Hüseyn Cavid -130 

 

Bənimlə doğmuş imiş sanki iztirabü kədər!...

Zamani-şəb... uyuyor hər kəs, istirahət edər.

Bütün cihan uyuyor, bisəda, tüyurü vühuş,

Nücumi-zahirə həp nimxab, həp bihuş...

 

Azərbaycan dramaturgiyasının, ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin 130 illiyinə həsr olunmuş tədbirlərdən biriTeatr Xadimləri İttifaqında keçirildi. Elmi konfrans işinə “Kor ərəbin mahnısı” kimi tanınan musiqi ilə başladı. Tədbiri giriş sözü ilə xalq artisti, professor Azər Paşa Nemətov açaraq Hüseyn Cavidin Azərbaycan teatr və dramaturgiyasında özəl yeri, tarixi önəmi haqqında fikir söylədi. Elmi konfransı-tədbirin aparıcısı sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə idarə edirdi.

Sonra çıxış üçün söz H.Cavidin ev muzeyinin direktoru, filologiya elmlər doktoru Gülbəniz Babaxanlıya verildi. O, “Cavid dünən, bu günmövzusunda çıxış edərək ədibin yaradıcılığının Azərbaycan ədəbiyyat tarixində silinməz yeri, gələcək nəsillər üçün irsinin qorunub, saxlanılmasının tarixi əhəmiyyətini qeyd etdi.

Elmi kofrans işini AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor əvəzi AMEA-nın müxbir üzvü Teymur Kərimlinin “Cavidin humanizmi”, institutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlunun “Cavid dramaturgiyası” mövzusunda çıxışları ilə davam etdirildi.

Xalq artisti, aktrisa Şəfiqə Məmmədova “Cavidin “Xəyyam” əsərinin tamaşasında Sevda rolu haqqında” xatirələrini, Cavid dramaturgiyasının milli teatrın inkişafında, yeni rejissoraktyor nəslinin yetişməsində oynadığı əhəmiyyətli roldan danışdı.

Xalq artisti, rejissor Cənnət Səlimova mövzunu davam etdirək, Hüseyn Cavid fenomeninin gənc nəslin dünyagörüşünün, intelektual səviyyəsinin yüksəldilməsində oynadığı vacib rolu qeyd edib, gənclərə mütəmadi olaraq Cavidin kitablarını oxumağı, ev muzeyini ziyarət etməyi məsləhət gördü.

Tədbirdə Mehdi Məmmədovun quruluş verdiyiİblis” tamaşasından fraqmentlər nümayiş etdirildi, ölməz sənətkarın sözlərinə yazılmış musiqilər səsləndirildi.

Tədbirin sonunda teatrşünas-alim Məryəm Əlizadə “Cavidin sehr poetikası” mövzusunda qısa qeydlər etdi və tədbir Azər Paşa Nemətovun yekun çıxışı ilə bitdi.

 

Aygün Süleymanova

teatrşünas

Kaspi.-2012.-15-17 dekabr.-S.9.