ƏRAF
(Fantasmaqorik hekayə)
“Qəfil gün doğsa bir gecə…”. (R. Rövşən)
Hasarın üstündə yerini rahatlayanda
artıq gün günorta olmuşdu. Ətraf ovuc içi
kimiydi. Ucu-bucağı olmayan yamyaşıl
Bağda dünyanın dörd bir tərəfindən heyvan,
ağac, gül, çiçək vardı. Uzaq küncdə
Arktika ayısını, ortada qaçışan Savanna
antilopunu, tənha baobab ağacını, sağdakı “cəngəllik”də
hind filini, sol yanda Amazon tutuquşusunu gözü dərhal almışdı.
Fəvvarələr artezian kimi gur suluydu.
Bağın
o biri başındakı nəhəng, yaraşıqlı
Saray Tac Mahalı xatırladırdı, ondan da böyük
idi. Ayrı-ayrı səmtdən baş alan üç
yol Saraya uzanırdı. Hər yolun üstündə
çoxlu Qapı sıralanmışdı. Əslində
bunlara qapı demək də olmurdu, təkcə çərçivəsi
vardı. Aeroportlarda, rəsmi binalarda təhlükəsizlik
girişləri olur, onun kimiydi. Amma burda adamları
yoxlamırdılar.
Yolların
biri Hasarın o durduğu yerindən – sərhəd
buraxılış məntəqəsinə oxşayan
köşədən başlayırdı. Digər iki yol
kimi bu yolda da Qapılar get-gedə balacalaşırdı.
Hasara yaxın birinci Qapı adama boy versə də,
sonrakılardan keçəndə əyilmək lazım gəlirdi. Saraya
çatan sonuncu Qapı isə çox balacaydı, uzaqdan
çətin görünürdü.
Bağın giriş-çıxışı yoxuydu,
içəri keçməkdən ötrü gərək
Hasara çıxaydın. Burdan Bağa düşməyə
pilləkən olsa da, Çöl tərəfə heç nərdivan
da qoyulmamışdı, Böyük Çin Səddi kimi
hündür və enli olan Hasar qədim qalaları
xatırladırdı. Bağ xidmətçiləri
yuxarı dırmaşmaları üçün dəvət
edilənlərə kəndir nərdivan atırdılar.
Hasarın Çöl dibində həmişə basırıq
olur. İndi də qalstuklu kişilər, rəsmi
libaslı qadınlar yuxarı dırmanmağa girəvə gəzirlər.
Tək-tək adam dəvət olunmuşdu,
yerdə qalanlar uzun illər boyu divarı kəsdirib talenin bir
gün üzlərinə güləcəyinə ümid
edirdilər. Onlar Hasarın o tayı haqda sadəcə
eşitmişdilər. Bağ təsəvvürləri
kasadıydı. Saray barəsində isə,
demək olar, heç nə bilmirdilər. Bildikləri
tək oydu ki, xoşbəxtlik Hasarın o üzündədi.
Bütün dünyanın xoşbəxtliklərini
daşıyıb Hasarın o üzünə
yığıblar, Çöldə heç nə
qalmayıb.
Yaraşıqlı xidmətçilər kəndir nərdivanla
yuxarı çıxardıqları adamları Hasarda təbəssümlə
qarşılayıb xüsusi ayrılmış gözləmə
zalına dəvət edirdilər. Qonaqlar burada növbəylə
bağa düşmək üçün buraxılış
vərəqini gözləyirdilər.
O da
qonaqlar arasındaydı. Dəvət məktubu
qəfil gəlmişdi, yatsa yuxusuna girməz, dursa
ağlına gəlməzdi. Əvvəl rədd
eləmək istəsə də, günlər keçdikcə
maraq güc gəlmişdi. Onu bura gətirən
də elə marağıydı. O üzdəkiləri
görmək dini kitabların “o biri dünya”
adlandırdığı cənnətə getmək qədər
cəzbediciydi.
Hasarın üstündəkilər dibini kəsdirən
Çöl əhli arasından seçilsələr də,
onlardan xeyli fərqliydilər. Burda çirkin adama
rast gəlməzsən, kişilər boy-buxunlu,
yaraşıqlı, qadınlar bir-birindən gözəl.
Çöldə hörmət-izzət sahib olan
bu adamlar ağıllı gözləriylə adamı sanki
sehrləyirdilər. Elə bil üzlərində
şeytan tükü vardı.
O,
çoxunu Çöldə görmüşdü. Şəxsən tanıdığı da vardı.
Bəzilərini lap cavanlıqdan, hələ
Böyük Təlatüm illərindən
tanıyırdı, bir yerdə çox olmuşdular.
Salamlaşa bilməzdilər, burda görüşmək
olmazdı. Sanki heç kəs heç kəsi tanımır,
üz-üzə gələndə də ya
baxışlarını qaçırır, ya da üzlərini
çevirirdilər.
Hasarda elə bir qeyri-adi hadisə baş vermirdi. Hamı
düşürüləcəyi saatı gözləyirdi,
biri Çölə, o biri Bağa gedəcəkdi. Əsas Bağa düşməkdi. Düşən
kimi axına qarışacaqsan
Bağa hazırlaşanların cazibədar
görünüşü belə Saray xidmətçilərini
qane eləmirdi, qonaqları xüsusi qrimçilərin əliylə
cənnət mələklərinə çevirəndən
sonra birinci Qapıya ötürürdülər.
Bundan sonrakı gedişat bütün cazibəsiylə
onun marağına hakim kəsilmişdi. Dəvətlilər
birinci qapıdan üzdə xoşbəxtlik təbəssümüylə
keçirdilər. Bəs necə? Hər kəsə qismət olmayan, bütün
Çöl əhlinin arzuladığı bir gün
yaşayırdılar.
Növbəti Qapı bir baş aşağı olduğundan
başı əyməli olurdular. Üçüncüdə
beli bükür, dördüncüdə iki
qatlanırdılar.
Sonrakı Qapıları ayaq üstə keçmək
mümkün olmadığından hamı dizini yerə
qoyurdu. Bir-iki Qapını dördayaqlı keçəndən
sonra sıradakını yalnız sürünərək
keçmək lazım gəlirdi. Gün
işığı düz gözünə
şığıdığından sonuncu Qapıda baş
verənləri aydın görmürdü. Günəşin şüaları gözünü
tutmuşdu.
Bərk-bərk ovuşdurub, yumub-açınca
gözünün nuru özünə qayıtdı. Qapılardan
keçənlərə bir də baxdı. Bu Qapılardan keçdikcə Ay parçası
oğlanların, mələk çöhrəli
qızların, nurlu kişilərin, qadınların bədəni
dəyişirdi. Hər keçiddə fərqli-fərqli
canlılara çevrilirdilər. Bu orqanizmləri
ayırd eləmək olmurdu. Dik gəzən
meymunu xatırladan varlıq növbəti Qapıdan
dördayaqlı canlı kimi keçirdi. Əllərini
yerə qoyub ikiqat əyiləndə dallarından
çıxan quyruq uzun və qalınlığından
tülkü, dik durub əsməyindən isə it quyruğuna
oxşayırdı.
Daha balaca Qapıya çatanda kərtənkələ
kimi sürünürdülər. Bu dördayaqlılar,
sürünənlər onun tanıdığı canlılara
oxşasalar da, ondan deyildilər. Əcaib
mutant varlığıydılar. Bağın
o üzündəki Çöldə belə orqanizmlərə
rast gəlməmişdi. Hasarda
gördüyü yaraşıqlı xidmətçilər də
Bağda əcaib, Yerdənkənar canlılara çevrilirdilər.
Günəş Sarayın arxasından çəkiləndə
sonuncu Qapıdan çıxanları gördü. Ürəyi
ağzına gəldi – qorxunc varlıqlar ən sonuncu
Qapıdan buynuzlu ilbiz kimi sürünüb
çıxırdı.
Selikli ilbizlər ətrafa ürkək-ürkək
baxa-baxa Saray pilləkənləri boyu sürünür,
keçdikləri yerdə parlaq iz qoyurdular. Onların
cızdığı izlər reklam sözləri kimi aydın
oxunurdu.
İlbiz
izləri pillələrdə sahibinin adını
yazırdı! Hasarın başından aydın
görünən bu yazılar – adlar onu şoka
salmışdı. O, iz sahiblərini
tanıyırdı. Burda kimlərin adı yoxuydu!
İlbiz sürüsü Saraya aşağı
qapıdan girib o biri başdan, hündür alaqapıdan
çıxırdı. Geri dönən ilbiz hər iki buynuzu kəsik
qayıdırdı.
Saraya gedən axın kimi Saraydan qayıdan axın da eyni
qaydada hərəkət edirdi. İlbizlər
sürünüb həmin Qapılardan keçir,
vücudlarını dəyişir, quyruq alıb-salır və
bu dəfə hər keçiddə bir baş dikəlirdilər.
Adama boy verən Hasara yaxın sonuncu qapıdan
çıxanda əvvəlkindən də əzəmətli
görkəm alırdılar. Eybəcər
mutant orqanizmdən mələk üzlü varlığa
çevrilmə zamanını hesablamaq mümkün deyildi.
Bəlkə də bəşəriyyətin
meymundan müasir insana qədərki təkamül zamanı
bundan qısaydı – ona belə gəlirdi.
Hündürboy Bağ xidmətçiləri
qonaqları Hasarın pillələri ilə yuxarı
qaldırıb, Çölə düşmələri
üçün günün batmasını gözləyirdilər. Hasarın o
üzü ilə təmas yalnız gecələr olurdu, yeni
qonaqları qarşılama, köhnələri yolasalma
günün yalnız qaranlıq saatlarında baş verirdi.
Bu qayda uzun illərdi dəyişməz
qalmışdı. O, Hasarın üstündə
Çölə qayıtma saatlarını gözləyənləri
diqqətlə süzürdü. Daha qadınlar
üzünü çiyinlərinə saldıqları ipək
yaylıqla, kişilər pencəyin yaxalığı ilə
gizlətməyə çalışmırdılar. Bəxtəvər gülüşlə işıq
saçırdılar.
Nəhayət, gecə növbətçiləri gəldi. Gedənləri
Çölə düşürdülər, gələnləri
Bağa yola saldılar, sonra çəkilib getdilər.
O, Bağa düşmədi, Saray xidmətçisinin onun
arxasınca gələcəyini deyib sabahacan gözlədi.
Bütün gecəni yuxuya gedə bilmədi. Bağı tərk
edənlərin fikri onu rahat qoymurdu. İlbiz
izləri ilə yazılan adlar sanki beyninə mismarla
sancılırdı. Neçə illər öncə bu
Bağa kimlər gəlibmiş, Qapılardan keçib Saraya
kimlər giribmiş!!! Çöldə hamının qəhrəman
bildiyi nə qədər adam Bağda
Qapılardan dördayaqlı keçib Saraya ilbiz kimi
sürünübmüş…
Çaş-baş qalmışdı. Gördükləri
yuxu kimiydi. Necə davranmalı, nə etməli
olduğunu bilmirdi. O, qaydaları pozmuşdu. Hasara gecə yox, günün günorta
çağı çıxmışdı. Şərtinin
birincisi elə bu idi: “Hasara günorta vaxtı, hamının
gözü qabağında çıxacam!” Onu
hamı görmüşdü. Bu onu narahat
eləmirdi. Hasara çıxmaq,
haqqında əfsanələr dolaşan Bağa baxmaq
marağı hər şeyə güc gəlmişdi.
Hamının diqqəti ordaykən Hasara gündüz
çıxması səhv idi, ya düz, bilmirdi…
Ora elə məhz gün işığında,
hamının gözü qabağında
çıxmasının düz hərəkət olduğunu
sonra biləcəkdi.
Onu Hasara çıxmaqda, hətta Bağa düşməkdə,
Saraya girməkdə ittiham edəcəkdilər. Saray pillələrində
adını oxuduğu neçə-neçə qələm əhli
bunu qəzetdə yazacaq, siyasət adamı el içində
salamını almayacaq, ictimai xadim söz atacaq, ağız
büzəcəkdi. Bircə onu tanıyan
dostları Bağa düşmədiyinə, Saraya girmədiyinə,
elə Hasardanca geri döndüyünə inanacaqdılar.
Günlərin birində hörmət elədiyi
İnsanla küçədə rastlaşacaqdı. Həmişəki
kimi hal-əhval tutacaq, söhbətləşəcəkdilər.
Ayrılanda İnsan indicə xatırlayırmış kimi qəfil
soruşacaqdı: “Deyirlər Hasara çıxmısan,
düzdümü?” Bu qəfil sual damarında
qanı donduracaq, boğazında nitqini tutacaqdı. Sual verə bilmədiyi cavabla birlikdə ürəyindən
bir cüt daş olub asılacaqdı. Ağırlığa
ürəyi dözməyəcəkdi, parça-parça
olacaqdı. Paralanmış ürəyindən
qapqara qanı damacaq, süzülüb bir yerdə
laxtalanacaqdı. Sonra qan laxtasını təmizləmək
istəyəndə yeri göynəyəcəkdi. Ağrıyan yerin Vicdan olduğunu onda biləcəkdi.
Sual Saray pillələrində adlarını oxuduğu Çöl
qəhrəmanlarının tənəsi deyildi ki, ona ironik
gülüşlə vec verməsin. Dostların inamı da
deyildi təsəlli tapsın. Bu, hələ
Bağa düşmək, Saraya girmək yox, Hasara
çıxmağın belə günah olmasını anladan
İnsanın təəccübüydü.
Belədi,
insan başqası dəyər verəndə özünü
tapır!
Bunlar sonra olacaqdı. İndi isə o,
Hasardaydı. Səhəri dirigözlü
açmışdı. Yollarda hərəkət,
Qapılarda keçid prosesi dayanmamışdı. İndi gəlib onu da bağa düşürəcəkdilər.
O da mələkdən ilbizə, ilbizdən mələyə
gedən yolu keçməli, Saraya girib-çıxmalı,
Çölə başıdik, əzəmətli görkəmlə
qayıtmalıydı.
Həyəcan sancısı qarnını
doğrayırdı. Cavabını bilmədiyi suallar mancanaq
qarmağı kimi ruhunu didirdi. Onu Hasara
çıxmağa sövq edən səbəblərə bəraət
tapmırdı. Hasarın o gələn
üzündəki həyat tamam boşalmışdı, orda
heç kimə lazım deyildi, özünü anladacaq
adamı qalmamışdı. Ümidləri
ölmüşdü. Yaşaya biləsi
dünya daralıb, daralıb… yox olmuşdu. Xilas yolunun Hasarda olmadığını da bilirdi.
Amma lənətə gəlmiş marağı
ona güc eləmişdi. Burda, Bağda
gördükləri isə onu dəhşətə gətirmişdi.
Səhəri üzü-gözü tər içində
açdı, nəfəsi kəsik-kəsik gəlirdi. Saray səmtdən
əsən meh özüylə kəskin qoxu gətirmişdi.
Bu, uşaq vaxtı yaşadığı şəhərin
aşağı başındakı ət kombinatında tez-tez
yandırılan sümük qoxusunun eyniydi. Sarayda kəsilmiş
ilbiz buynuzlarını yandırırdılar!
Onu Bağa düşürməyə Saray xidmətçisinin
özü gəlirdi. Qorxunc varlığıydı. İnsan kimi yerisə də, insan deyildi, cürbəcür
canlıların qarışığına
oxşayırdı. Sifəti yüz ilin
mamır basmış ağac qabığı tək
qartımışdı. Qıpqırmızı
gözlərinə baxmaq olmurdu, elə bilirdin səni
batıracaq qan gölüdü. Hasar pillələrini
qalxdıqca bədheybət xidmətçinin bədəni dəyişirdi,
yavaş-yavaş adama çevrilirdi. Çatanda
gələnin üzündən nur tökülən
yaraşıqlı, nəzakətli, alicənab biri olmasına
heyrət elədi.
“Deyirlər sən də Hasara çıxmısan,
düzdümü” Sualı sabahın məşhər
sorğusu kimi boğazından yapışıb onu
üzüaşağı çəkməyə
başladı.
Saray xidmətçisi əl atıb nəzakətlə
onu tutdu, qoluna girib yıxılmağa qoymadı. Ehtiramla Bağa sarı yol göstərdi. Amma o, addım ata bilmədi. Hər
cəhdində boynundakı Sual zənciri dartılırdı.
Boğazı zəncirdə, əli Saray xidmətçisindəydi.
Köməyə başqa xidmətçilər
də gəldi. Zəncir
qırılmırdı. Sualın titrək
əllərindəki gücə məəttəl
qalmışdı. Yorulsa da, titrəsə
də, qopmurdu, bərk-bərk tutub onu aşağı
dartırdı.
Nəhayət, yayından çıxan ox kimi
sıçradı. İlk anda kimin əlindən qopduğunu
kəsdirə bilmədi. Yerə dəyib
huşunu itirdi.
Ayılanda özünü Hasar dibində gördü. Çölə
düşmüşdü!
…Qalxıb
üstünün tozunu çırpdı. Çöldə
həyat əvvəlki axarıyla davam edirdi. Şəhərin küçələriylə
addımladıqca, tinlər, döngələr arxada
qalırdı.
Küçələr adamla doluydu. Üz-üzə
gəldiyi, ötüb kecdiyi heç kəs ona əhəmiyyət
vermir, görmürdü. Məşhur əsərin qəhrəmanı
“gözəgörünməz adam”a bənzəyirdi.
Özünü lüt hiss edirdi, ayıb yeri
görünürmüş kimi qısılırdı. Amma ona baxan yoxuydu. O isə hamını
görürdü. Adamların üzünə sərhədçi
pasport yoxlayan kimi baxırdı, elə bil Saray pillələrində
gördüyü adları indi onların üzündə
oxuyacaqdı.
Yanından ötdüyü meydanda böyük bir izdiham
gördü.
Mitinq idi. Tribuna əzəmətli
adamlarla doluydu. Kütlə adını
Saray pillələrində oxuduğu
Çıxışçının “Rədd olsun xalqa divan
tutan Saray əhli!” sözlərini hayqırtıyla
alqışlayırdı. İnsanlar
ehtiraslı gözlərində parlayan ümidlə ətrafa
şölə saçırdılar. Hamı
tribunaya baxırdı, üzlər yalnız bir səmtə –
qabağaydı. Hüqonun sözlərini
xatırladı: “Dərdli adamlar geriyə baxmazlar. Onlar qara
talelərin dallarınca gəldiyini çox gözəl bilirlər…
“Ümid” Dantenin cəhənnəm qapılarından
sildiyi, Tanrının isə hər bir insanın alnına
yazdığı sözdü”.
İzdihamın
axırında bir topa adam hansısa qəzet
yazısını müzakirə edirdi. Yaxınlaşdı.
Məşhur Yazarın yazı başlığını
gözü aldı: “Saray başçısı
Çölün qanını sümürür!” Saray pillələrində parlaq ilbiz iziylə
yazılan müəllif adını indi qəzetdə qara, iri
hərflərlə oxuyurdu.
Başqa bir dəstədə isə Çölün
tanınmış xadimləri bir yerdə dairə qurub
durmuşdular.
Mitinq adamlarına qarışmayan bu adamlar gah
çıxışçıları dinləyir, gah da
öz aralarında xısınlaşırdılar.
O, son kərə
tribunadan izdihamın sonunacan insan selinə tamaşa elədi.
Hasarda beyninə mismarlanmış xeyli adın sahibini indi
canlı görürdü…
Meydanı
tərk elədi!
Başında
cürbəcür fikir bir-birinə
qarışmışdı, heç bir yana
gedib çıxa bilməyən bu fikir sürüsü eləcə
havadan asılı qalmışdı – şüşə
qabda suya kök buraxmış budaq kimiydi. Yapışmağa
dayaq tapmayan köklər bir-birinə sarılıb
düyün düşmüşdü.
…Sonuncu
küçəni də keçib şəhərdən
çıxdı.
Qürub çağıydı, səmada günəşin
son işartıları üfüqü al-qırmızı
qızartmışdı. Ürək sabahdan
arxayın olanda rahatladığı kimi göz də uzağa
baxanda dincəlir. İndi baxdığı uzaqlıqda
bir azdan o qədər ulduz parlayacaqdı ki… Tanrı
ayaqları altında xırçıldayıb sönən
ulduzların izinə düşəcəkdi. Sonra mütləq Günəş doğacaqdı.
…Çölün
axırında yoxuşa dikələn yolla qalxıb,
qalxıb… üfüqün o üzündə yox oldu.
Oktyabr
2012
Vahid Qazi
Kaspi.-2012.-1-3 dekabr.-S.21.