«Sabir Rüstəmxanlı bilir ki, qadının könlünü necə oxşamaq olar» 

 

Tənzilə Rüstəmxanlı: «Əgər belə gedərsə, bizi çox acı şeylər gözləyir»

“Hərdən fikirləşirəm ki, təkcə təşkilatımızın adı elə qadın cəmiyyətidir. Gördüyümüz işlər isə təkcə qadınlarla bağlı deyil”. Bu sözləri “Kaspi”yə müsahibəsində Azəri-Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Əgər belə gedərsə, bizi çox acı şeylər gözləyir. Bu günlərdə Fransadan qayıdan Cəmiyyətin sədri təşkilatın həyata keçirəcəyi layihələrdən söhbət açıb.

Hər yaşın öz gözəlliyi

- Adətən qadınlardan yaşla bağlı soruşanda bunu az qala yaralı nöqtələrinə toxunan suallar hesab edirlər...

- Mən bu məsələdə komplekssiz adamam. Qadının hər yaşda öz gözəlliyi var. Qadın yaşa dolduqca rahatsız olmamalıdır. Qadın yaşa dolduqca “yaşlanıram”- deyə bir hissə qapılmamalıdır. Düzdür, deyirlər ki, qadından yaşını soruşmazlar. Amma mən bununla bağlı çox rahatam. 52 yaşım oldu. Özümü elə 52 yaşında da hiss edirəm. Mən oxuduğum tarixi romanlarda görürəm ki, 52 yaşdan sonra o qədər işlər görüblər ki... İnsan müəyyən yaşdan sonra daha da müdrikləşir. On il bundan əvvəl buraxdığı səhvləri və ya hadisələri təhlil edəndə “bu yaşda olsaydım, onları etməzdim” deyə düşünürlər. Yaş mənim üçün problem deyil. Bu, təbii bir prosesdir. Allahın bizə verdiyi bir ömür var. O ömrün körpəliyini, uşaqlığını, gəncliyini, orta yaş dönəmini də yaşayırıq. Bu, Tanrı tərəfindən biçilən təbii proses olduğuna görə, mən onu rahat qəbul edirəm. Düzdür, bu barədə müxtəlif düşüncələr var. Hər kəs öz pəncərəsindən baxır. Bu, sadəcə məni baxışlarımdır.

- Sabir Rüstəmxanlının 65 illik yubileyi ilə bağlı sizdən müsahibə alanda dediniz ki, vaxtilə Sabir bəyə gələn sevgi məktublarını yığıb nəşr etdirərək həmin kitabı sürpriz kimi ona bağışlamısınız. Sirr deyilsə, Sabir bəy sizə nə hədiyyə etdi?

- Bizim belə bir adətimiz var: həmişə doğum günlərini ailə içində qeyd edirik. Bir sıra uşaqlıq dostlarım var ki, heç vaxt mənim doğum günümü unutmurlar. Harada olmağımızdan asılı olmayaraq, biz bir-birimizin doğum gününü yaddan çıxarmırıq. Sabir bəy də şairdir, yazıçıdır. O bilir ki, qadının könlünü ən çox nəylə oxşamaq olar. Bir şeirlə və ya bir dəstə güllə... Doğum günlərində mən ona diqqətli olduğum qədər o da mənə diqqətlidir.

Bizim yaşadıqlarımız

-Bizdə çoxlu qadın təşkilatları fəaliyyət göstərir. Azəri-Türk Qadınlar Cəmiyyətinin yerini onların arasında necə qiymətləndirirsiniz?

- Düzdür, Azərbaycanda çoxlu təşkilatlar var. Amma biz ilk yarananlardanıq. Bizdən sonra bir neçə QHT yarandı. Cəmiyyətin adı qadınlarla bağlıdır və onlarla bağlı problemlər bizim gördüyümüz işlərin bir qismi olub. Azərbaycanın o qədər problemləri, dövlətimizin milli maraqlarını müdafiə etmək baxımından o qədər proseslər var ki... Bizim fəaliyyətimiz milli məsələlələrin müzakirəsi, onlara həsr edilən konfranslar, elmi simpoziumlarun və s. təşkilinə keçib. Hərdən fikirləşirəm ki, təkcə təşkilatımızın adı elə qadın cəmiyyətidir. Gördüyümüz işlər isə təkcə qadınlarla bağlı deyil. Əlbəttə, qadınlarla bağlı da çox ciddi layihələr həyata keçirmişik. Bu, bizim işimizin bir hissəsidir. Biz Qarabağ problemi ilə bağlı Türkiyədə, Avropada konfranslar təşkil edirik. Xocalı faciəsini ilk dəfə bizim təşkilatımız Türkiyənin gündəminə gətirib. 1992-93-cü illərdən başlayaraq Türkiyənin müxtəlif bölgələrində konfranslar təşkil etdik. Onda hələ heç kəs bu barədə məlumatlı deyildi. İndi isə bu işlə məşğul olanlar çoxdur. Fransadan yenicə gəlmişəm. Ermənilər Ramin Səfərovun azad olunması ilə bağlı dünyanı əleyhimizə qaldırır, məsələyə müxtəlif donlar geydirirlər. Biz Diaspora Komitəsi ilə bərabər orada bir sıra tədbirlər keçirdik. Dekabr ayında isə Beynəlxalq İnsan Haqları Günü ilə bağlı Haaqada keçiriləcək konfransa dəvət almışam. Ümumiyyətlə, silsilə tədbirlərimiz olur. Biz hadisələri yalnız ildönümlərində qeyd etmirik. İl boyu proqramlarımız var. Ermənilər 2015-ci ildə sözdə “erməni soyqırımı”nın 100 illiyinə çox ciddi hazırlaşırlar. Məlumatlara görə, dünyanın 100 ölkəsində tədbir keçirəcəklər. Onlar “erməni soyqırımı” tanıtmaq üçün ciddi proqramlar hazırlayırlar. Bizim də məqsədimiz odur ki, elmi əsərlərlə, konfranslarla dünyaya göstərək ki, ermənilər o zaman öz etdikləri soyqırımı pərdələmək üçün bu cür təbliğata başlayıblar. Əslində, o zaman gerçək soyqırıma Anadolu türkləri ilə Azərbaycan türkləri məruz qalıblar. Qubada təsadüfən tapılan böyük məzarlıq olmasaydı, kimsənin bundan xəbəri olmayacaqdı. Bunu gündəmə gətirmək lazımdır. 1914-20- ci illər arasında başımıza gələn faciələr, itirdiyimiz torpaqların səbəbi, soyqırımı gündəmə gətirməkdə ermənilərin əsas məqsədi – bütün bunları açmaq üçün konfranslar həyata keçirməyi düşünürük. Türkiyənin bir neçə bölgəsində və Avropada bu tədbirləri həyata keçirəcəyik. Düşünürəm ki, bütün bu faktları özündə əks etdirə biləcək film çəkilməlidir. Bu film bir neçə dillərə tərcümə edilməli, başqa ölkələrdə göstərilməlidir. İllərdir dünyanı aldadaraq, siyasi məqsədlər güdərək parlamentlərdə qəbul etdirdikləri qərarların qarşısında biz yaşadığımız gerçək soyqırımı ortalığa qoymalıyıq. Əgər doğrudan da köç etdirmək soyqırımdırsa, onda biz 3 dəfə deportasiya olunmuşuq. O köçlər zamanı nə qədər insanlar yox edilib, yollarda ölüb. Bu da soyqırımdır. Gerçək etnik təmizlənməyə Azərbaycan türkləri məruz qalıb. Mən araşdırdıqca dəhşətə gəlirəm. Sovet dönəmində bu iş ciddi şəkildə araşdırılmadı, amma ermənilər öz işlərini gördülər, biz görə bilmədik.

- Xarici ölkələrdə diaspor təşkilatlarımız var. Bəs onlar bu istiqamətdə hansı işləri görürlər?

- Çox təəssüflə deyirəm ki, bizim diaspor təşkilatlarımız ancaq bir-birini didməklə, bir-birlərinin işlərinə mane olmaqla məşğuldurlar. Erməni diaspor təşkilatları belə deyil, onlar birgə çalışırlar. Çünki hədəfləri var. 7 yaşdan 77 yaşa qədər bir erməni tapa bilməzsən ki, “erməni soyqırımı” haqqında bilməsinlər. Dünya bu gün bir işğalçının tərəfindədir, onu dəstəkləyir. Ermənilər Türkiyəyə torpaq iddiasındadırlar. Onların artıq dövlət səviyyəsində bir ideologiyaları var və addım-addım ona doğru gedirlər. Onlar hökumətdən narazı qala bilərlər, amma soyqırım, Qarabaş məsələsində bir fikirdədirlər. Amma baxın, milli məsələlərdə nə qədərimiz bir nöqtəyə vura bilirik? Vura bilmirik. Mən Avropada bunun şahidi oldum. İş görən adama iftiralar atır, maneələr törədirdilər. Biz aksiya təşkil edəndə iradla “Bu kimə lazım idi? Kim sizi eşitdi?” deyirdilər. Amma erməni saytları bizim mitinqdən rahatsız olmuşdular. Onlar mitinqlə bağlı bütün xəbərləri yayırdılar. Əlbəttə, mən də istəyirəm bəzi islahatlar olsun, yeni imkanlar yaradılsın. Amma dövlətin milli maraqlarından irəli gələn məsələlər var ki, onda gərək fikir ayrılıqları olmasın. Amma biz bunu yaşayırıq. Türkiyədə müxtəlif Azərbaycan dərnəkləri var, amma bir tədbir olanda bir araya gəlib 3-5 adam yığa bilmirlər. Hamı da üzünü Azərbaycana tutur ki, öz şəxsi mənfəətləri üçün bir şey qopara bilsinlər. Əlbəttə, səmimi olaraq çalışanları da var, amma çoxunu elə gördüm. Biz bu məsələlərdə ciddi mövqe nümayiş etdirməliyik.

Azərbaycan-Türkiyə Evi

- Bu yaxınlarda Türkiyədən gələn müsahiblərimdən biri dedi ki, qardaş ölkədə bizim teatrımızdan, ədəbiyyatımızdan xəbərsizdirlər. Bəs bu qədər aparılan təbliğatlara rəğmən Türkiyədə Qarabağ problemi haqqında nələr bilirlər?

- Əlbəttə, Türkiyədə başqa bir mühit var. Amma müqayisə edəndə Azərbaycan haqqında bilirlər də, tanıyırlar da. Yoxsa bu türk xalqına qarşı ədalətsizlik olar. Əgər tanımırlarsa, bu il Taksimdəki mitinq nə üçün idi? Ora gələn türk xalqı idi. İlk dəfə sizin qəzetinizə açıqlayıram: uzun vaxtdır ki, Türkiyədəki aydınlar, sənətçilər və jurnalistlərlə Azərbaycan-Türkiyə Evi yaratmaq haqqında danışıqlarımız gedir. Məqsədimiz sadaladığım önəmli məsələlərlə bağlıdır. Türkiyə-Azərbaycan tarixində elə nüanslar var ki, bizim onlarla bərabər hərəkət etməyimiz lazımdır. Bunları həyata keçirən yalnız aydınlar, ziyalılar ola bilər. Faciələrimizlə bağlı ortaq kitabların yayılması, film ərsəyə gətirmək, birgə tədbirlər keçirməyə ehtiyac var. Biz Sabir bəylə kitab yarmarkasında olarkən gördük ki, ermənilər nə qədər ədəbiyyat gətirmişdilər. Bunu Türkiyədə yaşayan ermənilər edirdilər. Amma hansı aparıcı qəzetlərin bizlə bağlı ciddi yazıları var? Və ya hansı televiziya kanalları Xocalı faciəsi ilə bağlı 2 saatlıq proqram hazırlayıb? Mən şahidi olmamışam. Bu işi görmək üçün Türkiyə və Azərbaycanın aydınları bir araya gəlməlidir. Biz proqramı artıq hazırlamışıq. Bu yola həyatını həsr edən, bu işdə heç bir şəxsi təmənnası olmayan insanları ətrafımıza yığışacagıq. Əsas odur ki, bu məsələdə alınıb-satılan insanlar olmasın. Məsələn, Rusiyadakı “milyarderlər ittifaqı” gündəmi gəldi. Arxasından hansı məqsədlər güdüldüyü məlum oldu. Onların milyardlarının bizə nə xeyri var? O milyardlar ki, bizim ölkənin lehinə ola biləcək işlərə sərf olunmursa, bizim nəyimizə lazımdır? Millətə xeyir vermək lazımdır. Əgər yaşadığın ölkədə Azərbaycan adına bir iş görə bilməmisənsə, sənin hansı ittifaqda təmsil olunmağının heç bir önəmi yoxdur. Hansısa bir dövlətin təmsilçisi olaraq Azərbaycana gəlmək lazım deyil. Bizdə bir söz var: “Dünyaca məşhurdur. Elə isə, Qarabağ məsələsi ilə bağlı səni tanıyan dünyada hansı işi gördün? Səni tanıyan dünyanın yazıçılarını, rejissorlarını Ermənistanın işğalçı olmasına inandıra bilməmisənsə, sənin böyük yazıçı olmağın mənim nəyimə lazımdır? Bunlar da diaspora təşkilatlarıdır. Səninlə işbirliyi edən ermənilərdən Xocalının hesabını sor. Mən onda inanaram ki, hər hansı məsələdə danışmağa haqqın var.

Böyük türk millətinin sevdalısı

-Son vaxtlar cəmiyyətdə zorakılıq halları artmaqdadır. Sizcə insanlarda nədən yaranır aqressiyya?

-Tərbiyədən çox şey asıldır. Xüsusən gənclər arasında intiharlar, 15-16 yaşlı qızların zorlanması halları çoxalıb. Bu, xəstə bir ruhun təzahürüdür. Bütün bunların baş verməsində telekanallarda yayımlanan verilişlər, zorakı filmlər rol oynayır. Onlara baxıb mənəviyyatlarını da o cür formalaşdırırlar. Hər ay bir universitetdə bir aydınla gənclərin görüşü olsa nə gözəl olar! Türkiyədə “Gənc baxış” proqramı canlı yayımlanır. Niyə bizdə belə proqramlar yoxdur? Nəyi öyrədərsən, onu da alarsan. Belə məsələləri gündəmə gətirmirlər. Hər şeyin başında milli ideologiya, milli proqram durur. Təhsil Nazirliyi buna vəsait ayıra bilər. İmkan yarada bilər ki, universitetlərdə QHT-lərin rəhbərləri o görüşləri təşkil etsinlər. Yoxsa mənəviyyatı necə düzəldəcəksən? Gənclərə tariximizi, ədəbiyyatımızı öyrədə bilməyəndə, onlar da gedib o yolu seçəcəklər. Biz onlara sevgi verə bilməmişik. Onları məhəbbətlə böyüdə bilməmişik. Hər şeyin kökündə sevginin durduğunu öyrədə bilməmişik. Aqressiya nədən yaranır? Kindən, nifrətdən... Bununla hara gedə bilərik? Qloballaşan dünyanın qarşısında hansı əxlaqımızla, hansı mədəniyyətimizlə duracağıq? Bu məsələ ilə bağlı hamının çiyninə yük düşür. Hər şeyi də ailənin üzərinə atmaq olmaz. Telekanallar millətin əxlaqını pozan verilişlərdən vaz keçməlidirlər. Reytinq və pul yığmaq xatirinə cəmiyyəti korlamaqdansa, maarifləndirici proqramlara üstünlük versinlər. Əgər belə gedərsə, bizi çox acı şeylər gözləyir.

- Söhbətimizin optimist axarla bitməsi üçün belə bir sualım da var: 52 yaşınıza arzunuz nədir?

-Bir çox arzularım var. Mən ölkəmi, millətimi çox sevirəm. Bəlkə özüm üçün ideallaşdırdığım bir millətin izindəyəm. Tarixini oxuduğum, adətinə, ənənəsinə vurğun olduğum, dünyaya böyük mədəniyyət daşıyan, üç qitəyə sahib olan, dəfələrlə yıxılan, dövlətlər, imperiyalar quran böyük türk millətinin sevdalısıyam mən. Hər zaman ali irqə, möhtəşəm dünya mədəniyyətinə malik olan bir dövlətin yenidən özünə qayıtmasını, silkələnib bəzi məsələlərdən çıxmasını istəyirəm. Bir qarışını düşmənə verməyi həqarət hesab edən bir millətin 20 faiz torpağı bu gün düşmən işğalındadır. Mən istəyirəm, millətimin vətənpərvərlik ruhu özünə qayıtsın.

 

Təranə Məhərrəmova

Kaspi.-2012.-4 dekabr.-S.7.