Xalis YAZIÇI
İddiasızlar...
Mən
gəncliyimdə Məmməd Orucun imzasını
tanıyıb əsərlərindən bir-neçəsini
oxusam da, özü ilə yeddi il əvvəl “Azərbaycan”
jurnalının redaksiyasında tanış olmuşam. İlk
tanışlığımızdan onun xoş münasibətindən, müdrikliyindən,
nurani çöhrəsindən heyrətlənmişəm.
Ona
görə ki, xəyallarımda
canlandırdığım, amma həyatda
bu keyfiyyətlərə malik
barmaqla sayılası bir
şəxsiyyət yazıçı ilə
rastlaşmışdım: sadə, təmənnasız, təvazökar,
iddiasız, özündən kiçik həmkarına
son dərəcədə
qayğıkeş... Məmməd müəllimin insani keyfiyyətlərini sadalamaqla
qurtarmaz.
Xalq
yazıçısı Əkrəm Əylisli hələ
2001-ci ildə onun haqqında belə demişdir: “Məmməd
Oruc son dövrdə ədəbiyyatımıza gələn
nasirlərin xasiyyətinə, yazı manerasına, həyat tərzinə
görə də mənə rəğbət oyadanlardan
biridir. Məmmədin məni qane edən
cəhəti odur ki,
yazılarında olduğu kimidir.”
Yazılarında olduğu kimi olmağa hər yazıçının “hünəri” çatmır. Çox görmüşük yazıçı adı altında meşşan xislətini gizlədib özlərini mələk göstərənləri. Harəda aş, orada baş, vəzifə üçün əldən gedən, dilində xalq, məqsədi mandat olan, özünü canlı klassik hesab edənlərdən deyil Məmməd müəllim.
Məmməd
Orucun hekayələrini oxuyub təsirlənən mərhum xalq
şairi Qabil on bir il əvvəl belə yazmışdır:
Əsil qələm sahibi
Mətləbi dərin ədib;
Təhkiyəsi axıcı,
Təsviri şirin ədib.
Divardan asılmayıb
Qəzetə yazılmayıb
Elanı, bildirişi.
Məmməd Orucları gəl,
Əslən tanıyaq kişi!..
Yazıçıya uğur
gətirən ən sanballı əsəri -
“Köçürülmə” romanı şimal
qərbi azərbaycanlıların tariximizə yara
kimi düşmüş
deportasiyası ilə bağlıdır. Bu
ədəbi örnək 1991-ci ildə Mirzə Fətəli
Axundzadə mükafatına layiq görülüb. (Ermənilərin üç üzünü
tarixi əsaslarla ifşa
edən bu romanı
ekranlaşdırmağı ağıllarının ucundan belə keçirməyən, başqa vaxt fəxrlə
“yerazam” deyən iş
adamlarında kaş, yazıçıdakı
milli qeyrətin yarısı olaydı...)
1975-ci
ildə “Ulduz” jurnalında çap olunan “Yadigar mahnı” hekayəsi
ilə Azərbaycan nəsrində öz imzasını təsdiq
edən Məmməd Orucun hələ sovetlər birliyində
Bakıda yeddi, Moskvada üç kitabı nəşr olunub. “Yeddi dağdan o yana”, “Pəhriz
almaları”, və “Nərdivan” pyesləri Mingəçevir, Lənkəran
və Naxçıvan Dövlət Dram
Teatrlarında tamaşaya qoyulub.
Son illər
daha çox Azərbaycanda
və eləcə də bir sıra xarici ölkələrdə çap
olunan hekayələri ilə diqqət
çəkən Məmməd Oruc “Susuz gölün
sonası”, “Ağ qağayı”, “Çay gəmisində gəzinti” hekayələr
silsiləsinə görə Yazıçılar Birliyinin İsi Məlikzadə
adına mükafatını alıb.
“Leylək
körfəzi”, “Aldanmış çiçəklər”,
“İntizardan sonra”, “Oyun havası”, “Şanqo”,
“Qırmızı bantlı qoç”, “Bir günün qonaqları”,
“Namərd körpüsü”, “Vəliəhdin günahı”,
“Şeytan tayfasının tamaşası”, “Əzrayılla
görüş”, “Son dayanacaq” kimi oxunaqlı və yaddaqalan
povest və hekayələr yazan Məmməd Oruc xeyli sayda bədii
tərcümə işi ilə də məşğuldur. Belə
ki, uğurlu tərcümələrinə
görə 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Qızıl kəlmə” mükafatı
müsabiqəsinin qaliblərindən biri olmuşdur.
Uzun illər Azərbaycan radiosunun əməkdaşı olmuş Məmməd müəllim hazırda Yazıçılar Birliyinin “Azərbaycan” jurnalında nəsr şöbəsinə rəhbərlik edir. Düzünü deyim məndə bu jurnala rəğbət yalnız Məmməd müəllim sayaq həqiqi, xalis yazıçının orada işləməsinə görədir.
Təəssüf
ki, yazıçının özünün
imkansızlığından və heç kimə
ağız açmamaq istəməməsindən iyirmi ildən
çoxdur ki, kitabı nəşr olunmur (sonuncusu 1992-ci ildə,
müstəqillik dövründə yeganə kitabı olan
“Köçürülmə”dir), bu səbəbdən əsərlərini
işlədiyi jurnalda çap etdirməklə kifayətlənir.
Təbiətinə
yaddır özünü tərifləsin, əsərini reklam
etsin, tez-tez hansısa mətbuat orqanına müsahibə
versin, gözə girməyə çalışsın...
Məmməd Oruc zəhmətinin qiyməti verilməyən yazıçılarımızdandır. Hələ beş il əvvəl 60 illiyi ərəfəsində Anar müəllim Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə müraciət edərək yazıçıya ədəbiyyatımız sahəsindəki xidmətlərini nəzərə alıb “Əməkdar incəsənət xadimi” fəxri adının verilməsi məsələsinin qaldırılmasını xahiş etmişdi. Fəxri adları toy müğənnilərinə, sağa-sola paylayan nazirlik göründüyü kimi beş ildən artıqdır ki, bu müraciəti vecinə də almır.
Heç verməsinlər,
Məmməd müəllimə şərəfli, böyük hərflərlə yazılan
YAZIÇI adı da bəsdi. Bu adın dəyərini, yüksəkliyini isə
yazıçılıq sənətinin pərvanəsi olan kəslər bilir...
Rövşən
Yerfi
Kaspi.-2012.-1-3 dekabr.-S.18.