«Son illərdə yüngül əsərlərə meyl artıb» 

 

 Firuz Mustafa: «Ölümlə həyat heç vaxt bir-birini görməyən fenomenlərdir. Biri gələndə o birisi çıxıb gedir»

Yazıçı, dramaturq, filosof Firuz Mustafa fevralın 18-i 1952-ci il tarixdə Azərbaycan Respublikası Gədəbəy rayonunun İsalı kəndində ziyalı ailəsində anadan olub. 1980-84-cü illərdə Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sonrakı illərdə elmi işçi, baş elmi işçi, habelə fəlsəfə kafedrasında dosent, Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, habelə müxtəlif illərdə «Maarifçi» və «Mədəniyyət» qəzetlərinin baş redaktoru vəzifəsində çalışıb. Firuz Mustafa 1985-ci ildə fəlsəfə üzrə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib. İlk bədii kitabı 1985-ci ildə “Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə “Elm” nəşriyyatında işıq üzü görüb. O, bir sıra xarici filosof, şair və yazıçıların əsərlərini (N.Berdyayev, F.Nitsşe, S.Yesenin, A. Blok, V.Şukşin və s), habelə «Putin. Birinci şəxsdən» kitabını Azərbaycan dilinə tərcümə edib.

Firuz Mustafa 40-dan çox kitabın müəllifidir. Onlarla pyesi müxtəlif dövlət teatrlarında tamaşaya qoyulub. Cəfər Cabbarlı, “Humay”, habelə, Beynəlxalq Avrasiya Fondunun və Teatr Xadimləri İttifaqının mükafatları laureatıdır. Azərbaycan Fəlsəfə Cəmiyyətinin və Jurnalistlər Birliyinin üzvüdür. O eyni zamanda Azərbaycan Yazıçılar Birliyi dramaturgiya bölməsinin rəhbəridir. Firuz Mustafa hal-hazırda Bakı Avrasiya Universitetində elmi və pedaqoji fəaliyyətlə məşğul olur, həmin universitetin professorudur. Vaxt edib Firuz müəllimlə də ədəbiyyat söhbəti etdik...

– Bəzən teatrları və rəhbərlərini tənqid edirsiniz, bu sizin əsərlərinizin teatra gedən yolunu bağlamır ki?

– Hələlik belə hal baş verməyib. Tənqid etməyimin də səbəbi mənim əsərlərimin teatra yol açması ilə bağlı deyil, sadəcə çatışmazlıqların aradan qalxmasını istəyirəm. Amma burası da var ki, bir sıra teatrlar son dövrlərdə mənim əsərlərimdən imtina ediblər. Səbəbini üzümə deyib əsaslandıra bilmirlər. Bilmirəm ta bu mənim tənqidlərimlə bağlıdır, yoxasa başqa səbəblər var. Məncə, bunlar subyektiv amillərlə bağlıdır. İndiyəcən, necə deyərlər, hansısa “qlobal təzyiqlə” üzləşməmişəm.

– Teatrların bəzilərinə yüngül əsərlər ayaq açdığını müşahidə edirik. Siz bugünkü Azərbaycan teatrında nələri bəyənmirsiniz?

– Teatrlar bugünkü tamaşaçı ilə ayaqlaşa bilmir. Teatr haqda məncə, ən gözəl sözü Alman filosofu və yazıçısı Höte deyib. O deyirdi ki “xalqı yaratmamışdan əvvəl onun teatrını yaratmaq lazımdır”. Teatr elə bir sənətdir ki, orda aktyor savadsız adamlarla da “tərəf-müqabili” ola bilir. Yəni çox vaxt böyük intellekti və təhsili olmayan, hətta, yazıb-oxumağı bacarmayan kəslər də teatrı duyur, tamaşanı dərk edir. Ədəbi janrlar arasında dramaturgiya ən çətinidir, burda yazıçı sözü olmur, hadisə nəql olunmur, artıq təfərrüata varılmır, başqa sözlə hər bir persona və personaj tamaşaçıya özü özünü “təqdim edir”. Burada yazıçıya konkret meydan və konkret zaman verilir. Bəli, mən də o fikirlə razıyam ki, son illərdə yüngül əsərlərə meyl artıb. Dramaturq kimi bu yüngüllükləri qəbul etmirəm, amma tamaşaçı kimi yaxşı başa düşürəm.

– Azərbaycan ədəbiyyatında ən çox monopyes yazan dramaturq sizsiz. Bu janr bu gün nə dərəcədə aktualdır və imkanları nədən ibarətdir?

– Bu janr Avropa ölkələrində çox populyar janrdır. Belə demək mümkünsə həm də, bu cür yığcam əsərləri tamaşaya qoymaq çox az xərc tələb edir. Teatra da çox sərf edir, çünki çox bahalı dekorasiyalar da lazım olmur. Amma monpyes yazmaq bir qədər çətindir. Burada bütün yük bir obrazın çiyninə düşür. Dramaturq bir obrazın vasitəsi ilə bütün bu çətinliklərin öhdəsindən gəlməlidir, yəni əsəri elə qurmalıdır ki, müəyyən vaxt ərzində tamaşaçı böyük heyranlıqla tamaşanı izləsin və həm də geniş ideyalar versin. Monopyes yazmaq, çoxplanlı və çoxqatlı əsərlər yazmaqdan çox çətindir.

– Monohekayələr də yazırsınız, yəni daha çox təklərin xarakterini canlandırırsınız. Obrazlarınızı bu qədər təkləmək nəylə əlaqədardır?

– Mən deməzdim ki, bu, obrazları təkləməkdir, sadəcə bir nəfərin xarakterini və taleyini yazıram. Amma bu personajlar heç də cəmiyyətdən təcrid olunmuş şəxslər deyir. Məsələn “Müqəvva” adlı monopyesimdə qəhrəman öz dərdini müqəvvaya danışır, elə əsərim var ki, obraz hadisəni tamaşaçıya danışır. Yəni, onlar tək deyil, cəmiyyətdən təcrid də olunmayıblar. Amma mahiyyətcə, hər kəs bir fərddir, individdir, yəni təkdir, onun arxasında heç kəs dayanmır. Başqa sözlə, insan tək sevir, tək dərd edir, amma onun sevgisi kiməsə qarşıdır, onun dərdinə kimsə şərik çıxır və bu “təklik” müəyyən mərhələlrdə “ictimailəşir”.

– Gənclərin yaradıcılığını izləyirsinizmi?

– Əlbəttə, izləyirəm. Məsələn, şair Qismətin şeirləri haqqında məqalə də yazmışam. Nasir Aysel Əlizadənin də yazılarını oxuyuram. Tədqiqatçı Nərmin Kamalında elmi-bədii yazılarını bəyənirəm. Ümumi proses pis deyil. Vaxt tapdıqca gənclərin yazılarını diqqətlə oxuyuram.

– Teatr tamaşalarında məhəlli sözlərin işlənməsinə necə baxırsız?

– Birmənalı pis baxıram. Personajların müraciətində nə qədər “ə”, “az”, “alə” xitabı olar axı? Çünki bu cür əttökən ifadələrdən istifadə edib tamaşaçını güldürməklə ancaq ucuz, mənasız şou yaratmaq olar. Heç vaxtı heç bir tamaşamda, daha doğrusu pyesimdə, dialekt sözlərdən istifadə edilməyib. Bu cür əsərlər müəyyən səviyyəsi olan tamaşaçını və tamaşanı ancaq yüngülləşdirə bilər. Bilirsiniz ki, mənim bir işim də Azərbaycan Yazıçılar Birliyinin Dramaturgiya seksiyasının rəhbərliyidir. Vaxtaşırı müəyyən müsabiqələrə jüri oluram. Xeyli sayda, bu cür bəsit, zəif əsərlərlə rastlaşıram. Heyf ki, bu cür əsərlər teatrlarımıza da yol tapır. Bütün bunların olmamağı üçün ciddi teatr islahatlarının keçirilməsinə ehtiyac var. Amma söhbət əsl islahatdan gedir... Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov iki dəfə teatr “islahatı” aparıb. Birində işçiləri işdən çıxardı, ikinci islahatda isə yenidən işə qəbul elədi. Teatrda rejissor institutunu ləğv etdi. Təbii ki, söhbət bu cür “islahatlardan” getmir. Bir də ki, ədası və təkəbbürü istedadını üstələyən adamdan bundan başqa hansısa pozitiv addım gözləmək absurd bir şeydir.

– Elə yazıçılar var ki, onların əsərlərinin mayası ədəbiyyatdan, elələri də var ki, həyatdan gəlib, deyirlər. Sizin elmi və fəlsəfi fəaliyyətinizə görə sizi də ədəbiyyatdan gəlmiş yazıçı sayırlar. Sizcə, belədirmi?

– Şairləri deyə bilmərəm, amma inanmıram ki, geniş mütaliəsi olmayan adamdan nasir olsun. Zəngin mütaliəsi və həyat təcrübəsi olmayan kəsin nasir və dramaturq olacağını mən ağlıma da gətirə bilmirəm. Çünki yaradıcı insan ya bilgiləri, ya da həyat təcrübəsi əsasında yazır; bunlar yoxdursa ciddi ədəbiyyat ola bilməz. Yəni istedadlı adam bütün hallarda istedadlıdır. İki misal çəkmək istəyirəm: Onore de Balzak və Viktor Hüqonun imzası bütün dünyada məşhurdur. Balzak daim kasıb həyat sürüb, Viktor Hüqo isə varlı olub. Hüqo kitabdan qaynaqlanan yazıçı olsa da, geniş həyat təcrübəsi olub. Balzaksa həyatın dibindən gəlib və eyni zamanda dərin ədəbi bilgiləri olub. Eyni misalı rus ədəbiyyatına da aid etmək olar. Fyodor Dostoyevski və Lev Tolstoy. Tolstoy qraf idi, maddi cəhətdən tam təmin olunmuş adam idi. Dostoyevski isə həbs, sürgün və kasıbçılıq kimi həyatın ən böyük məhrumiyyətlərini görmüş bir adam idi, amma eyni zamanda geniş ədəbi bilikləri də vardı. Ümumiyyətlə, mən başa düşə bilmirəm ki, geniş həyat təcrübəsi və mütaliəsi olmayan bir insan necə yaza bilər? Amma təəssüf ki, ədəbiyyat çəmənzarında ya “dibçəkdə” böyüyən, ya da süni yolla meydana gələn bu cür ədəbi “güllərə” rast gəlmək olur.

– Rejissorların “yaxşı dram əsərləri və dramaturqlar yoxdur” narazılığına nə cavab verərdiz?

– Mən bu cür fikirlərlə şərik deyiləm. Bizim dramaturgiyanın yaşı az olsa da böyük dramaturqlarımız az deyil. Mən özüm də tez-tez bu cür cəfəng tezislərlə rastlaşıram və həmişə də eyni cavabı verirəm: elə isə dünyaca məşhur olan klassikləri tamaşaya qoyun. Bəyəm indi bizdə Şekspirin əsərləri anşlaqla gedir? Bizim dramaturqları bəyənməyənlər buyurub Bekketi, İoneskonu, Milleri, O, Nili Harold Pinteri nə bilim daha kimin, kimin əsərlərini tamaşaya qoysunlar. Kimdir bu işdə onlara mane olan? Bizdə yaxşı rejissorlar barmaqla sayılacaq qədər azdır.

– Hansı qadın yazarların hansı əsərlərini bəyənirsiz və hansı xüsusiyyətlərinə görə?

– Mən yazı-pozu təsərrüfatını cinslər üzrə təsnifata cəlb edə bilmərəm. Bir var yazıçı, bir də var qeyri-yazıçı. Yazıçının kişi və qadın qütblərinə bölünməsini qəbul etmirəm.

– Yazıçı üçün ölümü düşünmək nədir və sizcə, həyat üçün ölüm nə deməkdir?

– Ölümlə həyat heç vaxt bir-birini görməyən fenomenlərdir. Biri gələndə o birisi çıxıb gedir. Bəlkə də, onlar bir dəfə görüşə bilsəydilər müəyyən əlverişli saziş bağlaya bilərdilər. Təəssüf ki, bu görüş baş tutmur.

– Bulqakovun Stalinə yazdığı məktub kimi bir əsər yazmaq istəmisinizmi?

– Mən Bulqakovu oxumuşam. Onun “Usta və Marqarita”, “Ağ qvardiya” romanları öz strukturu, kompozisiyası baxımından maraqsız deyildir. Amma Bulqakovu mən heç də ən çox dəyərləndirdiyim, bəyəndiyim yazıçıların siyahısına daxil edə bilmərəm. İyirminci əsr rus ədəbiyyatının Qorki, Şoloxov, Leonov kimi klassikləri cərgəsində Bulqakovun yeri kiçikdir. O ki, qaldı məktuba... Olsun ki, Stalin dövrünün yazıçısı olsaydım məktub yazardım. Amma Bulqakov kimi yox, Firuz Mustafa kimi.

 

Fərid Hüseyn

Kaspi.-2012.-15-17 dekabr.-S.15.