Gecikmiş atlının sürəti
65 yaşlı şairə ömrünə baxış
Xəzangül xanım söz atlısı
olaraq sənət meydanına gecikmişdi. Təbiətin sirlərinə,
nizamına, bölgü qaydalarına, əksiliyinə və
anoloji oxşarlığına, növbəlilik prinsipinə
diqqət kəsilirəm. Görəsən, sənətdə
kimlər böyük rol oynamışlar? Vaxtı uyarlı
seçənlər, erkən oyananlar, yoxsa gecikənlər?
İstedad ağacının hər üç budağı qədərincə
meyvəlidir. Bununla belə, təqsimlərin, yerdəyişmələrin
mübahisəsi gündəlikdə qalır. Bu yazıda bizi
"anormallar" maraqlandırır. Kim üstələyir?
Erkənçilər, yoxsa gecikənlər? Hələlik birmənalı
cavab yoxdur. Erkənçilərin öz istinad nöqtələri
var: "Ləngitmək itki rəmzidir. Vergili istedadlar, iti zəkalar
zamanı qabaqlamalıdırlar. Bəstəkar Motsart, şair
Səməd Vurğun, rəssam Bəhruz Kəngərli, aktyor
Hüseyn Ərəblinski 10 yaşın civarını
aşar-aşmaz böyük sənətə qədəm
qoymuşlar. Onlar erkənçi olmasaydılar, fəth etdikləri
zirvələrə ucala bilməyəcəkdilər".
Meydana
gecikən söz atlıları da öz arqumentlərinə
arxayındırlar: "Günəşli gündüz iki hissədən
ibarətdir. Günortadan sonrakı həyatın öz
möcüzələri olur. Sədi Şirazi, Nizami Gəncəvi,
Süleyman Rəhimov sənətə 40 yaşından sonra gəlmişlər.
Buna baxmayaraq, özlərini bütün dünyaya tantdıra
bilmişlər".
Fikrimi
güclü təşbehlərin köməyilə
açmağa çalışıram. Və daha bir misal çəkirəm. 13 yaşında "Vəfalı
Səriyyə"ni yazan Cəfər
Cabbarlı həyatda böyük bir iz və irs qoyaraq 35
yaşında dünyasını dəyişdi. Bizim qəhrəmanımız
isə "İlham ədəbi birliyi"nin
qapısını açanda 35 yaşı varıydı.
Xəzangül xanımın təcrübə xarakterli
ilk yazıları yadımdadır. O, S.Vurğunun və Ə.Vahidin təsiri
altında yazılar hazırlayıb müzakirəyə təqdim
edərdi. Klassik ruha söykənən qəzəlləri
və məsnəvi formasında
quraşdırılmış müxtəlif mövzulu yazıları
çağdaş poeziyanın î biri tərəfındəydi. Həm
də bu yazılar sənət sınağına çəkiləcək
halda deyildi. Təşkilat görməmiş,
məşqçi-ustad təlimi almamış oyunçudan qələbə
gözləmək sadəlövhlükdür. Tələbələrimə
yarızarafat, yarıciddi deyirdim: "Nizami Gəncəvini
mütaliə etmək vacibdir. Müasir rahlu
şair olmaq üçün isə mütləq Fikrət
Qocanı oxumaq lazımdır. Xəzangül
xanımın qələm-peyki sənətçilər
arasında özlüyü ilə qabarıq seçilən
R.Rza, M.Araz dünyalarından çox-çox aralı
fırlanırdı. Belə nəhənglərin
özəl yaradıcılığı yetişməkdə
olan qələm sahibinə əsl göstərici idi.
Göründüyü kimi, imtahan î qədər də sadə deyildi. Yaş
faktorunu da nəzərə alsaq, məsələ xeyli qəlizləşirdi.
Məşqçinin
nigarançılığı müəyyən əsaslara
söykənirdi. O, dəyişilə biləcəkdimi?
Dəyişilmək üçün çox iş
tələb olunurdu. Görəsən, gecikmiş atlı
bütün bunların öhdəsindən uğurla gələ
biləcəkdimi?..
Gəldi.
Sən demə, çıxış nöqtəsi
lazımıymış. O, bu çıxış
nöqtəsini "İlham ədəbi birliyi"ndə
tapdı. Yaradıcılıq
ocağının ab-havası ona düşdü. Bu havanı acgözlüklə istedadının
"ciyərinə çəkdi". Tezliklə
sözü sənətə çevirməyin sirlərinə
yiyələndi. O, nəinki poetik dünyada
özünü tapdı, həmçinin ədəbi-tənqidi
fıkirləri dürüstləşdi, təkmilləşdi.
Sonuncu keyfıyyət özünü görmək,
özünə nəzarət etmək üçün ona fərdi
üstünlüklər aşıladı.
"Mənim incilərim" Xəzangül
xanımın ilk mətbu şeiridi. O, yəqin ki, hamını,
xüsusilə müəllimini razı sala biləcək bir
manifestlə böyük sənətə qədəm
qoymuşdu:
Mənə
qiymətlidir î saf
vicdanın,
Mənim incilərim sevən qəlbindir.
Zəhmətlə
bəzənən î
adın, sanın,
Şirin həyatımdır, gələcəyimdir.
Əşyaya
pərəstiş etmə, əzizim,
Həyat duyğuları başqadır, inan.
Əyalət sayılan Gəncə ədəbi
mühitində sürətlə parlamaq hər adama nəsib
olmur. Kecikmiş atlının sürəti
hamımızı çaş-baş saldı. Xəzangül xanım qısa müddətdə
vaxtilə itirdiklərinin yerini doldurdu. Onun
imzası tanınmaz çoxtirajlı qəzetlərdən, azəhatəli
yerli mətbuatdan mərkəzi qəzet və jurnallara
yayıldı. Radio vaxtaşırı
ondan danışdı. Televiziya ekranı dəfələrlə
onu respublika oxucularına təqdim etdi. Nəşriyyatlar
səxavətlə ona yer verdi. Bir-birindən
maraqlı kitablar durna qatarı kimi sıralandı: "Qaya
üstə bitən çiçək", "Yeddinci
göylə söhbət", "Ömür şikəstəsi",
"Şübhələr", "Günəş məni
aldadır". Uğurlarını nəzərə alan Azərbaycan Yazıçılar Birliyi onu
öz sıralarına qəbul etdi.
Təkmilləşmə ədəbi şaxələnməyə
şərait yaratdı. Qadın-şair, ana-şair uşaq
dünyası üçün diqqətçəkən
şeirlər yaratdı. Və onları
toplu şəklində nəşr etdirdi.
Müraciət etdiyi vəznlərin sayı da
artmışdı. Əruz və heca vəznlərinə sərbəst
vəzn də əlavə olunmuşdu. Təkcə ağ şeirə baş qoşmurdu. Bilirdi ki, çağdaş oxucu hələ buna
hazır deyil. Xəzangül xanımın
poeziyası əsas iki vəzn vasitəsilə dünyaya
göz açırdı - heca və sərbəst vəzni.
Səsi ölkə sərhədlərini aşdı. Türkiyə, İraq
oxucuları onun yaradıcılığını təmsil edən
nümunələrlə tanış oldu. Qonşu Gürcüstan dövlətində daha
böyük uğur qazanıldı. Xəzangül
xanımın gürcü dilinə tərcümə
olunmuş "Ekvebi" ("Şübhələr")
şeirlər kitabı əcnəbi oxucular üçün əsl
ədəbi hadisəyə çevrildi.
Xəzangül xanımın mövzu ərazisi,
arealı intəhasızdır, sərhədlərə
sığmazdır. Onun qələmi eradan əvvəldən
tutmuş indiyə və gələcəyə, göydən
tutmuş yerə, Şərqdən tutmuş Qərbə
(ABŞ-a, Livana, Türkiyəyə, Yaponiyaya), həmçinin
şimalda Borçalıya, cənubda Güney Azərbaycana qədər
rahat "səfər edə" bilir. Onun maraqlı və
cəlbedici aparıcı atributları var. O, bunlara inanır,
bunlara tapınır: Göy Ata-Allah, sirli Yeddinci göy, haqq
quşu, Dədə Qorqud, əzəmətli İnsan, sevən
və sevilən Könül dünyası, bir də
qaranlığın, zülmətin qarşısına çəpər
kimi çəkilən, sipər kimi dayanan İşıq rəmzi.
Dərd onu sıxanda, haqsızlıq baş aparanda,
zülmət işığı üstələyəndə,
ədalət zorakılığın qarşısında
çökəndə, məhəbbət xəyanətə
tuş olanda, anlamaq və anlatmaq cəhdləri daşa dirənəndə
şair özünün inandığı, sevdiyi atributlara
müraciət edir, minacata başlayır. Şair-ana
duyğusu ilə inanır ki, onlar - qüdrətlilər haqq deyən,
haqq istəyən bir qələm sahibini dinləyəcək,
qarışıq dünyanın qarışıq işlərinə
bir ədalət, bir nizam gətirəcəkdir.
Kəsib
yolumuzu kinli yoxuşlar,
Hava
çox dumanlı, yağır yağışlar,
Qorxuram
başıma tökülər daşlar,
Göy
Atam, qoy sənin Göy qızın olum.
"Göy
Atam, qoy sənin qızın olum" şeirindən daha bir
misra: "Məni anlamadı nə dağ, nə dərə".
Yalnız təbiətmi? Yox,
əsas cəmiyyət anlamadı. Nə
aşağılar onu başa düşdü, nə
yuxarılar. O, nə böyük şey istəyirdi ki?.. İstəyinimi deyim?
Buyurun, eşidin:
Aman dünya,
düz işlərin dolaşıq,
Aman dünya, düz yolların baş-ayaq.
Axı, niyə qorxa-qorxa yaşayaq?
Ulfət
tutaq, yol saxlayaq, barışaq,
Dünyamızı qorumaqçün yarışaq.
Düz işlər baş-ayaq olanda faciələr
baş verir, nahaq qanlar tökülür. Qəzəbi üsyana qalxan
şair başqa bir dona bürünür:
Mən
başımı örtəcəyəm
bu
tökülən haqsız qanla.
O, bu
görkəmdə haqq quşuna üz tutur: "A haqq quşu,
haqq istərəm". 0, bu libasda əsrlərin dərinliyindən
Dədəm Qorqudu köməyə çağırır:
Kim necəsə
ad verəydin adına,
Onda adam tanıyardı hamını,
Düz
seçərdik yaxşıları, yamanı.
Mümkün olmur. Elə mümkün olmadığı
üçün də şair Göyün sirli yeddinci
qatına, Göy Ataya - Allaha yalvarır ki, onu Göy
qızı hesab eləyib xeyli səlahiyyət versin. Versin ki, şahların, kralların, prezidentlərin
bacarmadıqlarını o, həyata keçirsin.
Xəzangül xanım torpağı qəsb edilmiş,
talanmış, şəhidlər vermis, qaçqınlar
"qazanmış", yaralı pələng kimi hayqıran
Azərbaycan adlı bir məmləkətin şair
övladıdır. O, qürurlanır ki, müstəqil dövlətlər
sırasında onun da dövləti dayanır. Kədərlənir
ki, bu dövlətin, bu millətin nə qədər çəkiləsi
ağrı-acıları var. O, Qarabağ
ağrısını yaşayır. O, Cənub niskilinə
göynəyir. O, düşmən əsirliyində olan Azəri
xanımlarının, ərlərinin halına qovrulur. Bir ana qəlbli, şair duyğulu insan
üçün bunlar təbiidir.
Bəxtimə
bax, bəxt verdiyim qənimim,
Duzu
yoxmuş çörəyimin, dənimin,
Sükanı
da yad əlində gəmimin,
Qəzəb məni əldən salır, a qardaş.
Kreml arxalı ermənilərin zərbələrinə
sinə gərməli olmuşuq. Çəkilməli
ağır dərdlərimiz var. Bununla belə, Xəzangül
xanımın dərdi (o cümlədən sevinci) məhəlli
deyil. O, milli məhdudiyyət tanımır. Onun qələmi daha çox bəşəri və
insançıdır. Şair bədii sual verir:
"Göz olaraq, bu dünyanın başı üstən
boylanımmı?. Bəli,
boylanır. Və bölümlü, şəhidli,
qaçqınlı Azərbaycanı bu qəbildən olan
dünya dərdlərinin, faciələrinin konteksində
görür.
Xəzangül xanım həm də gözəl
lirik-psixoloji şeirlər müəllifıdir. Onun müqəddəs
duyğularla sevən lirik MƏNi özünəməxsus,
seçilən mövqe nümayiş etdirir. Məhəbbət odlu-alovlu hisslər toplusudur.
Bir qayda olaraq, eşq aləmində hiss
şahlıq edir. Ağıl isə
olsa-olsa, onun "zəif vəziri"dir. Ancaq Xəzangül
xanımın oxucuya təqdim etdiyi məhəbbət
dünyasında qəribə, bir-birilə çəkişən,
bir-birini tamamlayan qo-şahakimiyyətlilik mövcuddur. Görünür, yetkin, kamil məhəbbət belə
olur. Ağlın təsdiqi olmayınca, necə deyərlər,
hiss heç bir planını həyata keçirmək səlahiyyətində
deyil. Müxtəlif rəngli, müxtəlif çalarlı
bu məhəbbətdə qarşı tərəfin - ikinci tərəfin
qeyri-real istəyinə, inadına cavab olaraq ortalığa bir
"Başa düş!.." nidası
qoyulur. Onlar bir-birini eşitməyə,
anlamağa məhkumdurlar.
Yaşca,
dünyagörüşcə fərqli məhəbbət
"Başa düş!.." anlamında
belə səslənir:
Nə qədər
təmiz olsa,
Nə qədər
dəniz olsa,
Gərək
məhəbbətin də
olsun
uyarı.
Xəzangül
xanımın lirik qəhrəmanı eyniyyətin
özündə belə, fərqlər görür,
qarşı tərəfı "Başa düş!.." məsuliyyətinə
çağınr:
Bir ağacıq, kökümüz bir, bar ayrı.
Komponentlər
ortağı getdikcə çoxalsa da, lirik qəhrəman
"Başa düş!.." sipərindən
sona qədər istifadə edir: mən sənin
qulluğundayam, nə istəyirsən istə, ancaq xəyanəti
istəmə.
Qarşı tərəf bu mövqedən təngə gəlib qeybə çəkilir. Görünür, bir daha geri dönməyəcəkdir. Bu dəfə birinci tərəf dərin narahatlıq keçirir. O, həsrətin, hicranın pəncəsində çırpınır. İşıqlı dünya ona zülmət kimi görünür. Sənə nə deyim, ay dönük, ay insafsız?! Bir "Başa düş!..." Bax, indi də o, sənsiz yaşaya bilmir. Gecə-gündüz sevən qəlbin məlhəmi olan səsini min-min səslər içində arayır, axtarır, ancaq tapmır:
Î ağ rəngli səsin hər sorağında
Ağ rəngli qaranlıq çökür ömrümə.
Yuxarıda Xəzangül xanımın bir
çağdaş şair kimi siyasi, ictimai, lirik və idealist
baxışlarına toxundum. Onun isteadının,
poeziyasının anatomiyası - mahiyyəti və xasiyyəti,
bax, bundan ibarətdir. Yazıçılıq bədii
istehsalatdır. Orada da hər növ məhsula rast gəlinir.
Xəzangül xanım zəif şeirlərinin, zəif
"balalarının" da anasıdır. O, heç vaxt
"valideynlikdən geri durmayıb. Ancaq hansı şeir -
övladının arxasınca su atıbsa, î "övlad uzaq
mənzilə gedib".
Nədən yazırsa yazsın, Xəzangül xanım ancaq özünü - öz dünyagörüşünü, öz ideyasını, öz sevgisini, öz nifrətini yazır. Onun yazılarının nəfəsində, üslubunda, qayəsində bir "Xəzangül möhürü" var. Bu daxili imzanı özü də təsdiq edir:
Dədəm Qorqud, ha boşalsam, sözüm var,
Dədəm
Qorqud, ha kill olsam, közüm var.
Dədəm
Qorqud, ha dəyişsəm, özüm var,
Bircə adam – Xəzangüləm dünyada,
Od
qızıyam, od paylaram oda da.
Mən Xəzangül xanımın, məzun-şagirdimin
poetik dünyasının özəl əlamətlərini
xatırlatdım. Yalnız ona xas olan bədii fıkir
axınlarının trayektoriyasını cızmağa
çalışdım. Hərtərəfli
dərin təhlil isə kitab müəllifinin səlahiyyətidir.
Î səlahiyyətə
hörmət etməyə borcluyam.
Qərib Mehdi
Yazıçı-publisist
Kaspi.-2012.-15-17 dekabr.-S.20.