Heyva çiçəkləri
Nəzakət 4-cü sinifd oxuyurdu. Əlaçı oxuduğundan müəllimləri onu həmişə ön cərgəyə qoyurdu. Sinifin üzünü ağ elədiyindən məktəbin bütün müəllimləri onu sevirdi, bircə coğrafiya müəllimi Məhbubə müəllimdən başqa. Məhbubə müəllimin Nəzakəti görməyə gözü yox idi, ona qarşı ürəyində kin, həsəd, paxıllıq baş qaldırmışdı. Müəllimin qızı Mirvari Nəzakətlə bir sinifdə oxuyurdu. Mirvari də yaxşı oxuyurdu, ancaq Nəzakətə çata bilmirdi. Məhbubə müəllim başqa müəllimlərdən xahiş etməkdən usanmırdı. O, qızını məktəbin birincisi etmək istəyirdi. Ona görə, yeri gəldi-gəlmədi, Nəzakəti sancır, coğrafiya fənnindən qimətini aşağı salmaqla onu əlaçılar cərgəsindən silmək istəyirdi.
… Hər il olduğu kimi, bu il də 9 May bayramını təntənə ilə qeyd etmək üçün bərk hazırlıq işləri gedirdi. Şagirdlər qrupa bölünür, hərəsinə bir iş tapışrılırdı. Kimisi rəqs öyrənir, kimisi müharibəyə, qələbəyə aid şeirlər əzbərləyir, kimisi müharibə veteranlarını təbrik üçün çıxış hazırlayırdı.
Nəzakət isə böyük Səməd Vurğunun ilk Azərbaycanlı təyyarəçi qadını Leyla Məmmədbəyliyə həsr etdiyi «Leyla» şeirini əzbərləmişdi. Şeir demək üçün o, tam hazır idi. Bircə qalmışdı gül dəstəsi almaq. Hər bir şagird öz çıxışından sonra hərəsi bir veterana yaxınlaşmalı, gül dəstəsini verərək onu təbrik etməli idi. Bəs indi Nəzakət anasına necə desin ki, səhərki bayrama gül almaq lazımdır. Elə bu günün özünə qədər anası söz arası deyirdi ki, maaş almağa hələ bir neçə gün qalıb. Gərək ehtiyat pulumuzu elə xərcləyək ki, ayın başına qədər bizi görsün. Anasının bu cümləsi beynində tez-tez cövlan edib onu sakitləşməyə qoymurdu. Eşidəcəyi «yox» kəlməsi onu təşvişə salırdı. Elə şey olarmı ki, o məktəbə gülsüz getsin? Hansı üzlə gedərdi? Ona nə deyərdilər? Onu qınamazdılarmı? «Bir dəstə gül nə olan şeydir, onu almamısan?»
Birdən yoldaşları onu və
anasını xəsis adlandırarlar. Onda necə olsun? Axı, onlar xəsis deyillər!
Sadəcə olaraq gül almağa pulları
yoxdur. Anasının gülə verilən
pula heyfi gəlirdi. Deyirdi gülə verdiyim pula gedib beş kilo «pəsok» alaram, çayınızı
şirin edib içərsiz.
Nəzakət odla-su arasında qalmışdı. Nə
anasından keçə bilirdi, nə də məktəbə
gülsüz gedə bilirdi. Ürəyi
çırpınmağa başladı. Nə
olursa-olsun, anasından gül almağı xahiş edəcəkdi.
Qoy ona çit don almasın, onun puluna gül alsın, o da o
biri uşaqlar kimi məktəbə alnıaçıq, fərəhlə
getsin. Qoy görsünlər
ki, o, yetim deyil, atası çoxdan dünyasını dəyişsə
də anası ona həm də atadır. Ürəyi
döyünə-döyünə anasına
yaxınlaşdı, qırıq-qırıq səslə,
yavaşdan dilləndi:
- Ana,.. bilirsən, sabah məktəbimizdə
bayram tədbiri var,... 9 May günü.. Müharibə
iştirakçılarını təbrik etməliyik,
hamımız...
Anası Nəzakətin nə demək istədiyini
başa düşməyə çalışdı. Nəzakət
anasının dinmədiyini görüb ürəkləndi,
sözünə davam etdi:
- Ana,
uşaqlar hamısı bazardan gül alacaqlar, yaxşı, təzətər
gül olmalıdır, qırmızı qərənfil
güllərdən almalıyıq. Ana, sən də
mənə gül alarsan?
Ananın
susub durmağı Nəzakətə bir il
qədər uzun gəldi. İndicə eşidəcəyi
«yox» kəlməsinə cavab axtarırdı. Anasını inandırmalı idi. Gülü olmasa məktəbə gedə bilməzdi.
Bu biabırçılıqdan necə qurtara bilərdi?
Ana əlini cibinə saldı. Cibində həmişə
xırda pullar olurdu. «Nəzakət, al bu
pulu, tez qaç, bir çörək al». «Nəzakət,
al bu xırdanı, get bir qutu duz al gətir, ağ duz olsun, ha…!» Nəzakət elə bildi ki,
anası indi də onu ya duz, ya çörək, ya da nə isə
bir xırda şey almaq üçün dükana göndərəcək.
Ana əlini xeyli cibində saxladı, cibini
eşələdi, nəyisə əlilə yoxladı,
saydı. Nəhayət, əlini cibindən
çıxartdı. Nəzakət gözlərini
bayaqdan anasının cibinə dikmişdi. Nəzərləri anasının cibindən
çıxartdığı əlinə tərəf
sürüşdü. Ana qəpikləri
ovcunda bərk-bərk sıxmışdı. Nəzakətin
yalvarış dolu baxışlarını hiss edib ovcunu
açdı. Qəpikləri Nəzakətə
uzatdı. Nəzakətin üstündən
sanki dağ götürüldü. Əlini
tez anasının əlinə toxundurdu, qəpikləri
aldı. Bunu elə bir cəldliklə etdi
ki, sanki anasının fikrindən daşınacağından
qorxurdu. Nəzakət qəpiklərə
baxdı, bir dənə 10 qəpiklik, iki dənə 20 qəpiklik
idi. Nəzakətin ürəyi yerə
düşdü. «Bu nədir, ay ana? Bunakı gül düşmür? Mən nə
edəcəyəm?» Ana qızının
ürəyindən keçənləri oxuyurmuş kimi dilləndi:
-
Qızım, biz qərənfil ala bilmərik, özü də
bazardan… Get, qonşumuz Səttar müəllimin yaxşı
qızılgülləri var, ona de ki, səhərə sənə
gül lazımdır, dərib versin. Pulunu ver,
güllərini götür gəl.
Nəzakət yerində donmuşdu. 50 qəpiyə
gül düşmürdü. Bunu o, Səttar
müəllimə necə deyəcəkdi?
- Nəzakət,
cəld ol, tez get gəl, işimiz çoxdur…
Nəzakət yuxudan ayılan kimi oldu. Bir anlıq
duruxub qaldı, getsin, getməsin? Hər halda getsə
yaxşıdır, gülsüz məktəbə gedə bilməzdi
ki...
Nəzakət qəpikləri bərk-bərk ovcuna
sıxmışdı, onları itirəcəyindən
qorxurdu. O,
yerindən tərpəndi. Gün bərk
şaxıyırdı. Nəzakət
tez-tez yeridiyindən və həyəcandan qan-tərə
batmışdı. Səttar müəllimgilə nə
vaxt çatdığını hiss etmədi. Yaxınlaşıb
alaqapını döydü. İçəridən
səs-səmir gəlmirdi. Qapı
dalında qaldığından həyəcanlandı, ürəyi
şiddətlə döyünməyə başladı.
«Birdən Səttar müəllim evdə olmaz
onda mən neyləyərəm? Məktəbə
gülsüz necə gedərəm? Uşaqların,
müəllimlərin üzünə necə baxaram? Vay, vay… mən batdım». Nəzakətin
ürəyi kədərdən üzülürdü. Başını aşağı salıb
bağlı qapıya bir də nəzər saldı. Balaca goppuş əllərilə qapını ikinci
dəfə döyməyə başladı. Həyətin
o başından zəhmli bir səs eşidildi:
- A bala,
kimsən orda, qapını nöşün
sındırırsan, ay vələduzna! Gəlirəm də,
bir səbrin olsun!
Bu dəfə Nəzakət kişinin acıqlı səsindən
vahiməyə düşdü. «Yəqin mənə
acığı tutdu, o, mənə gül verməyəcək…».
Qapının dalı vurulu idi. Nəzakət yaxınlaşan ayaq səslərindən
başa düşdü ki, gələn evin sahibi və onu
yoldaşları arasında xəcalət hissindən qurtaracaq
Səttar müəllimdir.
Səttar orta məktəbdə uzun müddət müəllim
işləmişdi. Təqaüdə
çıxdığına baxmayaraq böyükdən-kiçiyə
hamı ona «Səttar müəllim» deyirdi. O, çox əməksevər
idi. Ona görə balaca həyətindəki
torpaqda cənnət yaratmışdı. Sıra
ilə gül kolları əkmişdi. Qızılgülün
bütün növlərini öz əlilə basdırıb
becərirdi. Quşlar bu cənnət - məkanda
qanad saxlayır, özlərinə yuva qurur, bülbüllər
dayanmadan cəh-cəh vururdu.
Səttar müəllim alaqapının cəftəsini
qaldırdı, qapını açdı. Qarşısında
balaca bir qızın boynunu büküb durduğunu
gördü. Səttar müəllimin yaşı ötsə
də öz kişi gözəlliyini, uca
boyunu saxlamışdı. Kişinin uca boyu
yanında daha da balaca və cılız görünən Nəzakət
titrəyə-titrəyə ona baxırdı. Kişinin cingiltili səsini eşidəndə Nəzakət
daha da büzüşdü.
- Ay
qız, dillən görüm, niyə gəlmisən? Nə istəyirsən günün bu qızmar
vaxtında?
Nəzakətin yolboyu əzbərlədiyi söz bir
anlıq yadından çıxdı. Kəkələyə-kəkələyə
dilləndi:
-
Bilirsiz.., mənim 50 qəpiyim var.., anam dedi ki, mənə
gül verəsiz, mən sabah məktəbə
şənliyə getməliyəm…
Səttar
müəllim qızın sözünü
yarımçıq kəsdi:
- Necə
qəpiyin var dedin?
- 50 qəpiyim…
- Aç
göstər görüm!
Nəzakət həyacandan bir-birinə
yapışmış barmaqlarını açdı. Ovcunda
tutduğu qəpikləri Səttar müəllimə göstərdi.
- Ay
qız, heç utanmırsan, yalan danışırsan?! Mən boyda adama yalan danışmaq hardan
ağlına gəldi?
- Mən…,
heç bilmədim…, mənim üç dənə qəpiyim
var idi… biri yoxdur, hə…20 qəpiyim yox olub. İtirdim, lap yəqin
itib…
- Bu necə
olur, pulunu itirirsən?
- Atam qəbri,
mən yalan danışmıram. Mən heç
yalan danışanları da sevmirəm. Anam
mənə 50 qəpik vermişdi… indi onun 20 qəpiyi yoxdur.
Düz deyirəm, inanın…
Nəzakətin gözündə gilələnmiş
yaş yanağından aşağı süzüldü. Səttar
müəllim bir azca yumşaldı. Qızcığazın
göz yaşlarına inandı. Başı
ilə gəl işarəsi verib gül kollarına tərəf
getdi. Təzə açmış
qönçələrə baxdı. Yaxınlıqdakı
ağacın budağından aslımış tənək qayçısını
götürdü. Qönçələrin
yanından keçib bir gün qabaqdan açılmış
güllərə yaxınlaşdı. İri
ləçəki qızılgüldən bir dəstə
yığdı. Bir əlilə qəzetə
bükülmüş gülləri vermək, o biri əlini qəpikləri
almaq üçün qızcığaza uzatdı. Nəzakət qeyri-iradi ovcunu açıb qəpikləri
kişinin ovcuna qoydu. Səttar müəllim eynəyinin
altından qəpikləri saydı:
- Bu nədir,
ay qız? Bəs deyirdin 20 qəpiyin itib?
Burda isə cəmisi 20 qəpik var. Sənə bu tərbiyəni
kim verib? Sən hamını
belə aldadırsan?
Nəzakətin nitqi tutulmuşdu. Danışmağa,
addım atmağa heyi qalmamışdı. Başı gicəllənirdi. Yıxılmamaq
üçün özünü güclə
saxlayırdı. Bu nə iş idi onun başına gəldi?
Onun qəpikləri bir-bir hara yoxa
çıxırdı? Onun adına
hətta yalançı adı yapışdırdılar. O
bunu ömrünün axırına qədər yadından
çıxarmayacaqdı. Birinci dəfə idi
ki, bu qədər alçalırdı. Birinci dəfə
idi ki, onu yalançılıqda, adam
aldatmaqda ittiham edirdilər.
Nəzakətin söz deməyə nə dili var idi, nə
taqəti. Pullarını itirmişdi. Səttar
müəllimin qarşısında aciz dayanmışdı.
Gözlərindən damla-damla yaş
axırdı. Nə əlinə batıb onu incidən
qızılgülün tikanlarını hiss edirdi, nə də
gözündən axan yaşı silə bilirdi. Yerindəcə donub qalmışdı. Səttar
müəllimin səsi qulaqlarında cingildədi:
- Ay
qız, nə quruyub qalmısan, gülünü də
götür, çıx get! Bir də məni aldatmaq fikrinə
düşmə!
Nəzakət
key kimi yerindən tərpəndi, qapıya sarı getdi.
Əlini qapıya uzadıb açmaq istəyəndə Səttar
müəllimin zəhmli səsini yenidən eşitdi:
- Ancaq,
yaman diribaş qızsan ha! Özünə yaxşı yol
açacaqsan!
Nəzakət
bu sözdən sonra daha bərk ağladı, səssizcə… Yoldan keçənlərdən utanmasaydı, bərkdən
hönkürərdi… haray salıb hamıya bildirərdi ki, o,
yalançı deyil, o, heç kimi aldatmayıb. Anası ona 3 dənə qəpik vermişdi, ikisi 20,
biri 10 qəpiklik. Bəs onlar necə oldu?
«Axı, mən onları ovcumda bərk-bərk
sıxıb saxlamışdım. Yəqin
barmağımın arasından düşüb yerə, yer
qum olduğundan hiss etməmişəm».
Qızcığaz
bir az özünə gəlmişdi. Yol gedə-gedə qəpiklərini axtarırdı.
«Kaş bir möcüzə olaydı, qəpiklərimi
tapaydım, o saat aparıb Səttar müəllimə göstərəydim.
Onda o bilərdi ki, mən yalançı deyiləm,
heç kimi aldatmaq fikrində də olmamışam».
Nəzakət getdiyi yolu bir də geri qayıtdı. Gözləri
ilə yeri gəzir, pulunu axtarırdı. Qəpiklər
isə yağlı əppək olub göyə çəkilmişdi.
Nəzakətin gül almağa getməsindən bir saata
yaxın vaxt keçirdi. O, əlini qəpiklərindən üzüb
kor-peşman evlərinə tərəf gəldi. Hərdən nəzərlərini yerdən
üzüb qucağında bərk-bərk sinəsinə
sıxdığı qızılgül dəstəsinə
baxırdı. Güllər bədəninin
hərarətindən və günün istisindən
solmuşdu. Üstü xallanmış ləçəklərdən
bir neçəsi qopub düşmüşdü. Nəzakətin əhvalı tamam dəyişdi.
İndi də solmuş çiçəklərin
dərdini çəkməyə başladı. Əgər belə getsə səhərəcən
bu çiçəklərdən əsər-əlamət
qalmayacaq. Ah, birdən bu doğrudan belə olar, ləçəklər
qopar, mən gülsüz qalaram. Onda anama nə
cavab verəcəm? Deməz ki, pulu
aparıb heç nədən çölə tulladın?
50 qəpiyə sənə bir cüt corab ala bilərdim.
Nəzakət anasının qınağına
nə cavab verəcəyini kəsdirə bilmirdi. Ondan betəri isə məktəbə gülsüz
getməyi idi. Nəzakət anasının
danlağını eşitməsin deyə qonşuları Məsmə
xalagilə keçdi. Məsmə
xalanın qızı İnci onunla bir sinifdə oxuyurdu. Nəzakət başına gələnləri
İnciyə danışdı. Solmuş,
öləzimiş gülləri qəzetin arasından
çıxarıb vazaya qoydular. Nəzakət
ümidini itirmək istəmirdi. Bəlkə
solmuş güllər suda özünə gəldi. Məktəbə gülsüz getmək
qızcığazın nəzərində ölümə bərabər
idi.
Nəzakət əl-üzünü yudu. İstəmirdi
ki, anası onun ağlamağını, qəpiklərini itirməyini
bilsin. Bir az toxtayandan sonra öz həyətlərinə
keçdi. Anası qızının ləngidiyindən bərk
narahatçılıq keçirirdi, qızını
görüb açıqlı səslə soruşdu:
- Nəzakət,
harda itib-batmısan, gedəndə demədimmi tez qayıt gəl?
Hanı güllərin?
Nəzakət
dalğın-dalğın dilləndi:
- Ana,
bayaqdan gəlmişəm, İncigildə məşq edirdik,
sabahkı bayrama hazırlaşırdıq. Gülləri də
İnci qoydu suya, dedi ki, bizdə qalsın, anam yaxşı
buket bağlaya bilir, sənin də güllərini bağlayar.
Ana heç nə demədən öz işinin
dalınca evə keçdi. Nəzakət gecəni
narahat yatdı. Səhər lap tezdən durdu. Şeirini bir də təkrar etdi. Səhər yeməyini yeyib, İncigilə getdi.
İnci hazır dayanmışdı. Nəzakət vazada gülləri görməyəndə
ürəyi qopdu.
- İnci, hanı mənim güllərim?
- Qorxma, Nəzakət,
anam sənə heç kəsdə olmayan gözəl bir
buket hazırlayıb. Elə gözəldir ki… Özünün
də xoşuna gələcək.
İnci anasının düzəltdiyi buketləri gətirdi. Birini Nəzakətə verdi, o birini özü götürdü. Nəzakət tez güllərinə baxdı,
görsün ki, ləçəkləri çox
tökülməyib ki? Buketə baxanda
gözlərinə inanmadı. Qışqırmaqdan
özünü zorla saxladı. Qızılgülün
əvəzinə… başqa güllər var idi. Nəzakət
ağlamsınaraq dedi:
- Məsmə
xala, bu nə güllərdi? Hanı mənim
güllərim?
Məsmə
xalanın həlim səsi eşidildi:
-
Qızım, narahat olma. Sənin güllərinin
ləçəkləri elə gecəykən
töküldü, bircə kötüyü qaldı. Bu bilirsən nə gülüdür? Bilmirsən? Deyim bil: bu heyva çiçəyidir.
Bundan heç kimdə olmayacaq. Bu həm də ruzi, bərəkət rəmzidir.
Sən məktəbə ruzi aparırsan… Gəl bir sənin də
saçlarını yığım, axı bu gün siz fərqlənməlisiz,
bayramdı…
Nəzakət heç nə eşitmirdi, heç nə qavramırdı. Məsmə xala onun saçlarını iki yerə ayırdı, hər ikisini yuxarıdan yığaraq İncinin bantları ilə bağladı, sığalladı. Hər ikisinin üzündən öpüb məktəbə yola saldı.
Qızlar gəlib sıraya düzüldü. Nəzakət başqa məktəblilər kimi qərənfil dəstəsi gətirmədiyindən xəcalət çəkərək arxa cərgəyə keçdi. Sinif rəhbəri Əsmər müəllim əlaçı şagirdini - Nəzakəti qabaq cərgəyə dəvət etdi. Onun gözlərini yerə dikərək dayandığını görən Əsmər müəllim yaxınlaşıb soruşdu:
- Nəzakət, sənin yerin birinci sıradadır, sən niyə arxaya çəkilmisən?
Nəzakət doluxsunub güclə eşidiləcək səslə dilləndi:
- Əsmər müəllim.., mənim çiçəklərim yaxşı deyil…Mən qabağa keçə bilmərəm… Heç, şeir də deyə bilməyəcəm…
- Sən şeir deyəcəksən, qızım. Güllərin də çox gözəldir, onu da, bax, o döşləri orden-medallarla dolu olan qəhrəmana verəcəksən.
Əsmər müəllim Nəzakətin qolundan tutub qabaq cərgəyə gətirdi. Nəzakət baxışlarını yerdən qaldırmağa cəsarət eləmirdi.
Bayram tədbiri başlamışdı. Uşaqlar bir-bir sıxış edir, gül dəstəsini müharibə veteranlara verirdilər.
Getdikcə Nəzakətin qırışığı açılırdı, ürəklənmişdi. Başını qaldırıb ətrafa, danışanlara baxırdı. Birdən gözünü ona zilləmiş Məhbubə müəllimi və çıxışını başa vurmuş Mirvarini gördü. Onların gözündə özünə qarşı bir nifrət, kinayə var idi. Nəzakət özünü bir anlıq doğma məktəbində, şagirdlərin, müəllimlərin içində günahkar kimi hiss etdi. Onların kinayəli baxışları altında əzildiyindən əllərilə üzünü qapadı. Onu yenidən hıçqırıq boğdu. Özünü zorla ələ aldı. Bildi ki, onların bu baxışlarına səbəb əlində tutduğu heyva çiçəyinin buketi idi. Məhbubə müəllim yaxınlaşıb yavaşdan onu sancdı:
- Bircə bu qalmışdı ki, heyva çiçəyindən buket düzəldəsən. Aybına gəlmir, onu necə təqdim edəcəksən?
Nəzakət cavab vermədi. Ürəyi sındı. Ayaqları əsdi. Pis bir iş tutmuş adam kimi səsini içinə saldı. Qulaqlarına öz adı gəldi. Əsmər müəllim elan edirdi:
- İndi də təbrik üçün sözü veririk məktəbimizin sevimlisi, əlaçı şagirdi Nəzakət Məmmədovaya! Buyur, Nəzakət, gəl səhnəyə!
Nəzakət ayaqları əsə-əsə tribunaya tərəf gedirdi. Əlindəki gül buketini gizlətməyə çalışırdı. Baxışlarını yerdən ayırmırdı. Tribunada mikrafon önünə keçən kimi ən çox sevdiyi şair Səməd Vurğunun «Leyla» şeirini deməyə başlayanda bütün həyəcanı ötüb keçmişdi. Şeirin axırıncı misrasını deyib qurtarmamış sürəkli və gurultulu alqışlar ətrafa yayıldı. Nəzakət alqışların sədası altında qəhrəman döyüşçüyə yaxınlaşıb gül dəstəsini ona uzatdı.
Keçmiş döyüşçü gül dəstəsini onun əlindən aldı, burnuna yaxın tutub qoxladı, gülün ətrini ləzzətlə ciyərlərinə çəkdi. Nəzakətin əlindən yapışıb mikrafona tərəf gəldi:
- Əziz məktəblilər! Mən indiyə qədər çox görüşlərdə olmuşam. Çox adamlarla görüşmüşəm, mənə sayı-hesabı olmayan güllər, çiçəklər bağışlayıblar. Ancaq bu cür gül damədini birinci dəfədir ki, qəbul edirəm. Bu gül çələngi heyva ağacının çiçəkləridir. Heyva ağacı müqəddəs ağacdır. Onun meyvəsi də, çiçəyi də çox ətirli olur. Nənələrimiz heyva ağacından kəsib uşaqların paltarından sancaqlayırlar ki, uşağa bədnəzər dəyməsin, şər qüvvələrdən, xətadan-bəladan uzaq olsun. Nəzakət qızım da bu gülü mənə verməklə demək istəyib ki, nəinki mən, mənim timsalımda vətəni qoruyan oğullar, eləcə də vətənimiz bədnəzərdən, şər qüvvələrdən, davadan uzaq olsun. Mən qızımın bu hədiyyəsini evimin yuxarı başından asacam. İndi isə istəyrəm mənim şəklimi Nəzakət qızımla çəkəsiniz və bu şəkil mənim arxivimdə qalsın. Gələcək nəsillər görsün ki, balaca bir qız vətəninə, onun döyüşkən oğullarına nə arzulayır.
Nəzakətin qəhrəman döyüşçü ilə çəkdirdiyi şəkil məktəbin divar qəzetinin və sonra da respublikanın mərkəzi qəzetlərinin səhifələrini bəzədi. Heyva çiçəyindən düzəlmiş buketi qəhrəman başı üzərində tutmuşdu.
Nəzakətin sevincdən qara gözləri
yaşarmışdı.
Salatın Əhmədli
Kaspi.-2012.-15-17 dekabr.-S.17.