Ulduz xəstəliyinə tutulmayacaq
Mirzə Fətəli
Axundzadənin gəncliyini canlandıran Nicat Əlizadə şöhrətə aludə
olarsa, simasını itrəcəyindən qorxur
Müsahibim gənc
olmasına baxmayaraq, qısa müddət ərzində serial qəhrəmanına
çevrilən və bununla kifayətlənməyib,
“Sübhün səfiri” filmində dramaturgiyamızın əsasını
qoyan Mirzə Fətəli Axundzadənin gəncliyini
canlandıran Nicat Əlizadədir. Nicat
Əlizadə ilə söhbətimizdə o,
heç vaxt
şöhrətə aludə olmayacağını bildirdi: “Mən bu sənətə
addım atanda özümə söz verdim ki, ulduz xəstəliyinə
tutulmayacağam. Çünki
əgər nə vaxtsa bu
xəstəliyə tutulsam, onda sənətim məhv olmağa
başlayacaq, simamı itirəcəyəm”.
- Televizyada ilk
oynadığınız obraz hansı olub?
-
İlk çəkildiyim film İctimai Televiziyanın tərkibində
Cavid Təfəkkürün rejissorluğu ilə hazırlanan
“Döngələr” çoxseriyalı bədii filmi olub. Həmin
ərəfələrdə Mirzə Fətəli Axundzadəyə
həsr olunmuş filmə müsabiqə
seçimləri keçirilirdi. Pərviz
Məmmədrzayev o müsabiqə
seçimlərinə getməyi məsləhət gördü. Sonra kinostudiyaya dəvət etdilər. Dilarə
Əliyeva şəklimi görüb bəyənmişdi
və rejissorla danışıb məni bu rola layiq
gördü. Yəni keçdiyim
bu yaradıcılıq dövrü
bir-biri ilə sıx bağlıdır. “Sirr” serialında müsabiqədən
keçdikdən sonra çəkilməyə
başladım. Mənim serialda çəkilməyimi
təsdiqləyənlərdən biri Vaqif Əsədov və Ülviyyə Könül oldu.
- Necə
düşünürsünüz, “Sirr” serialı sizin
tanınmanız üçün bir tramplin oldu ki,
“Sübhün səfiri” filminə dəvət aldınız?
- “Sirr“ serialı
mənim sayca 3-cü işim olub. Seriala çəkiləndə artıq
mən “Sübhün səfiri” filminə çəkilmişdim. Sadəcə olaraq ilk çəkilən
serial oldu deyə, daha çox onunla tanınmağa başladım. ”Sübhün səfiri” filminin çəkilişlərinə
keçən ilin noyabr ayından başladıq və bu ilin iyununa
kimi davam etdik. Filmin çəkilişi 6 dəfə dayandırıldı.
Həm də serialda elədir ki, çəkildikdən qısa
bir müddət sonra yayımlanır.
- “Sübhün
səfiri” filmi tamaşaçılar tərəfindən
birmənalı qarşılanmadı,
sizin buna münasibətiniz necədir?
- Fikirlər və zövqlər müxtəlifdir.
Tamaşaçılar filmi bəyənə
də bilər, bəyənməyə də.
Bu normal haldır. Ancaq film çəkmək çox
çətin bir işdir. Özü də Azərbaycan drmaturgiyasının banisi
haqqında film çəkmək,
obrazları tapmaq sadə və asan iş deyil.
Mən bu işin içində
olduğuma görə
filmin çəkilişində
böyük əziyyət
çəkildiyinin şahidi
oldum. Ona görə bu
barədə çox
şey deyə bilmərəm. Hər kəsin
fikrinə hörmətim
var.
- Yaradıcılığa
yeni başlamış
bir gənc aktyor üçün Rasim Balayev, Fəxrəddin Manafov, Bəxtiyar Xanızadə və bu kimi
dahi sənətkarlarla
işləmək sizə
çətin olmadı
ki?
- Mən onların işindən, ifa tərzindən və eyni zamanda onlarla
işləməkdən çox
böyük zövq aldım. Rasim Balayevlə biz üzbəüz
gələ bilmədik,
belə ki, mən çəkiliş
meydançasına gələndə
o gedirdi, ya da əksinə, o gələndə mən gedirdim. Biz eyni
obrazı canlandırdığımıza
görə heç bir kadrda rastlaşmırdıq.
Ancaq Fəxrəddin Manafov, Bəxtiyar Xanızadə, Eldar Bağırbəyovla işləmək
böyük məsuliyyət
tələb edir. Fəxrəddin Manafov çox
professionallıqla obrazının
öhdəsindən gəlirdi
və oyun tərzini elə qururdu ki, sanki
məni o obrazın içinə salırdı.
İstər-istəməz içimdə elə
bil yarış hissi yaranırdı ki, mən də
daha yaxşı oynayım. Qarşımdakı insanın Fəxrəddin
Manafov olduğunu dərk edirdim. Fəxrəddin müəllimlə oynadığım hissələr
mənim daha çox xoşuma gəldi. Özü elə bir ortam yaradırdı ki, mənim ifam da daha
çox təbii alınırdı, özü
mənə heç nə demirdi, sadəcə, onun aurasını hiss edirdim.
Məşq zamanı mənə bəzi tövsiyələr verdi. Onun fikirlərinə diqqətlə qulaq asırdım ki, gələcək işlərimdə,
onun məsləhət
gördüyü o texnikalardan
istifadə edim.
- Filmdə sözlərinizin bəzisi
ərəb, fars,
rus dillərində idi, onları əzbərləmək çətin
idi?
- Bəli, bir az çətin
idi. Əvvəllər o hissələri şeir kimi əzbərlədim. Onun ahəngini
tutmağa çalışdım.
Sonra mütəxəssislər bizə
kömək etdi.
Rus dilində səsləndirmədə şivə
hiss olunur. Ramiz müəllim səsləndirmədə
söyləyirdi ki, mənim şivəm onun xoşuna gəlir. Axundzadə azərbaycanlıydı, yəqin ki, onda da şivə
olmalı idi. Çalışacağam ki, gələcəkdə
bacardığım qədər
dil öyrənim.
Bəlkə gələcəkdə xarici filmlərə dəvət aldım.
- Deməli hələ əcnəbi ölklələrdə filmlərə
dəvət almısınızmı?
- Hələ ki almamışam. Amma iddiam, istəyim
var və çalışacağam ki,
ona nail olum.
- Azərbaycan dramturgiyasının banisini
canlandırmaq necə
bir hissdir?
- Bu çox məsuliyyətli
bir işdir, bunu dərk edirdim. Azərbaycan dramturgiyasının banisinin gəncliyinin mənə həvalə olunması mənim üçün həyəcanlı,
diqqət tələb
edən işdir.
Daima düşünürdüm ki,
mən Mirzə Fətəliyəm və beynimdə daima sual verirdim ki,
dramaturqumuz gənc kimi cavanlığında nə edərdi. Ramiz müəllimlə danışırdım
bu rol barədə,
onun cavanlığı
ilə bağlı materiallar toplayırdım.
Mənim
səhv buraxmaq şansım yox idi. Çalışırdım ki, bunun öhdəsindən gəlim.
Çəkiliş meydançasında bəzən söyləyirdilər
ki, Nicat Əlizadə Akif Rüstəmovun tapıntısıdır.
Akif Rüstəmovun da bu filmdə əziyyəti böyük
oldu. O, həm də tamaşaçı
tərəfindən kifayət
qədər sevilir, bunu təqdimat zamanı səhnəyə
çıxarkən daha
aydın görmək
mümkün idi.
- Yəqin ki, serialda, filmdə
obrazların üçün
ustad dərsləri alırsan?
- Bəli, sağ olsun Pərviz Məmmədrzayev, mənə
şox dəstək oldu. Ondan öyrəndiklərim obrazlarımı daha canlı ifa etməyimdə mənə
çox kömək oldu. Aktyor texnikası taktikası,
oyun taktikası, baxış və s. Serialda isə Vaqif Əsədov serial bitənə qədər hər bir epizodu
xüsusən mənimlə
işləyirdi. Çalışırdım ki, oynadığım
obrazı tamaşaçıya
düzgün şəkildə
çatdıra bilim.
- “Sirr” serialından başqa təklif almısınızmı?
- Bəli, ondan əlavə bir filmdə də çəkilmişəm. Adil Azayevin
quruluşunda “Son hədd”
adlanan bölümündə
oynamışam. Çəkildiyim film 6 seriyadan ibarət serialdı, ancaq hər dəfəsində
başqa-başqa mövzulara
həsr olunub. Orada sonuncu seriyada oynayıram. Yəqin ki,
bu yaxınlarda o film də işıq üzü görər.
Orada Rafiq obrazını canlandırıram. Oradakı obrazım
“Sirr” serialından fərqlidir, kriminal xarakterli filmdir. Tam məlumat vermək
istəmirəm, amma maraqlı bir filmdir.
- Gənc aktyor kimi gələcəyə
dair planlarınız nədir?
- Mən dayanmayacağam.
Qarşıma qoyduğum əsas məqsədlərdən
biri özümü inkişaf etdirməkdir. Daha
sonra xarici festivallara getmək və vətənimi
layiqincə təmsil etmək istəyim var.
Təkcə filmlərlə deyil, həm də
teatr aktyoru kimi xarici festivallarda
iştirak etmək arzusundayam.
Ümumiyyətlə, hər bir
yaradıcı insanın içindəki o
tanınmaq, şöhrət qazanmaq
azarı olmasa, yəqin ki,
bu sənəti seçməzdi.
- “Simsar”
studiyasında hansı
nailiyyətləriniz var?
- İndi “Simsar Teatr studiyası”nda fəaliyyət göstərirəm. Orada “Vaqa”
tamaşasını hazırlamışıq.
Bundan əlavə, “Niyə?“ adlı
tamaşanı təqdim
etdik. İlin sonuna yeni tamaşa hazırlayırıq.
- Başqa teatrlardan dəvət alırısınızmı?
- Açığını deyim
ki, dəvət gəlsə də, getmərəm. Çünki bu doğma studiyamı heç bir dövlət teatrına dəyişmərəm.
Müəllimim Pərviz Məmmədrzayev
harda, mən də orda.
- Ötən həftə Gənclərin
II Respublika teatr festivalında iştirak etdiniz. 3-cü yerə
layiq görülməyiniz
ədalətli idi?
- Festivala “Müdaxilə”
tamaşası ilə
qatılmışdıq. 3-cü yerə də layiq görüldük.
Tamaşanın qurulmasında hamımız
birlikdə işlədik
və səhnələşdirdik.
Əsas tamaşanın ideyasını
götürdük, müzakirə
etdik. Tamaşanın əvvəlini, ortasını
və sonunu qurduq. Hərə öz xarakterini
tapdı və tamaşanı zənginləşdirməyə
başladıq. Tamaşanın rejissoru Adil Məmmədovdur. Ssenarisini
isə komandamızla birgə yazdıq: Azər Rzayev, Murad Əliyev, Vaqif Əzizov, Elgün Həmidov, Sabir Məmmədov və mən. Ümid edirik ki, daha
yüksək zirvələrə
qalxacağıq.
- Ulduz xəstləliyinə tutulmamısınız
ki?
- Xeyr. Şöhrətə aludə olmayacağam.
“Sübhün Səfiri” filmi hələ böyük tamaşaçı kütləsinə
çıxmayıb, ona
görə hələ
məni “Sirr” serialının qəhrəmanı
kimi tanıyırlar.
Mən bu sənətə addım atanda, özümə söz verdim ki, ulduz xəstəliyinə
tutulmayacağam. Çünki əgər nə
vaxtsa bu xəstəliyə tutulsam,
onda sənətim məhv olmağa başlayacaq, simamı itirəcəyəm. Çalışacağam ki, bunun olmaması
üçün əlimdən
gələni edim.
Xəyalə Rəis
Kaspi.-2012.-6 dekabr.-S.7.