“Ən çətin məqamlarda Azərbaycan
Gürcüstana dəstək olub”
Əli Babayev: “İvanişvilinin Avropadan sonra ikinci səfərini Azərbaycana planlaşdırması azərbaycanlılara olan münasibətin göstəricisidir”
Ötən həftə tərkibinə Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Qeyrət Xalq Hərəkatının sədri Əlibala Əsgərov, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev, həmçinin Milli azlıqların hüquqlarının müdafiəsi üzrə monitorinq qrupunun rəhbəri Elbrus Məmmədovun da qatıldığı nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində Dövlət Miqrasiya və Sərhəd xidmətlərində, bəzi nazirliklərdə görüşlər keçirilib. Gürcüstan azərbaycanlılarının qarşılaşdığı bir sıra problemlər, onların həlli yolları müzakirə olunub. Bu səfərin təşkili, keçirilən görüşlər və aparılan müzakirələrlə bağlı nümayəndə heyəti üzvlərindən 2-nin münasibətini qəzetimizdə işıqlandırmışıq. Bu dəfə isə “Kaspi”nin suallarını Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev cavablandırır.
- Əli müəllim,
Azərbaycana səfərinizin məqsədi bizə bəlli olsa da, istərdik bu barədə Siz qısa
məlumat verəsiniz...
- Gürcüstanda keçirilən son parlament seçkilərində qələbə qazanan “Gürcü arzusu” koalisiyası Bdzina İvanişvilinin rəhbərliyi altında yeni hökuməti formalaşdırıb. İki aydır ki, hakimiyyətə yeni baş nazir rəhbərlik edir. Amma buna baxmayaraq, 9 illik Saakaşvili hakimiyyəti dövründə yığılıb qalan problemlər hələ də öz yerində, həll edilməmiş qalır. Bu problemlər sırasında azərbaycanlıların hüquqlarının pozulması, o cümlədən sakinlərin əlindən əkin torpaqlarının alınması, işsizlik, kadr çatışmazlığı, təhsilin demək olar ki, yox olması, toponimlərin dəyişdirilməsi, mədəniyyətimizin məhv edilməsi, dini parçalanma və sair üstünlük təşkil edir. Sərhəd-buraxılış məntəqəsində həmvətənlərimizin miqrasiya məsələləri ilə bağlı saxlanması, onların 1 aydan artıq Azərbaycanda qaldığına görə hər birinin 401 manat həcmində cərimələnməsi, bundan irəli gələrək Gürcüstan azərbaycanlılarının böyük narazılığı bizi əməli tədbirlər görməyə vadar etdi. Ona görə də Marneuli şəhərində QHT rəhbərlərinin iştirakı ilə görüş keçirdik. Orada səslənən irad və təklifləri nəzərə alıb Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanladıq. Eyni zamanda belə qərara gəldik ki, Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev və bir neçə nəfər ziyalı ilə birlikdə Azərbaycana səfər edək. Burada dövlət qurumlarının təmsilçiləri ilə görüşüb yaranan narahatlığı, həmçinin soydaşlarımızın suallarını onların diqqətinə çatdıraq, problemin həlli yollarını araşdıraq. Bakıya gəldik və burada millət vəkili Qənirə Paşayeva, Azərbaycanın Gürcüstandakı sabiq səfiri, hazırda komitə sədri kimi fəaliyyətini davam etdirən Ramiz Həsənov, miqrasiya xidmətinin rəisi Firudin Nəbiyev, təhsil, mədəniyyət və turizm nazirləri ilə görüşlər keçirdik. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən bütün bu görüşlər bizi bir daha əmin etdi ki, Azərbaycan hakimiyyəti Gürcüstanda cərəyan edən hadisələri yaxından izləyir, həmvətənlərimizin problemini daim diqqət mərkəzində saxlayır. Ümid edirik ki, sözügedən problemlər iki dövlət arasındakı qarşılıqlı münasibətlər səviyyəsində öz həllini tapacaq.
- Gürcüstan azərbaycanlılarının problemlərindən söhbət açarkən, baş verənlərdən öz məqsədləri naminə yararlanmaq istəyən qüvvələr də diqqətdən yayınmır. Belə adamlardan biri də əslən Gürcüstan azərbaycanlısı olan Söyün Sadıqovdur. O, ayrı-ayrı vaxtlarda Azərbaycan hakimiyyətinə qarşı sərt fikirlər səsləndirib. Son günlər bəzi mətbuat orqanlarında qeyd edilir ki, guya, məhz Söyün Sadıqova görə Gürcüstandakı həmvətənlərimiz, eləcə də Bakıda işləyən soydaşlarımız çoxsaylı problemlərlə üzləşib. Siz bu kimi fikirləri necə qarşılayırsınız?
- Azərbaycan prezidentinə, eləcə də hakimiyyətinə qarşı belə fikirlər səsləndirən, həmçinin Gürcüstandakı azərbaycanlılar arasında nifaq salmağa çalışan adamlara üzümü tutub deyirəm ki, bu günə kimi soydaşlarımızın dərdinə niyə yanmamısınız? İllərlə yığılıb qalan problemlərin həlli yolu axtarılanda sizlər harada idiniz? Həmin o, Söyün Sadıqovun doğulduğu rayonda əkinə yararlı torpaqlar zorla insanların əlindən alındı. Niyə o zaman Söyün Sadıqov və qeyriləri öz doğmalarının, qohum-əqrəbalarının bu kimi probleminin həll edilməsinə yardımçı olmadılar? Əksinə, o zaman onların hamısı Saakaşvili rejiminə dəstək verirdilər. Böyük var-dövlət, nüfuz sahibi olan həmin adamlar nəyə görə öz sərvətlərindən azacıq xərcləyərək, doğulub boya-başa çatdıqları kəndin məktəbini, yolunu təmir etmir, işıq, qaz, su probleminin aradan qaldırılmasına çalışmırlar? Ziya Abbasov və Məmiş Məmişov kimi xeyriyyəçi adamlardan niyə ibrət götürməyiblər onlar? Bax, əsas məsələ budur. Gürcüstan azərbaycanlıları heç zaman Azərbaycan dövlətinin, hakimiyyətinin əleyhinə addım atmayıb. Bundan sonra da bu, belə olacaq. Bizlər prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın günü-gündən inkişaf edib qüdrətlənməsini görür, bununla fəxr edirik. Ümid edirik ki, bu inkişaf ölkələrimiz arasındakı münasibətləri daha da yaxşılaşdıracaq, bir sıra problemlərin həllinə müsbət töhfəsini verəcəkdir. Ona görə də kimsənin öz şəxsi maraqları naminə bütövlükdə Gürcüstan azərbaycanlıları adından danışmasını yolverilməz sayıram.
- Sizcə,
Gürcüstanın yeni hakimiyyəti azərbaycanlıların
problemlərini həll etmək iqtidarındadırmı?
- Mən 14 il idi ki, Gürcüstan hakimiyyətinə müxalif mövqedə dayanmışdım. 2007-ci ilin 2 noyabrından başlayaraq mitinqlərdəyəm. Bu il oktyabr ayının birində Gürcüstan xalqı öz seçimini etdi və bizlərin də dəstək verdiyi “Gürcü arzusu” koalisiyası seçkilərdə qələbə qazanaraq hakimiyyəti formalaşdırdı. Yeni parlamentdə “Gürcü arzusu” koalisiyasından iki, Saakaşvili tərəfdarından isə bir azərbaycanlı deputat var. Biz ümid edirik ki, həmin deputatlar vasitəsilə öz problemlərimizi daha da yuxarı instansiyalar qarşısında qaldıracaq, onların həllinə nail olacağıq. Baş nazir Bdzina İvanişvilinin yeni konsepsiyası var. Regionlarda kənd təsərrüfatı, səhiyyə, təhsil, mədəniyyət sahəsinin inkişafı, həmçinin insan hüquqlarının təmini baxımından böyük islahatlar həyata keçiriləcək. Hakimiyyət nümayəndələrinin biznesə müdaxiləsinin, bizneslə məşğul olmasının qarşısı alınacaq. Hakimiyyət biznesin inkişafını stimullaşdıracaq. Torpaqlar həqiqətən də orada yaşayan və əkin-biçinlə məşğul olan şəxslərə veriləcək. Yerli idarəetmə orqanlarının imkanları, vətəndaş cəmiyyətinin rolu daha da artırılacaq. Bunun üçün zaman lazımdır. Sadəcə, iki ay ərzində bütün problemlərin həllini gözləmək qeyri-mümkündür. Baş nazirin Azərbaycana və azərbaycanlılara qarşı münasibətinə gəlincə, buna ən gözəl nümunə Bdzina İvanişvilinin hakimiyyətə gələndən sonra ilk səfərini Avropaya, ikinci səfərini isə Azərbaycana planlaşdırmasıdır. Gürcüstan üçün Azərbaycan strateji tərəfdaş, dost-qardaş, qonşu ölkədir. Gürcüstana qoyduğu sərmayənin həcminə görə, dövlətlər arasında Azərbaycan ikincidir. Xalqlarımız və ölkələrimiz arasında tarixi bağlılıq var. Ən çətin məqamlarda Azərbaycan Gürcüstana dəstək olub.
Rufik İSMAYILOV
Kaspi.-2012.-13 dekabr.-S.5.