Bənzərsiz şair
Iddiasızlar...
Hələ orta məktəbdə oxuyanda Ələkbər Salahzadəni “Ulduz” jurnalının səhifələrindən tanıyırdım. Heç kimin şeirlərinə bənzəməyən, öyrəşmədiyimiz qeyri-adi, qəribə şeirləri vardı. Bu şeirlərdə sözlərin, səslərin assosiativliyi, obraz zənginliyi istər istəməz oxucunu heyrətləndirirdi. Şeirdə yenilik yaratması heç də hamı tərəfindən xoş sifətlə qarşılanmırdı. Bəzi tənqidçilər onu eksperimentçi, formalist adlandırırdılar, bəziləri də gələn əsrin şairi hesab edirdilər. Altmışıncı illərdə onun sayaq yenilik ardınca axtarış edənlər sonralar yollarından döndülər. Amma Ələkbər Salahzadə öz orijinallığından geri çəkilmədi, yaradıcılığının sonrakı mərhələlərində də şeirlərindəki harmoniya və bütövlüyü qoruyub saxlaya bildi:
Şeirin dərdi çoxdu, deyirlər,
gileyi çoxdu.
yan-yörəsində hərlənən
dəllal, dəlləyi çoxdu...
Şairlə mənim şəxsi
tanışlığım da “Ulduz” jurnalının redaksiyasında oldu. Sadə, təmkinli,
azdanışan, təvazökar, özü
haqqında danışmağı sevməyən bir insandır Ələkbər müəllim.
Ömrünün on beş ilini “Ulduz” jurnalına sərf edən şair orada üç il poeziya şöbəsinin müdiri,
on iki il
– 1992-ci ildən 2004-cü ilədək baş
redaktor işləmişdir. O, bu günümüzədək jurnalda
işləmiş baş redaktorlar
arasında ən uzun müddət işləyənidir.
Bu nailiyyəti ona
görə əldə edə bilmişdir
ki, Ələkbər müəllim “Ulduz”da işinin
dəyərini bilən, məsuliyyətli bir
rəhbər olmuşdu. Redaktor
olduğu müddət ərzində kiminsə
səlahiyyətindən istifadə edib
jurnalı gözdən salan, səviyyəsini
endirən yazıların dərc etdirməsinə imkan verməzdi. Təsəvvür
edin ki, qonşu kəndlərdən
olmağımıza baxmayaraq onun işlədiyi illərdə bu jurnalda bir
hekayəm belə dərc olunmadı. Bir-neçə dəfə
cəhd etsəm də, Ələkbər müəllim hər
dəfə daha yaxşı
yazmağım üçün klassik yazıçıları çoxlu-çoxlu oxumağımı
tövsiyyə edərək məni yola
salmışdı. Cəmi bircə dəfə mərhum müavini Allahverdi Məmmədlinin
təşəbbüsü ilə kəndimizin şəhidləri
haqqındakı xatirə yazımı çap
eləmişdi. Yəni Ələkbər müəllim
işinə bu dərəcədə tələbkar,
məsul redaktor idi.
Ələkbər
Salahzadənin bənzərsizliyindən biri də şöhrətdən,
təbliğ olunmaqdan qaçmağıydı. Sevməz efirə,
ekrana can atsın, özünü gözə soxsun, göstərsin...
Hətta bu insan haqqında internetdə axtarış etsən
şəklini də asan tapa bilməzsən.
Gəl
ki, altmışıncı illərin ən fəal şairlərindən
biri kimi onun adını Azərbaycan ədəbiyyatına dair
bütün məqalələrdə, kitablarda görmək mümkündür.
O, imzasını həmin dövrün ədəbiyyat tarixinə
həkk etmiş görkəmli yaradıcılardan biri hesab
olunur.
Şimşək
kimi
Sıyrılır
bir
alqışdan
Koroğlunun
qılıncı!
Bir ürəyin qanından,
bir əlin torpağından
qalxır
titrək bir çubuq-
dirijor çubuğu…
Əsasən
lirik janrda şeir və poemalar yazan şair həm də
çoxlu radiopyeslər və iyirmidən artıq uşaq
nağıllarının da müəllifidir. Yüzdən
çox essesi və məqaləsi, onlarla bədii tərcümə
nümunələri nəşr edilib. “Kölgədən
qorxan” (1983), “Yayın qış gecələri” (1985),
“Nağaraçı naxırçı” (1987) pyesləri
Şəki, Sumqayıt və Ağdam Dövlət Dram
Teatrlarında tamaşaya qoyulmuşdur. Bir çox əsərləri
xarici ölkə xalqlarının dillərinə
çevrilmişdir. Sovet dövründə altı kitabı nəşr
edilən Ələkbər müəllimin son iyirmi ildə cəmisi
iki şeir toplusu – 1995-ci ildə “Yanıltmaclı əlifba” və
on iki illik fasilədən sonra 2007-ci ildə “Vaxt vadisi”
çap olunub.
Hədsiz
təvəzökarlığının və ədəbi
ictimaiyyətin ona diqqətsizliyinin nəticəsi idi ki,
keçən il bir neçə dost məqaləsini nəzərə
almasaq 70 illik yubileyini “səs-küysüz” qeyd etdi:
Böyüdük,
böyüdük nə boyda qaldıq?!
Ta bu, böyümək olmadı,
yaşa dolmaq oldu.
Yaş boya kömək olmadı,
ta bu, boy atmaq yox,
yaşla yaşadılmaq oldu!
Nə yaxşı ki, 2005-ci ildə fəxri adların verilməsi üçün təqdim olunan siyahıda onun adına dəymədilər, layiq olduğu “əməkdar incəsənət xadimi” fəxri adını ona çox görmədilər.
Bəli, əməkdar incəsənət xadimi, Rəsul Rza adına mükafat laureatı (2002), 2004-cü ildən “Qobustan” jurnalının baş redaktoru Ələkbər Salahzadə ona olan laqeydliyə görə kimsədən inciməyən, heç nə ummayan, iddiasız, bənzərsiz yaradıcı, ömrünün ahıl çağında da qəlbi yaratmaq hisslərilə, böyük, sonsuz ümidlərlə dolu şair, tərcüməçidir. Şeirlərinin birində yazdığı kimi:
Özündən ümid um,
Özünə ümid itirmə, insan,
Ümidi
gümana ötürmə,
insan!
Suyundu, havandı,
Yerindi, göyündü
ümid.
Bir də gözünü açdın –
Dünyaya döndü ümid!
Rövşən Yerfi
Kaspi.-2012.-8-10 dekabr.-S.18.