Bir... iki... bizimki... yaxud,
Sonu olmayan başlanğıca doğru gedən Kamal Abdulla
Arxada qoyduğumuz həftənin, şəxsən bizdən ötrü əlamətdar hadisələrindən biri Kamal Abdullanın doğum günü idi. Kamal Abdulla ömrünün 62-ci payızını dekabrın 4-də itmamə yetirdi. Qarşınızda olan bu yazıda isə bizim də itmamə yetirdiyimiz bir para mətləblər var ki, onları da sizə bala-bala ötürməyə çalışacağıq.
... Kimdir Kamal
Abdulla? Kamal Abdullanın
genişmiqyaslı və çoxşaxəli
yaradıcılığından hali olan oxucularına bəllidir ki,
onun kimliyini bir təyinlə ifadə etmək olmur. Şərti olaraq, Kamal Abdullanın kimliyini
aşağıdakı təyinlərlə ifadə etməyə
çalışacağıq:
Kamal
Abdulla – ALİM, Kamal Abdulla – YAZIÇI, Kamal Abdulla –
ŞAİR, Kamal Abdulla – DRAMATURQ, Kamal Abdulla – RƏHBƏR,
Kamal Abdulla – ŞƏXSİYYƏT.
Onun
həyat və yaradıcılığını illah da bir
sözlə ifadə etməli olsaq, AYDIN (ziyalı)
istilahını işlətməli olacağıq. Həqiqətən
də, 62 yaşını qeyd edən Kamal Abdulla bu gün məmləkətimizdə
barmaqla sayıla biləcək qədər az olan həqiqi
ziyalılardan, əsl aydınlardandır.
Kamal
Abdulla yaradıcılığının çoxşaxəli
xarakteri “tədqiqat obyektimizi” bir qəzet məqaləsi
çərçivəsində araşdırmaga imkan vermir. Ol
səbəbdən, səbəbkarın
yaradıcılığının əsasən bir (şəxsən
bizdən və peşəmizdən ötrü ən vacib)
aspektinin üzərində dayanmağı lazım bilirik:
KAMAL ABDULLA – DARAMATURQ.
Kamal
Abdullanın pyesləri teatrlarımızın səhnələrində
sıx-sıx oynanılmasa da, onun dramaturgiyasını həmişə
yeni dramaturgiya hesab etmişik. Fikrimizi əsaslandırmaq o qədər
də çətin deyil. Azərbaycan teatr sənətində
özünəməxsus yaradıcılığı və
özəl poetikasıyla fərqlənən, həm də
yaxşı mənada, yaradıcılığı ilə Azərbaycan
teatr sənətinə heç bir aidiyyatı olmayan
(paradoks!!!) Vaqif İbrahimoğlu Kamal Abdulla
yaradıcılığına dəfələrlə
müraciət edib. Bu da fikrimizin təsdiqi!
Açıqlamağa ehtiyac yox!!!
Girişsayağı
açıqlamadan sonra keçək təfsilata – Kamal Abdulla
dramaturgiyasının təhlilinə və ya maraqlı,
dadlı-duzlu məqama.
Kamal
Abdullanın dramaturgiyasının özəlliyi nədədir:
intertekstuallıq, mərkəzdənqaçma, kanonik
süjetlərin dekonstruksiyası, dramaturji dilə, pyesin
dil-ifadə vasitələri sırasına postmodern nəsr və
poeziya nümunələrinin daxil edilməsi, “dırnaqsız
sitatlar”ın işlədilməsi, simulyakor (gerçəklikdə
orijinalı olmayan surət) və s. və i.a.
Kamal
Abdullanın pyeslərini fərqləndirən cəhətlərdən
başlıcası intertekstuallıqdır (mətnlər
arasında dialoq). Onun yaradıcılığı ilə
tanış olarkən adama elə gəlir ki,
yazıçının bütün əsərləri,
romanları, hekayələri, hətta şeirləri də
eyni bir əsərin müxtəlif parçalarıdır.
Onun heç bir əsəri bitmir. Elə bil ki, bütün
yaradıcılığı “yarımçıq əlyazmalar”
kimi bədii mədəniyyətimizin ayrı-ayrı rəflərinə
yığılıb, tamamlanmağını gözləyir.
Vaxt olur ki, Kamal Abdulla eyni mövzuya, problemə dəfələrlə
qayıdır - yəqin onun nəticəsidir ki, onun
yaradıcılığında bir adda iki və ya daha
artıq bədii əsərə rast gəlmək olar
(“Unutmağa kimsə yox” adında şeir və roman, “Kim dedi
ki, Simurq quşu var imiş” adında pyes və şeir və
s. və i.) – amma heç vaxt əsərini tamamlamır, qəti
sonluq qoymur, klassik ədəbiyyat nümunələrindəki
kimi, əsərlərini quru qənaətlərlə
möhürləmir. Hər şeyi oxucunun
(tamaşaçının) öhdəsinə buraxır. Hərdən
adama elə gəlir ki, Kamal Abdulla bütün əsərlərində
elə bil ki, qəsdən sonuncu misranı, sətiri, cümləni
yazmır. Və o yazmadığı cümlədə, sətirdə,
misrada yazdıqlarından daha çox mətləbləri
ötürür. Lap hoqqularda olduğu kimi… Pafoslu
çıxmağından çəkinməsək, deyərdik
ki, sənətkarın susmağı da qiymətlidir. Amma
yaxşısı budur, bu cür ifadələrə uymayaq,
çünki obyektimizin yaradıcılığı fərqli
tərzdə yanaşma və dəyərləndirmə tələb
edir.
Belə
ki, mərkəzdənqaçma – əsas süjetlərin
deyil, köməkçi süjetlərin üzərində
dayanmaq da Kamal Abdullanın dramaturgiyasının fərqli cəhətlərindəndir.
Kimin ağlına gələrdi ki, o boyda “Kitabi-Dədə
Qorqud” dastanının boyları, bu boyların hər birində
bir elə qəhrəmanlar dura-dura Kamal Abdulla kimə-kimə,
Boğazca Fatmaya pyes həsr edə. Pyesin iştirakçıları
siyahısında Dədə Qorqud, Qazan Xan, Burla Xatun, Beyrək,
Aruz Qoca kimi qəhrəmanların olduğu nəzərə
alınarsa, yuxarıda söylədiyimiz fikrin mahiyyəti
anlaşılar.
Kanonik
süjetlərin dekonstruksiyasına gəldikdə isə Kamal
Abdulla bütün əsərlərində, xüsusən də
pyeslərində kanonik süjetləri dekonstruksiya etməyə,
dünya qədər qədim mövzulara tamamilə orijinal
baxım bucağından yanaşmağa, qəhrəmanları,
hadisələri fərqli aspektdən təqdim etməyə
nail olur.
Kamal
Abdullanın pyeslərini oxuyarkən bir faktın da şahidi
ola bilərik ki, bu pyeslər, əslində, dram nəzəriyyəsinin
başlıca şərtləri və postulatları ilə
ziddiyyət təşkil edir. Daha dəqiq desək, dramaturq
öz pyeslərində obyektiv reallıq, kauzal konflikt, zaman-məkan
vəhdəti və dram nəzəriyəsinin bu kimi anlayışlarını
dağıdır və əvəzinə yeni bir model təqdim
edir. Bu modeldə dünyanı xaos kimi qavrayan postmodern sənət
düşüncəsinin bütün xüsusiyyətləri
cəmlənib. Onun qələmindən çıxan “Bir, iki,
bizimki”, “Ruh”, “Casus”, “Kim dedi ki, Simurq quşu var imiş”, “Beyrək”,
“Şah İsmayıl və ya hamı səni sevənlər
burdadır” kimi pyeslərdə, klassik dram nəzəriyyəsinin
tələb etdiyi kimi, rəvan hadisələr xətti, kauzal
konflikt və vahid xarakterlər yoxdur. Əksinə, Kamal
Abdullanın pyeslərində ənənəvi dramaturji
konflikt yerini məhz bu konfliktin və onun özülündə
dayanan dəyərlər sisteminin dekonstruksiyasına verir. Onun
qələmindən çıxan bütün pyeslərdə
ironiya var: gerçəkliyə ironiya, incəsənətə
ironiya, yıpranmış dəyərlərə ironiya, miflərə
ironiya, nağıllara ironiya… hətta özünə ironiya…
Kamal
Abdulla dramaturgiyasında səhnəni təsvir etməkdən
çox, hadisənin fəlsəfi-emosional
tonallığını təyin etməyə xidmət edən,
klassik səhnə sənətinin kanonlarını
sındıran qeyri-adi müəllif remarkaları böyük
rol oynayır. Kamal Abdullanın pyeslərində bəzən hər
hansı həyat hadisəsi deyil, personajların bu hadisəyə
refleksiyası və ümumiyyətlə, həyata münasibəti
öz əksini tapır. Personajlar özlərini yalnız
hadisələr axınında, əməllərdə deyil, həmçinin
söz oyunlarında – acı (bəzən hətta şit)
zarafatlar, parafrazlar, ekssentrik danışıq tərzində
realizə edirlər.
Müəllif
tərəfindən pyeslər üçün
seçilmiş qeyri-adi, bəzən də paradoksal adlar və
janr təyini də müxtəlif mədəniyyət
faktları ilə assossasiya olunur və dramaturqun
dünyagörüşünü, sənət təfəkkürünü
eyhamlaşdırır.
Heç
şəksiz, Kamal Abdulla dramaturgiyasında simulyakor (gerçəklikdə
orijinalı olmayan surət) fəlsəfəsinin izlərinə
də rast gəlmək mümkündür. Dramaturqun
pritçanı andıran pyeslərində, adətən,
konkret zaman və məkan verilmir. Hadisələr irreal zamanda,
idillik məkanda cərəyan edir. Hətta konkret zaman-məkan
göstərilsə belə, həməncə anlayırsan ki,
bu bir oyundur, gerçəklikdə nə o məkan var, nə
o zaman. Heç dramaturqun xəyalında da belə bir məkan
yoxdur. Kamal Abdullanın pyesləri şərtləri əvvəlcədən
müəyyənləşdirilmiş oyuna bənzəyir.
Personajlar səhnədə hansısa psixofiziki əməldə
bulunmurlar, sanki onlar hansısa ayini, ritualı icra edirlər.
Kamal Abdullanın personajları onları əhatə edən
aləmin simulyativliyini, şərtiliyini bilirlər, onların
qavrayışında dünyanın mənzərəsi öz
müəyyənliyini, məzmunluluğunu itirir, xaos tərəfindən
idarə olunan (bu ifadənin özü də kifayət qədər
paradoksal təsir bağışlaya bilər) şərti,
qeyri-müəyyən, irreal, hətta hərdən dəhşətli
bir illüziyaya bənzəyir. Kamal Abdullanın qəhrəmanları
eyni zamanda, həm ən adi, hər gün
gördüyümüz, dostluq, yoldaşlıq etdiyimiz,
sevdiyimiz, nifrət etdiyimiz adamlardır, həm də qeyri-adi,
sirli, sehrli, gizli, şaman kimi əcaib insanlardır. Elə bu
insanların düşdükləri situasiyalar da elə. Formal
qatda qəribə heç nə yoxdur. Adi adamlar adi situasiyada ən
adi insani həyatlarını yaşayır, ən adi insani
hisslər keçirir, normal, hətta utilitar problemlərlə
uğraşırlar. Amma bir balaca dərinə varıb da, bu
adi adamlara, onların düşdükləri situasiyalara,
problemlərə daha diqqətlə nəzər salanda
görürük ki, burada başqa bir qat da var ki, bu qatda nələrin
baş verdiyini, kimlərin nələr uğrunda
çarpışdığını formal məntiqlə
qavramaq qeyri-mümkündür. Kamal Abdulla çox zaman pyeslərində
təsvir etdiyi hadisələrə, gündəmə gətirdiyi
problematikaya mistik qrotesk cizgiləri verir.
Dramaturqun
pyeslərində, bir qayda olaraq, mütləq ideya yoxdur. İdeya
gah simulyakor kimi, gah da şərti bir təzahür kimi
özünü göstərir. İdeyadan dərində isə
ideyadan qat-qat dərin, qat-qat informativ, qat-qat təsirli eydos
gizlənir. Bu pyeslərdə eydos ideyanı üstələyir,
hərdən ideyanı təyin edir, hərdən ideyanı
gücləndirir. Yəqin bu səbəbdəndir ki, Kamal
Abdullanın pyeslərini oxuduqdan sonra “müəllif bu əsərlə
bizə nə demək istəyirdi” tipli primitiv suallar
yaranmır, hal yaranır, ovqat yaranır və bu ovqatın
içərisində ruhumuz bildiklərini görür,
anır, xatırlayır...
Dramaturqun pyesləri bir yox, bir neçə
laydan ibarətdir. Üst qatda
– formal qatda baş verənlər, sadəcə
dramaturgiyanı yaxşı
bilən və teatrı duyan bir yazıçının
qələminin məhsulu
kimi rəğbətə
layiqdir. Bu qatda hər şeyi səlis məntiqlə, analiz yolu ilə anlamaq,
hətta tənqid etmək də olar. İkinci qatda – paradiqmatik
qatda isə artıq məzmunsuz strukturlar, nonsens, simulyakor məzmunu üstələyir, sakral mətləblər profan mətləblərdən qat-qat
üstündür. Bu qat artıq Kamal Abdullanın yazıçılıq vərdişləri,
dil bilgisi, teatr duyumu, yazı
manerası ilə şərtlənmir. Bu qatda tanıdığımız,
bildiyimiz Kamal Abdulla yoxdur və yaxud məhz bu qatda artıq
Kamal Abdulla başlayır.
Bu da bir paradoks!!! Sözügedən
bu paradiqmatik qatın necəliyini yalnız və yalnız bir faktor təyin edir: İSTEDAD. Bəli, bəli, məhz
istedad. Bu istedadın miqyası Kamal Abdullanın yaşadığı illərin,
oxuduğu kitabların,
yazdığı əsərlərin,
baxdığı tamaşaların
sayı ilə müəyyən olunmur.
Kamal Abdullaya
məxsus bu istedadın izinə düşüb saysız-hesabsız
gizlilərin, sirlərin
irizini tapmaq olur. Amma sonucda yenə
də əvvələ
qayıdışla üzləşirsən.
Gəlirsən-gəlirsən axıra çatırsan.
Bəs nə baş verir axırdan sonra? Sən demə hər
şey yenidən başlayır, amma yeni biçimdə, yeni görkəmdə, yeni şəkildə.
Bu əvvəllə axırın hansı əvvəldir, hansı axırdır özün də bilmirsən. Bu
labirintin içində
itib-batmamağın bircə
yolu var. Aydın olan həqiqəti dərk etmək: Kamal Abdulla ekssentrik modeldir və bu modelin mərkəzində
SİRR dayanır. Sirrin ətrafında
minlərlə halqalar,
dairələr durmadan
yaranır. Bu halqalarda, dairələrdə
Kamal Abdulla istedadı
hər dəfə yenidən və hər dəfə yeni formada təzahür
edir. Halqaların,
dairələrin isə
nə başlanğıcı
var, nə sonu…
P.S. Halqalardan, dairələrdən
fərqli olaraq, yazımızın bir başlanğıcı, bir
sonu var – bu da son. Sonda isə Kamal Abdullanı doğum günü münasibətilə
əvvəl öz adımızdan, sonra isə Alternativ Teatr Araşdırmaları
Mərkəzi adından
təbrik edir, yaradıcılığında yeni-yeni uğurlar, yeni-yeni sirli-sehrli məqamlar arzulayırıq.
Könül Əliyeva
Elçin Cəfərov
teatrşünas
Kaspi.-2012.-8-10 dekabr.-S.10.