ÖLÜM VAXTI
(hekayə)
Bəhruzun qəmli və kədərli baxışları tez-tez uzaqlara dikili qalırdı. Hara baxırdı, kimə baxırdı, nə itirmişdi, nə axtarırdı o uzaqlarda? Bunu onun özündən başqa kimsə bilmirdi. Gündən qaralmış, qarsımış sir-sifətinə baxanda Bəhruz çox yaşlı görünürdü. Saçının qabaq tərəfi tamam töküldüyündən başının yarısı keçəlləşmişdi. Arxa tərəfdə qalmış tüklər isə çoxdan ağarmışdı. Gözləri qıyılıb çuxura düşmüş, üzündə dərin qırışlar əmələ gəlmişdi. Lap min ilin kişilərinə oxşayırdı. Sifətinin dərisi də codlaşmışdı. Bəlkə də, onun yaşıdlarının saçına heç dən düşməmişdi. Bəhruzu bu görkəmə salan indiyə qədər çəkdiyi əzab-əziyyət və itirdikləri olmuşdu. Çox əziyyət və zülümlər çəkmişdi. Ən dəhşətlisi isə bu idi ki, Bəhruz bu gen dünyada kəndlərini də itirmişdi. Dədə-baba yurdunu ermənilər işğal edilmişdilər. İndi neçə illərdir ki, Bəhruz məskunlaşdığı darıxdırıcı, üzücü günlər keçirdiyi bu toz-torpaqlı və səs-küylü şəhərdə kəndlərini axtarırdı. Elə hey uzaqlara boylanır, gözləri yollara dikili qalırdı. Bu uzun-uzadı baxışlar fayda vermir, axtardığını tapa bilmirdi. Bəhruzun dərdi ağır və dözülməz idi. O, kəndləri ilə bərabər valideynlərini də, doğmalarını da itirmişdi. Əzizlərinin məzarları da düşmən tapdağı altında qalmışdı. Qardaşı Babəklə düşmən əsirliyində çox əzablı günlər yaşamışdı. Ermənilər əsirlikdə onu öldürmüşdülər. Özu isə təsadüf nəticəsində sağ qalmışdı. Başına gələnlər alnına qırışlar salmış, saçlarını ağartmışdı. Ermənilər Bəhruzun sinəsinə dağ basmışdılar. İndi Bəhruz həmişə köynəyinin qabağını düyməli saxlayır, onu hamıdan gizlətməyə çalışırdı.
Doğmalarının adlarını övladlarına qoymuşdu. Onların adlarını yaşatmaqla təskinlik tapırdı. Başqa əlindən heç nə gəlmirdi. Yaşadığı əzablı günlər, əsirlikdə keçən aylar, bütün bunlar ona sonu faciə ilə bitən nağılları xatırladırdı. Hərdən ona elə gəlirdi ki, bu həyatı heç o özü yaşamayıb. Bunları haradansa, hansısa bir kitabdan oxuyub, yaxud kimdənsə eşidib. Bu nağıllar acı və dəhşətlərlə dolu idi. Əsirlikdə ermənilərin başına gətirdiyi dəhşətli hadisələri qələmə almaq istəyirdi. Amma nədənsə əli gəlmirdi. İstəmirdi ki, o dəhşətli anları bir daha yadına salsın. Həm də buna hövsələ və səbr lazım idi. Bəhruzun isə daha səbri qalmamışdı. Ürəyi dolu idi, danışmağa, söhbət etməyə, dərdini bölüşməyə adam axtarırdı.
Deyəsən yavaş-yavaş axtardığı adamı tapırdı. Bir müddət əvvəl təzə qonşuları gəlmişdi. Ailə başçısı Sadıq adlı bir kişiydi. İlk görüşdən Bəhruzun ona qanı qaynamışdı. O da Bəhruz kimi dərdli adamıydı. Qarabağı qorumağa yollanan oğlu Şakir döyüşdə şəhid olmuşdu. Ermənilər onun meyitini xeyli müddətdən sonra qaytarmışdılar. İndi oğlunun adı Sadıq kişinin dilindən düşmürdü. Dərdli-dərdlini daha yaxşı başa düşər deyiblər. Qısa vaxtda Sadıq dayı ilə Bəhruz biri-birilərinə isinişmişdilər. Sadıq kişi bir neçə dəfə ondan xahiş etmişdi ki, başına gələnləri danışsın. Bəhruzsa müxtəlif bəhanələr gətirərək susurdu. Əslində o danışıb, ürəyini boşaltmaq istəyirdi. Amma bir tərəfdən də fikirləşirdi ki, yaşadığı ağrı-acıları Sadıq kişiyə deyib, onun dərdini bir az da artırmasın. Axır ki, bir gün Bəhruz danışdı.
Eyvanda qonşusu ilə oturub çay içə-içə ordan-burdan xeyli söhbət etdilər. Hava çox isti idi. Hərdən əsən meh bir az sərinlik gətirirdi. Sadıq kişi stolunu Bəhruza bir az da yaxın çəkib soruşdu:
- Ay Bəhruz, bala, bir danış görək sizin kəndiniz hansı tərəfdəydi? Axı necə oldu ki, bu köpək uşağı ermənilər, kəndinizi, evlərinizi aldlılar? Necə oldu ki, sizi əsir götürdülər?
Ötənlər, keçənlər yenə də onun yaddaşını göynətməyə başladı. O gözəl, axar-baxarlı kəndləri gözləri önünə gəldi, bir anlıq özünü kəndlərində hiss etdi. Dəqiqələr, anlar ötüb keçdi. Sadıq kişini də çox intizarda saxlamaq istəməyən Bəhruz üzünü ona çevirib dedi:
- Sadıq dayı, kəndimiz Xankəndindən çox uzaqda deyildi. Ermənilər Qarabağa hücum edəndə bizim də sakitliyimiz pozuldu. Əvvəlki əmin-amanlıqdan əsər-əlamət qalmadı. Hər şey öz axarını dəyişdi. Gördüklərimizdən çaşıb qalmışdıq. Elə bil dünya öz oxundan çıxmışdı. Hər şey tərsinə fırlanırdı. Ağköynəkli saqqallı quldurlar və onlara qoşulmuş yerli ermənilər yolları kəsib, bizi daş-qalaq edir, işə-gücə getməyə imkan vermirdilər.
Ay Sadıq dayı, adamı yandıran həm də o idi ki, böyük bir ordusu, top-tüfəngi olan, dünyanın yarısını əlində saxlayan sovet hökuməti də bu dılğır ermənilərin əlində aciz qalmışdı. Onlara gözün üstündə qaşın var deyə bilmirdi. Bir dəfə quldurlar kənddən Şuşaya gedən avtobusun qabağını kəsib içindəkiləri döydülər, sürücünü isə lap pis günə saldılar. Ondan sonra daha heç kim maşına oturub yola çıxmadı. Çünki dərə-təpə saqqallılarınan doluydu. Belə hadisələr yaxşı işlərdən xəbər vermirdi. Ermənilər tülkü kimi orda-burda gizlənir, qaranlıq düşən kimi camaatın üstünə hücum çəkirdilər. Sonrakı günlər isə iş o yerə çatdı ki, ermənilər gecələr deyil, elə lap gündüzlər də evlərə basqın etdilər. Hər gün ölən olurdu. Quldurlar yaxşı silahlanmışdılar. Biz isə ov tüfənglərinin ümidinəydik. Bir neçə rus əsgərini də gətirib ermənilərlə aramızda qoymuşdular. Guya onlar bizi saqqallılardan qoruyurdular. Əslində isə rus əsgərləri ermənilərə kömək edirdilər.
Günlər bir-birindən ağır və qara gəlirdi. Qocaları və uşaqları yavaş-yavaş kənddən çıxarırdıq. Ev-eşiklər lal-sükut içindəydi. Məhəllələrdə kimsə gözə dəymirdi. Küçələr adamlarsız çox yaraşıqsız görünürdü. Həmişə toy-düyün səsi gələn kənddə indi silahlar şaqqıldayırdı. Boş qalmış evlərdə güllə səsləri əks-səda verirdi.
Mart ayının əvvəlləri idi. Havalar isinsə də, qalın yağmış qar ərimək bilmirdi. Tərs kimi o il qış da çox sərt gəlmişdi. Yollar, cığırlar buz bağlamışdı. Gediş-gəliş çətinləşmişdi. Gecələr hava ayazıyırdı. Göydə ulduz-ulduzu qovurdu. Hər tərəf süd kimi, ağappaq idi. Şaxta adamın iliyinə işləyirdi. Nə qədər soyuq olsa da, səngərlərdə dayanıb kəndimizi qoruyurduq. Döyüşlərdə patron çox işlənirdi. Ona görə də getdikcə ehtiyatımız tükənirdi.
Bir gecə qaranlıq düşər-düşməz ermənilər yenə də kəndi atəşə tutdular. Sabaha qədər atışma dayanmadı, altı nəfər ağır yaralandı. Səhərin gözü açılar-açılmaz sakitlik oldu. Təhlükənin sovuşduğunu zənn etdik. Elə bu vaxt kənddən qaça-qaça, təngənəfəs özünü yanımıza çatdıran Qəmbər kişi dedi:
- Ay kişilər, ay başınıza dönüm, Allah bu ermənilərin bəlasını versin. Alçaq köpək uşaqları bu gecə çobanları da, fermanı da yandırıb, mal-qaranı aparıblar.
Silahlarımızı götürüb fermaya qaçdıq. Burada çox dəhşətli bir mənzərə gördük. Tam yanmamış taxtalar hələ də tüstüləyirdi. Quldurlar əvvəlcə çobanların qaldıqları yeri yandırmış, onlara çölə çıxmağa imkan verməmiş, sonra heyvanları çıxarıb tövlələrə od vurmuşdular. Çobanlar da, həyat yoldaşları da içəridə yanmışdılar.
Ertəsi gün hava qaralan kimi, yenə də kəndə hücum oldu. Bu həmlə çox güclü idi. Patronun tükənməsi də işimizi lap çətinə salırdı. Şura kişi Ağdamla, Şuşayla və başqa yerlərlə danışıb vəziyyətin pis olduğunu dedi, kömək istədi. Xəttin o başından gələn səsi hamımız eşitdik:
- Möhkəm dayanın, sizə kömək göndərəcəyik.
Hərəmizdə beş-altı patron qalmışdı. Özümə yaxşı mövqe seçib düşmənləri vururdum. Növbə sonuncu patrona çatdi. Bir dəfə də tətiyi çəkib atəş açandan sonra əlimdəki avtomat, silah kimi karıma gəlməyəcəkdi. Üstümüzə gələn bir düşməni də məhv etdim. Daraq boş qaldı. Son ana qədər böyük ümidlə kömək gələcəyini gözlədik. Vaxt keçdi, zaman ötdü, ümidlərimiz puça çıxdı.
Ermənilər evləri talan edir, kolxozun anbarındakı taxılı, yemi dədələrinin malı kimi, maşınlara yükləyib aparırdılar. Bu basqınlardan dəhşətə gəlmişdik. Hamı kolxoz binasına sığınmışdı. Quldurlar əllərinə keçən hər kəsi döyürdü. Camaatın qışqır-bağır saldığını görən ermənilərdən biri bizi aldadaraq dedi:
- Ara, narahat olmayın, sizi də, yaralıları da Muğanlı kəndinə çatanda buraxacağıq. Ermənilər siz yox e, torpaqlarınız lazımdır.
Bizi yük maşınlarına mindirdilər. Şəhidlərin meyitləri də, yaralılar da yerdə qaldı. Bunu görən Qərib kişi bayaqkı ermənidən suruşdu:
- Bəs onları götürmürsünüz?
Quldur gülə-gülə, bir az da yandıxmış verə-verə dilləndi:
- Ara, siz yuxarı qalxın, narahat olmayın yaralıları elə aparacağıq ki, ruhları da inciməyəcək.
Bir azdan maşınlar tərpəndi. Ermənilər yaralıları elə yerdəcə güllələdilər. Uca dağların ətəyi ilə irəli gedirdik. Kənddən çıxar-çıxmaz maşınlar dayandı. Hamımız maddım-maddım bir-birimizə baxdıq. Görəsən maşınları niyə saxladılar? Ermənilər on nəfər məktəblini yerə düşürüb burada güllələdilər.
Maşınlar bir də Qağarza kəndindəki silos quyularının yanında dayandı. Quldurlar on-on beş kənçimizi də burada güllələyib quyulara tökdülər. İlk dəfə gördüyüm bu ağrılı səhnələrdən dəhşətə gəldim, tüklərim biz-biz oldu. Getdiyimiz yolun istiqamətindən bildim ki, bizi Muğanlıya yox, Xankəndinə aparırlar.
Qar çox yağdığından maşınlar çətinliklə gedirdi. Hərəkət etmək təhlükəliydi. Kiçik bir səhv hər şeyi alt-üst edə bilərdi. Bir neçə dəfə az qaldı ki, maşınlar yoldan çıxıb dərəyə aşsın. Şükür, hər şey yaxşı qurtardı, qəza sovuşdu. Xankəndinə çatanda hava qaranlıq idi, göz-gözü görmürdü. Ermənilər avtomatın qundağı ilə bizi vurub yerə düşürtdülər. Vurduqca üstümüzə qışqırıb deyirdilər ki, Qarabağ bizimdir, niyə bizə qarşı döyüşürsünüz. Şaxtalı havada qollarımızı bağlayıb qarın üstünə uzatdılar. Saatdan da çox idi ki, yerdə döşəli qalmışdıq. Soyuq, şaxta iliyimizə işləyirdi. Bir azdan ermənilər balaca uşaqların əlinə rezin dəyənək, taxta parçası verib üstümüzə saldılar. Edik adlı birisi onların üstünə qışqırıb deyirdi:
- Vurun, öldürün türkləri, onlar bizim düşmənimizdir.
Uşaqlarsa Edikin dediklərindən bir az da həvəslənərək bizi amansızcasına döyürdülər.
Bir azdan ermənilər aramızda Şura kişini axtarmağa başladılar. Düşmən onun həm sərrast atıcı, həm də rabitəçi olduğunu öyrənmişdi. Ona görə də quldurlar Şura kişini işgəncəylə öldürdülər. Qardaşım Babək də yaxınlığımdaydı. Ağır, dözülməz zərbələr altında inləyərək kədərli və sağ qalmağa ümidsiz baxışlarla bir-birimizi süzürdük. Gecə yarıdan keçmiş quldurlar bizi qarın üstündən qaldırdılar. Dörd nəfər yaşlı kişi ayağa qalxa bilmədi. Artıq onlar canlarını tapşırmışdılar.
Silahların qundağı ilə bizi itəliyə-itəliyə bağçanın zirzəmisinə saldılar. Bura rütubətli və soyuq idi. Çoxdan istifadə olunmadığından zirzəmidə elektrik xətləri də qırılmışdı. Hər tərəf zülmət içindəydi, üfunət və kif iyindən nəfəs çəkmək olmurdu. İçərini yalnız sıx barmaqlıqları olan və bir gözünün şüşəsi sınmış kiçik pəncərə işıqlandırırdı. Döşəmə beton olduğundan nə oturmaq, nə də uzanmaq mümkün idi.
Səhər lap ertədən zirzəminin dəmir qapısı ağır-ağır açıldı. Aşot adlı erməni içəri girib rixşəndlə bizdən soruşdu:
- Necəsiniz ay musurmannar, gecəni necə istirahət etdiniz, yeriniz rahat oldumu?
Bizdən səs çıxmadı. Bunu görən Aşot qışqıra-qışqıra dedi:
- Hə, bizə qarşı vuruşanda dediniz bəs ağzınız bala batacaq? Çəkin cəzanızı, sizi işgəncə verə-verə öldürəcəyik.
Bunları deyəndən sonra daşnak qapını bağlaıb getdi. Şamil kişi ermənilərin qarasınca deyinməyə başladı:
- Köpəy uşağı, bəs kişi kimi deyirdiniz sizi Muğanlıdan buraxacağıq. Nə oldu, bəs hanı sizin kişiliyiniz? Niyə sözünüzün üstündə durmadınız, ay binamuslar, ay şərəfsizlər, ay qurumsaqlar? İndi xox gəlirsiniz. Onsuz da, bizə olan olub. Day sizin nəyinizdən qorxacağıq.
Əldən-dildən düşmüşdük. Hamı əzab içində zarıyırdı. Sutkadan çox ac olmağımıza baxmayaraq, özümüzü sındırıb düşməndən çörək istəmədik. Günortadan sonra ermənilər hərəyə bir stəkan su və bir parça quru çörək verdilər. Gün ərzində əsirlərə verilən «norma» bu idi. Elə vaxt olurdu ki, heç o da olmurdu.
Hava şaxtalı olsa da, ermənilər zirzəminin pəncərəsinə şüşə salmırdılar. Bir gözdə qalmış şüşəni də sındırdılar. Soyuq külək birbaş içəri əsirdi. Hamı öskürürdü, xəstəlik baş alıb gedirdi. Gecənin bir yarısı ermənilər sərxoş halda zirzəmiyə soxulub bizi döyə-döyə həyətə çıxartdılar. Aşot ermənicə söyüşlər söyüb, hamını vura-vura sıranın qabağında ora-bura gəzirdi. Bir azdan bizi qaçmağa məcbur etdilər. Ayağını bir az ləng tərpədəni armaturla vururdular. Quldurlar qaçmağımıza baxıb gülürdülər. İdman «dərsi» xeyli çəkdi. Əkrəm kişi qaçmaqdan təngənəfəs olmuşdu, nəfəs ala bilmirdi. Az qalırdı ürəyi yerindən çıxsın. Sinəsi od tutub yanırdı. Heç cürə özünü sakitləşdirə bilmirdi. Ürəyi sözünə baxmırdı. Nə qədər çalışsaq da, ona kömək edə bilmədik. Yazıq Əkrəm kişi keçindi.
Səhərin gözü açılmamış Aşot yenə də başımızın üstünü aldı. O, sağ əlində tutduğu armaturu asta-asta sol əlinin içinə vuraraq nifrət dolu baxışlarla bizi süzürdü. Sonra barmağı ilə işarə edib mənimlə bərabər beş nəfəri də yanına çağırdı. Hırıldaya-hırıldaya dedi:
- Ara, bəxtiniz gətirib, sizi Şuşadakı əsirlərimizlə dəyişəcəyik.
Bizi yük maşınına mindirib üstümüzə də iki nəfər əlisilahlı qoydular. Avtomobil şəhərdən çıxandan sonra şossedən çıxıb torpaq yolla toz qopara-qopara dağlara, dərələrə tərəf getdi. Çaşıb qaldım. Axı Şuşaya yol buradan keçmir. Görəsən quldurlar bizi hara aparırlar? Yük maşını daşlı və çala-çökək yollarla xeyli gəlib böyük bir qəbiristanlığın yanında dayandı.
Biz yerə düşürtdükdən sonra silahın qabağına qatıb məzarlardan birinin yanına gətirdilər. Deyəsən, dəfn yaxın günlərdə olmuşdu. Məzarın aşağı tərəfində sıraya düzüldük. Ölüm vaxtının çatdığını hiss etdik. Ermənilər yenə də bizi aldatmışdılar. Zirzəmidən evimizə qayıtmaq həvəsi ilə çıxmışdıq. İndi isə qəbiristanlıqda düşmən gülləsi qarşısında dayanmışdıq.
Çox keçmədi ki, qəbiristanlığa ikinci yük maşını da gəldi. Beş nəfər hərbi əsiri əlləri bağlı vəziyyətdə yerə düşürtdülər. Quldurlardan biri hamımızı başdan-ayağa süzüb dedi:
- Döyüşdə «general»ımızı öldürmüsünüz. Buna görə də indi onun məzarı üstündə başınızı kəsəcəyik.
Ermənilərin «general»ını xatırladım. Onu kəndimiz ətrafında cəhənnəmə vasil etmiş, meyitini də patrona dəyişmişdik. Əgər düşmən elə maymağa «general» deyirlərsə, gör onda başqaları nə gündədir.
Hərbi əsirlərin də paltarları cırıq-cırıq idi. Üzlərini tük basmış, döyülməkdən gözlərinə qan sızmışdı. Aclıqdan, susuzluqdan bir dəri, bir sümük qalmışdılar. Sifətlərinə baxmaq belə mümkün deyildi. Bütün bunlar qəlb ağırıdan, ürək göynədən mənzərə idi. Əlimdə silahım olsaydı, bir andaca buradakı quldurları öldürərdim.
Şaxtalı havada məzarın yanında xeyli dayandıq. Nəyi gözlədiyiymizi də bilmirdik. Sanki ölümün vaxtını uzatmaqla da bizə əzab verirdilər. Saatınsa əqrəbi hərəkətdəydi, zaman dayanmadan axırdı. Həyacanlı dəqiqələr bir-birini əvəz edirdi. Qəbiristanlıq yolunda bir maşın da göründü. Quldurlar bu avtomobili yaman təm-taraqla qarşıladılar. Gələn maymaq «general»ın arvadı Raya idi. Harsın qaş-qabağını sallayıb məzarın başında dayandı. Üç-dörd erməni köməkləşib əlləri bağlı əsirlərdən birini yerə uzatdı. Onun əllərindən, ayaqlarından möhkəmcə yapışdılar. Aşot böyük bir bıçağı çıxarıb onun başına tərəf əyildi. Quldur bıçağı əsirin boğazına çəkəndə bu dəhşətli anı görməmək üçün gözlərimi yumdum, ətim ürpəşdi, tüklərim biz-biz oldu.
Aşot qəddarcasına o biri hərbi əsirlərin də başını kəsdi. Onlar isə son nəfəslərində «xalqımız bizim intiqamımızı sizdən alacaq» dedilər.
Qorxudan rəngimiz ağarmışdı, bıçaq vursaydılar, qanımız çıxmazdı. Qəbiristanlığa ölü bir sükut çökmüşdü. Fikirləşirdim ki, yəqin indi növbə bizimdir. Lal-dinməz məğrurcasına ölümə hazır dayanmışdıq. Amma deyəsən, hələ ölümümüzün vaxtı çatmamışdı. Çünki, gülə-gülə, sevinə-sevinə böyük qəddarlıqla beş azərbaycanlının başını kəsən Aşot üstümüzə qışqırıb dedi:
- Nə gözünüzü döyürsünüz, tez olun meyitləri bir yamaya yığıb basdırın.
Dəhşətdən donub yerimizdə qalmışdıq. Qəbiristanlığın kənarında dərin bir çala qazıb, başı kəsilmiş beş meyiti, qanı süzülə-süzülə, ora qoyub üstünü torpaqladıq. «General»ın harsını isə çox razı halda çıxıb getdi.
Meyitləri basdırandan sonra bizi döyə-döyə maşına mindirdilər. Gözlərini qan örtmüş Aşot dişlərini qıcayıb bizi vurduqca deyirdi:
- Hamınızın qanını içəcəyəm.
Zirzəmiyə təlaş və vahimə içində qayıtdıq. Bizi bu vəziyyətdə görən Nəsib kişi soruşdu:
- Ayə, nə olub sizə, niyə bu hala düşmüzünüz? Bəs sizi dəyişmədilər?
İmran dayı başımıza gələnləri hamıya danışdı. Qardaşımı zirzəmidə görmədim. Dedilər ki, bir az əvvəl Kərim kişi ilə onu dəyişməyə apardılar. Daha qardaşımdan əlimi üzdüm. Sonralar öyrəndim ki, ermənilər Babəki də, Kərim kişini də öldürüblər.
Ertəsi günün axşamı Aşot yenə zirzəmiyə soxuldu. Hamını gözdən keçirib kimin rus dilini bildiyini soruşdu. Onunla bağçadakı otaqlardan birinə gəldik. İçəridə biri qadın olan erməni və rus jurnalistlərin oturduğunu gördük. Onlar «Vremya» proqramının işçiləri idi. Erməni jurnalist əl-qolunu ölçə-ölçə bizə göstəriş verməyə başladı:
- İndi çəkiliş aparacağıq. Çıxış edib Qarabağın Ermənistanın qədim torpaqları olduğunu deyərsiniz.
- Nə oldu, ay bala, dediniz o sözləri? - deyə Bəhruzu axıradək dinləməyə səbri çatmayan Sadıq kişi soruşdu.
- Yox, narahat olma, ay Sadıq dayı, bu sözləri heç kim dilinə gətirmədi, - deyə Bəhruz şəhid atasını intizardan qurtardı. Və söhbətinə davam etdi:
- Vəziyyət belə olanda quldurlar jurnalistlərin yanındaca bizi döyməyə başladılar. İradəmizi qıra bilməyəcəklərini görən ermənilər daha ağır işgəncələrə və hiylələrə əl atdılar. Gücüm tükənmişdi, işgəncələrə dözə bilmirdim. Zorla bir şey alınmayacağını görən Aşot əlini saxlayıb məni yan otağa apardı. Stolun üstündə cürbəcür yeməklər və içkilər var idi. Aşot Yerevan konyakını süzüb qədəhi də, yeməyi də qabağıma itələdi. Ac olsam da, yeməyə gözümün ucu ilə də baxmadım. İçki dolu stəkanı barmaqlarının arasına alan Aşot dedi:
- Ara, Baxruz, görürəm ağıllı oğlansan, səninlə çörək kəsmək olar. Rumkanı götür yüz-yüz vurax. Bilirəm ki, acsan, susuzsan. Əlini uzat süfrəyə, doyunca çörək ye. O bir kəlmə söz nədir ki, ondan ötrü özünü döydürürsən. O sözləri desən, səni evinizə buraxaram.
Aşot nə qədər şirin dilini işə salsa da, əlimi süfrəyə uzatmadım. Neçə vaxt idi ki, ac idim, yemək istəyirdim. Amma belə minnətli çörəyi istəmirdim, özümü saxlayırdım. Fikrimdən dönmədiyimi görən Aşot cibindən bir dəstə pul çıxarıb dedi:
- Ay musurman, ağlın olsun yeməyini ye, konyakını da iç, bu pulu da cibinə qoy xərclə. Bir kəlmə sözü de səni yola salım evinizə. Get bu pula Bakıdan özünə ev al. Burda çətin nə var ki? Yaxşı deyil axı, böyük qardaşlarımız ordan bura sizi çəkməyə gəliblər. Onları əliboş geri qaytara bilmərik. Sonra üzümüzə söz gələr.
Dinib-danışmırdım. Eləcə lal-dinməz dayanmışdım. Aşot nə qədər dilə tutsa da, pulları üst-üstə qalasa da, məni yola gətirə bilmədi. Qəzəbindən az qalırdı ki, gözləri yerindən çıxsın. Qəflətən ayağa qalxıb var gücü ilə məni silkələyib dedi:
- Ara,
dilin, ağzın yoxdu sənin? Ağzı
açsan, dillənsən, bir kəlmə söz desən.
Nazınla çox oynamaq fikrində deyiləm.
Son sözun nədir?
Ağır-ağır
başımı qaldırıb Aşotun qəzəbli
gözlərinə dik baxıb dedim:
-
Öldürsən də, o sözləri dilimə gətirməyəcəm.
Nə pulun, nə çörəyin, nə də
zəhrimara qalmış o konyakın mənə lazım
deyil. Düzdür, ac-susuzam, neçə
vaxtdır qarın dolusu çörək yemirəm. Amma belə çörəyi istəmirəm. Ölmək daha şərəflidir.
Bunu
eşidən Aşot əsəbi halda ayağa qalxıb dedi:
- Pah
atonnan, sən nə tərs musurmansan. İndi sənə
göstərərəm atkaz eləməyi.
Aşot sürüyə-sürüyə məni yenə
bayaqkı otağa gətirdi. Öz dillərində ermənilərə
nə isə dedi. Onlar köynəyimin
yaxasını cırıb, sinəmi geniş açdılar,
qollarını arxaya burdular. Aşot yenə soruşdu:
- Ara,
jurnalistlərə o sözləri deyəcəksənmi?
Başımı buladim. Bunu görən
Aşot deyinə-deyinə o biri ermənilərin üstünə
möhkəmcə qışqırdı. Hiss etdim ki, məni
söyür. Nə etmək istədiklərini
anlamayaraq, həyəcanla ora-bura baxırdım. Qəflətən ermənilərdən biri iri kəlbətinin
ucunda tutduğu xaç şəklində qızardılmış
dəmiri sinəmə basdı. Od məni
götürdü. Qışqırıb
arxası üstə yerə yıxıldım, hüşumu
itirdim. Dağlanmış sinəm
göyüm-göyüm göynəyirdi.
Bütün cəhdlər boşa çıxdı. Heç
birimiz danışmadıq. Ermənilər
bizi döyə-döyə zirzəmiyə qaytardılar.
Soyuq betonun üstünə döşəli
qalmışdım. Ağrıya dözə
bilmirdim. Deyirdim bəs indicə öləcəm.
Quldurlar həmişə zirzəmiyə kefli gəlirdilər. Nə isə
bu dəfə ayıq idilər. Özü
də təpədən-dırnağa silahlı. Deyəsən, ölüm vaxtımız
çatmışdı. Qarşımızda var-gəl
edən Edik dedi:
-
Xocalının üstünə gedirik. Azərbaycanın
bu qədim və gözəl şəhərini ələ
keçirib yerlilərinizi əsir alacağıq.
Erməninin
lovğa-lovğa qırıldamağına dözməyən
Şamil kişi dedi:
-
Ağlınız bizim kəndə getməsin, Xocalının
arxasında Ağdam dayanır. Ora ayaq basa bilməzsiniz.
Bunu gözləməyən Edik Şamil kişiyə
yaxınlaşıb bıcağını onun boğazına
çəkdi.
Şamil kişi üzü üstə yerə
yıxıldı, onu qan apardı. Tez əski-üskü
ilə boğazının qanını silib, yaranı
sarıdıq. Bıçaq çox dərinə
işləməmişdi.
Gecə yarıdan keçmiş hamımızı
bağçanın həyətinə çıxartdılar. Dili ağzına girməyən
Edik bizi tələsdirirdi:
- Tez olun,
tez olun çıxın bayıra, yerlilərinizlə
görüşün. Qədim şəhəriniz
olan Xocalını işğal etdik, yandırdıq. Öldürə bildiklərimizi öldürdük,
sağ qalanlarını isə əsir aldıq.
Gördüklərimə inanmaq istəmirdim. Ermənilər
Xocalıdan xeyli əsir gətirmişdilər. Onların ah-naləsi, ağlaşma səsi aləmi
başına götürmüşdü. Quldurlar
Xocalıda ələ keçirdikləri maşınları,
məişət əşyalarını və başqa qənimətləri
də özləriylə Xankəndinə gətirmişdilər.
Əsirlərdən çoxu qadın idi. Onların bir hissəsini zirzəmiyə saldılar.
Bir hissəsini isə harasa apardılar. Necə qaçhaqaç olmuşdusa, yazıqlar
heç ayaqqabı da geyinə bilməmişdilər.
Artıq bir çoxunun ayaqlarını don vurmuşdu. Ermənilər Xocalının
işğalını böyük təntənə ilə
qeyd etdilər, yeyib-içdilər.
Xocalıdan əsir gətirilən Rafiqə çox
ağır işgəncələr verirdilər. Şəhərə
hücum edəndə, Rafiq dili yaxşı bildiyindən
düşmən səhv salıb onu erməni hesab etmişdi.
Sonra Rafiq avtobusu yandırıb içindəki
quldurlarla bərabər dərədən aşırmışdı.
Buna görə ona ağır işgəncə
verir, başını kəsməklə hədələyirdilər.
Yazığı o qədər
döymüşdülər ki, elə ayaq üstə
ölmüşdü.
Bir gecə yenə bizi həyətə
çıxartdılar. Gördüm ki, yekəpər Jorik əlləri
bağlı olan Rafiqi qabağına qatıb itəliyə-itəliyə
deyir:
- Ara, tez
ol, ayaqları tərpət görək, sonun çatıb, bu
gün başı kəsəcəm.
Rafiqin sifətində qorxu hissi yox idi. Elə bil
heç ölümə getmirdi. Əvvəlcədən
bilirdi ki, onu qəddarlıqla öldürəcəklər.
Ona görə də özünü
sındırmırdı. Kişi kimi
döyüşmüşdü, kişi
kimi də ölümə gedirdi.
Bir az ayaq üstə saxladıqdan sonra Rafiqi yerə
uzatdılar. Mayor rütbəli Jorik, qana
susamış bu erməni onun başının üstündə
dayanıb, əlindəki bıçağın o üz-bu
üzünə baxırdı. Yenicə
itilənmiş bıçaq isə par-par yanırdı.
Bir neçə erməni Rafiqin əl-ayağını
möhkəmcə tutdu. Başının kəsiləcəyini
görəndə o ucadan dedi:
- Ey
qaniçənlər, siz nə qədər
başımızı kəsib, qanımızı töksəniz
də, Qarabağ heç vaxt sizin olmayacaq. Bu
qisas, bu intiqam yerdə qalmayacaq. Yaşasın Azərbaycan!
Qaniçən Jorik sözünü axıra qədər
deməyə aman vermədən iti bıçağı
Rafiqin boğazına çəkdi. Onun damarlarından axan
qan qarın üstünə çiləndi. Ağappaq qar qırmızı rəngə
boyandı. Yazıq bir az
çapalayıb-çapalayıb keçindi. Rafiqin
faciəli ölümü bizi yaman sarsıtdı. Hamımız zirzəmidə lal-dinməz,
qanıqara vəziyyətdə oturmuşduq. Ermənilər heç vaxt bizə qazan xöəryi
vermirdilər. Yediyimiz yalnız quru
çörək idi. Amma həmin gecə
şeytanın qılçasını sındırıb əsirlərə
ət xörəyi verdilər. Yedik, amma
bilmədik ki, bu nə ətidir. Çünki
ətin çox qəribə dadı var idi.
Gözünə
yuxu getməyən Ələddin kişi
birdən uzandığı yerdən qalxıb «mədəmin
ağrısından yata bilmirəm, bircə qurtum su
olsaydı, içib sakitləşərdim» dedi. Gecənin bu vaxtında suyu haradan tapmaq olardı.
Qədir dayı onu dilə tutub dedi:
- Ay Ələddin,
bir az döz, səhər açılar
ermənilərdən su istiyərik, insafa gəlib versələr
içərsən. Sən bu faşistləri
tanımırsan? Heç gündüzlər
bizə su vermirlər. O ki qalmışdı gecə ola. Vallah gecənin bu vaxtında
onlar sənə su verməzlər. Hələ
üstəlik səni də, bizi də döyərlər.
Bu sözlər Ələddin kişinin ağlına
batdı. Heç nə deməyib zirzəminin bir
küncündə soyuq betonun üstünə
çökdü. Amma burada çox otura
bilmədi. Bir azdan yenə də
ağrılara dözməyib su almaq ümidi ilə qapıya
yaxınlaşdı. Amma nə fikirləşdisə,
ayaq saxlayıb geri çəkildi. Yenə
də qarnını tutub ağır-ağır zirzəmidə
addımladı. Sonra qorxa-qorxa
yaxınlaşıb qapını döydü. Səsə quldurlardan biri gözlərini ova-ova gəldi.
Qapı açılan kimi, Ələddin kişi
ona yalvarıb su istədi. Erməni «bu dəqiqə
gətirirəm» deyib getdi. Onun su gətirməsinə
heç birimiz inanmırdıq. Elə də
oldu. Bir neçə quldur rezin dəyənəklərlə
zirzəmiyə soxuldu. İlk zərbələr
su gözləyən Ələddin kişiyə dəydi.
Sonra hamımızı əzişdirdilər.
Geri qayıdanda da hərəsi ağrıdan
yerdə döşəli qalan Ələddin kişinin
qarnına bir təpik vurdu. Buna dözməyən Ələddin
kişi canını tapşırdı. Onun da ölümünün vaxtı burada
çatdı.
Bayaqdan bəri
papirosunu tüstülədib Bəhruzun qəmli hekayətinə
qulaq asan Sadiq kişi bu yerdə onun
sözünü kəsib soruşdu:
- Ay bala,
sən elə Xankəndində qaldın, yoxsa ermənilər
səni başqa yerə də apardılar?
Bəhruz
qonşusunu çox intizarda saxlamayıb dedi:
- Yox Sadiq
əmi, bir müddətdən sonra məni bir neçə əsirlə
bərabər Şuşa türməsinə
apardılar.
- Ay bala,
tək-tük geri qayıdanlar danışırlar ki, ermənilər
Şuşa türməsindəki əsirlərə
yaman divan tuturmuşlar. Sən Allah, bala, düzünü de, o
deyilənlər doğrudurmu? - deyə
Sadiq kişi Bəhruzdan soruşdu.
- Hə
ay Sadiq əmi, elədi ki var, - deyə Bəhruz cavab verdi.
Bir az yerini rahatlayan Sadiq kişi dedi:
- Hə
bala, danış görək Şuşa
türməsində nə zülümlər çəkmisən?
Bəhruz
başına gələnləri asta-asta danışmağa
başladı:
- Bizi
yük maşınında Şuşa
türməsinə gətirdilər. Mən heç bilmirdim
ki, bura Şuşa türməsidir. Bunu ermənidən eşitdim. Maşından
düşəndə aşağıda dayanmış
saqqallı quldur bizi gözüün altı ilə bic-bic
süzüb dedi:
- Ay
müsürmannar, Şuşa türməsinə
xoş gəlmisiniz. Deməli, siz Qarabağı
azad etmək fikrinə düşmüsünüz. Mən burada sizə yaxşıca dərs verəcəm.
Bunu deyib rezin dəyənəklə bizi vura-vura türməyə
tərəf qovaladı. Sonra hərəmizi bir kameraya saldılar.
Məni bir otaqda zəncirlə divara
bağladılar. Çox qaranlıq olduğından
əvvəlcə içəridə heç nə görmədim.
Deyəsən zərbələrin gücündən
gözlərim də yavaş-yavaş
işığını itirirdi. Kameranın
çox balaca bir pəncərəsi var idi. Dəmir barmaqlıqlar sıx vurulduğundan, pəncərənin
yarısı tutulmuşdu, otağın işığı kəsilmişdi.
Bir az keçmiş hənirti eşitdim. Aşağı əyilib kameranın küncünə
diqqətlə baxanda içəridə məndən başqa
da əsirlərin olduğunu gördüm. Onlar da zəncirlə divara
bağlanmışdılar. Aralarında
qadınlar da var idi. Bu vəziyyətdə
işgəncə vermək düşmən üçün
çox asan idi. Əsirlərin görkəmi
adamın ürəyini ağrıdırdı. Paltarları cırıq-cırıq olmuşdu.
Kir-pas içində itib-batmışdılar.
Soruşub Xocalıdan olduqlarını öyrəndim.
Onlar da neçə vaxt idi ki, burada zülüm
çəkir, ölümlərinin vaxtını gözləyirdilər.
Birdən səs-küy qalxdı. Kameranın qapısı möhkəmcə açıldı. Qarşımda sifətindən murdarlıq yağan erməniləri gördüm. Dörd nəfər idilər. Mənə işgəncə verməyə gəlmişdilər. Soruşdular ki, nə üçün bizə qarşı döyüşürsən? Heç nədən çəkinmədən dedim:
- Torpaq uğrunda vuruşurdum.
Sözlərimdən qəzəblənən quldurlardan biri kameradan çıxdı və bir vedrə torpaqla geri qayıtdı. Başımı onun içinə soxaraq dedi:
- Sənə torpaq lazımdır, al, nə qədər istəyirsən ye!
Sonra dəhşətli işgəncələr başlandı. Əvvəlcə sağ, sonra isə sol qolumu dəmirin üstünə qoyub əzdilər. Çığırtıma məhəl də qoymurdular. Huşsuz halda kamerada döşəli qaldım. Nəfəsim güclə gedib-gəlirdi. Fikirləşdim ki, yəqin indi öləcəm. Amma səhər gözlərimi açanda gördüm ki, sağam, hələ ölümümün vaxtı çatmayıb.
Günortaya yaxın məni döyənlərdən biri əlində bir parça quru çörək və yarım stəkan su içəri girdi. Yaxınlaşıb böyrümə bir təpik vurub dedi:
- Hə necəsən, özünə gəlirsən? Al, suyu iç, çörəyi ye ki, işgəncələrə dözümün olsun, tez ölməyəsən, çoxlu əzablı günlər görəsən.
Çətinliklə sürünüb divara söykəndim. Bir qurtum su içib dərindən nəfəs aldım. Kameralardan qışqırıq səsləri gəlirdi. Ermənilər əsirlərə işgəncə verirdilər. Bu tükürpədici səslər gün ərzində kəsilmirdi.
Ertəsi gün axşam quldurlar paslı və köhnə bir kəlbətinlə dişlərimi çəkməyə başladılar. Ağzım qanla dolmuşdu. Bir neçə dişimi çəkdilər. Bədənimin ağrılarına dözə bilmirdim, indi də damağım sızıldayırdı. Bir dəfə gələndə isə gördülər ki, daha ağzımda çəkilməyə dişim qalmayıb.
Bir gün səhər-səhər hamımızı maşina mindirdilər. Türmədən uzaqlaşandan sonra quldurlardan biri gülə-gülə dedi:
- Sizi aparırıq ki, Ağdamı öz əllərinizlə dağıdasınız. Necə tikmisiniz, elə də sökəsiniz.
Gəlib çatanda az qaldı ki, gördüklərimdən dəli olum. Ağdamda bir şəhərlik qalmamışdı. O gözəl yerlər tanınmaz hala düşmüşdü. Şəhər qüruba enən günəşə bənzəyirdi. Əvvəlki xoş günlərdə heç ağlıma da gəlməzdi ki, naz-nemətli Ağdamın belə ağır günlərini də görəcəm. Hər yerdə sökhasök idi. Hər tərəf toz-torpaq içindəydi. Ermənilər evlərə, hasarlara vay verirdilər. Elə bil ac qarğalar leş üstünə tökülmüşdü. Bütün günü bizi işlətdilər. Qaranlıq düşəndə isə məscidə gətirdilər. Ermənilər Allah evinin bir hissəsini partladıb dağıtmışdılar. Hər tərəf çirkab içindəydi, hər yer murdarlanmışdı. Quldurlar məscidin həyətində yeyib-içirdilər. Sonra bizi də stola çağırdılar. Məcbur etdilər ki, onlarla konyak içək. Nə qədər işgəncə versələr də, dediklərini eləmədik.
Bir gün kameraya girən nəzarətçi məni bic-bic süzüb dedi:
- Ara, bəxtin gətirib, səni öldürməyəcəyik. Bizimkilərdən biri sizinkilərin əlindədir. Səni onunla dəyişəcəyik. Amma çox sevinmə, son güna qədər sənə işgəncə verəcəyik. Şuşa türməsinə diri gələnlərin buradan meyiti çıxır. Sənə elə işgəncə verəcəyik ki, evinizə çatan kimi öləsən.
Bu xəbərdən çox sevindim. Ölməyə də olsa, doğmalarımın yanına qayıtmaq istəyirdim.
Yenə də maşinlara minib yola çıxdıq. Elə zənn etdim ki, yenə də bizi Ağdama aparırlar. Amma maşınlar bu dəfə başqa səmtə getdi. Çox da böyük olmayan bir kəndə gəlib çatdıq. Yerə düşən kimi ermənilər ətrafımıza yığışdılar. Bizə elə baxırdılar ki, sanki birinci dəfəydi azərbaycanlı görürdülər. Sifətlərinə baxdım. Onlar hər an bizi döyməyə, öldürməyə hazır idilər. Çox dəhşətli qorxu hissləri keçirdim.
Bir dəlisov quldur üstümüzə qışqırıb köynəyimizi çıxarıb yerə uzanmağı əmr etdi. Dediyinə elə də məhəl qoymayıb ləng tərpəndik. Buna qəzəblənən erməni əlindəki ağacla yaşı altmışı keçmiş Həsən kişini vurub yerə yıxdı və başını təpikləməyə başladı. Bunu görəndən sonra tez köynəklərimizi çıxarıb yerə uzandıq. Həsən kişi qan içindəydi. Hövsələdən çıxmış quldur əlindəki nazik məftillə kürəyimizə vurmağa başladı. Kənd camaatı isə bu dəhşətli səhnəyə həvəslə tamaşa edirdi. Ah-naləmiz, qışqırığımız ərşə qalxırdı. Erməni yorulana qədər bizi döydü. Sonra məftili bir tərəfə atıb bizə arxası üstə çevrilməyi əmr etdi. Başımızın üstündə ora-bura gəzinən quldur mənə çatanda ayaq saxladı, sinəmdəki xaçı görüb gülə-gülə dedi:
- Hə ara, necədi belə? Yaxşı eləyib səni dağlayıblar? Kim bizə güllə atırsa, düşmənimizdir. Analarımız uşaqlıqdan deyirdilər ki, türklər sizin düşməninizdir.
Axşam bizi qaranlıq bir tövləyə salıb, qapısını da möhkəm-möhkəm bağladılar. Mal-heyvanın nəcisinin iyindən nəfəs almaq mümkün deyildi. Dan yeri qızarmamış bizi tövlədən çölə çıxarıb həyətdə qaçırtdılar. Cavanlar bir təhər yüyürürdü, qocalarsa ayaqlarını arxalarınca güclə sürüyürdülər. Bu vaxt axşamkı quldur da gözlərini ova-ova gəlib çıxdı və burdakı ermənilərə acıqlanıb dedi:
- Düşmənlərimiz niyə yavaş tərpənirlər? İnanıram ki, onlar bundan da yaxşı qaçmağı bacararlar.
Sonra əlindəki armaturla bizi vurub qovmağa başladı. Qaça bilməyib arxada qalan İslam kişini ermənilər o qədər döydülər ki, yazıq ayağa qalxa bilmədi. Qaçanların arxasınca dizin-dizin süründü.
Dünəndən ac-susuz idik. Axır ki, bizə bir stəkan su, bir parça da quru çörək verdilər. Sonra iş başlandı. Həyətin bu başına tökülmüş daşları, o biri başına daşıyırdıq. Özü də necə. İri daşları xərəyə yığıb dəlisov quldurun təyin etdiyi vaxtda qaça-qaça həyətin o biri başına aparırdıq. Əgər xərəyi o başa vaxtında çatdıra bilmirdiksə, yüyürə-yüyürə geri qayıdırdıq. Hər şey təzədən başlanırdı. Sonra ermənilər kürəyimizə ağır və iri daşları bağlayıb yarış keçirirdilər.
Ertəsi gün yenə də kəndə əsirləri gətirdilər. Onların heç birini tanımadım, bizim kənddən deyildilər. Gələnlərdən üç nəfəri hərbçi idi. Dəlisov quldur bizim kimi onları da üzü üstə yerə uzadıb məftillə kürəklərinə döydü. Hərbçi Nadir bu işgəncəyə dözməyib ayağa qalxdı və onunla əlbəyaxa oldu. Quldurun sifətini yumruqladı, qarnını təpiklədi. Tez o biri ermənilər köməyə gəlib Nadiri döyməyə başladılar. Sifəti al-qana boyanmış dəlisov erməni onların qarşısında var-gəl edərək dedi:
- Deyəsən qudurmusunuz? Bu qədər işgəncədən sonra əl-qol atırsınız. Bəlkə harada olduğunuzu unutmusunuz. Əgər elçdirsə, indi mən yadınıza salaram.
Sonra ermənilər Nadiri döyməyə başladılar. Onun ağzından, burnundan axan qan üst-başına tökülürdü. Əvvəlcə bir az əl-ayaq tərpədən Nadir sonra huşsuz vəziyyətdə yerə yıxıldı. Bir neçə güclü zərbədən sonra yerdə hərəkətsiz qaldı, canını tapşırdı. Nadirin meyiti xeyli müddət həyətdə qaldı. Sonra quldur bizə yaxınlaşıb qəzəblə dedi:
- Aparın onu öz adətinizlə dəfn edin. O ölümü kişi kimi qəbul etdi. Hörmətlə dəfn olunmağa layiqdir.
Ertəsi gün geri qayıtdıq. Kənddə çox qalsaydıq, hər gün birimizi öldürəcəkdilər.
Axşam kameraya nəzarətçi ilə bərabər iki nəfər də gəldi. O əlindəki rezin dəyənəyi yavaş-yavaş çiynimə vuraraq dedi:
- Sizinkilər bu adamların yaxın qohumlarından birini evində saxlayır. Onu səninlə dəyişmək istəyirik. Gərək başına elə oyun açaq ki, çox yaşaya bilməyəsən.
Bu xəbərdən sonra bədənimdəki ağrıları da unutdum. Geriyə dönəcəyim an gözlərim önündə canlandı.
Bir azdan üç erməni içəri soxuldu. Onlardan birini tanıyırdım. O dəfələrlə mənə işgəncə vermişdi, ikisini isə birinci dəfəydi görürdüm. Nəzarətçi dedi:
- Ara, gəlmişik sənə iynə vuraq, sağlamlığı qeydinə qalaq.
Bir az qorxa-qorxa soruşdum:
- Axı, mənə nə olub? Heç yerim ağrımır, sağlamlığımdan da şikayətçi deyiləm. Mənə nə iynəsi vurmaq istəyirsiniz?
Erməni qəzəblə dilləndi:
- Deyəsən azad olunmağını eşidib, bir az ürəklənmisən, əsirlikdə olduğunu yaddan çıxarmısan. Kef mənimdi, istəsəm səni elə bu dəqiqə öldürərəm.
Bu sözlərdən sonra o yanındakılara məni yerə yıxıb əl-qolumu tutmağı tapşırdı. Cibindən əskiyə bükülü, çirkli bir şpris çıxarıb qolumu deşik-deşik etdi. İynənin ucunu damarıma keçirdi, şprisdəki mayeni asta-asta bədənimə yeritdi. Ağrıya dözməyib çöməlib oturdum. Quldurların başı qarışanda yerdəki şprisi burnuma yaxınlaşdırdım. Ondan salyarka iyi gəlirdi. Eşitmişdim ki, adamın damarına salyarka vurandan bir müddət sonra o yavaş-yavaş ölür.
Səhər lap ertədən kameraya gələn üç erməni məni döyməyə başladı. Bütün bədənim sızıldayırdı. Çölə çıxanda onlardan biri dedi:
- Bu gün səni dəyişəcəklər. Sonuncu dəfə səni yaxşıca döydük ki, geri dönəndə bir də silah götürüb üstümüzə gəlməyəsən. Bu işgəncələri yaddan çıxarmayasan. Sənə bir məsləhətimiz də var. Evinizə qayıdandan sonra çalış Kür çayını o tərəfə keç. Çünki biz o yerlərə qədər torpaqlarınızı işğal edəcəyik.
Az sonra nəzarətçi kameranın qapısını açıb dedi:
- Gəl çıx çölə, çox heyif ki, səni qəbiristanlığa – o biri əsirlərin yanına göndərə bilmədik.
Ağrı içində sızıldasam da, gücümü toplayıb ayağa qalxdım. Üst-başım yaman gündəydi. Şalvarım, köynəyim cırıq-cırıq olmuşdu. Çirkli və dırnaqları uzanmış barmaqlarım cırılmış ayaqqabımın ucundan çölə çıxmışdı. Qaranlıq və soyuq kameradan çıxıb dəhliz boyu üzü aşağı getdim. Çığırtı-bağırtı, qışqırıq və ağlaşma səsləri Şuşa türməsinin divarlarını titrədirdi. Səhərin gözü açılmamış quldurlar əsirlərə işgəncə verirdilər.
Yük maşınının üstünə
qalxan kimi, sürücü mühərriki işə
saldı. Yolda məni
başqa avtomobilə mindirdilər. Gördüm ki, burada
başqa əsirlər də var. Kəndçimiz Vəli kişi də onların arasındaydı. Qol-boyun olub görüşdük. Yekəpər,
gövdəli olan Vəli kişi indi
tanınmaz görkəmə düşmüşdü. Boyu balacalaşmışdı, ovurdları içəri
batmışdı. Sir-sifətini,
üz-gözünü tük basmışdı. Qulağının biri ortadan iki yerə
bölünmüşdü. Diqqətlə onu
süzdüyümü görən Vəli kişi
yavaşca dedi:
- Bəhruz, bala, Allah ermənilərin bəlasını versin. Başımıza nə oyunlar açmadılar, nə zülümlər, nə işgəncələr vermədilər. Tanıdığım neçə-neçə əsir işgəncələrə dözməyib öldü. Mənim də canımda, bədənimdə sağ-salamat yer qalmayıb, döyə-döyə qabırğalarımın bir neçəsini qırıblar.
- Ara, orda nə qırıldaşırsınız, deyəsən, başınız bədəninizə ağırlıq edir? – deyə Qarik üstümüzə qışqırdı.
Vəli kişi qorxusundan səsini xırp kəsdi.
Day
heç birimiz ağzmızı açmadıq.
Bizi aparan maşın işğal olunmuş yerlərdən
keçirdi. Ətrafda gördüklərimdən dəhşətə
gəlirdim. Quldurlar kənd-kəsəkləri
dağıtmış, evləri söküb
aparmışdılar. Bir neçə ay əvvəl
işğal olunmuş bu yerlər min ilin
xarabalığına bənzəyirdi. Traktorlarla
qəbiristanlıqları da dağıdıb, alt-üst
etmişdilər. Erməni ayağı dəyən
hər yer qan ağlayırdı.
Bizi gətirən yük maşını çox da
hündür olmayan bir təpənin arxasında dayandı. Burada bir
neçə hərbi maşın və erməni əsgərləri
var idi. Nifrət dolu baxışlarla
onları süzdüm. Kabinədən başını
çıxaran Qarik üstümüzə
qışqırıb dedi:
- Tez olun,
düşün, çatmışıq!
Tələsik yerə tullandıq. Qarik kiminləsə
əsəbi haldı telofonla danışdı. Asta addımlarla təpəni aşan kimi, qabağa
boylandım. Qarşı tərəfdə
əsgərlərimiz görünürdü. Bir az əvvəl yeriyə bilmirdim. İndi
isə qaçmaq, yüyürmək, uçmaq istəyirdim.
İrəli getdikcə ölüm
vaxtının üstündən keçib, bir neçə
ay əvvəl düşdüyümüz cəhənnəm
ocağından uzaqlaşdırdıq.
Qonşusu
qəmli hekayəsini bitirən kimi, Sadıq kişi
ayağa qalxıb sönmüş papirosunu yandırıb bir
neçə qullab sinəsinə çəkdi. Daha Bəhruza heç nə demədi, daha heç nə
soruşmadı. Sonra erməniləri
söyə-söyə evlərinə getdi. Bəhruz isə elə bil oturduğu yerdəcə
donmuşdu. Yenə də
baxışları uzaqlara dikili qalmışdı. Yenə də gözləri önündə
doğma kəndləri canlanırdı.
...Səhərin
gözü təzəcə açılırdı. Hava işıqlaşıdıqca uzanıb gedən
dağlar, dərələr aydın görünürdü.
Hər yer ağ dona
bürünmüşdü. Başı
qarlı uca dağlardan əsən soyuq və güclü
külək uğultu qopararaq bir topa qarı qabağına
qatıb sovura-sovura qovub üzüaşağı – kəndə
tərəf aparırdı. Evlərin damından bir az hündürə çıxan borulardan
burum-burum tüstü qalxırdı. Dağlar,
dərələr qış yuxusuna getmişdi. Hərdən itlər səs-səsə verib
hürüşürdü. Lap uzaqlardan -
qarlı dağların arxasından güllə səsləri
eşidilirdi. Kəndin küçələrində
kimsə görsənmirdi, həyətlərdə adamlar
gözə dəymirdi. Hara getmişdi bu
camaat, hara qeyb olmuşdu bu kəndin adamları? Bəhruz onları niyə tapa bilmirdi, niyə görə
bilmirdi?
Bəhruz həmişə baxışlarını
uzaqlara dikəndə gözləri önündə kəndlərinin
bu mənzərsi canlanırdı. O düşdüyü bu sehrdən
heç cürə çıxa bilmirdi. Özünü bir
anlıq düşmən tapdağında qalmış kəndlərində
hiss edirdi. Xəyallardan ayrılmaq, geriyə –
bu, səsli-küylü şəhərə dönmək istəmirdi.
Vahid MƏHƏRRƏMOV
Kaspi.-2012.-1-3 dekabr.-S.24.