böyük deyildi. Amma mənəvi dəyəri çox yüksək idi. Mən filmdə Tubu xanımın 55-60 yaş arasındakı dövrünü oynamalı idim. “Vida” filmində də 55 yaşda idim, amma orada mənim səhnələrim çox az idi. Həm də oradakı qrim ustaları Hollivuddan gəlmişdilər. Onların sistemləri çox fərqlidir. Ramiz müəllimə dedim ki, bu rolda məni görürsünüzsə, heç nə deyə bilmərəm. Amma içimdə çox həyəcanlı idim, qorxu hissi keçirirdim. Ssenarini mənə göndərdilər. Ətrafımdakı o yaşda qadınların danışıqlarını, yerişlərini, davranışlarını müşahidə etməyə başladım. Detalları tapmaq lazım idi. Amma səsim inanılmaz dərəcədə gənc qaldı. Çünki normalda səsim çox incədir. Filmin təqdimatından sonra hər kəsin məni təbrik etməsi, hesab edirəm ki, filmdəki rolumun uğuru ilə bağlıdır.
- Bəs «Mahmud və Məryəm» filmi nə vaxt ekranlara çıxacaq?
- «Mahmud və Məryəm»in çəkilişləri
bitib. Bu, iki ölkə arasında birgə layihədir.
Bu layihənin baş məsləhətçisi
mənəm. Əsəri prodüserə də
mən təklif etmişəm. «Mahmud və
Məryəm» əslində türk dünyasının əsəridir.
Mən həm də filmdə Qəmərbanu
obrazını - Mahmudun anası rolunu oynayıram. Film gələn ilin mart ayında bütün
kinoteatrlarda göstəriləcək. Ekran
əsəri 9 Avropa ölkəsində nümayiş etdiriləcək.
O cümlədən, Türkiyənin 300 kinoteatrında eyni
zamanda nümayişi nəzərdə tutulub. Həmçinin
Bakıda, bütün ərəb ölkələri və
Balkan ölkələrində göstəriləcək.
Bizim
teatrları tanımırlar
- Həmişə deyirsiniz ki, “mən
Azərbaycan teatrını Türkiyəyə
qazandırdım”. Elçinin əsərlərini
nəzərdə tutursunuz?
- Yox, mən
Türkiyə teatrına Elçin Əfəndiyevin əsəri
ilə daxil olmadım. Sadəcə
görürdüm ki, bizim teatrda çox əsərlər
qoyulur. Repertuarda bircə dənə də
Azərbaycan əsəri yox idi. Kitabxanaya
getdim, bir dənə Azərbaycan əsəri tapmadım.
O zaman dedim ki, mən Azərbaycan əsəri ilə
başlamalıyam. Bəxtiyar Vahabzadənin
«İkinci səs» əsərini tərcümə etdim,
teatrın repertuarından keçirdim, səhnəyə qoydum
və o tamaşanın ikinci rejissoru oldum. Bizim
teatrda ilk oynanılan Azərbaycan əsəri Bəxtiyar
Vahabzadənin «İkinci səs» əsəri oldu. Tamaşa çox böyük müvəffəqiyyətlə
oynanıldı. Ondan sonra Elçinin 3 əsərini
və Həsən Həsənovun «Brüsseldən məktublar»
əsərini tərcümə etdim. Elçinin
«Qatil» əsəri 156 dəfə oynanıldı və sox
uğurlu oldu. «Qatil»in adını dəyişib
«Ulduzlar altında cinayət» qoyduq. Əsər 3 il repertuardan düşmədi. Əgər
repertuarda qalsaydı hələ də oynanılardı. Elçinin əsərlərində türk
xalqının nəbzini tuta bilirik. Mənim
planımda «Dədə Qorqud»la bağlı böyük bir
layihə də var. Hüseyn Cavidin «İblis»i də ən
böyük layihələrimdən biridir. Daha sonra Azərbaycanın çağdaş ədəbiyyatını
tanıtmaq haqqında düşünürəm.
- Bəs
hazırda Türkiyədə Azərbaycan
yazıçıları və onların əsərləri nə
qədər tanınır? Azərbaycan
teatrı ilə bağlı hansı bilgilər var?
- İnanın ki, heç bir bilgiləri yoxdur. Ümumiyyətlə,
rus kinosu və teatrı haqqında məlumatlıdırlar.
Nə Azərbaycanla, nə də Orta Asiya cümhuriyyətləri
ilə bağlı heç bir əsər əllərində
yox idi. Təkcə Çingiz Aytmatov, Azərbaycandan isə
Zeynəb Xanlarova və Rəhşid Behbudov haqqında bilirlər.
Amma teatr əsərləri ilə bağlı
heç bir məlumatları yoxdur. Biz
tamaşalar səhnələşdiririk. Onlar
səhnənin içərisində ədəbiyyatımızı
öyrənirlər.
- Türkiyədə insanlar teatra mənəvi
tələbat kimi baxırlar?
- Orada
çox güclü teatrlar var. Seriallar kimi teatrlar da çox
gücləndi. İlk dəfə daxil
olduğum teatrla indiki teatr arasında çox fərq var. Teatrın
inkişafı üçün onların direktorları da əllərindən
gələni edirlər. Dünyanın ən
tanınmış rejissorlarını, rəssamlarını,
texniki işçilərini dəvət edirlər. Həmişə axtarışda olurlar. Bu da teatrın səviyyəsini yüksəldir.
Bizim teatr hər il beynəlxalq teatr festivalları
keçirir. Mən festival komitəsində 5
üzvdən biriyəm.
- Azərbaycan teatrları da tez-tez
Türkiyədə keçirilən festivallara
qatılırlar. Oradan Azərbaycan teatrı necə
görünür?
- Gələndə
bütün dekorları ilə bərabər gəlməlidirlər.
Bu problem bizim teatrda da yaşanır. Deyirlər ki, şərti dekorasiyaları gətirin.
Tamaşadakı ab-havanı saxlamaq
üçün bütün dekorasiyanın gətirilməsi
vacibdir. Məsələn, xaricdə
festivallar düzənləyirik. Bütün
teatrlar ağır dekorasiyaları yük maşınları
ilə gətirirlər. Amma Azərbaycan
teatrı gəlirsə, hiss edirsən ki, şərti
dekorları gətirirlər. Bu da
tamaşanın baxımlılığını azaldır.
Ancaq aktyorlarımızın oyununa söz ola
bilməz.
Yaxşı
serialın sirri
- Bəzən
deyirlər ki, rejissorluq qadın sənəti deyil. Yəni aqressiya qadına yaddır.
- Mən
belə deməzdim. Mən heç də aqressiv
deyiləm, həmişə gülərüzlüyəm.
Tez-tez tamaşa qoymağı sevmirəm, fasilə
verirəm. Bir tamaşanın təsirindən
qurtulmalıyam ki, digərini səhnələşdirim. Tamaşa qurarkən mənim beynimin
sıxılmaması lazımdır. Teatrda
mənimlə çalışmaqdan çox məmnundurlar.
- Siz Türkiyədə
seriallara çəkilmisiniz. Yeni
dəvətlər varmı?
- Bura gəlməmişdən
öncə məni gündəlik bir seriala dəvət etdilər.
Amma «Mahmud və Məryəm» filmində mühüm bir rolum
olduğundan, həm də filmdə baş məsləhətçi
olduğum üçün heç bir yerdən iş ala bilmədim.
Bilirsiniz ki, həm Azərbaycanda, həm
Türkiyədə çəkilişlərimiz oldu. Mən vaxt ayıra bilməyəcəyimdən
qorxduğum üçün heç bir filmi qəbul etmədim.
Daha sonra qızımın oynadığı
«Babam üçün» serialında rol alacaqdım, onu da qəbul
etmədim. Həm oradakı, həm də
buradakı çəkilişlər eyni anda başladı.
Hazırda «FoxTV, ya da «Star»da çəkiləcək
gündəlik bir serialda oynamaq üçün məndən
cavab gözləyirlər. Eyni vaxtda
“Şekspir” tamaşasında məşqlərim başlayacaq.
Bizim əsas işimiz teatrdır. Biz teatrdan icazə alanda “işimizi axsatmamaq şərti
ilə bizə izn verin” deyirik.
- Türkiyədə çəkilən
seriallar çox məşhurlaşıb. Bizdə çox
vaxt deyirlər ki, onlar seriallara çox pul yatırırlar. Sizcə
məşhurluğun sirri bundadır?
-
Türkiyə serialları 7-8 ildir ki, məşhurlaşıb.
Onlar da bizim kimi başladı. Mən həyata pozitiv baxan insanam. Heç bir zaman “Oradakı tamaşalar niyə belə
güclüdür”- deyə bilmərəm. Mən onların ilk dönəmlərdəki
seriallarına da bələdəm. Bir
neçəsində də oynamışam. Reytinq yox idi, baxılmırdı, amma çəkilirdi.
Sonra kanallar arasında rəqabət
başladı. Reklam payları çox
yüksəldi. Bir də şəxsi
prodakşınlar, zəngin insanlar bu filmlərə pul
ayırdılar. Azərbaycan
özünü yeni ayaqda tutmağa çalışan bir
ölkədir. Burada kinoya pulu hələ
dövlət ayırır. Özəl
sektorlar hələ indi-indi şəbəkəyə daxil
olmağa başlayıb. Ondan sonra
inanın ki, hər şey çox dəyişəcək.
Türkiyədəki ən möhtəşəm
seriallar özəl sektorun seriallarıdır. Azərbaycanda da özəl prodüser mərkəzləri
bu bazara daxil olmalıdır.
- Deyəsən,
İstanbulda prodakşın açmaq fikriniz vardı…
- Belə
bir planım var. Mənim hər iki ölkə nazirlikləri
ilə bağlantıların qurulmasında böyük rolum
var. “Sən niyə özün öz şirkətini orada açmırsan?”
deyə çox dedilər. Bu barədə
düşünürəm. Elə bilirəm,
bununla iki ölkə arasında körpü yaradacağıq.
Çətinliyim
də çox oldu
- Özünüzü Türkiyədə bir aktrisa, həm
də bir rejissor kimi tanıtmaq üçün sizə nə
qədər vaxt lazım oldu? Hər halda gedən
kimi alınmadı.
- Yox, gedən
kimi olmadı. Bunun üçün mənə altı il lazım oldu. Mənim ən
böyük şansım onda oldu ki, iki aydan sonra teatra işə
götürüldüm. O teatr artıq mənim vizit
kartım idi. «Sən həmişə mənimləsən»dən
sonra burada birdən-birə çox populyar oldum. Bəzən birdən qazanılan populyarlıq
adamı tənbəl edir. Orada
sıfırdan başladım. Türkiyənin
şərtləri fərqlidir. Orada
qohumbazlıq, tanışlıq rol oynamır. Deyirlər ki, bacarıqlı olacaqsansa, onsuz da irəli
gedəcəksən. Bu gün şəhər
teatrlarında qadın rejissor tək mənəm. Çətinliyim də çox oldu. Gecələr səhərəcən
ağladığım günlər oldu. Məni
çox qısqanandılar: “Məlahət Abbasova Azərbaycandan
gəldi, burada tamaşalar qoyur” deyirdilər. Nə
qədər maneçilik törətmək istəyənlər
oldu, amma hamısını aşa bildim.
- Sizcə yaxşı aktrisa kimdir? Sevilən aktrisa kimdir? Məşhur
aktrisa kimdir?
- Mənim
fikrimcə, bir insan öz işinin üstündə ciddi
düşünürsə, o həm sevilən olacaq, həm də
məşhur. Fərqi yoxdur, istəyir o həkim
olsun, istər müəllim, istərsə də aktrisa.
Məşhurluq heç bir zaman mənim məqsədim ola bilməz. Məni hər kəs
sevsin deyə mübarizə də aparmıram. Amma yaxşı aktrisa olsan, onsuz da onların
hamısı adamın ayağına gəlir.
Yaxşı iş görəcəksənsə, yaxşı
tanınacaqsan. Yoxsa madiyyatı düşünsən,
“məni hər kəs tanıyır, bundan istifadə edim” desən,
əlində olanları da itirə bilərsən. Məni heç kəs gecə həyatında
görə bilməz. İçki
içmirəm, siqaret çəkmirəm. Sadə azərbaycanlı qadın obrazını həyatımda
da saxlayıram. Mən işimi
düşünürəm. Səhnədə
aktrisayam, evimə gəlib qapımı bağlayandan sonra isə
evimin qadınıyam.
Təranə Məhərrəmova
Kaspi.-2012.-1-3 dekabr.-S.8.