“Dəyişilmək istəməyənlərə
jurnalistikada yer yoxdur”
Tomson Fondunun eksperti Dan Mason: «O jurnalistlər ki, özlərində cəsarət tapıb yeniliyə qucaq açırlar, məhz bu halda dəyişikliklər baş verəcək»
O, Bakıya British Counsul-la Paşa Bankın
jurnalistlər üçün həyata keçirdiyi “Biznes və
jurnalistika” layihəsi çərçivəsində gəlib.
Dan Mason Böyük Britaniyanın Tomson Fondunun eksperti kimi
dünyanın ayrı-ayrı ölkələrində media təlimləri
keçir. Ekspert “Kaspi”yə müsahibəsində dünya
mediasında baş verən proseslərə toxunub.
- Sizi oxucularımıza necə təqdim
edim: jurnalist, media eksperti ya təlimçi kimi?
- 30 ildən
artıqdır ki, jurnalist kimi fəaliyyət göstərirəm.
İlk dəfə kiçik bir qəzetdə işə
başladım. Amma arzum Londonda çıxan milli qəzetlərdə
çalışmaq idi. Bir neçə ay böyük qəzetdə
işlədim, amma sonra başa düşdüm ki, bura mənim
yerim deyil. Oxucularıma yaxın olmadığımı
başa düşdüm. Fikirləşdim ki, əgər
insanlarla işləmək, onlara fayda vermək istəyirəmsə,
insanlara yaxın olmalıyam. Bu üzdən regional mətbu
orqanda işləməyə başladım. Regionlarda nəşr
edilən gündəlik qəzetlərin baş redaktoru qismində
və bəzi media şirkətlərində rəhbər vəzifələrdə
çalışdım. Axırıncı işim Londonda
böyük media təşkilatlarının birində media,
internet, radio və digər yayımla məşğul olan
orqanların işinin təşkil edilməsi və tənzimlənməsi
ilə bağlı idi. Bu, ümumiyyətlə Böyük
Britaniya mediasında güclü dəyişikliklərin
baş verdiyi bir vaxt idi. Mətbuat orqanlarının öz fəaliyyətlərində
daha çox gəlir əldə etmələri
üçün təzyiq vardı. Gəlir əldə edə
bilməyənlər daha çox təzyiqlə üzləşirdilər.
Ona görə jurnalistlərin sayı da ilbəil
azalırdı. Mənim jurnalist kimi fəaliyyətim həmin
keşməkeşli dövrə təsadüf etdi. Elə bir
dövr idi ki, video, audio, onlayn materialları çox
asanlıqla dərc edə bilirdik. Həmin dövrdə sosial
media ilə tanışlıq təzəcə
başlayırdı. Sosial media isə bizim jurnalistika ilə
bağlı təsəvvürləri kökündən dəyişən
cərəyan idi. Həmin şirkətdə bir sıra
problemlər yarandı və bəzi insanlar oranı tərk
etdilər. Mən də həmçinin həmin vaxt şirkəti
tərk elədim. Məni ən çox maraqlandıran
jurnalistlərə təlimlər keçmək idi. Onları
gələcək işlərində ruhlandırmaq istəyirdim.
Bu, yəqin ona görə idi ki, mən jurnalist kimi fəaliyyətə
başlayanda heç bir təlim görməmişdim.
- Jurnalistlər sizdən nələri
öyrəniblər?
- Ölkələr
üzrə tələblər dəyişir. Əksər
hallarda tez-tez dəyişən rəqəmsal alətlərlə
bağlı təlimlər keçirəm. Bir çox hallarda
birbaşa olaraq hökumətlərlə
çalışıram və onlara insanlarla kommunikasiya vasitələrini
təkmilləşdirmək üçün təlimlər
keçirəm. Kommersiya şirkətləri ilə də
işlər aparıram. Xarici səfərlərim olmayanda
çox vaxt könüllü kimi işə cəlb olunuram.
Xeyriyyə təşkilatları üçün
çalışıram.
- Müşahidələriniz nə
göstərir: hansı ölkələrdə jurnalistika daha
çox inkişaf edib?
-
Maraqlı sualdır. Son 12 ayda 12 ölkəyə baş
çəkmişəm. Çindən tutmuş Nigeriyaya,
Sudandan tutmuş Zimbabveyə, Karib dənizi ölkələri,
Yaxın Şərq, ərəb ölkələri və s.
müxtəlif inkişaf mərhələləri keçən
ölkələrdə olmuşam. Çox asanlıqla demək
olar ki, Britaniya və ABŞ kimi ölkələr texnoloji cəhətdən
inkişaf etmiş dövlətlər sırasındadır.
Amma mən bu istiqamətdə fikirləşməyə o qədər
də meyl etmirəm. Əsas məsələ odur ki,
jurnalistika hansı ölkələrdə daha çox öz təsirini
göstərə, cəmiyyətə real təsir edə bilər?
Sudan və Zimbabve kimi ölkələrdə texnologiya və
digər sahələr o qədər də inkişaf etməyib.
Amma Afrika ölkələrində insanların həvəsi,
bu sahəyə sadiqliyi fərqli mühit yaradır. Ona görə
mən onları örnək kimi göstərərdim.
- Bəs bu baxımdan Azərbaycanda vəziyyət
necədir?
- Jurnalistlərin
bacarığı və istifadə etdikləri texnoloji alətlər
baxımından götürsək, Azərbaycan heç də
siyahının axırında yer tutmur. Azərbaycan Şərqlə
Qərbin arasında yerləşdiyindən burada yaşayan
jurnalistlərin dünyagörüşü zəngin olur. Bu
yaxınlarda Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsində təlimlər keçərkən bu qənaətə
gəldim ki, indiyə kimi Böyük Britaniya da daxil olmaqla gəzdiyim
ölkələrdə gördüyüm ən
bacarıqlı və savadlı gənclər həmin gənc
jurnalistlər idi. Onların bəziləri yarımştat kimi
çalışır. Amma onlarda böyük həvəs
gördüm. Məsələn, mənim ölkəmdəki gənc
jurnalistlərdə bu cür həvəsi görmək çətindir.
Ona görə burada ümid yeri çoxdur.
- Siz yeni nəsil
jurnalistikasını nəzərdə tutursunuz?
- Mən əslində
sizi nəzərdə tuturam. Mən bütün jurnalistlər
haqqında danışıram. Mən o nəsil jurnalistləri
nəzərdə tuturam ki, onlar öz keçmişləri ilə
fəxr edirlər, keçmişləri onlar üçün
dəyərlidir. Amma bununla kifayətlənmək olmaz. O
jurnalistlər ki, özlərində cəsarət tapıb
yeni alətləri öyrənirlər, yeniliyə qucaq
açırlar, məhz bu halda dəyişikliklər baş
verəcək. Dəyişilmək istəməyənlərə
isə jurnalistikada yer yoxdur. Onlar istər-istəməz məhv
olacaqlar.
- Təlimlər bu yeniliyə
çatmaqda nə qədər rol oynayır?
- Mən əslində
bunu təlim yox, “öyrənmə” prosesi adlandırardım.
Mənim nəzərimcə o qədər sürətli dəyişikliklər
baş verir ki, hamıda ekspert kimi yetişməyə imkan var.
Bunun yeganə yolu sizin də buna həvəsləndirmənizdir.
Yəni burda bir nəfər sizə hər şeyi deyə bilməz.
Mənim 30 illik təcrübəm var. Son iki ildə öyrəndiklərim
son 15 ildə öyrəndiklərimdən daha çoxdur.
Jurnalistika ağır peşədir. Ümumiyyətlə,
dünyanın gəzdiyim ölkələrində jurnalistlər
yaxşı pul qazana bilmirlər. İş saatları uzundur.
Onların qarşısında həmişə müəyyən
çətinliklər durur. Ya hökumətlər, ya müəyyən
insanlar onları susdurmaq istəyir. Əgər jurnalist kimi
peşənizi davam etdirmək istəyirsinizsə, bu sənəti
sevməlisiniz.
- “Sosial media, vətəndaş
jurnalistikası ənənəvi medianın fəaliyyətini
əngəlləyir” - son vaxtlar bu barədə narahatlıqla
danışılır. Real təhlükə nə ola bilər?
- Əgər
sosial medianın ənənəvi mediaya təsirindən
danışırsansa, bəli, bu təsir var. Əgər ənənəvi
medianın məhv ola biləcəyini
düşünürsünüzsə, bəli, məhv ola bilər.
Amma bu təhlükənin səbəbi heç də sosial
medianın ənənəvi medianı
sıxışdırması deyil. Xidmət etdikləri cəmiyyətin
tələblərinə cavab verə bilməməsidir. Hər
bir jurnalist, hər bir media şirkəti bir şeyi yaddan
çıxarmamalıdır: əvvəllər onlar bir
materialın dərc edilməsi üzrə monopoliyaya malik idilər.
Bu gün isə dərc edilmək səlahiyyəti hamıda
var. Bu səlahiyyət nəticəsində onlar zənginləşmişdi.
Bunun əldən çıxması nəticəsində bir
çox media şirkətləri artıq məhv olublar.
- Londonda olarkən müşahidə
etdim ki, gündəlik səhər və axşam qəzetləri
metrolarda pulsuz paylanır. Bu, qəzetləri diqqətdə
saxlamaq üçün atılan addımdır, yoxsa şirkətlərin
geniş imkanlarının göstəricisidir?
- Böyük Britaniyadakı bütün media
şirkətləri kommersiya şirkətləridir. Onların
məqsədi pul qazanmaqdır. Pulsuz paylamaqda məqsəd odur
ki, həm həmin qəzetləri, həm də oradakı
reklamları çoxlu insanlar görsünlər.
Reklamçı da, qəzet də buradan pul qazanır. Amma
onlar online rejimdə bu cür fəaliyyətlərini davam
etdirirlərmi? Məsələ ondadır ki, media şirkətləri
çox genişdir. Onların kiçildilməsi və online
rejimdə fəaliyyət göstərməsi çox xərc
tələb edən prosesdir. Onlar tələyə
düşüblər, çıxılmaz vəziyyətdədirlər.
Hətta görürlər ki, ənənəvi media süquta
uğramaqdadır. Ona görə də gələcək bu
sahibkarlardan asılı olacaq. Hansı sahibkarlar ki, qısa
müddətdə rəqəmsal mühitə tez
uyğunlaşacaq, onlar yaşayacaqlar.
- Mənim jurnalistika fakültəsində
təhsil aldığım illərdə müəllimlər
bu peşənin “obyektivlik, qərəzsizlik və
vicdanlılıq” kimi qızıl qanunlardan
danışırdılar. Amma bu gün həmin dəyərləri
daha çox sensasiya, fakta söykənməyən, mənbəyi
bilinməyən xəbərlər, təhqirlər və s. əvəzləyib.
Bu da müasir jurnalistikanın tələbidir?
- Obyektiv jurnalist olmaq bacarığı böyük əhəmiyyət kəsb edir. Mənim fikrimcə, jurnalistlər hansısa bir prosesin vəkili ola bilər, eyni zamanda, öz prinsipiallıqlarını qoruyub saxlaya bilərlər. Ona görə də, narahat olmayın, sizə hansı prinsipləri öyrədiblərsə, onlar düzdür. Amma yeni düşdüyümüz mühitdə öz inandığımız prinsipləri özümüz formalaşdırmalıyıq. Şəxsən mən elə düşünürəm ki, jurnalistlərin əsas istinad etdiyi prinsip materialı dərc etmək səlahiyyətinə malik olmaqla yanaşı, xidmət etdiyi cəmiyyətdə müsbət dəyişikliklərə səbəb olmağı da bacarmalıdır. Jurnalistika cəmiyyətə bir xidmətdir. Əgər mənim üzərimə düşən səlahiyyətdən istifadə edərək müsbət dəyişikliklərə səbəb olmuramsa, onda mənim işim kimə lazımdır? Nə də bu jurnalistika deyil.
Təranə Məhərrəmova
Kaspi.-2012.-7 dekabr.-S.9.