Kaş yazıçı olaydım

 

Mehriban Vəzir: «Bu gün çox az adam var ki, qələmini pula yox, vicdanına «batırıb» yazır»

Mehriban Vəzir Əli 1957-ci ildə Tərtər rayonunda anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1998-ci ildə qurulmuş Aydınlar Birliyinin, 1999-cu ildə qurulmuş Milli Müqavimət Hərəkatının rəhbərlərindən biri olub. Həmçinin, 1998-ci ildən Bütöv Azərbaycan Birliyinin İdarə Heyətinin üzvüdür. Bununla yanaşı, Mehriban xanım Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şura üzvü, Qarabağ İctimai Şurasının, Avrointeqrasi üzrə Azərbaycan Milli İctimai Komitəsinin üzvüdür. Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyinin rəhbəri Media Demokratiya İnstitutu İctimai Birliyinin direktorudur. Siyasi fəaliyyətini isə İctimai Palatada davam etdirir.

İctimai siyasi fəaliyyəti ilə yanaşı Mehriban xanım bir neçə kitab müəllifidir: “Dəyişikliyə cəsarəti çatan örnək qadınlar”, “Milli adət ənənələrdə gender rolları”, “Elçi Bəy haqqında”. Eyni zamanda Həmidə CavanşirXatirələrimkitabının da tərcümə, tərtib çap olunması kimi çətin bir işin öhdəsindən gəlib. O, 40-dan çox hekayənin, 300-dən çox məqalə ssenarinin müəllifidir.

Mehriban xanımla uzun müddətdir vədələşsək daim nəsə problem çıxır, görüşümüz, müsahibəmiz baş tutmurdu. Qəribəydi ki, “baş tutmayan görüş”dən Mehriban xanım imtina edirdi, mən inadımdan dönürdüm. Axır ki, görüşə söhbətləşə bildik.

- Sizcə, yazıçı Mirzə İbrahimov nəyə görə Həmidə xanım MəmmədquluzadəninXatirələriməsərini yazmasına bu qədər maraqlı idi? Bu sadəcə Mircəfər Bağırovun diktəsini icra etmək idi, yoxsa başqa səbəblər vardı?

Bilirsinizmi, məncə, şəxsi münasibət ya qorxu ilə əlaqədar bir şey deyildi. Sadəcə o dövrdə vəzifədə olan adamlar sovet ideologiyasını yaşadan yazıçı-məmurlar idi. Ona görə Yazıçılar Birliyinin rəhbərləri daim icra hakimlərinin diktəsi ilə fəaliyyət göstərirdilər. O dövrdə müstəqil yazarlar çıxdaş olunurdular, dışlanırdılar. Bizim danışdığımız dövr 30-cu illərin əvvəlləri idi, qarşıda hələ planlaşdırılmış repressiya vardı. Sovet imperiyasına xidmət etmək isə Mirzə İbrahimov kimilərin gündəlik xidməti idi. Başqa çıxış yolları yox idi.

Sizə elə gəlmirmi ki, Abbas Zamanovun tərcümə etdiyiMirzə Cəlil haqda xatirələrimkitabında Həmidə xanımın xidmətləri sanki bir qədər çox qabardılır?

– O kitabdakı xatirələr Həmidə xanımın xatirələrinin cüzi hissəsidir. Bizim çap etdirdiyimiz kitab isə 400 səhifədən ibarətdir. Hələ heç bu kitab da, xatirələrin hamısı deyil. Çünki arxivdə saxlanılan dəftərlərin bəzilərində yazılar oxunmur, bəzi dəftərlərin səhifələrindən bir-iki səhifə qalıb. Biz mümkün olanı tapıb tərcümə çap etmişik. O kitabda ancaq Mirzə Cəlillə bağlı məsələlər qabardıldığına görə belə görünür. Əslində, o kitabda Həmidə xanım ikinci planda göstərilirdi. Əslində, o kitabın adı uydurmadır: “Mirzə Cəlil haqqında xatirələrim”. Həmidə xanım bu adda əsər yazmayıb. A.Zamanovun tərcümə etdiyi kitabın əsas qəhrəmanı Mirzə Cəlildir.

Bizim çap etdiyimizXatirələriməsərində isə təkcə Mirzə Cəlil haqda yox, onun qardaşı Mirzə Əliəkbər, Həmidə xanımın atası özü haqqında xatirələr var. Bu haqda mən bəzi mütəxəssislərin fikrini bölüşürəm ki, bu əsər bir Qarabağnamədir. Hamı bilməlidir ki, Həmidə xanım bütün mülkiyyətçi xanımlara örnəkdir. O, ilk dəfə Kəhrizli kəndində oğlan-qız məktəbi açdırmışdı. Həmin dövrdə Bakıda belə bir məktəb açmaq mümkün deyildi. Qafqazın siyasi mərkəzlərində belə şey yox idi. Təəssüflənirəm: Azərbaycan qadınları bu cür xanımı tanımır. A.Zamanov kitabın ön sözündə yazdığı kimi sərbəst tərcümə edib. Bu da tərcüməçinin hüququdur. Onun məqsədi Həmidə xanımı yox, Mirzə Cəlili təqdim eləmək idi, bizim məqsədimizsə bütöv əsəri təqdim etmək.

– O kitabda Həmidə xanımın dəfələrlə işlətdiyi “türksözü, “azəri” sözü ilə əvəzlənib, təbii ki, bu da o dövrün ideologiyasına uyğunlaşdırıldığına görə belə idi. İdeologiya ilə bağlı başqa məqamlar da təhrif olunubmu?

Siz o yerlərə təhrif də deyə bilərsiniz. Amma dövrünün ideologiyasına uyğun olaraq yaxşı ki, təhrif olunub. Çünki o dəyişdirmələr olmasaydı əsər çap oluna bilməzdi. Onda Həmidə xanımın adı bu gün çoxlarına yad görünə bilərdi. Sovet imperiyası türk məfhumunu və xalqını inkar edirdi, qəbul etmirdi. Bu gün təhrif olunmuş saydığımız o məqamlar da bununla bağlıdır. O kitabda müəyyən təhriflər ola bilər, amma bu günə informasiya, bilgi ötürdüyünə görə çox qiymətlidir. Ən azından o kitaba görə biz bildik ki, belə bir əsər var, yoxsa arxivlərdə də qalacaqdı.

– M.Bağırov Qarabağda yol kəsib karvan soyduğu vaxtlarda dəstəsi qırılıb tək qalanda Həmidə xanım ona kömək etmiş, ölümdən qorumuş, yaxın adamlarının evində gizlətmişdi, həm də onun fəaliyyətindən xəbərdar idi. Məlum idi ki, M.Bağırov bolşevik fəaliyyətinin qabardılmasını istəyirdi. Amma nəyə görə M.Bağırov həmin dövrdə o qədər imperiya maraqlarına yarınmaq istəyən yazıçılar qala-qala, məhz, o hadisələrə yalan donu geyindirərək yazmağı Həmidə xanıma təklif etdi?

– O dövrdə Həmidə xanımı hamı tanıyırdı, sevirdi. O avtoritet idi, ciddi imic sahibi idi. Onun xan ailəsinə mənsub olması, sayılıb seçilməsi, ad-sanı imkan verirdi ki, bu ona tapşırılsın. Həmidə xanımın böyük nüfuzu var idi, heç kəs inanmazdı ki, o yalan danışar. Hamı ona bir şəxsiyyət kimi, ziyalı kimi inanırdı. Əgər Həmidə xanım desəydi ki, M.Bağırov Qarabağda bolşevik hərəkatı aparıb hamı ona inanardı. Bu nüfuz, bu avtoritet M.Bağırovu cəlb edirdi. Bu cür möhtərəm bir xanımın dilindən onun əməllərinin üstünə bir günahsızlıq pərdəsi salına bilərdi. Bununla da, M.Bağırov öz kirli adını təmizləmiş olacaqdı.

Mütəxəssislər deyir ki, sanki 1910-cu ildən 1920-ci ilə qədər M.Bağırov haqqında arxivdə xüsusi bir məlumat yoxdur. O, hakimiyyətə gələndən sonra əlindəki imkanlardan istifadə edərək, özü haqqındakı bütün məxfi və onun ziyanına işləyə biləcək arxiv materiallarını məhv etdirib. O, hesab edirdi ki, Qarabağdakı hadisələri ancaq Həmidə xanım yaza bilər. Başqa məsələləri də düşünmüşdü. Düşünürdü ki, Həmidə xanımın ailəsində çalışan yeganə adam oğlu Müzəffərdir, çörəyi ordan gəlir. Həmidə xanımın artıq var-dövləti yoxdur, qalan ancaq nüfuzudur. M.Cəlil də ölüb. Bütün bunları bilən Bağırov, Həmidə xanımdan istədiyini almaq istəyirdi. Özüehtiramla almaq istəyirdi. Həm də dövlət hesabını dağıtmaqla başa gətirmək istəyirdi. Amma Həmidə xanım imtina edir və tarixə qızıl həriflərlə yazılacaq bu sözləri deyir: “Mən görmədiklərimi yaza bilmərəm”. Bu gün nə qədər alim, professor adına ləkə gətirən adamlar var ki, görmədiklərini yazırlar. İki kitab oxuyub professor olanlar o dövrdə də, indi də belə ucuz şeylərə satılmağa hazır idilər. İndi M.Bağırovun əməllərinə bəraət qazandırmaq istəyən alimlər, yazarlar peyda olub. Görünür, onlar da qələmlərini mürəkkəbə yox, pula batırıb M.Bağırovu suya çəkməyə çalışırlar. Boynunda rəsmi göstəricilərlə 28000-dən çox insanın ölümü, qanı olan bu adamı xalqa təmiz sima kimi təqdim etmək istəyənlər var. Haşım bəy Vəzirov deyirdi ki, yazar gərək qələmini vicdanına “batırıb” yaza. Bu gün çox az adam var ki, qələmini pula yox, vicdanına “batırıb” yazır. Bütün dövləti qatillər haqqında kitablar yazılır, Hitler, Stalins. Amma artıq Rusiya Satalini Satalin kimi tanıyır, ona yalandan günahsızlıq donu geyindirmirlər. Bütövlükdə xalq həqiqətləri bunlardır. M.Bağırov uzaq görən adam idi. Əgər Həmidə xanım M.Bağırov haqqında Qarabağdakı hadisələri yazsaydı, bu gün Bağırova bəraət qazandıranların güclü bir arqumenti olacaqdı. Amma o bunu etmədi. Həmidə xanım Bağırovun istədiyini yazsaydı, bu onun bəraətinin ayarı olacaqdı, eynən qızılın ayarı kimi. Bu gün M.Bağırov haqqında yazılanların isə ayarı yoxdur. Həmidə xanım ailəsini və özünü ölüm qarşısında qoydu, amma xalqına və əqidəsinə xəyanət etmədi. Bundan sonra onun oğlunu işdən çıxardılar, çörəklə imtahana çəkdilər, yazdıqları çap olunmadı, amma Həmidə xanım ömrünün sonunacan sınmadı.

– Həmidə xanımın xatirələrini toplayanda başınıza çox işlər gəlib, bütün bunları bilirəm, xırdalamaq istəmirəm. Amma mənə elə gəldi ki, hansısa gözəgörünməz qüvvə bu işi görməkdə sizə mane olub.

Bu gün də belədir ki, bir xeyirxah görmək istəsən sənə heç kəs kömək etməyəcək. Heç kəsin sənə kömək etməməyinin özü də elə maneədir. O vaxt mənim böyük bir nüfuzum yox idi, kitabxana rəhbəri məni tanımırdı. Mənim görəcəyim işin onun üçün heç bir əhəmiyyəti də yox idi. Ona görə də kömək etmirdilər, arxivlərdə tək qalmışdım. İstəyim böyük idi, imkanlarımsa yox. O kitabın ərsəyə gəlməsi üçün bir institutun işini tək görmüşəm. Sonralar özümün təşkil etdiyim qrup vardı. Amma bu qrup ancaq mənim təhrikimlə işləyirdi, axsaqlıqlar çox olurdu. İşimiz davamlı gedə bilmirdi. Maliyə mənbəyi tapandan sonra işlər qaydasına düşdü. Amerikanın Qadınlar üçün Qlobal Fond Təşkilatı bizə yardım ayırandan sonra sürətləndi. Sonra da kitabın çap olunmasını Qeyri Hökumət Təşkilatları Fondu yardım göstərdi.

Siz daim kəskin mövqeyinizlə tanınırsınız. Amma nədənsə sovet dövründə məsələləri qarışdırmış adamlara qarşı fikir bildirəndə dövrün ideologiyasını əsas götürürsünüz, amma indiki insanların qüsurlarına qarşı aqressiv münasibət sərgiləyirsiniz. Bu paradoksun nədən irəli gəlir?

Doğurdan da, qəribə sualdır. Müşahidəniz xoşuma gəldi. Mirzə İbrahimovu da, Abbas Zamanovu da tanıyırdım. Biz indi ittiham edə bilərik ki, Abbas müəllim böyük bir əsərin kiçik bir hissəsini ideologiyaya görə çap elədi və s. amma məsələyə başqa tərəfdən baxaq, əgər A.Zamanov olmasaydı biz həmin əsərdən xəbərsiz olacaqdıq. Buna görə ona minnətdaram. O insanların qəbul eləmədiyim çox tərəfləri var, amma onları heç bir şeydə ittiham eləmirəm. Mənim nifrətim onlara yox, sovet rejiminədir. Rusların Qafqaza gəlməsini Azərbaycanın bugünki bəlalarının mənbəyi sayıram. Rusların Qafqazda axıtdığı qanları da unutmamışam. Bu gün isə vəziyyət başqadır. Bu günü o dövrlə müqayisədə tamam başqa dövrdür. İndi dəmir pərdəli ölkə deyil, sovet dövrü deyil, internet var, dünyaya çıxış var. Bu gün etiraz etmək mümkündür. O dövrdə sürgünlər, məhkəməsiz güllələnmələr var idi. Dünyanın bir-birindən xəbəri yox idi, o vaxt. Bugünki susan insanlarısa ittiham eləməkdə çoxları, eləcə də mən haqlıyıq. Bu gün şərə xidmət edənləri, ruhsuz, şəxsiyyətində problemi olan insan kimi qəbul edirəm, bu gün susmaq bədbəxtlikdir.

Siz bir sıra bədii əsərlər müəllifisiniz, hekayələriniz var, amma siyasi-ictimai imicinizin yazıçı statusunuzu sanki bir addım geridə qoyur?

Kaş yazıçı olaydım, ictimai fəaliyyətim yazıçılığımın kölgəsində qalaydı, amma elə olmadı. Bəzən yolu sən getmirsən, yol özü səni aparır. Məni də yol apardı, belə alındı taleyim. Hekayələrimi toplayıram, birkiril əlifbasında çap olunmuş kitabımdakı hekayələri latın əlifbasına çevirməyi düşünürəm. Amma bu işlərdə bir az tənbələm. Görünür, kimsə kömək etməlidir, ya da mənim əvəzimə bunu kimsə eləməlidir. Həmin kimsə hələlik yoxdur.

 

Fərid Hüseyn

Kaspi.-2012.-1-3 dekabr.-S.