göyərçinin yaşam hekayəsi və ya iki gəncin manifesti 

 

Ağ göyərçin sülh quşudur

Ağ göyərçin məktəb illərinin son günündə azad etdiyimiz arzulardır

Ağ göyərçin iki gəncin sevgi, yaşam hekayəsi... manifestidir

“Mənim ağ göyərçinim” pyesi Azərbaycan, Bakı müstəvisində 90-ci illər-Vətənimiz və İnsanlarımız üçün qaranlıq və təlatümlü olan günlərin güzgüsünə çevrilir. Tamara Vəliyeva bu pyes vasitəsilə pasifist (müharibə və təcavüzə qarşı ictimai hərəkat), aqressiv, destruktiv düşüncəni üsyankar şəkildə bəyan edir. Elə bu səbəbdən də “Mənim ağ göyərçinim”i sadəcə pyes adlandırmaq sözün həqiqi mənasında yəqin ki, mümkün deyil. “Mənim ağ göyərçinim” – lirik nağıldır, manifestdir, filippikadır (ifşaedici, qəzəbli söz), eləcə də monoloqdur, dialoqdur.

“Mənim ağ göyərçinim” pyesinin müəllifi Tamara Vəliyeva dünyanın yalnız amansız qorxunc tərəfini göstərməyi qarşısına məqsəd qoymayıb. O, mənəviyyatın, ruhun olmadığı dünyanın qorxulu üzünü açmağa cəhd göstərir. O, insanlığını itirən insanların dünyanı məhv etməsindən söz açır. Pyesdə iki dünya bir-birinə qarşı qoyulur: həyat və ölüm. Həyatın daşıyıcıları sevgi ilə dolu olan gənclər, ölümün daşıyıcısı isə onların (gənclərin) həyatını məhv edən müharibə və onun acı nəticəsidir.

Müəllif pyes vasitəsilə qəti şəkildə anlatmaq və tamaşaçıya çatdırmaq istəyir ki, müharibə yalnız və yalnız mənasız, çirkli, insanı qatilə çevirən bir silahdır. Baxmayaraq ki, əvvəllər insanları müharibəyə sövq edəndə ona müxtəlif don geyindirirdilər. Onu istilaedici, xalq naminə, imperialist, ədalətli, dini və s. adlarla-şüarlarla möhürləyib, insanlardan müharibənin silahı kimi istifadə edirdilər.

“Mənim ağ göyərçinim”də “yeni dram”ın elə bir səciyyəvi göstəricisi var ki, pyesin əsas qəhrəmanı nə qəhrəman özüdür, nə insan kütləsidir, hətta xalq da deyil. Yazıçının dramaturji materialında leksik konstruksiya “xarakterlərdən” daha vacib, emosiyalar isə “düşüncə” konstruksiyasından daha önəmlidir. Pyesdə qəhrəmanlarının düşüncələri və pyesin strukturu vasitəsilə yazıçı cəmiyyətə açıq-aydın lövhəvari bir mesaj göndərir: müharibə-konfliktdir, günahsız insanların qətlidir.

Nəticədə belə bir qənaətə gəlirik ki: bu pyes bir-birinə zidd olan iki dünyagörüşün üzərində qurulub. Bir tərəfdə iki insanın saf sevgisi, digər tərəfdə isə müharibə və onun çirkli nəticələri tamaşaçını sarsıdan güclü enerji sahələridir.

Bu pyes Azərbaycan, Bakı müstəvisində 90-ci illər Vətənimiz və İnsanlarımız üçün qaranlıq və təlatümlü olan günlərin güzgüsünə çevrilir...

Bu güzgü vasitəsilə Gənc Tamaşaçılar Teatrının səhnəsində rejissor Cənnət Səlimova hadisələri özünəməxsus şəkildə görükdürüb. Burada səhnə parlaq canlanır, ritmik musiqi işə salınır. Tamaşanın gənc qəhrəmanları oxuyur və oynayırlar.

Tamaşa rejissor Cənnət Səlimovanın növbəti maraqlı səhnə quruluşlarından biridir. Rejissorun bu tamaşada əsas qəhrəmanı ədəbiyyatdır, onun yazılmış variantıdır. Daha dəqiq desək, C.Səlimova pyesə elə səhnə quruluşu verib ki, burada nəsr özünün stilistik, janr, fərdi-individual (müəllif materialı) və digər xassələrini itirməyib. Lakin bu quruluş pyesin sadəcə “oxunması” deyil. Burada pyes tədricən səhnələşdirilərək teatral dünyaya transformasiya olunur.

Beləliklə... gənc iki insanın Turan və Aqilin sevgi və yaşam hekayəsi başlayır. Onların məhəbbəti xalqımızın seçim və sınaq dövrünə təsadüf edir. Bu o dövr idi ki, insanların yeganə məqsəd və istəyi mənən və fiziki azad olmaq, qurtulmaq... sağ qalmaq... idi. Nəticədə bütün bu çapalar şəhidlik zirvəsinin və sonucu azadlıq iqbalımızın qazanılması ilə tamamlandı.

Rejissorun quruluşunda dövrün, cəmiyyətin “panoraması”-çətinlikləri, əzabları ilə yanaşı gənclərin arzuları ilə dolu olan dünya qarşı-qarşıya qoyulur. Hipotetik arzular tamaşa zalında olan seyricini öz hisslərinə, xatirələrinə qapanmağa məcbur edir.

Rejissorun ali məqsədi tamaşanın lirik-psixoliji xəttinin məhəbbət, sevgi eləcədə vətəndaş cəmiyyəti ideya-xətləti ilə vahid kompozisiyanın yaranması ilə tamamlanır.

Teatr o dövrün Bakısı üçün səciyyəvi olan koloritli tiplərin bütöv bir silsiləsini səhnəyə çıxarmışdı. Bədii tərtibata da isə realizmin şərti-konstruktivist ünsürü tam vəhdəti ilə tapıla bilmişdi.

Rejissor ailənin müxtəlif özünəməxsus tiplərini nümunə gətirərək, cəmiyyətin faktı kimi nümayiş etdirir. Hər bir yaradılmış obraz yaşadığımız cəmiyyətin real faktı olaraq problemlər və yaşantılar mövzusunda əsas, mahiyyət daşıyır.

Səhnədə sadə azərbaycanlı qadını (Turan (yaşlı), Zəhra xanım, Valideyn)-qəzəbi ilə, baş verənləri operativ dəyərləndirməsi ilə, hikkəsi ilə bərabər baş verən olayların əsas qəhrəmanı kimi təqdim olunur. Bu qadınlar silsiləsində Zəhra xanım bizim adət etdiyimiz qayğıkeş ana - çətinliklərdən hətta tək “baş çıxara” bilən fədakar qadın qəhrəmanını yaratmış olur.

Hekayə isə Aqil və Turana məxsusdur.

Sevgi-insan şəxsiyyətinin ən mühüm cizgisidir.

Sevgi-insan mövcudluğunun həqiqi əsasıdır.

Bu pyes-tamaşa məhz iki insanın və müxtəlif insanların bir-birinə olan sevgisi üzərində qurulub. Burada sevginin hədəfi müəyyən edilmiş bir insan deyil, sevgi-xarakterlərin orientasiyası, quruluşu olaraq bütün dünyaya yönəlmişdir.

Pyesdə və onun əsasında qurulan tamaşada sevgi müxtəlif müstəvidə nəql edilir.

Məsələn, valideyn sevgisi: bəzi məqamlarda simbiotik münasibət ilə kobudlaşan, xüsusilədə tamaşa müddətində anaların oğullarına və qızlarına münasibətində bu sevgi tipi özünü göstərir ki, hətta bu sevgidən, onun nəticəsindən sonucda qəhrəmanlar əziyyət çəkirlər.

Erotik sevgi: sevginin ən önəmli və aldadıcı tipidir ki, bu ancaq bir insanın digərinə olan yaxınlığıdır. Bu tipi eyforiya kimə də qəbul etmək olar. Aqil(Mirzə ağa Mirzəyev) və Turanın (Asya Atakişiyeva) - iki yad insanın bir-birinə təsadüfən yaxınlaşması və onlar arasında yaranmış ayrılmaz, əbədi sevgiyə ən gözəl nümunədir.

Özünə sevgi: bu digərlərinə olan sevginin alternativi deyil, sadəcə öz şəxsiyyətinin, əhatəsində olan insanlara, dünyaya böyük bir sevginin də alternativi deyil. Bu eqoizmdir. Mahiyyətcə, “eqoist insanlar digərlərini sevə bilmirlər, lakin onlar heç özlərini də sevmirlər”. Buna misal olaraq, özündə bu streotipləri birləşdirən nazir və onun xanımını göstərmək olar.

Müasir cəmiyyətdə iki gəncin sevgisini müxtəlif formada məhv etmək və yenisini yaratmaq istəyində bulunan valideynlər-yeni tipli sevgi yaratmış olurlar. Onların təqdim etdiyi forma bu gün də Azərbaycan reallığında hökm sürür. Gənc qızı “tələb” əsasında “məhsul”, “əşya” kimi bazar prinsipləri əsasında qarşı tərəfin “imkanları”, “səmərəsi” nəzərdən keçirilərək, “təklif” verilir və bu zaman “mən” itərək, dəyərdən düşür.

Tamaşada insanların bazar qanunlarına itaət etməsi onların “avtomatlaşmasına”, “müəyyənedilmiş” proqram əsasında yaşamalarına səbəb olur. Lakin... bütün bunların səbəbi təkcə insanlar deyil, eləcə də cəmiyyətdir. Qeyri-sağlam cəmiyyət. Söylədiklərimi sillogizm şəkildə ifadə etsəm, deməli cəmiyyət məhz “sosial mövcudluq” əsasında deyil, “humanist etika” əsasında qurulmalıdır.

Məişət konteksinin, məişət janrının üstünlük təşkil etdiyi tamaşa əsasən gənclərin-yeniyetmələrin düzgün tərbiyəsinə, keçmişi-tarixi unutmayaraq-gələcəyə sağlam düşüncə və həyat tərzi ilə addımlamağı təlqin edir. Tamaşa bitir. Gənclərin-gənc tamaşaçıların məhəbbət dolu həyatı isə davam etməkdədir...

 

Aygün Süleymanova

Kaspi.-2012.-8-10 dekabr.-S.11.