Əsl ədəbiyyat əxlaqın hökmran olduğu yerdir

«Azərbaycan xalqının dilində bir cümlə yazmamış adama rütbə verilir» 

 

 Rəhim Əliyev: «Namizədlik işi plagiata görə ifşa olunmuş ədəbiyyatçı gəlib akademiyanın müxbir üzvü olur və hətta akademikliyə sənəd verir…»

Rəhim Əliyev o qədər miflərdən yazıb ki, özü də mifə çevrilib. Daim haqqında vicdanlı (ancaq vicdanlı!) adamlardan xoş sözlər eşitdiyim tənqidçi, filologiya elmləri doktorunun cəmi bir yazısını – “Sovet dövrü ədəbiyyat və onun əxlaq” –. oxumuşdum. Amma yaşımın indisinəcən tale məni istədiyim ayağa çəkib. Rəhim müəllimlə təsadüfü tanışlıqdan sonra kitablarını da oxumaq nəsib oldu. Onun yazdığı “Ədəbiyyat nəzəriyyəsi” kitabı bizim bu günə qədər görmədiyimiz kitablardır. Bu gün nəzəriyyə kitablarının aşıb-daşdığı bir dövrdə nəzəriyəçilərin “növbəti kitabım da çıxdı” adı ilə sevindiyi bir dövrdə Rəhim müəllimin bu kitabı bənzərsizdir. “Taleyin sözü” adlı məqalələr kitabı isə bizə Sovet dövründəki o murdar ədəbi mühit və, bəzi satılmışların üzünü göstərir. Amma bir məqalənin adını xüsusi çəkə bilərəm: “Peyğmbərlik və kononik mətnlər”. Bu məqalə şişirtmədən deyirəm ki, bənzərsiz və hamının oxumalı olduğu bir məqalədir. Bu cür saf və dəyərli düşüncə sahibiylə – R.Əliyevlə söhbət etmək o qədər asan olmasa da, hər halda fikirlərimizi bölüşdük və kitabları oxuyandan sonra məndə yaranan suallara aydınlıq gətirdik.

Bir neçə il öncə verdiyiniz müsahibələrin birində demisiniz ki, Azərbaycanda qələmlə yaşamaq faciədir? Yenə həmin fikrinizdə qalırsınızmı?

– Təxminən qalıram. Deyəsən, qələmlə yaşamaq üçün mühit bir az da pisləşib. Sovet vaxtı beş altı nəşriyyat vardı, hamısı qonorar verirdi. Qəzet və jurnallar da elə. Amma orta qələm adamını götürəndə görürdün ki, çox kasıb vəziyyətdədir. Yazıçı isə kasıbdırsa, o şəxsiyyət kimi, özünü təsdiq edən fərd kimi inkişaf edə bilmir. Belə olan halda o necə yaza bilər?

Yaradıcılığın əsas qaynağı yazıçının həyatla dialoqu, mücadiləsidir. Buna fərdi dram da demək olar. Bu dram nəticəsində yazıçı özünü cəmiyyətin fövqündə görür. Yaradıcı şəxsiyyət və dünya arasındakı dram dərinləşməli və zənginləşməlidir. Yaradıcılıq burdan qidalanır. Amma yazıçı ayda bir dəfə maaş cədvəlinə qol çəkməyi gözləyəndə, o öz fitri iddiaları ilə yaşaya bilmir, bir parça çörəyin əsiri olur. Bu isə qələmlə yaşamaq istəyən, peşəkar yazıçılıq edən adam üçün faciə deməkdir.

Bu faciədən qaçmaq üçün yazıçıların çoxu inzibati vəzifələrə gedir, Azərbaycan Yazıçılar Birliyində katib olur, zapçast mağazası işlədir və s. Bu artıq faciədir. Yazıçı mühitə, zəmanəyə bu şəkildə uyğunlaşırsa, o yazıçı həyat tərzindən imtina edir. Yazıçı azad sənətkardır. O hər gün öz müdirinin xoşuna gəlmək haqda düşünürsə, ciddi bir şey yaza bilməz. İsi Malikzadə, Sabir Əhmədov kasıblığın cəngindən qurtara bilsəydilər, bəlkə, daha böyük yazıçı olardılar.

 

Sabir Əhmədli ilə doqquz il “Ədəbiyyat qəzeti”ndə işləmişəm. Bizim ədəbi mühit haqqında deyirdi: 37-də adamları öldürüb qanını tökürdülər, bizim qanımızı isə ayaq üstə tökürlər...

İndi bizdə qonorar verən bircə nəşriyyat, qəzet yoxdur. Gəl qələmlə yaşa...

– Əsl ədəbiyyatla yalançı ədəbiyyat arasındakı sərhəd sizinçün nə deməkdir?

– Ədəbiyyatın bünövrdəsi sosial şərtilikləri tanımayan və onlara məhəl qoymayan təmiz insan əxlaqıdır. Əslində, dinlər də bu əxlaqdan doğub. Əsl ədəbiyyat bu əxlaqın hökmran olduğu yerdir. Yalançı ədəbiyyat özünü bu əxlaqdan azad bilən adamlar və onların mühitidir. Görürsən ki, akademik şair olmayan bir adamın ad gününə gəlib Füzuli haqda deyilməli sözləri bu şair haqda deyir və yığıncaqdan sonra yalançı şair akademikin cibinə konvert qoyur. Və ya Azərbaycan xalqının dilində bir cümlə yazmamış adama rütbə verilir. Və ya özünü tənqidçi kimi hiss etmək istəyən birisi eyni sözləri yüz müxtəlif qələm əhli haqqında yazır, bu da qəbul olunur. Yalançı ədəbiyyat başqa mədəniyyətlərdə olan bir şeyə təqliddir. Bizdə bu ona görə mümkün olur ki, ictimai rəy yoxdur. Bu rəy təxminən cəmiyyətin əxlaqı kimi başa düşülə bilər. Yalançı ədəbiyyat əxlaqdan kənar ədəbiyyat mühitidir.

– Ədəbiyyat üçün ictimai rəy nə dərəcədə əhəmiyyətlidir? Bu gün ədəbiyyat aləmində ictimai rəyin olmaması ədəbiyyatımızı nələrdən edir?

– Əsl ədəbiyyat həqiqi, güzəştsiz əxlaqın, həqiqətin hökmran olduğu bir mühit yaratmağa çalışır. İctimai rəy olmayanda yalan, riyakarlıq ayaq tutub yeriyir. Namizədlik işi plagiata görə ifşa olunmuş ədəbiyyatçı gəlib akademiyanın müxbir üzvü olur və hətta akademikliyə sənəd verir. Bu adamın akademik seçiləcəyinə heç kim şübhə etmir.

Bizdə həqiqətlə yalanın fərqləndirmə istəməyən bir mühit yaranıb.

Bu mühit ən azı iki şeyi edə bilməz: heç bir sahədə tərəqqi edə bilməz və müharibə apara bilməz.

– Əvvəllər filosof Asif Əfəndiyevin “mikromühit” nəzəriyyəsini sevməsəniz də, sonradan Əkrəm Əylislinin, Elçin və Anarın yaradıcılığında həmin mikromühitin ünsürlərinin olduğu fikri ilə razılaşmısınız. İstərdim bu barədə danışaq, nəydi o mikromühit?

Bu yetmişinci illərin əvvəllərinə aid söhbətdir. O vaxtlar da, indi də mən 60-cı illər ədəbi hərəkatına rəğbət bəsləyən bir adamam. Asif Əfəndiyev Moskvada sosialist realizmi nəzəriyyəsindən namizədlik müdafiə edib Bakıya gəlmişdi. O, cavan ədəbi qüvvələrin o zaman çox rəqabət bəslədiyi Əkrəm Əylisli, Elçin, Anar haqqında tənqidi ruhlu yazı yazmışdı və bu yazının adı da səhv etmirəmsə, belə bir şüar şəklində idi: “Mikromühitdən makromühitə!”

 

Asif Əfəndiyevin makromühitə çağırmasının iki tərəfi vardı: biri cavanların əsərlərinə sosialist realizminin tələb etdiyi geniş sosial lövhələrin olmamağının irad tutulması idi. Bu Asifi himayə edən və cavanları qəbul etməyən qoca yazıçıların xoşuna gəlmək istəyi idi. İkinci tərəfdən, Asif mikromühit deyəndə həm də cavan yazıçıların mövzularını və materialını xırda, bədii çəkisiz sayırdı. O zaman mən bu iradların heç birini qəbul etmirdim, balaca adamlar mövzusunu qiymətli yenilik sayırdım və Asiflə polemikam da bu yöndə idi. Bu günbu mövqedə qalıram.

Amma indi bu yaşımda mən o vaxtkı cavan yazıçıların balaca adamları, ümumən, insanları təsvir etməkdə istedad miqyasını tam kafi saymıram. Fikrimcə, Asif 70-ci illərdə mikromühit deyəndə həm də bunu nəzərdə tuturdubu baxımdan haqlı idi. O vaxtkı polemikada mən bunu deyə bilməmişəm.

– Rəsul Rza və Səməd Vurğun arasındakı intriqaları Azərbaycanın MortsartSalyeri “dastan”ı adlandırırsınız. Sizcə, kim kimin “ədəbi şərabına” zəhər qatıb?

– Səməd Vurğun 30-cu illərdən ədəbi mühitdə milli ədəbiyyat cərəyanının başçısı idi. Ona görə sovet vaxtı heç bir ədibin qazanmadığı ümumxalq məhəbbəti qazanıb. Onun millətçiliyini görən və anlayanlar həmişə var idi. Onu gözü götürməyənlər sovet ideologiyasından istifadə edib onu daim şantaj edirdilər. R.Rza da, bir sıra digər xırda adamlar da bu prosesdə iştirak edib. Sovet ədəbiyyatının tarixi düzgün təzədən yazanda bunlar mütləq üzə çıxacaq siz cavanlar da bu ədəbi mübarizələri biləcəksiniz. Səməd öz şantajçılarını kosmopolitlər, vətənsiz şair olmaq istəyənlər adlandırırdı. Heç bir istedadlı vicdanlı ədib Səmədə qarşı olmayıb. Paxıl elə istedadsız, şəxsiyyətsiz deməkdir.

Bugünkü ədəbi mənzərə sizə necə təsir bağışlayır, tənqidçilərdən yazarlardan kimləri hansı üstünlüklərinə görə bəyənirsiniz?

Məncə, müstəqillik dövrünün ədəbi prosesi son on ildə başlayır. Yeni ədəbi qüvvələrin ədəbiyyata gəlməsi orada üstün mövqe tutması baxımından. Siyasətçilik bitəndən sonra Seymur Baycan, Qan Turalı, Əli Əkbər, Rasim Qaraca, Cavidan, Günel Mövlud, Namiq Şaman müxalifət qəzetçiliyindən ədəbiyyata gəldilər. Mərhum Rafiq Tağı dünyaya bənzərsiz baxışı olan bir yazıçı idi, onun qətlinə bütün dünya mətbuatı əks-səda verdi. Bu ən yeni ədəbiyyatdır, əsasənAlatoranjurnalı ətrafında birləşiblər. Mən digər jurnalların adını çəkmirəm, çünki onların bir qayda olaraq ədəbi mövqeyi, platforması yoxdur. Ədəbiyyatda say yox, keyfiyyət əsasdır.

 

Bundan əvvəl Afaq Məsud, Aslan Quliyev, Hüseynbala Səlimov kimi müstəqil yazıçılar var idi. Bu gün onlar da ən yeni ədəbiyyatın tərkibindədirlər. Yeni, müstəqillik dövrü ədəbiyyatı budur.

Bir özünə sadiq olan AYB orqanları var. Onlar isə əsasən bu idarənin aparatına xidmət edirlər. Özü büdcə hesabına. Bir yalançı bir gənclər siyasəti yerdirlər: zəiflərin əli ilə güclüləri vurmaq üçün.

Amerika Konqresinin pulu ilə işləyən “Azadlıq radiosu”, onunOxu zalı” müstəqil ədəbi gəncliyə AYB-dən qat-qat artıq və səmimi qayğı göstərir. Orda gəncləri şəxsi sədaqətə görə qanad altına almırlar. Hətta qonorar da verirlər. Bu, AYB-nin həqiqi Azərbaycan ədəbiyyatına qarşı mübarizəsidir.

Ədəbiyyatda bu iki xətti görürəm, müstəqil və yarırəsmi ədəbiyyat. Tənqid isə bizdə yoxdur. Çünki ictimai rəy yoxdur. Tənqid ictimai rəyin bir şəkli olmalıdır.

– Ədəbiyyat nəzəriyyəsi kitabınız oxudum, çox xoşuma gəldi. Semiotikamifologiyadan çıxış edərək belə bir nəzəriyyə kitabı yazmaq fikri necə yarandı sizdə? Məhz, niyə bu metodu seçdiniz?

- Mən seçmədim, Avropada çoxdan nəzəriyyə deyəndə semiotikanın və strukturalizmin ənənələri nəzərdə tutulur. Cavanlıqda bununla məşğul olurdum. Amma doqquz il “Ədəbiyyat qəzeti”ndə işləyib “qurudum”. 2006-cı ildə məni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə Ədəbiyyat nəzəriyyəsi fənnindən mühazirə deməyə dəvət elədilər. Üç il mühazirələr oxudumbu kitab alındı. Onu vəhv ilə yazmışam, heç bir mənbəyə baxmadan, sevinə-sevinə, özümü xoşbəxt hiss edə-edə. Çapa hazırlayanda bəzi mənbələrə baxası oldum.

Özümü də semiotikanı tərk etmiş bilirdim. Bir dəfə araq içib qalın, ingiliscədən tərcümə olanSemiotika” kitabını Rasim Nəbioğluna bağışladım. Amma kitabı yazanda öz yaddaşıma heyran qalmışdım. Mən semiotikanı öyrənəndə belə kitab yaza bilməzdim. Bunun üçün 25 il keçməli idi. Mühazirə deməyə dəvət olunmalı idim. Bu dəvətə görə həmin insanlara çox minnətdaram. Əsil alimlik də yazıçılıq kimi taledi. İndi mən elmə bədii yaradıcılıq arasında ciddi fərq görmürəm. Böyük semiotika klassiklərinin öz terminologiyası var. Bu da bədii düşüncə priysipindən gəlir. Mən də yazanda öz terminlərimlə yazdım əsasən. Əsil elmdə də özünüifadə tərkibi var.

Fərid çox sağ ol ki, o ağır kitabı oxumusan. Yaddaş ancaq ağır kitablardan zənginləşir.

– Sizcə, xristian, islambuddizm ədəbiyyata hansı fərqli dünya duyumunu bəxş etdibu dünya duyumu ədəbiyyatda necə əksini tapdı?

Bu suala cavab üçün təzə bir kitab yazmaq lazımdır. Mən bədii yaradıcılığı da fərdi mif yaradıcılığının müasir şəkli ayıram. Mif həm də dindir, yəni öz hökmlərini sübuta ehtiyacı olmayan sayır. Fərid, sənin oxuduğum beş hekayəndə də fərdi miflər gördüm. Çox yaxşıdır ki, sən onlara inanırsan, istedad həm də budur. Qaldı xristian və müsəlman ədəbiyyatına, yəhudi mədəniyyəti ilə birgə bunlar vahid bir hadisədir. Bunların kitabları da ayrılmazdır. Kim Qurani-Kərim ayrıca öyrənirsə, onu az bir hissəsini dərk edir. Onları öyrənməyə daxili güc lazımdır. İntibah dövrünə qədər ədəbiyyat dindən ayrı deyildi.

 

Fərid Hüseyn